Məhkəmə qərarları › İş №1(103)-481/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-481/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-481/2020 23.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası; Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), x4 və x3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – x2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin Bakı Apelyasiya Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri , Zərərçəkmiş şəxs2 Məhkum edilmiş şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmündən məhkum edilmiş şəxsTəqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmünə əsasən (sədrlik edən hakim Teymur Qurbanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2019-cu il tarixdə saat 14:00 radələrində qeydiyyat şəhadətnaməsi x1 adına olan, baş etibarnamə əsasında atası Zərərçəkmiş şəxs2 məxsus etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 2 saylı ünvanın qarşısındakı yolda 15 saylı kənd təsərrüfatı məhsullarının satışı bazarı tərəfdən üzü Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə yolun hərəkət istiqamətinin sol tərəfindən adi yerişlə sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşının qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncuya alt çənədə sağda İV-V dişin sınması, sağ çənə bucağının əzilmiş yarası, sol kürək nahiyyəsinin sıyrığı sol baldırın qançırı və sağ diz oynağının ön çarpaz bağının hissəvi qopması ilə müşayiət olunan oynaqarasına qansızma (maye toplanması) ilə nəticələnən dərəcələrinə görə ümumilikdə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, habelə “Kia Rio” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 90 manat dəyərində maddi zərər yetirməklə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmün qismən yüngülləşdirilməsi, yəni barəsində seçilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verdiyi zaman üzərində pul olmadığından avtomobili dəydiyi Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmaq üçün yaşadığı evə pul götürmək məqsədilə getmiş, həmçinin Coşqun özü ona heç nəyə ehtiyac olmadığı və tibb müəssisəsinə getmək istəmədiyini bildirmişdir. Baş vermiş hadisədən səmimi peşimandır, cəbhə bölgəsində xidmət etmişdir, subaydır və indiyədək heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamışdır. Ailəmin dolanışığını təmin etmək üçün taksi fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 apelyasiya şikayətinin təmin edilməsinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmünün ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dövlət ittihamçısı apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin müvafiq maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilməsini, digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmasını, təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olduğunu nəzərə alaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apelyasiya şikayətində, əməlin hüquqi tövsif məsələsi mübahisələndirilməmiş, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da onun ittiham olunduğu maddənin sanksiyyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə riayət olunmuş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş hüdudlar daxilində, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(002)-29/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov Vaqif Mursaqulov Ramin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar