Məhkəmə qərarları › İş №1(103)-497/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-497/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-497/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 1(010)- 101/2023 saylı hökmü ilə (sədrlik edən N.C.Rzayeva) xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 12 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 12 may 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 ay 29 gün müddətin azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,751 qram və 1,872 qram olmaqla ümumi təmiz çəkisi 3,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış və 10 may 2022-ci il tarixdə saat 14:10 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvana gətirilmiş, videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd içərisində hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 1,751 qram və 1,872 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 3,623 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı1 apelyasiya protesti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(010)-101/2023 saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunaraq, həmçinin birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti və apelyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dövlət ittihamçısı qismində iştirak edərək, Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək, cinayət qanunu norması düzgün tətbiq olunmaqla, həmçinin ona cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməs haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cı tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cı bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin xeyli miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının 2 qram, xüsusilə külli miqdarının isə 800 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı heroinin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan miqdardan 24 dəfədən artıq olmuşdur. Narkotik vasitənin miqdarının dəfələrlə artıq olması törədilən əməlin kəmiyyət göstəricisi sayılmaqla cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha də artırır, xüsusən də şəxsi əldə etdiyi külli miqdar olan narkotik vasitədən uzunmüddətli istifadə etməklə onun təsiri altında başqa bir cinayət törətməsi etimalına şərait yaradır. Belə olan halda təqsirləndirilən şəxsdən aşkar edilmiş heroinin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması əlaməti hazırki əməlin tövsifinə təsir etməsə də, Təqsirləndirilən şəxs münasibətdə təqsirli bilindiyi maddə ilə cəza təyin edilərkən cəzanın həddini müəyyən edərkən nəzərə alınmalı idi. Lakin məhkəmə yekun aktında bu hala əhəmiyyət verməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 26 aprel 2022-ci il tarixli Qanunla Azərbaycan Respublikasını CM-də edilmiş dəyişikliklərə əsasən, həmin Məcəlləyə 234.1-1-ci maddəsi əlavə edilmişdir. Belə ki, həmin maddəyə görə, “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmı əməllər külli miqdarda törədildikdə - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə i cəzalandırılır." Göründüyü kimi, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qar mübarizə tədbirlərinin davamı kimi qanunvericiliyə dəyişikliklər edilərək cəzaların sərtləşdirilmə prosesi aparılmaqla həmin cinayət əməlinə qarşı kəskin mövqe nümayiş etdirilir. Lakin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur ki, həmin cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə eləcə də ölkəmizdə bu sahədə aparılan islahatlara uyğun olmamışdır. Bununla da məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən müddətlərin hesablanması və cəzanın hesaba alınması zamanı düzgün nəticəyə gəlməmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, əvvəli 12 may 2022- ci il tarixdən hesablanmaqla 10 sentyabr 2022-ci il tarixədək barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə hökmün nəticəvi hissəsində Azərbaycan Respublikası CM-nin 69.3- cü maddəsinin tələblərini pozaraq Təqsirləndirilən şəxs 2 gün şübhəli şəxs kimi saxlanıldığı 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək olan müddəti ev dustaqlığında olduğu müddəti təyin edilmiş cəzadan çıxmalı olduğu halda, hökm yalnız 12 may 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək (halbuki, 12 may 2022-ci tarixdən 11 iyul 2022-ci il tarix olduğu halda) ev dustaqlığında olduğu 1 ay 29 gün müddəti hökmə təyin edilmiş cəzadan çıxmış və ona qəti olaraq 02 il 8 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının elan edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında isə görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılsa da məhkəmə tərəfindən ona cəza təyin edilərkən həmin 2 gün müddəti cəza müddətinə hesablanmamışdır. Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında əməliyyatçılar tərəfindən saxlandığı zaman üzərində heçnə olmadığını, onun cibimə narkotik vasitəsi qoyulduğunu, işgəncələrə məruz qaldığını bildirməyinə və işgəncələrin təsiri altında ifadə verməyə və videoçəkiliş zaman etmədiyi əməli etiraf etməyə məcbur edildiyini məhkəmədə bildirməyinə baxmayaraq məhkəmə işin faktiki hallarını araşdırmamış və nəticədə qanunsuz, əsassız və ədalətsiz hökm çıxarmışdır. Şahid qismində dindirilmiş polis əməkdaşları öz xeyirlərinə məhkəmədə izahatlar vermiş və məhkəmə bunlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya protestinin təmin edilməməsi, apelyasiya şikayətinin isə təmin edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 1(010)-101/2023 saylı hökmünün apelyasiya şikayətinə münasibətdə ləğv edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, apelyasiya protestinin təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(010)-101/2023 saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunaraq, həmçinin birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı edilən təklifə uyğun azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İşin faktiki hallarına dair hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, apelyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət prosessual qanunvericiliyinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-101/2023 saylı, 30 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılmasına dair təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, narkotik vasitənin onun üzərinə əməliyyatçılar tərəfindən qoyulması ilə bağlı apelyasiya icraatında bildirdiklərini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini qeyd edir. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 39-43-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2708 saylı 11 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №45” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. sözlər, imzalar olar zərfdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,751 qram (№1) və 1,872 qram (№2) olmaqla, ümumi təmiz çəkisi 3,623 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 127-128-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4901 saylı 02 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkomaniyadan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü və “Nokia X2” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin içərəsində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin 02 ədəd bükümün götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərindən göründüyü kimi birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyini və cinayət qanunun normasının düzgün tətbiq edilməməsi hissəsində mübahisələndirilmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, ailənin yeganə qazanc mənbəyi olması (digər qardaşının barəsində cinayət işinin açılması və axtarışın elan edilməsi), xəstə və yaşlı anasına baxması cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini əsaslı hesab edərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilən cinayətin ağırlığını kifayət qədər nəzərə almadan yüngül və yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etmişdir. İşin faktiki hallarından və təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,751 qram və 1,872 qram olmaqla ümumi təmiz çəkisi 3,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməs haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cı tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cı bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin xeyli miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının 2 qram, xüsusilə külli miqdarının isə 800 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı heroinin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan miqdardan dəfələrlə artıq olmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Qeyd edilməlidir ki, məhkuma təyin edilmiş cəzanın ədalətli olması, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Göründüyü kimi, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmişdir. Təqsirin forması, motiv, cinayətin törədilmə şəraiti və mərhələsi kompleks halda qiymətləndirilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsi barədə apelyasiya protestinin dəlilləri əsaslıdır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda kollegiya hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla yanaşı məhkəmə kollegiyası cinayət qanunun normasının düzgün tətbiq edilməməsi ilə bağlı apelyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərini pozaraq Təqsirləndirilən şəxs 2 gün şübhəli şəxs kimi saxlanıldığı 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək olan müddəti və ev dustaqlığında olduğu müddəti təyin edilmiş cəzadan çıxmalı olduğu halda, hökmdə yalnız 12 may 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 ay 29 gün müddət hökmlə təyin edilmiş cəzadan çıxmış və ona qəti olaraq 02 il 08 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022ci il tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2022-ci il tarixindən hesablamaqla 10 sentyabr 2022-ci tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 11 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunması və cinayət işinin icraatının dayandırılması barədə qərar qəbul edilmiş, 12 iyul 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının elan edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, apelyasiya protesti təmin edilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına əvəz edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 12 may 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasının əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Penitensiar Xidmətin konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.2, 399.1.4, 399.1.5, 403, 404-cü maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apelyasiya protesti təmin edilsin. Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 12 may 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasının əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Penitensiar Xidmətin konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar