Məhkəmə qərarları › İş №1(103)-513/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-513/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-513/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş,

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmə və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir.

3. Belə ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında tanışı Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu əli ilə itələməsi səbəbindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vurub ona döş qəfəsinin sol yan səthinin İX qabırğanı sındıraraq plevra boşluğuna, oradan isə periton boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası və mədənin zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə (Hakim: L.Əsgərova-Məmmədova) əsasən aşağıdaklar hökm edilmişdir:

5. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4- cü maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbsdə saxlama müddəti ona təyin edilmiş cəza müddətinə daxil ediləklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

6. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib təqsirləndirilən şəxsə cinayətlərin residivi nəzərə alınmadan sanksiyanın aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir.

8. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verməmişdir.

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs H.Bağırov və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cinayətlərin residivi nəzərə alınmadan sanksiyanın aşağı həddində cəza təyin edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişdir. Kollegiya apellyasiya şikayətinə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

15. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

16. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.

17. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir.

18. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

19. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmişdir.

20. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Təqsirləndirilən şəxs X2 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

22. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində əməmlin hüquqi tövsifini deyil, ona residivə görə cəza təyin edilməsini mübahisələndirmişdir.

23. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olması məsələsini araşdıraraq qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddəti ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 4 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək barəsində 2 ay sınaq müddəti təyin olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 6 ay müddətinə azadlıqdan mərumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4 və 71.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4cü maddəsinə əsasən həmin hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin olunmuş cəza 2 (iki) il 4 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası birləşdirilərək, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 mart 2014-cü il tarixdən 06 mart 2014-cü il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsə saxlamanın bir gününün azadlıqdan məhrumetmənin bir gününə hesablayaraq üzərində 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqə 184-187).

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2017-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır.

25. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır, həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır.

26. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi haqqında” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

28. Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş cəza birləşdirildiyindən və o, həmin hökmlə təyin olumuş qəti cəzadan 23 aprel 2017-ci tarixindən azad edildiyindən və məhkumluğu ödənilməsi üçün nəzərdə tutulmuş 6 il müddət keçməmiş yenidən qəsdən ağır cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi mövcud olur.

29. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmaqla ağır cinayət, digəri həmin Məcəllənin 228.4-cü maddəsinə nəzərdə tutulmaqla böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi halını həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə almaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.

30. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

31. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində qeyd edilən normalara istinad etsə də, bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs səlahiyyətləri çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan sanksiyanın aşağı həddində cəza təyin edə bilər.

32. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsində residivlə bağlı müddəalar, o cümlədən Cinayət Məcəlləsinin residivə görə cəza təyin etmə qaydasını nəzərdə tutan 65.2-ci maddəsi imperativ normalardır, yəni məhkəmə üçün məcburi göstərişləri özündə ehtiva edir.

33. Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə görə, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.

34. Göründüyü kimi, təqsirləndirilən şəxsə təhlükəli residivə görə 65.2-ci maddədə nəzərdə tutulandan daha aşağı cəza təyin edilməsi yalnız 62-ci maddədə nəzərdə tutulmuş müstəsna halların olması halında mümkündür.

35. Hazırki halda isə, kollegiya təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün hər hansı zəruri əsaslar görmür.

36. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsə cinayətlərin təhlükəli residivinə görə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərindən kənar cəza təyin edilməsi cinayət qanununun tələblərinə ziddir.

37. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

38. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsini yüngülləşdirən hal qismində, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə ağırlaşdıran hal qismində nəzərə alaraq cəza təyin etmişdir.

39. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsini yüngülləşdirən hal qismində, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə ağırlaşdıran hal qismində nəzərə alaraq cəza təyin etmə qaydalarına uyğun cəza təyin etmişdir.

40. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmışdır.

41. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğun olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

45. Kollegiya sadalanan hallara əsasən qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona residivə görə nəzərdə tutulmuş minimum cəzadan daha az cəza verilməsini xahiş etsə də, kollegiya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsini yüngülləşdirən hal qismində, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə ağırlaşdıran hal qismində nəzərə alınmasını əsas götürərək hesab edir ki, ona daha aşağı həddə cəzanın verilməsi ədalətlilik prinsipinin tələblərinə uyğun olmamaqla cinayət qanunun tələblərinə ziddir.

46. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs onun zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsi kimi barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə həmin maddəsinin, habelə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür.

47. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad olunan əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələrində azadlıqdan məhrum etmə növündə cəzanın həddi 3 ildən 8 ilədək (126.1) və 1 ilədək (228.4) müddətə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin isə təqsirləndirilən şəxsə yüngülləşdirici halların və cinayətlərin təhlükəli residivinin də olmasını nəzərə almaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə 05 (beş) il 04 (dörd) ay və 228.4-cü maddəsinə görə 01 (bir il) müddətinə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əzasən cəzaları qismən toplamaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin etməsi Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

48. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.

49. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.

50. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(101)-1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.

51. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.

52. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(101)- 1288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar