Məhkəmə qərarları › İş №1(103)-519/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-519/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-519/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi - X6, onun nümayəndələri Nümayəndə3 və Nümayəndə1 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon təhsil şöbəsinin məsləhətçisi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 183, mənzil 32-də qeydiyyatda olmuş və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1214/2021 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X9 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1214/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 12.12.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli palto, bir ədəd qara-ağ rəngli xırda damalı uzunqol köynək, göyümtül-bozumtul rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kəmər mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X7 təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus və Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd göy rəngli, uzunqol jaket, bir ədəd göy rəngli cins materialdan şalvar və bir cüt qara rəngli corab Təqsirləndirilən şəxs oğlu Şahid5 təhvil verilməsi, mərhum Zərərçəkmiş şəxs məxsus “Lexsus GX 460” markalı, Az-**-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisindən 12 dekabr 2020-ci il tarixdə aşkar olunmuş bir ədəd dəyənəyin və bir ədəd 368481 saylı, 6.35mm kalibrli TK-Korovin konstruksiyalı, yivli odlu silah olan tapançanın və onun komplekt hissəsi olan bir ədəd darağın baxılan cinayət işindən ayrılan cinayət işi üzrə maddi sübut olmaqla Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılması nəzərə alınması, Bakı şəhər Xəzər RPİ-də saxlanılan bir ədəd “MÜ 21-12” modelli, «N 7672” nömrəli təklüləli yivsiz odlu ov silahı, içərisində 9 ədəd patron olan 01 ədəd patrondaş, hadisə yerindən götürülmüş 03 ədəd atılmış giliz Azərbaycan Respublikası DİN-nə təhvil verilməsi, pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunəsi, hadisə yerindən götürülmüş 10 ədəd qırma, Zərərçəkmiş şəxs meyitindən götürülmüş 10 ədəd qırma məhv edilməsi, cinayət işində olan 2 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci olan 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı AzMEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməsinə dair hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdə, saat 11 radələrində, yaşadığı ünvan 1 ünvanında ailə münaqişəsi zəminində qisas niyyəti ilə kürəkəni - xx xxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 01.04.1986-cı il tarixli 242 saylı şəhadətnamə ilə özünə məxsus olan 12 kalibrli, (“MÜ 21-12” markalı), “N 7672” nömrəli, 4 ədəd patron tutumuna malik, özüdolduran (avtomatik doldurma mexanizmli), yivsiz təklüləli ov silahından fasiləsiz olaraq dalbadal 3 dəfə atəş açmaqla zərərçəkmişə sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah-qırma yarası, sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin döş boşluğuna nüfuz edən 1 ədəd kor odlu silah - qırma yarası, sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sol yarasının aşağı üçdə birində - sol kürəkaltı nahiyəsinin daxilə nüfuz etməyən kor odlu silah - xırda qırma yaraları yetirməklə Zərərçəkmiş şəxs, yəni başqa şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X9 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.12.2021-ci il tarixli, 1(101)- 1214/2021 nömrəli hökmü dəyişdirilərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, könüllü gəlib təqsirini boynuna alma hər bir konkret halda səmimi peşmançılıqla birbaşa bağlı olmasa da, şəxsin özünü istintaq və təhqiqat orqanına könüllü təqdim etməsi, törədilmiş və ya hazırlanan cinayət yaxud onda iştirakı barədə düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyinin göstəricisidir. Şəxsin könüllü gəlib təqsirini boynuna almasının səmimi peşmançılıq, təqsirin etirafı və ya öz davranışının qınanması halları ilə də müşayiət olunması istisna edilmir. Könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək məhkəmə baxışını məhkəmə istintaqı ilə aparmaqla Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.12.2021-ci il tarixli hökmünü ləğv edərək müdafiə etdiyi şəxsin əməlini AR CM-nin 122-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş bu ittiham nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında öz təsdiqin tapmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmaqdan imtina etmişdir. Cinayət işinin materiallarından, o cümlədən məhkəmə istintaqı zamanı dindirilmiş şahid və zərər çəkmiş ifadələrindən, o cümlədən tədqiq edilmiş digər sübutlardan da görünür ki, şəxsin barəsində hökm maddi və prosessual normaların kobud şəkildə pozulması hesabına çıxarılmış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmır, yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Müdafiə etdiyi şəxs hadisədən əvvəl yalnız zərər çəkmiş şəxsin onu təhqir və təhdid etməsini xatırlayır. Bundan sonra, onun başında sanki qığılcım qopmuş və bundan sonra baş verənləri qəti olaraq xatırlamır. Müdafiə etdiyi şəxs yalnız bağbanın onu silkələməsindən sonra ayılmış və bir müddət gördüklərinin təsiri altında olmuşdur. Bütün bunlar onu göstərir ki, bu əlamətlərin təhlili heç bir halda ambulator qaydada qısa bir müddətdə aparılan araşdırmanın nəticəsi üzrə rəyə gəlməyə əsas verir. Müdafiə etdiyi şəxs özü də bildirmişdir ki, ekspertiza zamanı onunla hər hansı psixoloji söhbət və sınaq aparılmamışdır. Belə ki, ona yalnız hadisəni danışmaq təklif olunmuş, sonra isə "heç nə yoxdur” deyilərək qurtarmışdır. Elə məhz bu cür yanaşmanın nəticəsidir ki, ekspertizanın aparılması qaydaları pozulmuş, iki ayrı-ayrı tədqiqat aparılmalı olduğu halda o, yalnız bir dəfə sorğu-sual edilərək kifayətlənilmişdir. Belə ki, kompleks ekspertiza zamanı rəylər ayrı-ayrı ayrılıqda ayrı ixtisas sahibi olan ekspertlər tərəfindən tamamilə ayrı-ayrı şəkildə tədqiqat aparılmaqla tərtib edilməli və ayrı-ayrılıqda imzalanmalıdır. Yuxarıda qeyd etdiyi ekspertiza zamanı isə heç imzalanma tələbinə belə riayət edilmədən, iş üzrə bir rəy verilmiş və ekspertlər tərəfindən ümumi imzalanmışdır. Müdafiə etdiyi şəxsin psixoloji durumu hadisəni törədərkən affekt vəziyyətinin əlamətlərinə uyğun olmuşdur. Belə ki, o, zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir, qanunsuz və əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində hadisəni törətmiş və hadisəni törətdiyi anı belə dəqiq olaraq xatırlamır. Ona görə də iş üzrə məhz məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar əsasında komisyon qaydada məhkəməpsixoloji ekspertiza təyin edilməli olması ilə bağlı məhkəməyə vəsatət versə də heç bir əsas olmadan vəsatəti təmin edilməmişdir. Bu qədər prosessual pozuntularla ekspertiza aparılmamış, iş üzrə tərəfindən məhz bu sahədə uzun illər təcrübəsi olan, uzun müddət Dövlət Məhkəmə Ekspertizası X2 rəisi işləmiş bir mütəxəssisin rəyi alınsa da bu dəlillərin heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.12.2021-ci il tarixli hökmünü ləğv edərək şəxsin əməlini AR CM-nin 122-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X9, onun nümayəndələri Nümayəndə3 və Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.12.2021-ci il tarixli, 1(101)-1214/2021 nömrəli hökmü dəyişdirilərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8 çıxış edərək məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq məhkum Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və cinayətin alətini könüllü təqdim etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Apellyasiya şikayətləri ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 verilmiş 19.02.2021-ci il tarixli, 386 saylı kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünya görüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Həmçinin iş materiallarından, o cümlədən ifadələrindən müəyyən olunur ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait olması istisna olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1214/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1214/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar