Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-54/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 177, mənzil 13-də qeydiyyatla olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 36, mənzil 133-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 1(101)-1089/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 1(101)-1089/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 23 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Bakı Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 1043,945 qram heroin, 629,9 qram tiryək, 383,531 qram metamfetamin və 2 ədəd elektron tərəzinin məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklərin cinayət işinin materiallarında saxlanılması, narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Huawei» markalı mobil telefon aparatının ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılmasının nəzərə alınması, iş üzrə ekspertiza xərci 81 (səksən bir manat) manat məbləğində pulun Təqsirləndirilən şəxs Rauf oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyulavqust aylarında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Şahmar” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin ərazisində əvvəlcədən təyin edilmiş yerdə gizlətdiyi külli miqdarda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi külli miqdarda 1044,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi Külli miqdarda 630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 383,721 qram olan ağ rəngli kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə 2022-ci ilin yanvar ayının 21-də həmin yerdən götürüb əldə edərək, sonradan «Şahmar» adlı şəxsin tapşırığına əsasən gördüyü işin qarşılığında özünə 20-50 qram narkotik vasitə götürəcəyi şərtilə onun deyəcəyi yerə qoymaq üçün qanunsuz olaraq daşıyaraq, yaşadığı ünvan 2 evin qonaq otağında divanın sağ küncündə saxlamış, 23 yanvar 2022-ci il tarixdə gecə saatlarında, istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə «Şahmar» adlı şəxsin deyəcəyi yerə qoymaq üçün həmin narkotik vasitə heroinin təmiz çəkisi 39,145 qram olan hissəsini beş ədəd bükümdə, həmin psixotrop maddə metamfetaminin təmiz çəkisi 23,721 qram olan hissəsini üç ədəd bükümdə ayırıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 02:40 dəqiqədə Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24-ün yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 qr, 4,842 qr, 10,152 qr, 10,095 qr, 9,254 qr. ümumi təmiz çəkisi 39,145 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və külli midarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,795 qr, 4,722 qr, 14,204 qr. ümumi təmiz çəkisi 23,721 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 04:40 dəqiqədə yaşadığı ünvan 2 ünvana baxış keçirilərkən mənzilin qonaq otağında olan divanın sağ küncündə saxladığı 1 ədəd idman çantasının içərisindəki 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 630 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 1(101)-1089/2022 saylı hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə minimum cəza həddi olan 3 il azadlıqdan məhrum etmə təyin edilməsi, CM-nin 70-ci maddəsinin müddəaları tətbiq edilməklə şərti məhkum etmə təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza qanunsuz və əsassızdır. Cəza təyin edilərkən işin faktiki halları, yüngülləşdirici halları, qanunvericilik normaları nəzərə alınaraq ədalət və humanizm prinsiplərinin rəhbər tutulması xahiş edilir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirdilər, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkli Şahid1 həmin idarənin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkli Şahid1 həmin idarənin rəisinə ünvanlanan xx.xx.2022ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilindiyi üçün 23 yanvar 2022-ci il tarixdə saat 02:40 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı şalvarın sağ yan cibindən 05 (beş) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 03 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** Sim kart nömrəsi olan “HUAWEİ” markalı mobil telefon, arxa sol cibindən narkotik vasitə istifadə etməsi üçün nəzərdə tutulmuş müşdüyə bənzər əşya aşkar edildi. Təqsirləndirilən şəxs həmin kütləni bir gün bundan əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şahmar adlı şəxsdən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini və Şahmar adlı şəxsin gördüyü işin qarşılığında istifadəsi üçün ona narkotik verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə “Sony” markalı video kameradan istifadə edilməklə aparılmışdır. “Mənzilə baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 36, mənzil 133-də yaşayan Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı qonaq otağında divanın sağ tərəfində aşkar odlunmuş idman santasının içindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə heroinə bənzər kütlə, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, 01 (bir) ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 02 (iki) ədəd elektron tərəzi aşikar edildi. Kütlələr tərəzidə çəkildikdən sonra heroinə bənzər kütlənin 1 kq 7 qram, metafetaminə bənzər kütlənin 366 qram, tiryəkə bənzər kütlənin 628 qram çəkisində olduğu müəyyənləşdirilərək qablaşdırılaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS yazışmalar öz əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/427 saylı rəyi ilə müəyyən olunur ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri olan paketdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 qr, 4,842 qr, 10,152 qr, 10,095 qr, 9,254 qr, ümumi təmiz çəkisi 39,145 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,795 qr, 4,722 qr, 14,204 qr, ümumi təmiz çəkisi 23,721 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd borucuqda narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri olan çantanı açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 630 qram olan tündqəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Kağız paketdəki və çantadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 1044,145 qramdır. Kağız paketdəki və çantadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 383,721 qramdır. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildir. Heroin və tiryək xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Paketdəki metamfetaminin ümumi təmiz çəkisi – 23,721 qr, tədqiqata sərf edildi – 0,090 qr, qalıq 23,631 qram. Paketdəki heroinin ümumi təmiz çəkisi – 39,145 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 39,045 qram. Çantadakı tiryəkin təmiz çəkisi – 630 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq 629,9 qram. Çantadakı metamfetaminin təmiz çəkisi 360 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 359,9 qram. Çantadakı heroinin təmiz çəkisi – 1005 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 1004,9 qram). Məcburi-narkoloji tibbi yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 1621 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də N.Əliyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkumun əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsinə baxmayaraq, məhkəmədə Təqsirləndirilən şəxs dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini məhkum edilmiş şəxsin tutulmasında iştirak etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkum edilmiş şəxs tərəfindən apellyasiya məhkəməsində verdiyi izahatında onun üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə izahatı qeyd olunan sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmədə heç bir şübhə doğurmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlili əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyənləşdirilmiş azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla qanuni və ədalətli hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 1(101)-1089/2022 saylı hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-54/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-54/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver