Məhkəmə qərarları › İş №1(103)-543/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-543/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-543/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(003)-803/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 12 dekabr 2024-cü il tarixli, 1(003)-803/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 213-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onların hər birinə CM-in 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barələrində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmış, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, hökmlə həmçinin digər maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən 11 aprel 2024-cü il tarixədək olan müddət ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidməti Nəzarət üzrə qrupunun inspektoru Təqsirləndirilən şəxs1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidməti Rentgen qurğuları üzrə qrupunun inspektoru Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış tütün məmulatlarını və spirtli içkiləri satış məqsədilə saxlama və satma ilə bağlı əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qulluq mövqelərinə və ya müqaviləyə əsasən onlara göstərilən etimaddan istifadə etməklə xidməti vəzifələrini icra etdikləri “Heydər Əliyev” X6 fəaliyyət göstərən, rüsumsuz ticarət mağazasından əldə etdiyi 1 Ədədinin qiyməti 65 manat təşkil edən 325 manat dəyərində 5 ədəd "X11 38% 1 İt" və 1 ədədinin qiyməti 62 manat təşkil edən 310 manat dəyərində 5 ədəd "Jameson 40% Whiskey 1lt" markalı spirtli içkilər, 1 qutusunun qiyməti 2,50 manat təşkil edən 50 manat dəyərində 20 qutu "West Red", 1 qutusunun qiyməti 3,50 manat təşkil edən 105 manat dəyərində 30 qutu "X10 3mg", 1 qutusunun qiyməti 3,50 manat təşkil edən 490 manat dəyərində 140 qutu "X10 1mg" markalı siqaretlər olmaqla, xeyli miqdarda, ümumilikdə 1280 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış malları Təqsirləndirilən şəxs2 idarə etdiyi "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yığaraq satış məqsədilə saxlamış, daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən “Heydər Əliyev” X7 dayanacağında həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı göstəriş verilsə də, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 bu göstərişə məhəl qoymayaraq sonuncunun idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə göstərilən ərazidən uzaqlaşaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsinə getmişlər, orada onlar birlikdə qeyd olunan malları həmin nəqliyyat vasitəsindən Təqsirləndirilən şəxs1 idarə etdiyi "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirməklə orada saxlayıb yenidən "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Heydər Əliyev” X4yıtmış, gömrük əməkdaşlarının təklifi əsasında və onların müşayiəti altında "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hava limanının dayanacağına gətirmiş, orada saat 03 radələrində keçirilmiş baxış zamanı qeyd edilən mallar saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric olunmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi audio-video yazı vasitəsi ilə aparılmış, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilməmişlər. Məhkəmə hökmündə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilməsələr də, sonrakı məhkəmə proseslərində özlərini təqsirli bilmiş və törətdikləri əməldən peşman olmalarını qeyd etmişlər. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər məhkəmə istintaqının əvvəlindən son söz deyilən vaxtadək özlərini təqsirli bilməmiş, məhkəmə çıxışları zamanı müdafiəçi, müdafiə çıxışı edərkən təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Replika hüququndan istifadə edərək, özünü təqsirli bilməyən təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş edən müdafiəçinin çıxışına münasibət bildirilmiş, daha sonra təqsirləndirilən şəxslər son sözlərində onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmələrini göstərmişlər. İrəli sürülmüş ittihamın mahiyyətindən də, aydın olmuşdur ki, 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən “Heydər Əliyev” X7 dayanacağında həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı içərisində aksiz markası ilə markalanmalı olan lakin belə marka ilə markalanmamış tütün məmulatları və spirti içkilər olan nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı göstəriş verilsə də, onlar həmin göstərişə məhəl qoymayaraq nəqliyyat vasitəsi ilə göstərilən ərazidən uzaqlaşmış, sonradan qeyd edilən spirtli içkilər və tütün məmulatları onlardan aşkar edilərək götürülmüşdür. Əməliyyat istintaq orqanı tərəfindən kifayət qədər sübutlar əldə edildikdən sonra təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə etirafedici ifadələr verərək törətdikləri əməli təsdiq etmişlər. Həm irəli sürülmüş ittihamın mahiyyəti, həm də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələri ilə bağlı ifadələri bir daha təsdiq etmişdir ki, onların niyyəti cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəza çəkməkdən boyun qaçırmaq olmuşdur. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almqda haqlı olmamış, öz əməlinin xarakterini və mahiyyətini dərk etməyən, törətdiyi əməlin cinayət olmasını qəbul etməyən şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab etməkdə yanlış qənaətə gəlmişdir. Bundan əlavə məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onların cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-nin 59.1.1-ci maddəsinin tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Göründüyü kimi Azərbaycan Respublikası qanunlarına hörmət etmək hər bir şəxsin borcudur. Qanun normalarının məzmunundan belə nəticəyə gəlinir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət hadisəsinin törədilməsi istənilən vaxt şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Həmin hallar CM-nin 59.1.1-ci maddəsində göstərilənlər mövcud olduqda təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş verməmiş, bu səbəbdən məhkəmə onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, həmin halı cəzasını yüngülləşdirən hal kimi qiymətləndirərkən öz mövqeyini əsaslandırmamışdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin bunun nədə ifadə olunması, onların şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Göründüyü kimi kifayət qədər əsaslar olmadığı halda məhkəmə Təqsirləndirilən şəxs1 oqlu və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını cinayətin xarakterini və onların şəxsiyyətlərini nəzərə almadan sınaq müddəti müəyyən etməklə şərti hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə sınaq müddətinin hədlərini belə aşaqı həddə müəyyən etmiş və bununla baqlı hökmdə hər hansı bir əsaslandırma aparmamışdır. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, hökmün protestə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxslər və müdafiəçiləri apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(003)-803/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestində təqsirləndirilən şəxslərin təqsirli bilindikləri əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunmuş cinayət əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gələrək onların əməllərini CM-in 213-1.2.3cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən CMin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onlarən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 isə himayəsində azyaşlı uşağının olmasını (CM-in 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti qulluq mövqeyinə və ya müqaviləyə əsasən onlara göstərilən etimaddan istifadə etməklə törətmələrini CM-in 61.1.13-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alaraq təqsirləndirilən şəxslərə həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətlərinə uyğun olan qanuni və ədalətli cəza təyin etməklə həmin cəzanı şərti olaraq tətbiq etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric olunmasını xahiş etməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini düzgün olaraq nəzərə alıb onların azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin ilk dəfə məhkum olunmaları, cinayət törətdiklərinə görə peşman olduqlarını bildirmələri onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Eyni zamanda, şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən CM-nin 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olması onun həqiqətən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və digər cəzanı yüngülləşdirən, məhkumun şəxsiyyətini səciyyələndirən hallarla birlikdə götürülməklə məhkəmə kollegiyasında onların azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəklərinə inam yaradır. Apellyasiya protestində təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilməsələr də, sonrakı məhkəmə proseslərində, yəni son sözlərində özlərini təqsirli bildiklərini və törətdikləri əməldən peşman olmalarını qeyd etdiklərini, məhkəmənin isə əsassız olaraq onların səmimilik göstərərək təqsirlərini etiraf etmələrini, əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmadığı vurğulanmışdır. Protestin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində təqsirləndirilən şəxslərin özlərini cinayət təqibinin hansı mərhələsində təqsirli bilmələri və törətdikləri əməldən peşman olmalarını bildirmələrinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olması müəyyən edilməmişdir. Digər tərəfdən təqsirləndirilən şəxslərin cinayət törətdiyi üçün peşman olmalarını bildirmələri onların əvvəlki kriminal davranışlarına tənqidi münasibətini əks etdirən davranış olduğundan məhkəmənin təqsirləndirilən şəxslərin cinayət təqibinin ilk mərhələsindən deyil, bundan daha sonralar törətdiyi əməldən peşman olduğunu bildirmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqdan imtina edilməsi üçün əsaslı və ədalətli hesab edilə bilməz. Bundan başqa protestdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin hadisələrin təsadüfü axarı zəminində baş vermədiyi, bu səbəbdən məhkəmə onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmadığı vurğulanmışdır ki, məhkəmə kollegiyası protestin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini CM-in 59.1.1-ci maddəsinə əsasən deyil, CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır ki, bu da tam olaraq qanuni və əsaslı hesab edilə bilər. Belə ki, cinayət işi materiallarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildikləri görünür (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 02, i.v.46-48)). CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi hər iki təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməklə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunurlar. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən həmin maddədə birbaşa göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, bu da birinci instansiya məhkəməsinin həmin halı haqlı olaraq nəzərə aldığına dəlalət edir. Protestin digər dəlili kimi qeyd edilmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunması, onların şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan Bakı şəhəri Nizami RİHB-nın 2 nömrəli SİƏD üzrə nümayəndəsinin müavini tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Bakı şəhəri Xətai RİHB-nın 3 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs2 yaşyış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi təqsirləndirilən şəxslərin müsbət xarakterizə olunmaları müvafiq səlahiyyətli şəxslər tərəfindən verilmiş xasiyyətnamələrlə təsdiq olunur ki, bu da protestin bu dəlilinin də əsassız olmasına dəlalət edir. Protestdə həmçinin məhkəmə tərəfindən sınaq müddətinin hədlərinin aşağı həddə müəyyən edilməsi və bununla bağlı hökmdə hər hansı bir əsaslandırma aparılmadığı qeyd edilmişdir ki, məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Belə ki, CM-in 70.3-cü maddəsinə əsasən sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Göründüyü kimi qanunverici sınaq müddətini altı aydan beş ilədək müddətə müəyyən etmiş, işin diqqətəlayiq hallarının nəzərə alınaraq onun konkret təqsirləndirilən şəxslərə münasibətdə hansı müddətə təyin edilməsini isə məhkəmənin diskresion səlahiyyətinə aid etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, hökmdə sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, təyin edilmiş sınaq müddətinin həddini yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün hesab edilməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(003)-803/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirəndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(003)-803/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar