Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-55/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə (hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) 08 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 30 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 30 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə saat 18:30-da ünvan 2 ünvanda şəxsiyyəti məlum olmayan, üzdən tanıdığı Ruslan adlı şəxsdən qanunsuz olaraq külli miqdarda, yəni 3 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 19:00-da qeyd olunan ünvanın qarşısında Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq həmin şöbəyə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd sellofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram və 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işinə xitam verərək onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etməklə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Ona ədalətsiz cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi onun cəzasını yüngülləşdirən halları nəzərə almamışdır. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, o, narkotik vasitə istifadəçisidir. Bakı Ağır Cinayətlər Məhkəməsində qeyd edildiyi kimi, narkotik vasitələrin satışı ilə əsla məşğul olmamışdır. İfadəsində də qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində cəmi 3 büküm narkotik vasitə olan heroin mövcud idi. O, gün ərzində 1,5 qram narkotik vasitə istifadə edir və qətiyyən onun satışı ilə məşğul deyil. Polis əməkdaşlarının qeyd etdiyi kimi üzərində 6 büküm narkotik vasitə olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində onun “WhatsApp” mobil tətbiqi üzərindəki yazışmaları ilə bağlı ittihamlar irəli sürülmüş və bu üsulla onun narkotik vasitələrin satışı ilə məşğul olmağı sübuta yetirilməyə çalışılmışdır. ***-***-**-** nömrəsi ilə aralarında “Qaqa 40 manat var sənəd alınır? Tez hə yox de mənə, Ala mənəm aç da taksafonnan yığan, 15 manat var brat və s.” tipli yazışma olmuşdur. Məhkəmədə bu yazışma onun əleyhinə istifadə olunaraq bildirilmişdir ki, burada sənəd narkotik vasitə ilə identifikasiya olunur və sənəd deyildikdə əslində narkotik vasitə nəzərdə tutulur. O, narkotik vasitə alıcısıdır və satış ilə məşğul deyil, lakin istifadəçi olduğu üçün istənilən halda o, həmin narkotik vasitələri başqasından alır. Bu mesaj onun tərəfindən qarşı tərəfə yazılmışdır, qarşı tərəfdən ona yox. Bu səbəbdən onun satış həyata keçirməsi ilə bağlı olan ittihamlar yanlışdır. ***-***-**-** nömrəsi ilə olan yazışmaları üzərindən ona ünvanlanan ittihamlar da əsassız və qanunsuzdur, çünki bu ismarıcların da böyük əksəriyyəti onun tərəfindən qarşı tərəfə ünvanlanmışdır. ***-***-**-** nömrəsi ilə aralarındakı yazışmalar da tamamilə fərqli mövzulardadır və ümumiyyətlə onun narkotik vasitələrin istifadəçisi olması ilə qətiyyən əlaqəsi yoxdur. Göründüyü kimi, bu yazışmaların heç biri nə birbaşa, nə də dolaylı yolla onun narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut etmir. Bu, yalnız heç bir sübuta əsaslanmayan mülahizədən ibarətdir. Onun üzərində cəmi 1,5 qram narkotik vasitə olan heroin olmuşdur. Onun əlavə tapılan narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur və bu hissədə olan heç bir ittihamı qəbul etmir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, həmin əməli törətmədiyini, narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini qeyd edərək subay olmağını, ilk dəfə məhkum olunmağını nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini və ona verilmiş əlavəni müdafiə edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmünün dəyişdirilərək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qismən məhkəmə istintaqı keçirməklə cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi, apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edildiyi əməlin hüquqi tövsifi və onun halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu və Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsiri məsələləri mübahisələndirilmişdir. Buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyi ilə bağlı iş materiallarında olan sübutlara qərarda istinad olunmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsindən məlum olur ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək və həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, onun üzərindən ittihamda qeyd olunan miqdarda narkotik vasitə çıxmamışdır, polis işçiləri tərəfindən saxlanılarkən onda cəmi üç büküm narkotik vasitə heroin olmuş, həmin narkotiki də öz istifadəsi üçün almışdır. Belə ki, o, gün ərzində təxminən 1,5 qram narkotik qəbul edir. Üzərindən aşkar olunmuş heroin də onun gündəlik norması kimi üstündə olmuşdur. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və üstündə olan narkotiki də satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində apellyasiya baxışında məhkəmə istintaqı zamanı ifadə verərək qeyd etmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə ki, 30 noyabr 2021-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərindən ittiham edildiyi miqdarda yox, cəmi üç ədəd bükümdə öz şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroin olmuşdur. O, gün ərzində təxminən 1,5 qram narkotik qəbul etdiyi üçün tutulduğu gün də üzərindən aşkar olunmuş narkotik vasitə heroin onun gündəlik norması kimi üstündə olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmçinin tutulduğu gün üzərindən aşkarlanan narkotiki satmaq məqsədi olmamışdır. O, narkotik aludəçisi olduğundan ***-***- **-** saylı mobil nömrəyə “Qaqa 40 manat var sənəd alınır? Tez hə yox de mənə, Ala mənəm aç da taksafonnan yığan, 15 manat var brat” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə “Taksafonnan yığan mənəm əli, Brat mənəm əli açda taksafonu” məzmunlu və ***-***-**-** saylı mobil nömrəyə “Biz deyəsən belə getsə bölmədə görüşəsi olacağıq məsləhət görərdim ki, mənimlə oynama; Səbrimi yoxluyursan deyəsən hə? Dedim bil də səbrim tükənir, birdə gördün 102-yə vızıv” məzmunlu mesajları o göndərmişdir. “a kişi mal satmırsansa yalannan vaxtımızı alma” məzmunlu mesaj isə ***-***-**-** saylı mobil nömrədən onun istifadəsindəki mobil nömrəyə göndərilmişdir. Belə ki, o, mobil telefonunu satmaq qərarına gələrək internetdə elan vermiş, 13 oktyabr 2021-ci il tarixdə saat 17:21-də ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o, telefonu almaq istəyən Ruslan adlı şəxslə danışmışdır. Lakin daha sonra mobil telefonunu satmaq fikrindən daşındığı üçün sonuncunun həmin gün saat 18:30 radələrində etdiyi ikinci zənginə cavab verməmiş, Ruslan adlı şəxs ona “a kişi mal satmırsansa yalannan vaxtımızı alma” məzmunlu mesaj göndərmişdir. Qeyd olunan danışıq onun tutulmasından xeyli müddət əvvəl baş tutmuşdur və narkotik vasitə almaq və ya satmaqla əlaqədar deyildir. Zərurət olduğu təqdirdə Ruslan adlı şəxsin məhkəmə tərəfindən şahid qismində dindirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvandan keçərkən üzdən tanıdığı, lakin hər hansı anket məlumatını bilmədiyi Ruslan adlı şəxsdən bədənində ağrılar olduğu üçün öz istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Ruslan adlı şəxs də ona 3 büküm narkotik vasitə heroin vermişdir. Həmin gün saat 19:00 radələrində ünvan 3 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər və o, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə getmişdir. Şöbəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər, sonra isə onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını görərək əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd bükümdə narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-уə məxsus 4169- 7385-0595-4457 və 5103-0714-8970- 2015 saylı plastik kartları, həmçinin metro kartını təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə olunmamışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərli tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə saat 19 radələrində 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə ünvan 3 ünvanın qarşısında xidmətdə olduqları zaman bir nəfərin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmış və həmin şəxsə özlərini təqdim edərək nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Həmin şəxs suallardan yayınmağa çalışmış, həmçinin rabitəsiz danışdığına görə onun narkotik vasitələrin təsiri altında olduğunu və üzərində narkotik vasitə olmasını ehtimal edib onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra təhqiqatçı Vüqar Ələkbərli tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Fəridin əynindəki cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd sellofan kəsiyində bükümlər aşkar edilmiş və hər bükümdə 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa, onun üzərində 2 manat pul, "xxxx"a məxsus iki ədəd plastik kart aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir. Sorğu zamanı Fərid narkotik vasitəni 30 noyabr 2021-ci il tarixdə A.Neymətulla küçəsi, 23 saylı ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, digər hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında saxlanılıb Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. “a kişi mal satmırsansa yalannan vaxtımızı alma” məzmunlu sms-i öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə o göndərmişdir. Belə ki, o, mobil telefonların alqısatqısı ilə məşğul olmuş və 2021-ci il oktyabrın ortalarında Fərid adlı şəxsin internetdə satışa mobil telefon çıxardığını görmüşdür. Bundan sonra o, həmin gün axşamüstü sonuncuya zəng edib danışmışdır. Daha sonra o, Fəridə 2-ci dəfə zəng edəndə sonuncu onun zənginə cavab verməmiş, ona görə də o, telefona cavab vermədiyi üçün Fəridə qeyd olunan məzmunda sms yazmışdır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyd olunan prosessual tədbir həyata keçirilərkən sonuncu əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd sellofan kəsiyində hər birində 2 ədəd olmaqla ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-yə məxsus 4169-7385-0595-4457 və 5103-0714-8970-2015 saylı plastik bank kartlarını, metro kartını, həmçinin şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 7 ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı, digər hər hansı anket məlumatını bilmədiyi Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 224 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli 6/5311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdə, içərisində 3 bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0, 373 qram, 0.340 qram, 0,316 qram, 0,372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 2,126 qram, tədqiqata sərf edildi - 0,24 qram, qalıq 1,886 qram. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 dekabr 2021-ci il tarixli 3013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2022ci il tarixli 35 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və sintetik kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş və qeyd edilmiş narkotik vasitələri hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Bundan əlavə, cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi barədə 04 dekabr 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma şəklində «Təqsirləndirilən şəxs» və «18 PŞ» sözləri yazılmışdır. «HP 201 İx» kompüter vasitəsilə diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən pul kisəsinin içərisində olan 3 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, pul kisəsi ilə birlikdə içərisində olan 2 manat pulu, "xxxx" ASC-yə məxsus 4169-7385-0595- 4457 və 5103-0714-8970-2015 saylı plastik kartları, metro kartını, həmçinin şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 7 ünvandan keçərkən bədənində ağrılar olduğu üçün üzdən tanıdığı, digər anket məlumatını bilmədiyi Ruslan adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 4169-7385-0595-4457 və 5103-0714-8970-2015 saylı plastik kart hesabları ilə keçirilən əməliyyatlar barədə daxil olmuş məlumatlara baxış keçirilmişdir. Bu zaman həmin plastik kart hesabları ilə çox sayda əməliyyatlar keçirildiyi müəyyən olunmuş, lakin həmin əməliyyatlarda hazırkı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İbtidai istintaq orqanının 08 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarından və həmin tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə (hər birində 2 ədəd olmaqla), ümumilikdə 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0, 372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatlardan sonra qalıq qalmış 1,886 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin iş materiallarında olan 28 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olmasının sübuta yetirilməməsi və əməlində həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Belə ki, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitəni istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. İbtidai araşdırma zamanı toplanmaqla birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə külli miqdarda - 3 ədəd sellofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş üzrə dindirilmiş şahidlərdən polis əməkdaşlarından heç biri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı əməliyyat məlumatının daxil olmasını göstərməmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də hər hansı müsbət nəticəyə rast gəlmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 3 ədəd sellofan kəsiyinə bükülmüş hər birində 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,373 qram, 0,340 qram, 0,316 qram, 0,372 qram, 0,363 qram, ümumi təmiz çəkisi 2,126 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən təxminən yarım saat sonra tutulmuşdur. Hökmdə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair cinayət əməlini törətməsinin təsdiq olunmasını müəyyən edərkən zənglər və “sms”lərə istinad etmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-514/22 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə daxil olmuş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrənin hansı əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, ***-***-**-** saylı abonent nömrəsinə göstərilən tarixlərdə çoxlu sayda zənglər və “sms”lər daxil olmuşdur. Həmin zənglərdə iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, lakin mesajların bir qismi iş üçün əhəmiyyətlidir. Belə ki: - ***-***-**-** (Qaqa 40 manat var sənəd alınır? Tez hə yox de mənə, Ala mənəm aç da taksafonnan yığan, 15 manat var brat və s.); - ***-***-**-** /Vüqar Rəhimov, AZE №14237292/ (Taksafonnan yığan mənəm əli, Brat mənəm əli açda taksafonu); - ***-***-**-** Aralarında çoxsaylı yazışma vardır; - ***-***-**-** (Biz deyəsən belə getsə bölmədə görüşəsi olacağıq məsləhət görərdim ki, mənimlə oynama; Səbrimi yoxluyursan deyəsən hə? Dedim bil də səbrim tükənir, birdə gördün 102-yə vızıv... və s.); - ***-***-**-** Aralarında çoxsaylı yazışma vardır; - ***-***-**-** (a kişi mal satmırsansa yalannan vaxtımızı alma); - ***-***-**-** /Səkinə Vəliyeva, AZE №16439858/ (səni nəyəsə görə axtarmıram dediyimi əliyə çatdır və s.); - ***-***-**-** (götürməyə gedirəm gözdə yığacam səni və s.). Məhkəmə kollegiyası yuxarıda göstərilən sms-lərin məzmununa diqqət yetirərək qeyd edir ki, iş materiallarında olan çıxarışa əsasən 3 ədəd sms Təqsirləndirilən şəxs tərəfindən qarşı tərəfə göndərilmiş, qarşı tərəfdən Təqsirləndirilən şəxs göndərilməmişdir. Yalnız “a kişi mal satmırsansa yalannan vaxtımızı alma” məzmunlu sms-in isə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilməsi müəyyən olunmuşdur. Bundan əlavə, apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. “a kişi mal satmırsansa yalannan vaxtımızı alma” məzmunlu sms-i öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə o göndərmişdir. Belə ki, o, mobil telefonların alqı-satqısı ilə məşğul olmuş və 2021-ci il oktyabrın ortalarında Fərid adlı şəxsin internetdə satışa mobil telefon çıxardığını görmüşdür. Bundan sonra o, həmin gün axşamüstü sonuncuya zəng edib danışmışdır. Daha sonra o, Fəridə 2-ci dəfə zəng edəndə sonuncu onun zənginə cavab verməmiş, ona görə də o, telefona cavab vermədiyi üçün Fəridə qeyd olunan məzmunda sms yazmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və əlavə şahid X2 ifadələrini dəqiqləşdirmək üçün "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən xx.xx.2022-ci il tarixli BKC/LGL-514/22 saylı məktubla daxil olmuş CD diskindən çıxarışa nəzər yetirərək müəyyən etmişdir ki, X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 oktyabr 2021-ci il tarixdə saat 17:21:03-də 30 saniyəlik zəng daxil olmuş, 13 oktyabr 2021-ci il tarixdə saat 18:34:20-də isə həmin nömrələr arasında sıfır saniyəlik zəng qeydə alınmış, qeyd olunan zənglər Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədildiyi 30 noyabr 2021-ci il tarixdən 48 gün qabaq baş tutmuşdur. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3ci maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanı təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl edərək törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə ədalətli olmaqla təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin edilməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkumun əməlinin ağır cinayət əməli olan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən az ağır cinayət əməli olan CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, eyni zamanda cəza təyini və toplanması zamanı nəzərə alınmaqla bu hissədə də hökm dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmin maddəyə münasibətdə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə, cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyini tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmalı, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 31 may 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunsun və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əyyubov Hakimlər Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-55/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-55/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver