Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-561/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qurbanov Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçilər Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, Ağdam şəhərində qeydiyyatda olan, ünvan 1 V ünvanında yaşamış, Gəncə Apellyasiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, Stroydetal küçəsi, ev 70 ünvanında yaşayan və barəsində“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-83/2019 saylı qərar ilə ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayı ərzində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun qayınatası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 2-ci döngə, ev 1B ünvanında olan 2 sot torpaq sahəsində ikimərtəbəli evin tikintisinə görə Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətində işləyən tanışının vasitəsi ilə sərəncam alacağını yalandan vəd edib aldatmaqla etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs 12.000 manat nəğd pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayı ərzində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qayınatası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 2-ci döngə, ev 1B ünvanında olan 2 sot torpaq sahəsində ikimərtəbəli evin tikintisinə görə Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətində işləyən tanışının vasitəsi ilə sərəncam alacağını yalandan vəd edib aldatmaqla etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs 12.000 manat nəğd pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ibtidai istintaq zaman və məhkəmə istintaqı zamanı onun təqsirli olmasına dair hər hansı sübut müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsdən onun tərəfindən alınmış 9900 manat pul tikintiyə icazə üçün yox, məhz torpaq sahəsinin satışı məqsədi üçün olmuşdur. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verərək daha yüngül cəza verilməsin xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, pul onun tərəfindən mənimsənilməmişdir. Şahid2 İftixan oğlunun iltizamı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti və zərərçəkmiş şəxs apelyasiya şikayəti verməmişlər. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı X7 dövlət büdcəsinə zərərin ödənildiyi üçün Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 şikayətin təmin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmiş və həmçinin bildirmişdir ki, dövlət büdcəsinə zərərin ödənilməsi halında məsuliyyətdən azad edilməsi məqsədəuyğundur Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməli, həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarında olan: - Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(013)-41/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 296.2-ci maddələri ilə təqsirli bilinməsi, CMnin 228.2.1-ci maddəsi ilə 4 /dörd/ il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 296.2-ci maddəsi ilə 3 /üç/ il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması hökm edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-83/2019 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər X4, X1, Təqsirləndirilən şəxs1 və müdafiəçi Qəhrəmanov Zabil Köçəri oğlunun apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CMnin 228.2.1, 296.2-ci maddələri ilə CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il 6 (altı) aya endirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və s. qərara alınmışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2019- cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kollegiya qeyd edir ki, apelyasia icraatı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmişə dəymiş ziyanın ödənilməsi və dəymiş zərərin 25 faizi həddində pulun dövlət büdcəsinə ödənilməsi ilə məhkəmə iclasının təxirə salınması ilə bağlı verdiyi şifahi vəsatətlər təmin edilərək məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkumlar tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 2500 manat məbləğində ödəniş qəbzi təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin qeyd hissəsində bildirilmişdir ki, “ Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir”. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə ittiham aktında qeyd edilmiş 12000 manat zərərin Təqsirləndirilən şəxs1 münasibətdə payı onun cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq 10000 manat məbləğində müəyyən edilməli və məsuliyyətdən azad edilməsi üçün qeyd edilmiş məbləğə münasibətdə iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişin edilməsi şərtdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdəcəsinə dəymiş ziyanın 25 faizi kimi ödənilmiş 2500 manat pul onun iş üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Kollegiya qeyd edir ki, apelyasiyab şikayətinin tələb hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs2 əməlin törədilməsini təkzib etməyərək verilmiş cəzanın yüngülləşməsini xahiş edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək, cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Kollegiya qeyd edir ki, apelyasiya icraatı zamanı Təqsirləndirilən şəxs2 dəymiş zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişin edilməsi halında məsuliyyətdən azad edilməsi ilə bağlı məlumat verilmiş və zərərin 2000 manat hissəsinə münasibətdə onun payı müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə iclasları təxirə salınmış, lakin Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə dövlət büdcəsinə ödənişlə bağlı qəbz təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 70 (yetmiş) iş saat hüquqi xidmətə görə X5 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkum Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 70 (yetmiş) iş saat hüquqi xidmətə görə X3 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs1 üzərində 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 70 (yetmiş) iş saat hüquqi xidmətə görə X5 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilsin. Məhkum Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 70 (yetmiş) iş saat hüquqi xidmətə görə X3 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qurbanov Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-561/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-561/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver