Məhkəmə qərarları › İş №1(103)-565/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-565/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-565/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Muğancıq Müslüm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Muğancıq Müslüm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 71A saylı binanın zirzəmisində yaşamış, 16 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş,

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

2. Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə 15 may 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.ünvan 1 ünvanın qarşısında tanışı X3 60 manat pul müqabilində küllü miqdarda - ümumi çəkisi 2,907 qram olan narkotik vasitə heroin və 16 may 2022- ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində şəxsiyyəti məlum olmayan “Qoca” ləqəbli şəxsdən külli miqdarda təmiz çəkisi 980,8 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 may 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Nizami rayon Polis idarəsinə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin alt hissəsindən 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 980,8 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi 2,751 və 0,156 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, ümumi təmiz çəkisi 2,907 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə (Hakim: E.İsmayılov) əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir.

4. Hökmdə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

8. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

12. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

13. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir.

14. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır.

15. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

16. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir.

17. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona istinad edilən əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir.

18. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi onun tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə əməlin hüquqi tövsifi ilə bağlı qeyd edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılan zaman üzərində cəmi 3 qram narkotik vasitə olmuşdur. O, tanışı Telman adlı şəxslə İran vətəndaşından 10 qram narkotik vasitə heroin almışdır. O, özü həmin narkotikin 5 qramını, Telman isə 5 qramını götürmüşdür. O, aldığı həmin narkotikdən istifadə etmiş və 3 qramı qalmışdır. Polis əməkdaşları tərəfindən mayın 16-da saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda ona sənədlərin hamısına imza etdirdiklərini, saxlanılan zaman üzərində iki büküm narkotik vasitə heroin olduğunu, videoçəkiliş zamanı isə ona daha 980 qram narkotik verildiyini, polis əməkdaşları tərəfindən təzyiqlər olunduğu üçün onların dedikləri ilə razılaşdığını, təzyiqlərlə bağlı heç yerə şikayət etmədiyini, bədənində hər hansı xəsarət izləri olmadığını və təcridxanaya daxil olarkən müayinə zamanı da heç bir xəsarət aşkar edilmədiyini, narkotik vasitəni Telmanla birlikdə İran vətəndaşından aldıqlarını və həmin narkotikə görə Telmanla hər biri 100 manat pul verdiklərini, Telmanı təxminən 10-15 ildir ki, tanıdığını, istintaq zamanı Telmanın öldüyünü bildirmişdir.

20. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsinə uyğun izahat verərək, özünü qismən təqsirli bilmiş, üzərində 3 qram narkotik vasitə olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən 14-17 may 2022-ci il tarixlərində Təqsirləndirilən şəxs məxsus anten məlumatları mobil operatordan sorğu edilmişdir. Sorğuya cavab məlumatından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni aldığını bildirdiyi 16 may tarixində Nizami rayonu ərazisində olmuşdur. Təqsirləndirilən şəxs və müdafiəçisi Təqsirləndirilən şəxs 16 may tarixində Sabunçu rayonu ərazisində deyil, Nizami Rayonu ərazisində olmasını ittihamın mahiyyətini dəyişməsi kimi izah etmişlər.

22. Məhkəmə kollegiyası müdafiə tərəfinin mövqeyinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən anten məlumatlarında olduğu kimi Nizami rayonu ərazisində tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni Sabunçu rayonu ərazsində alması onun öz ifadələrində öz əksini tapmışdır. Belə olan halda, hazırki mərhələdə təqsirləndirilən şəxsin Sabunçu rayonu ərazsində olmadığını deməsi onun əvvəllər verdiyi ifadələrini inkar edir ki, bu da onun məhkəməyə qarşı qeyri-səmimi olduğunu bir daha təsdiq edir.

23. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı təzyiq göstərilmişdir.

24. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı Bakı İstintaq Təcridxanasına göndərilən sorğu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Həmçinin təqsirləndirilən şəxs ona təzyiq göstərilməsi ilə bağlı müvafiq qaydada şikayət etmədiyini bildirmişdir.

25. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təzyiqə məruz qalması iş materialları ilə öz təsdiqini tapmır və təqsirləndirilən şəxsin bununla bağlı apellyasiya şikayətinin dəlilləri məsuliyyətdən uzaqlaşmaq üçün özünümüdafiə xarakteri daşıyır.

26. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə bölməyə daxil olmuş məlumatda Bakı şəhərində yaşayan “Bəhruz” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məlumat əsasında bölmədə onun, bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 16 may 2022-ci il tarixdə saat 18:30 radələrində onların keçirdiyi əməliyyat tədbirləri nətisəsində əlamətləri Bəhruz adlı şəxsə oxşayan bir nəfər saxlanılmış və Nizami RPİ-nə gətirilmişdir. Sorğu zamanı həmin şəxsin 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda, könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan köynəyinin altından 1 ədəd qara rəngli polietilen bağlamanı və şalvarın sağ yan cibindən 2 ədəd selofan bükülünü təqdim edərək, onların içərisində narkotik vasitə heroin olduğunu, bağlamadakı təxminən 1 kq çəkidə heroini həmin tarixdə üzdən tanıdığı “Qoca” ləqəbli şəxsdən satmaq niyyəti ilə qabaqcadan 1000 manat ödəməklə, qalanını isə nisyə yolla aldığını, 2 ədəd selofan bükülüdə olanı isə öz istifadəsi üçün bir gün qabaq Telman adlı tanışından 60 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı daşıyan başqa əşyalar aşkar edilməmişdir. Həmin 2 ədəd bükülü və 1 ədəd bağlamada olan maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların imzaları ilə təsdiq edilmişdir. Sonradan əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar Telman adlı şəxsi də müəyyən edib Nizami RPİ-nə gətirilmiş və onun da üzərinə şəxsi axtarış zamanı 1 ədəd selofan bükülüdə narkotik vasitə heroinə bənzər maddə aşkar eilərək götürülmüşdür.

27. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 16 may 2022-ci il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs və X4 müəyyən edilərək saxlanılmaları, onların üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər.

28. İş materiallarından görünür ki, X5 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilindiyi üçün tutulmuş, 18 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.2 və 234.1-ci maddələri ilə ittiham elan olunmuş və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 61, 116-117, 138-140).

29. İş üzrə 05 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X5 08 avqust 2022-ci il tarixdə yaşadığı ünvanda öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir (cild 1, iş vərəqi 206-215).

30. Cinayət işinə əlavə edilmiş 17 may 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X5 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Bəhruz Məmmədov 15 may 2022-ci il tarixdə şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 2 bükümdə narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu, M.ünvan 1 binanın qarşısında Telman Əsgərovdan 60 manat pul müqabilində aldığını Telman Əsgərovun üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqi 98- 99).

31. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadələrii ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

32. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

33. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.

34. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

35. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir.

36. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

37. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldıla bilər.

39. Belə ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 02 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, məlumat-sorğu bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə digər məlumat yoxdur (cild 1, iş vərəqi 204-205).

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır.

41. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə uyğun olmamışdır.

43. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

44. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir.

45. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür.

46. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olması ilə yanaşı, təqsirləndirilən şəxsin arvadının ömürlük 1-ci qrup əlil olması (İ cild, i.v. 188), daha əvvəl məhkumluğunun olmaması da onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır.

47. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

49. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir.

50. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.

51. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir.

52. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il azaldılaraq, 08 (səkkiz) ilə endirilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 08 (səkkiz) ilə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən Anar Tanrıverdiyev

Hakimlər Qədim Babayev

İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar