Məhkəmə qərarları › İş №1(103)-580/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-580/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-580/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi - “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(101)-795/2024 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçiləri X1 və X4 verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(101)-795/2024 nömrəli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə) xx xxxxxx 2001-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1999-cu il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, H.Aslanov qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1992-ci il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxx 1993-cü il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 181.2.1 və 181.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər birinin barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəlinin 08 may 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin 09 may 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökmlə maddi sübutların taleyi məsələsi də həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişlər ki, onlar 06 may 2023-cü il tarix, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “PUB 090” kafesində olarkən digər masada əyləşmiş Zərərçəkmiş şəxs hesabı ödəyərkən üzərində xeyli miqdarda pul olmasını gördükdən sonra əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonuncunu kafedən çıxmasını gözləyib təqib etdikdən sonra “PUB 090” kafesinin qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qollarından və paltarından tutub saxlamaqla, Təqsirləndirilən şəxs4 isə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən zərbə vurması nəticəsində sol göz yuvasıətrafı yumşaq toxumaların hematoma halında əzilməsi, həmin gözün ağlı qişasına qansızma və alın nahiyəsinin sıyrığı ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və Təqsirləndirilən şəxs1 ayağı ilə Zərərçəkmiş şəxs badalaq verib yerə yıxmaqla, sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etdikdən dərhal sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs şalvarının cibindən 8500 manat məbləğində pulunu və içərisində 12 manat məbləğində pul olan, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3 manat dəyərində olan pul kisəsini götürdükdən sonra onlar hadisə yerindən qaçıb uzaqlaşmış, cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürmüş, beləliklə də, Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) qarşı cəmi 8515 manat məbləğində maddi ziyanın vurulması ilə nəticələnmiş xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq etmişlər. Verdikləri apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs4 həmin məhkəmə hökmünün dəyişdirilməsini və törətdiyi cinayət əməlinin düzgün tövsif edilməsini, Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işinə düzgün baxılmasını, Müdafiəçi4 həmin məhkəmə hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 bəraət verilməsini, müdafiəçilər X1 və X9 isə həmin məhkəmə hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdikləri Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs4 apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmlə onun törətdiyi cinayət əməli düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs3 oğlu apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin onun barəsində təyin etdiyi cəzadan narazıdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təqsirləndirilən şəxslər məhkəmə istintaqında verdikləri ifadələrində onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi səbəbindən adlarından yazılmış ifadələrə müdafiəçilərinin iştirakları olmadan imza etmişlər. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrindən görünür ki, iş üzrə hadisənin baş verdiyi vaxt zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ünvanına nalayiq söz dediyinə görə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsə yumruqla zərbə vurmuş, digər təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə qarşı hər hansı qanunsuz hərəkət etməmiş, sonuncu ilə Təqsirləndirilən şəxs4 aralaşdırmışlar. Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin üzərindən pul götürməmişlər. Polis əməkdaşları təqsirləndirilən şəxsləri “Fərid” restoranının qarşısında olarkən saxlamışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına göndərdiyi yazılı müraciətində təqsirləndirilən şəxslərin ona qarşı quldurluq cinayətini törətmədiklərini, onun cibindən pul götürmədiklərini, hadisə yerində Təqsirləndirilən şəxs4 ona zor tətbiq etməsindən əsəbiləşdiyinə görə verdiyi ilkin ifadəsində təqsirləndirilən şəxslərin ona qarşı quldurluq cinayətini törətdiklərini və hadisə yerində cibindən 8500 manat məbləğində pul götürdüklərini səhvən göstərmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin verdikləri ifadələrinə, eləcə də, ibtidai istintaqın ilkin mərhələsində polis əməkdaşlarının təqsirləndirilən şəxslərə zor tətbiq etmələrinə düzgün hüquqi qiymət verməmiş, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ziddiyyətlərin olmasını nəzərə almamış, qanunsuz olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin əleyhinə verdiyi ifadələrinə üstünlük vermişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, zərərçəkmiş şəxsə qarşı hər hansı cinayət əməlini törətmədiyini bildirmişdir. İş materialları ilə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut edilməmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham yalnız zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə əsaslanmış, ittihamın məzmununda zərərçəkmiş şəxsə qarşı irəli sürülmüş basqının nədən ibarət olması, cinayət əməlinin törədilməsi zamanı hansı silah və ya silah qismində əşyadan istifadə edilməsi və zərərçəkmiş şəxsə zor tətbiq edilməsi göstərilməmişdir. İş materiallarından görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğuna görə ayaqüstə dayana bilməyib yerə yıxılmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına göndərdiyi yazılı müraciətində təqsirləndirilən şəxslərin ona qarşı quldurluq cinayətini törətmədiklərini, onun cibindən pul götürmədiklərini, hadisə yerində Təqsirləndirilən şəxs4 ona zor tətbiq etməsindən əsəbiləşdiyinə görə verdiyi ilkin ifadəsində təqsirləndirilən şəxslərin ona qarşı quldurluq cinayətini törətdiklərini və hadisə yerində cibindən 8500 manat məbləğində pul götürdüklərini səhvən göstərmişdir. İbtidai istintaqın gedişində zərərçəkmiş şəxsin bu müraciəti nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin verdiyi ifadələrə düzgün hüquqi qiymət verməmiş, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ziddiyyətlərin olmasını nəzərə almamış, ibtidai istintaqın ilkin mərhələsində polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 zor tətbiq etməsinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı cinayət əməlini törətməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm əsassızdır, məhkəmə hökmdə gəldiyi nəticəni əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iclaslarında bildirdikləri izahat və çıxışlarında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs4 iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni zərərçəkmiş şəxsə qarşı xuliqanlıq cinayət əməlini törətməkdə təqsirli bildiyini göstərib, həmin əməli törətməkdə təqsirli bilinməsi və barəsində yüngül cəzanın təyin edilməsini, Təqsirləndirilən şəxs3 isə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini göstərib, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. - “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi və qiymətləndirilməsindən ibarətdir. İş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdən verilmiş apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməlinə münasibətdə təqsirlərini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil etdiyinə görə məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin təqsirli bilindikləri əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.4-cü maddələrində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in: - 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. - 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Birinci instansiya məhkəməsi istintaqında Təqsirləndirilən şəxs4 verdiyi ifadəsində özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 06 may 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “PUB 090” kafesində tanışları olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə yeyib-içərkən zərərçəkmiş şəxs kafeyə gəlmiş, sonuncu kafedən çölə çıxdıqdan sonra o, da siqaret çəkmək üçün çölə çıxmış, zərərçəkmiş şəxsə tualetin yerini tapa bilməməsinə görə kafenin qarşısını batırması səbəbindən irad bildirmiş, həmin vaxt sonuncu onun sözlərini normal qarşılamışdır. O, zərərçəkmiş şəxsə tualetin yerini göstərmiş, sonuncu tualetdən çıxdıqdan sonra onunla mübahisə etmişdir. Həmin vaxt o və zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs onunla mübahisəyə başlayanda əvvəlcə Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların olduğu yerə gəlib, onları aralaşdırmışlar. Zərərçəkmiş şəxs onların ünvanına nalayiq sözlər dediyinə görə o, bundan əsəbiləşib zərərçəkmiş şəxsə yumruqla bir dəfə zərbə vurmuş, bundan sonra polis avtomobilinin gəldiyini eşidib, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la hadisə yerindən qaçıb uzaqlaşmışlar. Onlar hadisə zamanı zərərçəkmiş şəxsin üzərindən pul götürməmiş, onların bu barədə niyyətləri olmamışdır. Polis əməkdaşları onlara tutulduqdan sonra etirafedici ifadələr vermələri üçün zor tətbiq etmişlər. Birinci instansiya məhkəməsi istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 işin halları barədə əsasən Təqsirləndirilən şəxs4 ilə eyni məzmunda ifadələr vermişlər. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi istintaqı və ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadələrində, eləcə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə üzləşdirilərkən verdiyi ifadələrində göstərmişdir ki, torpaq alqı-satqısından əldə etdiyi pulun 8600 manat hissəsini əynindəki şalvarın altından geyindiyi idman şalvarının cibinə qoyduqdan sonra 06 may 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “PUB 090” kafesində olarkən kafeyə yaranmış borcu ilə əlaqədar 45 manat məbləğində pul ödəməli olduğuna, amma əynindəki şalvarın cibindəki pul qabında 12 manat məbləğində pul olduğuna görə o, həmin şalvarın altından geyindiyi idman şalvarının cibində olmuş pulu götürməli olmuş, bu məqsədlə barmen stolunun sağ tərəfinə keçib şalvarının kəmərini açmış, şalvarının altından geyindiyi idman şalvarının cibində olmuş 8600 manat məbləğində pulu götürüb 8500 manat hissəsini əynindəki şalvarın sol cibinə qoymuş, 100 manatını isə ödəməli olduğu hesaba görə həmin kafenin işçisinə vermiş, sonuncu ona 55 manat məbləğində pul qaytarmışdır. O, həmin pulu əynində olmuş jiletin sol yan cibinə qoyduqdan sonra tualetə getmək üçün pilləkənlə qalxıb çölə çıxmış, lakin tualetin yerini tapa bilməmişdir. Bu ərəfədə sonradan tanıdığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və kafenin işçisi olmuş bir nəfər qadının kafedən çölə çıxdıqlarını, təqsirləndirilən şəxslərin həmin qadını kafeyə qaytardıqlarını görmüşdür. Təqsirləndirilən şəxslər ondan kafenin qarşısını batırmasının səbəbini soruşmuş, o, həmin şəxslərdən kafenin əməkdaşı olmalarını zənn etdiyinə görə üzr istəmiş və onlara tualetin yerini tapa bilmədiyini demişdir. Təqsirləndirilən şəxs1 ona tualetin yerini göstərdikdən sonra o, tualetə girib çıxmış, bu zaman da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 çöldə olmuşlar. Təqsirləndirilən şəxs1 onun sağ qolundan tutub arxaya keçməsini istəmiş, o, işıqlığa keçmək istədiyini demişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 onun sol qolundan tutmuş, Təqsirləndirilən şəxs4 yumruqla onun gözünə zərbə vurması, Təqsirləndirilən şəxs1 isə ona ayağı ilə badalaq vurması nəticəsində o, üzüüstə yerə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 qolu ilə onun boğazından tutmuş, ona yaxınlaşmış Təqsirləndirilən şəxs3 isə onun arxa tərəfində dayanıb qaçmaması üçün kürəyindən tutmuş, bir qədər sonra onu buraxmış, hadisə yerinə kənar şəxs gələrsə, bundan xəbərdar olmaq üçün ətrafı izləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun ciblərini axtaranda o, qışqırmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs2 onun ağzını tutub ona “sakit ol”, Təqsirləndirilən şəxs1 isə “Nə axtarırsan? Sol cibindədi, götür çıxaq” demiş, sonuncu onun şalvarının sol cibində olmuş 8500 manat məbləğində pulu, Təqsirləndirilən şəxs2 isə onun şalvarının sağ cibində, içərisində şəxsiyyət vəsiqəsi və 12 manat məbləğində pul olmuş 3 manat dəyərində olan pul qabını götürdükdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçıb uzaqlaşmışlar. Bu ərəfədə hadisə yerində göstərdiyi şəxslərdən başqa şəxs olmamışdır. O, ayağa qalxanda ağzı və burnundan qan axdığını görmüş, dərhal sonra istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng Mərkəzinə zəng edib bir neçə nəfər şəxsin ona zor tətbiq edib üzərində olmuş pulları götürdükləri barədə məlumat vermiş, kafedən çıxıb ona yaxınlaşmış Fatiməyə də 4 nəfər şəxsin onu döyüb pulunu götürdüklərini demişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, elə düşünür ki, həmin kafedə işləmiş qadınlardan biri onun üzərində pul olması barədə təqsirləndirilən şəxslərə məlumat vermişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi istintaqında verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra 19 may 2025-ci il tarixdə onların valideynləri ona təqsirləndirilən şəxslərin vurduqları maddi zərərin 5200 manat hissəsini onun ibtidai istintaq orqanına hadisə vaxtı təqsirləndirilən şəxslər tərəfindən hər hansı məbləğdə pulunun götürülmədiyi barədə ərizə göndərəcəyi şərtilə qaytarmış, qalan hissəsini də qaytaracaqlarına söz vermişlər. O, həmin tarixdə pula ehtiyacı olduğuna və təqsirləndirilən şəxslərin həbsdə qalmasını istəmədiyinə görə qeyd etdiyi şərtlə razılaşıb, ibtidai istintaq orqanına ünvanladığı ərizəsində içkili olması ilə əlaqədar ifadəsində onu döyən şəxslər tərəfindən pulunun götürülməsini səhvən göstərdiyini qeyd etmişdir. Həmin ərizəni ona təqsirləndirilən şəxslərin vəkilləri olmuş Emin və Mirzə adlı şəxslər yazdırmışdır. Bundan sonra təqsirləndirilən şəxslərin valideynləri ona təqsirləndirilən şəxslərin vurduqları maddi zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı hissə-hissə olmaqla, 900 manat, 300 manat və 1100 manat məbləğində pul ödəmişlər. Beləliklə, təqsirləndirilən şəxslərin valideynləri ona təqsirləndirilən şəxslərin vurduqları maddi zərəri tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərin hadisə zamanı onun üzərində olmuş pulları götürmədikləri barədə verdikləri ifadələr yalandır. Hadisə zamanı o və təqsirləndirilən şəxslər bir-birinin ünvanına nalayiq söz deməmişlər. O, təqsirləndirilən şəxslərlə barışmış, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı göstərdiyi məzmunda ifadə verməsi ilə əlaqədar ona təsir edilməmişdir. X10 birinci instansiya məhkəməsi istintaqı və ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadələrində göstərmişdir ki, o, iş üzrə hadisənin baş verdiyi kafenin sahibidir. O, hadisə anını görməsə də, kafenin işçisi tərəfindən ona verilmiş məlumat əsasında iş üzrə hadisənin baş verməsindən təxminən 15 dəqiqə sonra zərərçəkmiş şəxsin yanına çatanda sonuncu ona kafedə olmuş şəxslər tərəfindən üzərindəki pulun götürüldüyünü demişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, birinci instansiya məhkəməsi istintaqında elan edilmiş ifadəsində göstərmişdir ki, o, 01 may 2023-cü il tarixdə əvvəllər işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Pub 090” adlı kafedə Engin adlı şəxs yenidən ofisiant işinə qəbul edilmişdir. O, təqsirləndirilən şəxslər Xəzər, Vüqar, Təhmasib və Nicatı əvvəllər həmin kafeyə gəlmələri ilə əlaqədar tanımış, sonuncu ilə onun arasında sevgi münasibəti olmuşdur. 06 may 2023-cü il tarixə keçən gecə Xəzər, Vüqar, Təhmasib və Nicat həmin kafeyə gəlib eyni masa ətrafında əyləşmişlər. Həmin tarix, saat 3 radələrində sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi şəxs kafeyə gəlib, Nicatgilin yanındakı masa ətrafında əyləşmiş, o, da Səxavətin yanında əyləşmişdir. Bir müddət sonra Vəfa adlı ofisiant Səxavətə yaxınlaşıb yaranmış borcu ilə əlaqədar 50 manat məbləğində pul ödəməli olduğunu demişdir. Səxavət kassaya yaxınlaşmış, o, isə əyləşdiyi yerdə gözləmişdir. Masada oturduqları vaxt Səxavət onun yanağından öpdüyünə görə Nicat ona göz-qaş edib Səxavətdən uzaq durmasını istəmişdir. O, Nicata yaxınlaşanda sonuncu ondan Səxavətin pulunun olub-olmadığını soruşmuşdur. O, yenidən Səxavətlə eyni masaya ərafında əyləşəndə sonuncu onun əlindən tutub şalvarına tərəf aparanda o, Səxavətə acıqlanmış və əlini çəkmiş, sonuncu ona şalvarının cibində pul olduğunu demişdir. O, Nicata yaxınlaşanda sonuncu yenə də ondan Səxavətin pulunun olub-olmadığını soruşmuş, o, cavabında Səxavətin xeyli pulunun olduğunu demişdir. Səxavət kafeyə yaranmış borcunu ödəyəndə kafedə ofisiant işləmiş Vəfa və Sevgi Səxavətin cibində xeyli pul olduğunu görmüşlər. Səxavət kafeyə olan borcunu ödədikdən sonra çölə çıxmış, bir müddət sonra o, da çölə çıxanda Səxavətin yerdə uzandığını, burnundan qan açıldığını görmüş, köməyə Vəfanı çağırmış, Səxavətə ilk yardım göstərmişlər. Səxavət ağlaya-ağlaya Enginə üzərindəki pulların kafedə olmuş şəxslər tərəfindən götürüldüyünü demişdir. Sonradan bilmişdir ki, Səxavətin üzərində olmuş pullarını Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 götürüb ələ keçirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - zərərçəkmiş şəxsin 06 may 2023-cü il tarix, saat 04:03-də istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng Mərkəzinə zəng edib, həmin tarixdə 5-6 nəfər şəxs tərəfindən ona zor tətbiq edilib, üzərində olmuş 8500 manat məbləğində pulun götürülməsi barədə məlumat verməsi (06 may 2023-cü il tarixli, HK-1-1356 nömrəli raporta əsasən - İ cild, səh. 4), - zərərçəkmiş şəxsin 06 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə şəxsən yazıb, təqdim etdiyi ərizəsində (İ cild, səh. 8) 06 may 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “PUB 090” kafesinin sanitar qovşağından çıxarkən tanımadığı 4 nəfər şəxsin ona zor tətbiq edib, şalvarının sol cibində olmuş 8500 manat məbləğində pulu, sağ cibindəki pul kisəsində olmuş şəxsiyyət vəsiqəsi və 12 manat məbləğində pulu götürüb getdiklərini göstərməsi, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etməsi, 06 may 2025-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “PUB 090” adlı kafenin həyətində yerləşən hadisə yerinə baxış keçirilərkən, eləcə də, təhqiqatçıya verdiyi izahatlarında işin hallarının yuxarıda qeyd edilən ərizəsində göstərdiyi məzmunda olmasını göstərməsi (İ cild, səh. 5, 9, 10), məhkəməyədək icraat zamanı 08 may 2023 və 11 may 2023-cü il tarixlərdə dindirilərkən verdiyi ifadələri (İ cild, səh. 36-39, İİ cild, səh. 4, 5), təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə üzləşdirilərkən verdiyi ifadələri (İ cild, 124-132), - zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinə təqdim etdiyi daşınmaz əmlakın alqı-satqısına dair “Elektron notariat” AİS-dən çıxarış əsasında 03 may 2023-cü il tarixdə (iş üzrə cinayət hadisəsinin baş verməsindən 3 gün əvvəl) mülkiyyətində olan daşınmaz əmlakı 25000 manat məbləğində pula satmasının müəyyən edilməsinin iş üzrə hadisənin baş verdiyi gün zərərçəkmiş şəxsin üzərində 8500 manat pulun olmasının inandırıcılığını təsdiqləməsi, - “Diskə baxış keçirilməsi haqqında” 06 may 2023 və 09 may 2023-cü il tarixli protokollar və ilkin protokola əlavə edilmiş disklərin yaddaşına yazılmış, iş üzrə maddi sübut qismində tanınmış videogörüntülərdən (İ cild, səh. 14-16, İİ cild, səh. 1) 06 may 2023-cü il tarix, saat 03:48-də zərərçəkmiş şəxsin “PUB 090” adlı kafedə olarkən şalvarının cibindən çıxardığı pulla hesabı ödədikdən sonra kafenin pilləkənləri ilə hərəkət edib kafedən çölə çıxması, bu anda kafedə digər masada əyləşmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 da zərərçəkmiş şəxsin ardınca sürətlə, tələsik şəkildə pilləkənlə qalxıb kafedən çölə çıxmalarının müəyyən edilməsi, təqsirləndirilən şəxslərin həmin videogörüntülərdə görünən şəxslərin onlar olmalarını təsdiq etmələri, bununla da, işin göstərilən obyektiv halı ilə təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsi istıntaqında verdikləri ifadələrinin hadisənin baş verdiyi gün zərərçəkmiş şəxsin “PUB 090” adlı kafedən çölə çıxmasından sonra onların həmin kafedən eyni vaxtda deyil, müəyyən zaman fasiləsilə, ayrı-ayrılıqda çıxmaları, guya əvvəlcə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la zərərçəkmiş şəxs arasında sonuncunun tualetin yerini tapa bilməməsi ilə əlaqədar mübahisənin yaranması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sonradan mübahisəyə qoşulması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin ünvanına nalayiq sözlər deməsi, bu səbəbdən Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsin sifət nahiyəsinə zərbə vurması ilə bağlı olan hissələrinin, bütövlükdə özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərin tam təkzib edilməsi, - 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 iş üzrə zərərçəkmiş şəxsin üzərindən götürülmüş pulun bir hissəsi olması səbəbindən təqdim etməsi ilə əlaqədar müvafiq protokolla (İ cild, səh. 69) götürülmüş və iş üzrə maddi sübut qismində tanınmış 111 manat məbləğində pulla, - məhkəmə-tibbi ekspertizasının 03 iyun 2023-cü il tarixli, 594 nömrəli rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol göz yuvasıətrafı yumşaq toxumaların hematoma halında əzilməsi, həmin gözün ağlı qişasına qansızma və alın nahiyəsinin sıyrığından ibarət xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən 06 may 2023-cü il tarixdə əmələ gələ bilməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması, xarakteri və lokalizasiyası nəzərə alınaraq, insan bədəninin hissələrinin (baş, əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi və şəxsin özü tərəfindən yetirilməsinin inandırıcı olmamasının göstərilməsinə (İİ cild, səh. 80-82), - şahidlər X6 birinci instansiya məhkəməsi istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, Şahid1 ibtidai istintaq zamanı verdiyi, birinci instansiya məhkəməsi istintaqında elan edilmiş ifadəsi (İ cild, səh. 120-123, İİ cild, səh. 44-48), - təqsirləndirilən şəxslərin hər birinin barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatlara 09 may 2023-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən müdafiəçilərinin iştirakları ilə, hər hansı təsir olmadan verdikləri izahatlarında iş üzrə törətdikləri cinayət əməllərini etiraf etdiklərini və həmin əməllərindən səmimi peşman olmalarını bildirmələri, eləcə də, onların müdafiəçilərinin bu hallara istinad etməklə vəsatət və təqdimatların təmin edilməməsini xahiş etmələri (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli, 4(006)-249/2023, 4(006)- 250/2023, 4(006)-251/2023, 4(006)-252/2023 nömrəli qərarlarına əsasən - İ cild, səh. 255- 274), - təqsirləndirilən şəxslərin barələrində təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının aparılması zamanı ekspertlərə verdikləri izahatlarında Təqsirləndirilən şəxs3 iş üzrə bir nəfərin pulunu aldığını, Təqsirləndirilən şəxs2 iş üzrə tanışlarının soyğunçuluq əməlini törətdiklərini, Təqsirləndirilən şəxs1 iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməli törətməsini etiraf etdiyini göstərmələri (ambulator məhkəməpsixiatrik ekspertizasının müvafiq olaraq 31 iyul 2023-cü il tarixli, 2108 və 2112 nömrəli, 24 iyul 2023-cü il tarixli, 2026 nömrəli rəylərinə əsasən - İ cild, səh. 211-214, 216-218), - eləcə də, təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsi istintaqında verdikləri ifadələrinin özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələri istisna olmaqla, qalan hissələri və təqsirləndirilən şəxslərin iş üzrə zərərçəkmiş şəxsə vurduqları maddi zərəri tamamilə ödəmələri ilə sübut edilmişdir. Məhkəmə kollegiyası bu barədə nəticəyə gələrkən, həmçinin onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin adlarına açılmış şəxsi işləri və tibbi kitabçaları tədqiq edərkən onların istintaq təcridxanasında ilkin tibbi müayinə edilməsi zamanı hər birinin bədəni üzərində müxtəlif xəsarətlərin aşkar edilməsini müəyyən etməsi səbəbindən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ayrı-ayrılıqda özlərinin və birbirinin əleyhinə verdikləri ifadələri sübut kimi qiymətləndirməməklə, həmin sübut növləri ilə də bağlı obyektiv araşdırma və düzgün qiymətləndirmə aparması sahəsində cinayətprosessual qanunvericiliyin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olan hissələrini cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədi daşımasına, həmçinin, zərərçəkmiş şəxsin hadisə zamanı təqsirləndirilən şəxslərin onun üzərindən hər hansı məbləğdə pul götürmədikləri, ona zor tətbiq etmələrindən əsəbiləşməsi və sərxoş vəziyyətdə olması ilə əlaqədar verdiyi ilkin məlumatda təqsirləndirilən şəxslərin onun üzərində olmuş pulları götürmələrini səhvən göstərdiyi barədə 20 may 2023-cü il tarixdə poçt vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərdiyi ərizəsini (İİ cild, səh. 15) təqsirləndirilən şəxslərin valideynləri və bəzi müdafiəçilərinin etdikləri təsir səbəbindən, eləcə də, iş üzrə ona vurulmuş maddi zərərin ödənilməsinə nail olmaq üçün yazmasına görə sübut kimi nəzərə almaması barədə gəldiyi qənaətini iş materiallarında olan yuxarıda göstərilən sübut növləri ilə təsdiq edildiyinə və işin faktiki hallarına uyğun olduğuna görə qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və sübut növlərlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hərəkətləri birgə icraçılıq şəklində qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törətmələrini müəyyən etməsi nəticəsində Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələri barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.4-cü maddələrinin sanksiyasında müvafiq cinayət əməlinin səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi hökmlə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasını 8 il müddətə, yəni sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə təyin etdiyinə, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaların yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçiləri X1 və X4 verdikləri apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(101)-795/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçiləri X1 və X4 verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(101)-795/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar