Məhkəmə qərarları › İş №1(103)-616/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-616/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-616/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Müdafiəçi2, məhkum olunmuş Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Azər Paşayev) xx xxx 1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış soyuq münasibətlər səbəbindən sonuncu həmin nikahdan olan 4 yaşlı qızı Zəhranı da götürərək ailə üzvlərinin kirayədə qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanına gedərək bir müddət orada yaşamış, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs2 və ailə üzvlərinə ünvanladığı barışıq istəyi rədd olunaraq bu təkliflə həmin ünvana gəlməməsi Təqsirləndirilən şəxs bildirilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs onlardan qisas almaq məqsədilə, istintaqa məlum olmayan bıçağı özü ilə götürərək 13 may 2020-ci il tarixdə, saat 21 radələrində həmin ünvana gedərək qonşu kimi özünü təqdim etdikdən sonra evə girməyə nail olmuş, bıçağı çıxarıb ilk olaraq Zərərçəkmiş şəxs2 üstünə cummaqla sonuncunun ondan evi tərk etməsi barədə xahişinə məhəl qoymadan həmin bıçaqla Zərərçəkmiş şəxs2 vuraraq ona döş qəfəsinin ön səthindəki, sağ saidin və milbilək oynağı nahiyələrindəki kəsilmiş yaralarla müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin qarşısını almaq istəyərkən sonuncu 4 yaşlı Zəhranın gözü qarşısında xüsusi amansızlıqla həmin bıçaqla Zərərçəkmiş şəxs3 iki dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi və döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək sol diafraqmanının künbəzinin və dalağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını görən Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin qarşısını almaq məqsədilə bıçağı ondan götürmək istəyərkən sonuncu 4 yaşlı Zəhranın gözü qarşısında xüsusi amansızlıqla həmin bıçaqla Zərərçəkmiş şəxs1 vuraraq ona sağ əlin bükücü vətərlərinin zədələnməsi ilə müşaiyət olunan sağ əlin İİ-İİİ barmağının kəsilmiş yarası, sağ əlin ovuc səthinin və sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sağ bazu nahiyəsinin ön səthinin kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarına əsasən, məhkum olunmuş Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermiş, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında törətdiyi cinayətin sübuta yetirilib-yetirilməməsi və məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirməmiş, yalnız məhkum olunmuş Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətində təyin edilməsi cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum olunmuş Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması cinayətlərini törətməsi məhkumun şəxsi qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsaslanmaqla onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halı, yəni himayəsində azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını kifayət qədər nəzərə almış, o cümlədən əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apellyasiya şikayətinin dəlillərini cinayət işində olan materiallarla qarşılıqlı araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini əsas götürməklə ədalətli və qanuni qərar qəbul etmiş və məhkum Təqsirləndirilən şəxs yalnız çəkilməsi real olan azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunacağı barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmü məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar