Məhkəmə qərarları › İş №1(103)-62/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-62/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-62/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Tərcüməçi – X6, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 1(101)-514/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.E.İsmayılov) 24 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 28 may 2021-ci il tarixindən 29 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub, həmin gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının tutulduğu vaxdan, yəni 15 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, CM-nin 93-1.1-ci madddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxs, X3 və Cəfər-zadə Kamran Azər oğlu ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Kamran Cəfər-zadə külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs - 1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoıl” yanacaq doldurma məntəqəsinin yaxınlığına, Dəryanur Nəcəfov isə külli miqdarda- 6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda-12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Kamran Cəfər-zadə həmin gün saat 16.30da, Dəryanur Nəcəfov isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanılaraq ünvan 3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Kamran Cəfər-zadənin əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda-2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Dəryanur Nəcəfovun əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkotik vasitəni satmasının, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirakının təsdiq olunmaması qənaətinə gələrək, Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət vermiş və onun əməlini ittiham edildiyi CM-nin 243.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs öz hökmü ilə təqsirli bilmişdir. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib bu maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində müəyyən halları göstərmişdir. Qeyd olunanlar iş üzrə şahid İfadələri, “şəxsi axtarış və götürmə haqqında” protokolla, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiqini tapmışdır. İbtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmiş, lakin buna baxmayaraq məhkəmə işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə onun əməlini əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestində göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi haqda, müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protesti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Kamran Cəfərzadə ilə eyni evdə yaşamışdır və hər ikisi narkotik vasitədən istifadə edirmişlər. 27 may 2021-ci il tarixdə narkotik vasitə almaq üçün Dəryanur ilə görüşdülər və Kamran ona pul verdi ki, pulu Dəryanura versin. Həmin gün Dəryanurdan 2 ayrı bükümdə 2 qram narkotik vasitə olan heroin aldı. Dəryanura 30-40 manat pul verdi. Narkotik vasitəni aldıqdan sonra evə getdilər. Evdə narkotik vasitəni Kamranla bölüşdü, 1 qram Kamranda, 1 qram isə onda qaldı. Növbəti gün, yəni 28 may 2021-ci il tarixdə təqribən saat 16-17 radələrində Razin adlanan yerdə əməliyyatçılar tərəfindən saxlanıldılar, onlar Kamranla onu ayrı-ayrı avtomobillərə əyləşdirdilər və avtomobilin içində üzərlərində şəxsi axtarış keçirdilər. O narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Dəryanurdan aldıqları narkotik vasitəni 3- 4 gün istifadə edəcəkdilər. Dəryanurdan bir neçə dəfə narkotik vasitə almışdılar. Onlar saxlanılarkən üzərlərində umumi olaraq 1,03 qram narkotik vasitə var idi. Əməliyyatçılar onlara bildirdilər ki, onlara 5 qram narkotik vasitə verəcəklər və onlar həmin narkotik vasitəni aralarında bölüşərək videoçəkiliş zamanı onların verdikləri narkotik vasitəni şəxsi istifadələri üçün əldə etdiklərini bildirəcəklər. Bundan əlavə, onlar bu dediklərini edəcəkləri təqdirdə 36 saatdan sonra onları buraxacaqlarını və işləri üzrə icraatın onlar azadlıqda olarkən 6 ay ərzində aparılacağını bildirdilər. Videoçəkiliş oldu və bundan sonra onları kameraya apardılar. Onu buraxdılar, Kamranı isə təcridxanaya göndərdilər. Dəryanurun narkotik vasitəni İran İslam Respublikasından gətirdiyini bilmirdi, ona narkotik vasitə satmaqda köməklik etməmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Cəfər-zadə Kamranın və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxlaması göstərilmişdi. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı və mən də həmin əməliyyat qrupunda iştirak edirdi. Şahid4 qrup rəhbəri idi. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 16 radələrində Cəfər-zadə Kamran və Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı. Orada onların hər ikisinin üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı səhv etmirsə, Kamran Cəfər-zadənin üzərində 1 büküm və Təqsirləndirilən şəxs üzərində isə 3 bükümdə narkotik vasitə olan heroin aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid5 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. İşin apelyasiya icraatı mərhələsində Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) ***-**-** saylı və (099) ***-**-** saylı mobil telefon nömrələrinə 01 yanvar 2021-ci il tarixdən 28 may 2021-ci tarixədək daxil olan və çıxan sms mətnləri barədə məlumatların götürülməsi qərara alınmış, hər iki mobil operatordan müvafiq cavablar alınsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılması xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və Təqsirləndirilən şəxs CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət vermiş, onun əməlini isə düzgün olaraq CM-in 234.4.1-ci və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə ilə tövsif etmişdir. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Özlüyündə əsassızlığı aşkar görünən apellyasiya protestində dövlət ittihamçısı təqsirləndirilən şəxsin verdiyi ifadələrinə tənqidi yanaşsa da, həmin ifadələrə nəzər saldıqda bu ifadələrin məğzinin şəxsin üzərindən aşkar olunan, dövriyyəsi qadağan edilmiş vasitələrin şəxsi istifadə üçün əldə etmədən ibarət olması mübahisəsiz şəkildə görünür, ifadələrin məzmununda da Təqsirləndirilən şəxs faktiki olaraq özünü yalnız qanunsuz olaraq dövriyyəsi qadağan olunmuş üzərindən aşkar edilmiş vasitəni şəxsi istifadəsi üçün almaqda təqsirli bilmişdir. Ümumiyyətlə iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsini təsdiq edən heç bir dəlil yoxdur. Apellyasiya protestinin başlıca dəlili Təqsirləndirilən şəxs birinci instansiyası məhkəməsi tərəfindən təqsirli bilindiyi əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməklə onu həmin maddə ilə təqsirli bilinməsinin qanunsuz olmasıdır. CM-in 234.4.1-cü maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə əməl satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlaması, habelə narkotik vasitələrin satılması qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya mütəşəkkil dəstə tərəfindən törədildiyi halda tövsif edilir. CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, onun tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etməsi və ya saxlaması satış məqsədi ilə törədilmiş, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitə onun tərəfindən satılmışdır. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. İstər ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etməkdə təqsirli bilib buna uyğun ifadələr vermişdir. Bu iş üzrə barələrində məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə digər məhkumlar X4 və Cəfər-zadə Kamran Azər oğlu ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Göründüyü kimi məhkumların ifadələrinə əsasən onların ittihamda göstərilən cinayəti birgə törətmələrini müəyyən olunmur. Həmin halın müəyyən edilməsi üçün istintaq orqanı tərəfindən hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə baxışı zamanı da məhkumların cinayəti törətmək üçün qabaqcadan əlbir olması və cinayəti birgə törətməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə, həm də tədqiq olunmuş digər sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini (CM-nin 234.4.1-ci maddəsi ilə) digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olmaqla törətməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna əsaslanaraq qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni satması və ya məhz bu məqsədlə psixotrop maddəni və narkotik vasitəni əldə etməsi sübuta yetirilmir. Bununla əlaqədar qeyd olunmalıdır ki, ibtidai istintaq orqanın hansı sübutlara və dəlillərə əsaslanaraq onun psixotrop maddəni və narkotik vasitəni satmaq məqsədi olması qənaətə gəldiyi ittiham aktında göstərilməmişdir. İş materiallarında olan sübutlarda da belə bir məlumat yoxdur ki, narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Əksinə, Təqsirləndirilən şəxs narkotik vasitə onda aşkar edilərkən özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, ibtidai istintaq və məhkəmədə də belə ifadə vermişdir (müvafiq protokollardan göründüyü kimi). Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkumların qabaqcadan əlbir olaraq cinayət törətmələrini təsdiq edən sübutların mövcud olmamasına baxmayaraq istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı məhkumların qabaqcadan əlbir olaraq cinayət törətmələri öz təsdiqini tapmamışdır. Birinci instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni qanunsuz olaraq əldə edilməsi və saxlanılmasını müəyyən etsə də, nəticəyə gəlmişdir ki, həmin sübutlarla narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi təsdiq olunmur. Məhkəmənin gəldiyi nəticə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş digər məhkum Cəfər-zadə Kamran Azər oğlunun və şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam uyğunluq təşkil edir və həmin sübutlarla təkzib olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» İşdən görünür ki, Təqsirləndirilən şəxs onlarda aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin miqdarı da onun məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlməyə əsas vermir. Bununla da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair istintaq materiallarında mötəbər sübut olmadığından birinci instansiyası məhkəməsi düzgün olaraq onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestində mübahisə edilməsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinyətinin törədilməsində köməkçi qismində iştirak etməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Belə ki, CM-in 32.5-ci maddəsində qeyd olunmuşdur ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Lakin Təqsirləndirilən şəxs digər şəxslərə qaçaqmalçılıqla əlaqədar CM-in 32.5-ci maddəsində göstərilən halların yerinə yetirilməsi üçün yardım etməsi və ya digər hərəkətlərin görüləcəyini vəd etməsi nə onun, nə də digər məhkumlar K.A.Cəfər-zadə və D.Ə.Nəcəfovun və şahidlərin ifadələri ilə müəyyən olunmur. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətin törədilməsinə köməkçilik etməsi təsdiq edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 32.5,206.3.2-ci maddəsi ilə cinayət törətməsinə dair ittiham sübuta yetirilmir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik etməsi və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, birinci instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət vermiş, onun əməlini isə düzgün olaraq CM-in 234.4.1-ci və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən də görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin iş materiallarından göründüyü kimi, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 16 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Kamran Cəfər-zadə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsə də, onun əməli Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, bu qərardan verilmiş kassasiya protesti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Şəxsin əməlində CM-nin 234.4.1. və 243.3-cü maddələrin tərkib əlamətlərinin olmaması həm birinci instansiya məhkəməsinin hökmündə kifayət qədər əsaslandırılmış, həm də hazırki qərarda yuxarıda bu hallara müvafiq qiymət verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə birinci instansiya məhkəməsində məhkəmə istintaqında, istərsə də apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə və psixotrop maddəni əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır ki, belə olan halda işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hal kimi narkotik vasitələrdən istifadə etdiyindən peşman olmasını və qadın olmasını, cəzanı ağırlaşdıran halın isə müəyyən olunmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 24 iyun 2022-ci il tarixli, 1(101)-514/2022 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayətləri və kassasiya protesti verilə bilər. X5 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar