Məhkəmə qərarları › İş №1(103)-651/2024

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-651/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-651/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, müdafiəçi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)-208/2024 nömrəli qərarından birinci instaniya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)- 208/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmişdir. İşin halları: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Apellyasiya protestinin dəlilləri: Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarı cinayət qanununun norması düzgün tətbiq olunaraq ləğv edilməsini və onun CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq, məhkəmə CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbini pozaraq hazırki qərarla onu CM-nin 73.2-ci maddəsinə əsasən yenidən cinayət məsuliyyətindən azad etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində qərar çıxararkən cinayət qanuni nun normasını düzgün tətbiq etməmişdir. Hökmdən bəraət almış şəxs və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişlər. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, protestin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs verilmiş apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. İşin hüquqi məsələləri: Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)-208/2024 nömrəli qərarı ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində yeni ittihamedici hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə CM-nin 73.1ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbini pozaraq hazırki qərarla onu CM-nin 73.2-ci maddəsinə əsasən yenidən cinayət məsuliyyətindən azad etmişdir. İş materiallarına əsasən ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 15-ci PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zabrat qəsəbəsində əri Təqsirləndirilən şəxs yumruqla onun ağız nahiyəsinə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 10 ildir ki, ailə həyatı qurmuşlar 2014-cü il təvəllüdlü Zəhra Hüseynli və 2016-cı il təvəllüdlü Hüseyn Hüseynov adlı iki övladları vardır. Təxminən 10 gün əvvəl birlikdə kirayə yaşadıqları ünvan 4 ünvanında onun mobil telefonuna iş yoldaşının mesaj yazması səbəbindən aralarında mübahisə olmuşdur. O, həmin ünvandan çıxaraq valideynlərinin kirayə yaşadığı Zabrat qəsəbəsində yerləşən ünvana getmiş və hal-hazırda uşaqları ilə birlikdə orada yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işə getmək üçün Zabrat qəsəbəsində “Ayxan” marketin yaxınlığında işə getmək üçün servis gözləyərkən əri Təqsirləndirilən şəxs oraya gəlmiş və ona yaxınlaşaraq kənarda onunla söhbət etmək istədiyini bildirmişdir. Həmin yerdən kənarda ondan iş yoldaşına mobil nömrəni kimin verməsini soruşmuşdur. O, nömrəni özünün verdiyini demiş və həmin vaxt Təqsirləndirilən şəxs onun ağız nahiyəsinə yumruqla zərbə vurmuşdur. Daha sonra oradan uzaqlaşaraq getmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuşlar. Evliliklərindən 2014-cü il təvəllüdlü Zəhra Hüseynli və 2016-cı il təvəllüdlü Hüseyn Hüseynov adlı iki övladları vardır. Arvadı Zərərçəkmiş şəxs "xxxx" MMC-də xadimə işləyir. Təxminən 10 gün əvvəl arvadı Şəmsiyyənin mobil telefonuna iş yoldaşından mesaj gəlmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxtdan Şəmsiyyə uşaqlarla birlikdə yaşadıqları evi tərk edərək valideynlərinin ünvan 3 ünvanında kirayə yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs ona uşaqlarla görüşməyə icazə verməmişdir. Şəmsiyyənin işə getdiyi vaxtları bildiyindən onunla söhbət etmək üçün xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində fəaliyyət göstərən “Ayxan” marketin yaxınlığında arvadının dayandığını görmüşdür. Onu səsləmiş və kənara gəlməsini istəmişdir. Həmin yerdən təxminən 10 metr sağda olan dalanda onunla söhbət etmişlər və iş yoldaşına mobil nömrəsini verməsinin düzgün olmadığını ona dedikdə Zərərçəkmiş şəxs ona cavab qaytarmış və o, əsəbiləşərək arvadının ağız nahiyəsindən yumruqla bir dəfə zərbə vurmuşdur. Daha sonra oradan uzaqlaşaraq getmişdir. xx.xx.2024-cü il tarixdə 15-ci PB-yə daxil olmuş Məhkəmə Tibb Ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs alt dodağın hematoması ilə müşayət olunan alt dodağın selikli qişa səthinin əzilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdıraraq iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlinin cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, tərəflər arasında barışıq yoxdur və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlar və verilmiş ifadələr əsasında Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə ittiham tərəfinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxsoğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc yaşda olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində cəzası təyin edilsin. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, aralarında barışığın olmasını iki azyaşlı uşağının olmasını, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanunvericiliyin tələbləri baxımından qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 346, 353, 398.1.2, 399.1.1, 399.1.2, 399.1.3, 401.1.2, 407-409-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası hökmetdi: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)- 208/2024 nömrəli qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanmaqla, cəmi 54 gün müddətinin Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində cəza çəkməsi üçün qəti olaraq 4 (dörd) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini və faktiki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, (təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, istintaq və məhkəmə orqanlarının çağırışlarına gəlmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla), cinayət prosesini həyata keçirən orqanın xəbəri və icazəsi olmadan Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisini tərk etmək, yaşadığı ünvanı cinayət prosesini həyata keçirən orqanın xəbəri olmadan dəyişmək qadağan edilsin (cinayət prosesini həyata keçirən orqanın tələbləri ilə həmin hərəkətlərin edilməsi istisna olunmaqla). Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək və şəxsən gəlmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Qərarın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412 maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar