Məhkəmə qərarları › İş №1(103)-652/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-652/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-652/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi X1, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(001)-108/2021 nömrəli hökmündən Bakı şəhərinin Rayon Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində naməlum mənbədən qanunsuz olaraq 01 ədəd PX-1085 №-li, 1973-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən tapança, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov(PM), Steçkin(APS) konstruksiyalı və sair həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlar, 01 ədəd üzərində «7167-2» rəqəmləri olan, zavod üsulu ilə istehsal olunmuş, bircərgəli və 08 ədəd 9x18mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz darağ əldə etmiş, saxlamış və gəzdirmiş, 29 sentyabr 2020-ci il tarixdə Binəqədi RPİ-in 7-ci PBin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 63 №-li binanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ 7-ci PB-nə gətirilmiş, orada saat 13:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın belində olan kəmərin arxa hissəsindən qeyd olunan odlu silah, döyüş sursatı və onun komplekt hissəsi aşkar edilərək ondan götürülmüşdür. Həmin ittihamla razılaşan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim E.Z.Ağayev) 22 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2020ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, əvvəllər cinayət törətməmiş, törətdiyi əməldən peşimandır. Təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında alternativ olaraq daha yüngül cəza növləri də nəzərdə tutulmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmadığı halda, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan ona əsassız olaraq şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkum olunmuş şəxsin cəzasının azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Dövlət ittihamçısı apellyasiya protestinin təmin edilərək hökmün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə əsasən cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayəti əsassız olduqlarından təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində və apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət və cinayət-prosessual qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsini də müzakirə edərək, onun cəzasının ağırlaşdırılması barədə apellyasiya protestinin, eləcə də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və minimum həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının orta həddinə yaxın azadlıqdan məhrum etmə cəzsıa təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın ağırlaşdırılması və ya həbslə əlaqədar olmayan cəza ilə əvəz edilməsi üçün hazırda apellyasiya baxışı zamanı zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(001)-108/2021 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(001)-108/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar