Məhkəmə qərarları › İş №1(103)-656/2021

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-656/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-656/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə ezam edilmiş, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və Müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08.06.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.11.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək cəzası 06 ilə endirilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixtrop maddə olan metamfetamini və narkotik vasitə olan metadonu ümumilikdə 125 manata istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 12.10.2020-ci il tarixə keçən gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində komendant saatının tətbiq edilməsinə nəzarət edilən 3 saylı polis postunda saxlanılıb Qaradağ RPİ-in 10-cu polis bölməsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin vaxt onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən qara rəngli pul qabından bir ədəd sellofan bükülüdə şəffaf polietilen bükümdə təmiz çəkisi 0,512 qram və bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,438 qram ümumi təmiz çəkisi 0.950 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin,zavod üsuslu ilə qablaşdırılmış «Methadone-40» yazısı olan konvalyutda üzərlərində «F\M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı olan 10 ədəd həbdə təsir edici maddəsi ümumi miqdarı 0,4 qram (bir həbdə 0,04qr metadon olmaqla) narkotik vasitə olan metadon və bir ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan şüşə lampası aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, qeyd olunan qərarı qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin yalnız məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yalnış nəticəyə gəlmişdir. Halnuki, cinayət işinin materiallarında onun işin halları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, baxış protokolu, məhkəmə-kimyəvi və narkoloji ekspertizalarının rəyləri və digər sənədlərlə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 apellyasiya protestini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalıdır, barəsində yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı sübutlara əsasən hazırki apellyasiya baxışı zamanı kifayət qədər təsdiq olunur. Birinci instansiya məhkəməsi istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar bədənində ağrılar hiss etdiyi üçün o narkotik vasitələrdən istifadə edirmiş. 12.10.2020-ci il tarixə keçən gecə o yaşadığı Masazır qəsəbəsindən çıxıb taksi ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gedən zaman Lökbatan qəsəbəsində komendant saatı olduğu üçün postda polis əməklaşları saxlamışlar, taksi sürücüsünün icazəsi olduğu üçün ona bir söz deməmişlər, lakin onun icazəsi olmadığı üçün onu Qaradağ RPİ-in 10-cu PB-nə gətirmişlər. Polis bölməsində o özünü şübhəli aparırmış çox narahat imiş, çünki üzərində narkotik vasitə olmuşdur və o qorxurmuşdur ki, polis əməkdaşları taparlar və polis əməkdaşlarıda onun bu qorxusunu hiss edib onu xidməti otaqların birinə dəvət edib orada vəkil dəvət edib və videoçəkilişlə onun üzərində axtarış aparılmasına qərar vermişlər. Axtarış aparmazdan əvvəl polis əməkdaşları ondan üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş əşyaların olubolmamasını və əgər varsa könüllü təqdim etməyini təklif edilmişdir, o da görmüşdür ki, təqdim etməsə axtarıb tapacaqlar ona görə də könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən pul qabını çıxardıb və həmin pul qabının içərisində ona məxsus olan psixotrop maddə 10 tablet «Metadon-40», 1 ədəd selofan paketə qablaşdırılmış şüşə deyilən psixotrop vasitə metamfetamin, narkotik vasitəni istifadə etmək üçün şüşə lampanı çıxardıb masanın üstünə qoymuş və bildirmişdirki onlar ona məxsusdur. Qeyd edilən psixotrop vasitələri o Xocasən qəsəbəsində yaşayan Namil adlı şəxsdən telefon nömrəsi almış və həmin mobil nömrənin sahibi “Whatsap” vasitəsi ilə əlaqə saxlamış və həmin şəxs ona kart hesab nömrəsi göndərmişdir və o həmin hesab nömrəsinə pul ödəyib qəbzin fotoşəkilini ona göndərdikdən sonra o ona narkotik maddənin hansı əraziyə qoyulduğunu deyirmiş və o da gedib oradan götürürmüş. Həmin nömrənin sahibini o tanımırmış və heç bir vaxt görməmişdir. Sonuncu dəfə o həmin üsulla narkotik vasitələri almış və həmin vasitələri o 11.10.2020-ci il tarixdə saat 18 radələrində «20 Yanvar» metrosu yaxınlığında yerləşən notariat kontorunun yanında yerləşən uşaq baxçasının həyətində divarın küncündə olan setkanın altından götürmüşdür. Aldığı bu vasitələrə görə o ümumilikdə 125 manat pul ödəmişdir. O, heç kimə narkotik vasitə verməmiş və vermək də fikri olmamış, həmin narkotik vasitəni yalnız özü istifadə etmək üçün almışdır. İbtidai istintaq zamanı ifadəsində narkotik vasitənin satılmasıvə ya guya kiməsə hədiyyə verilməsi ilə bağlı qeyd edilən hallar tamamilə yalnışdır.Müstəniq ifadəni özü yazmış və o, sadəcə ifadəyə imza atmışdır.Savadsız olduğundan ifadəni oxuya bilməmişdir. Narkotik vasitənin iki ayrı bükümdə olmasının səbəbi onun həmin narkotik vasitəni bir neçə dəfə istifadə etmək niyyəti ilə bağlı olmuşdur.Çünki hər dəfə narkotik vasitə alanda çətinlikər çəkir. Ona görə də, özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bununla yanaşı özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bilir və törətdiyi əməlindən də peşmandır. Ona görə də, onu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1ci maddəsi ilə təqsirli bilib, ailə vəziyyətini nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o 3 ay olar ki, 10-cu PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edirmiş. 11.10.2020-ci il tarixdə o polis bölməsində əməliyyat qrupunda olmuşdur. 12.10.2020-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində xidmətdə olan polis əməkdaşları komendat saatının tələblərini pozan bir nəfər vətəndaşı polis bölməsinə gətirmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsinin xidməti otaqların birində həmin vətəndaşın barəsində təhqiqatçı tərəfindən tutma protokolu tərtib edilmiş və vəkilin iştirakı ilə onun üzərində axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən qara rəngli pul qabı aşkar edilmiş, həmin pul qabının içərisinə baxış zamanı 1 qutu 10 ədəd «Metadone-40» 2 ədəd selofan paketə bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış zamanı oradan spesifik iyə malik olan toz şəklində ağ rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdirki həmin maddə narkotik vasitə olan heroindir və o həmin vasitəni özü istifadə edir və heç kimə satmaq niyyəti olmamışdır.Lakin narkotik vasitənin haradan əldə etməsi barədə soruşulanda o bildirmişdir ki, internet vasitə pulu ödəyir və satıcının kimliyini bilmədən o hara qoyursa narkotik vasitəni də gedib oradan götürürmüş. Daha sonra bu barədə protokol tərtib edilmiş götürülmüş maddi subut zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Birinci instansiya məhkəmə iclasın şahid qismində dindirilmiş Şahid3 oxşar ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 12.10.2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 12.10.2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs komendant saatının tələblərini pozduğuna görə Qaradağ rayonu Lökbatan qəsəbəsində 3 saylı stasionar postda saxlanılmış və RPİ-in 10-cu PB-də gətirilərək üzərində axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən dəridən hazırlanmış pul qabı aşkar edilmiş və həmin pul qabının içərisindən narkotik vasitə olan 10 ədəd Metadon-40 həbi, iki ədəd bükümdə içərisində psixotrop maddə olan metamfetamin və içərisində metamfetamin izləri olan şüşə lampası aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 1 ədəd videodiskə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasında xidməti otaqda polis əməkdaşının üzərinizdə qanunla daşınması və saxlanması qadağan olunmuş əşyanın olub-olmaması sualına o cavab olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən dəridən hazırlanmış pul qabı masanın üzərinə qoyaraq həmin pul qabından içərisindən ədəd Metadon-40 həbi, içərisində metamfetamin izləri olan şüşə lampası və iki ədəd içərisində psixotrop maddə olan metamfetamini istifadə etmək üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12.10.2020-ci il tarixli, 6/2142 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan paketdəki, 1 ədəd sellofan bükülüdə şəffaf polietilen bükümdə təmiz çəkisi 0,512 qr və bir ədəd şəffaf poletilen torbacıqda təmiz çəkisi 0,438qr, ümumi təmiz çəkisi 0,950 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Zavod üsulu ilə qablaşdırılmış üzərində «Methadone 40» yazısı olan konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 10 ədəd həbdə təsir edici maddəsi metadonun ümumi miqdarı 0,4 qramdır (bir ədəd həbdə 0,04 qr metadon olmaqla).Bir ədəd şüşə lampasının içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Lakin metamfetamin iz şəklində olduğu üçün, onun çəkisinin müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16.11.2020-ci il tarixli, 3399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,950 qram psixotrop maddə metamfetamin və 10 ədəd «Metadon 40» həbləri maddi subut hesab edilmiş və məhkəmə fiziki-kimyəvi ekspertizası keçiriləndən sonra qalıq qalmış 0,850 qram psixotrop maddə metamfetamin və 9 ədəd «Metadon 40» həbləri və bir ədəd metamfetamin izləri olan şüşə lampası təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Qaradağ RPİ-in saxlancına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08.06.2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 13.11.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək cəzası 06 ilə endirilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satılması barədə nəinki sübut, ümumiyyətlə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə metadon həbləri və psixotrop maddə metafetaminin iki ayrı bükümlərdən ibarət olması isə təqsirkar tərəfindən həmin narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlanmasına dəlalət edə bilməz. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, ibtidai istintaq, birinci instansiya və hazırda apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən Azərbaycan Respubliksı CM-in 234.2-ci maddəsinə tövsif edilməsini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qavazov Bolqarıstana qarşı iş üzrə” 06.04.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Əsaslı şübhədən kənar” standartı adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərtə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının 9-cu bəndinə görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısının 13-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metadon şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0.02 qram müəyyən edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs saxladığı psixotrop maddə olan metafetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 6.3 dəfə, metadonun miqdarı isə şəxsi istehlak miqdarından təxminən 20 dəfə artıq olması, onların qablaşdırılması və növ müxtəlifliyi narkotik vasitələri satmaq niyyətində olmasına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi “narkotik vasitələri arada pulsuz hədiyyə kimi dost-tanışlarıma pay verirəm” ifadəsi birinci instansiya məhkəməsi tərəfindən lazımınca araşdırılmamış, ona hər hansı hüquqi qiymət verilməmiş, əksinə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsi şübhə altına alınmayaraq əsas kimi götürülmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə kollegiyası, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı dəlilləri ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamış, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsində göstərdiklərini sübut kimi qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir Məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18.03.2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq X4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1- ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs barəsində 12.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-in saxlanc yerinə təhvil verilmiş çəkisi 0.850 qram psixotrop maddə metamfetamin, 09 ədəd narkotik vasitə olan “metadon 40” həbləri və bir ədəd metamfetamin izləri olan şüşə lampası məhv edilməlidir. Məhkəmə kollegiyası CPM-in 197.1.4-cü maddəsinə görə, hesab edir ki, iş üzrə 114 ( yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353, 354, 356, 397.1, 397.2, 398.1.2, 399.1, 401-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Cəzasının əvvəli 12.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-in saxlanc yerinə təhvil verilmiş çəkisi 0.850 qram psixatrop maddə metamfetamin, 09 ədəd narkotik vasitə olan “metadon 40” həbləri və bir ədəd metamfetamin izləri olan şüşə lampası məhv edilsin. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar