Məhkəmə qərarları › İş №1(103)-670/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-670/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-670/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi3 Kamal oğlunun iştirakları ilə, 03 avqsut 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş,

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 141/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır.

3. Belə ki, o, 31 oktyabr 2023-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,066 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2023-cü il tarixdə saat 15:00-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-141/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə (Hakim: R.Daşdəmirov) əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2023-cü il tarixdən 02 noyabr 2023-cü il tarixədək 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilçəsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir.

5. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-141/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-141/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

13. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

14. Apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

15. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman isə müdafiə tərəfi təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olsa da, tutulduğu zaman üzərində narkotik vasitə olmamasını bildirmişdir.

16. Kollegiya bununla bağlı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir.

17. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı istintaq hərəkətlərinin aparılması haqqında protokolları, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

18. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

19. Təqsirləndirilən şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat mərhələlərində ittihamın mahiyyətinə uyğun ifadə verdiyi halda, apellyasiya instansiyası məhkəməsində üzərində narkotik vasitənin olmamasına dair fərqli ifadə verməsi iş materialları ilə öz təsdiqini tapmamaqla onun məsuliyyət həddinin yüngülləşdirilməsinə nail olmaq məqsədi daşıyır.

20. Kollegiya həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin həm üzərində narkotik vasitə olmamasına dair izahat verməsi, həm də məhkəmədən cəzasının yüngülləşdirilməsini xahiş etməsi ziddiyyətli olmaqla, onun məsuliyyət həddinin yüngülləşdirilməsinə nail olmaq məqsədi güdməsini bir daha təsdiq edir.

21. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.

22. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü elan olunmuş ittiham üzrə tam təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir.

23. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

24. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

25. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

27. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

28. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal qismində nəzərə alaraq cəza təyin etmişdir.

29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CMin 59.1.4, 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq cəza təyin etmə qaydalarına uyğun cəza təyin etmişdir.

30. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmışdır.

31. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğun olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

35. Kollegiya sadalanan hallara əsasən qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində sanksiya həddində daha yüngül cəza verilməsini xahiş etsə də, kollegiya təqsirləndirilən şəxsin əməlindən peşman olmasının da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmasını əsas götürərək hesab edir ki, ona daha aşağı həddə cəzanın verilməsi ədalətlilik prinsipinin tələblərinə uyğun deyildir.

36. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.

37. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(004)- 141/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.

39. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(004)-141/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar