Məhkəmə qərarları › İş №1(103)-697/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-697/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-697/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6, X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(004)- 95/2025 saylı hökmü ilə (sədrlik edən S.M.Quliyeva) 02 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 yanvar 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. İşin halları: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunmasına müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etməklə, silah qismində istifadə etdiyi bakal ilə zərərçəkmiş şəxsi vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində 19 iyun 2023-cü il tarixdə, saat 22:30 radələrində ünvan 2 ünvanında yerləşən “Kral” çay evinin ikinci mərtəbəsində oradakı şəxslərin gözü qarşısında öz şəxsiyyətini Zərərçəkmiş şəxs özünü üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan orada olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək masanın üzərindən götürdüyü silah qismində istifadə etdiyi şüşə materialdan olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən qəsdən vuraraq, sonuncuya ənsə nahiyyəsinin kəsilmiş yarası, sol çiyin və sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozlumasma səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(004)- 95/2025 saylı hökmünün dəyişdirilərək hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, əlilliyi, ailəli olması və himayəsində bir azyaşlı övladının olması nəzərə alınmaqla, azadlığının təmin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(004)-95/2025 saylı hökmünün dəyişdirilərək hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı2 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(004)-95/2025 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində, o cümlədən apellyasiya icraatındakı çıxışında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tam sübuta yetirilməsi qənaətinə gəlmiş və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Barəsində olan birinci instansiya məhkəməsinin hökmünü dəyişərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya icraatında qeyd etdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində Səma adlı 1 azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını və İİİ-ci qrup əlil olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(004)-95/2025 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesaba ödənilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar