Məhkəmə qərarları › İş №1(103)-698/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-698/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-698/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – X5 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Nizami rayonu, A.Mirzəyev küçəsi ev 65A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmünə əsasən (hakim X8) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyul 2020-ci il tarixdən hesablanmış və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən həmin şəxslə və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 4210 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2020 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 11,089 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daşımaqla gizlətmiş, cinayətkar plana uyğun olaraq “Rza” adlı şəxsin “watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda külli miqdarda 4210 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2020 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 11,089 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib psixotrop maddə metamfetaminin külli miqdarda 3,447 qram hissəsini 01 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla daşımış, narkotik vasitə heroinin təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram olmaqla külli miqdarda, ümumilikdə 3075 qram hissəsini 03 ədəd bükümdə və narkotik vasitə tiryəkin külli miqdarda 1010 qram hissəsini 01 ədəd bükümdə ayıraraq idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobilin baqajında saxlamaqla qanunsuz olaraq daşımış, narkotik vasitə heroinin təmiz çəkiləri 1015 qram və 120 qram olmaqla külli miqdarda, ümumilikdə 1135 qram hissəsini 02 ədəd bükümdə, narkotik vasitə tiryəkin külli miqdarda 1010 qram hissəsini 01 ədəd bükümdə və psixotrop maddə metamfetaminin külli miqdarda 7,642 qram hissəsini 01 ədəd bükümdə ayıraraq əvvəlcədən narkotik vasitələri və psixotrop maddələri saxlamaq məqsədi ilə kirayə götürdüyü ünvan 1 ünvanına daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 25 iyul 2020-ci il tarixdə həyata keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da ünvan 2 ünvanın qarşısında idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobildən düşərkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə 26 iyul 2020-ci il tarixdə saat 00:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd şəffaf sellefon bükümündə külli miqdarda 3,447 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobilə həmin tarixdə saat 00:45-dən etibarən keçirilən baxış zamanı yük yerindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd şəffaf sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram olmaqla külli miqdarda, ümumilikdə 3075 qram təmiz çəkidə narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 1010 qram təmiz çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq əvvəlcədən narkotik vasitələri və psixotrop maddələri saxlamaq məqsədi ilə kirayə götürdüyü ünvan 1 ünvanına həmin tarixdə saat 02:00-dan etibarən özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı qonaq otağındakı dolabın aşağı hissəsindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd şəffaf sellefon bükümdə ayrı-ayrılıqdaçəkiləri 1015 qram və 120 qram olmaqla külli miqdarda, ümumilikdə 1135 qram təmiz çəkidə narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 1010 qram təmiz çəkidə narkotik vasitə olan tiryək, 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 7,642 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, üzərlərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)- 404/2021 saylı hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil və ona ağır cəza təyin edilmişdir. Həmçinin, hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə ağır cəza təyin edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etdiyi bir sıra əməlləri səmimi etiraf etmişdir. Amma bununla yanaşı, o, səmimi şəkildə məhkəməyə bildirmişdir ki, qaçaqmalçılıq cinayətini törətməyib. Buna dair iş materiallarında da sübutlar yoxdur. Onun Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və va ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə narkotik vasitələrinin keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Təqsirləndirilən şəxsin bu cinayətdə hər hansı rolda iştirak etməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun qaçaqmalçılıq cinayətini törətmədiyini və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin hökmdən xaric edilməsini bildirərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin müvafiq maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə cəza təyin edilərkən cinayət işi üzrə bütün hallar kifayət qədər nəzərə alınmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamla ona qarşı irəli sürülmüş cinayət əməllərini təqsirli olaraq törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1. və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. İş materiallarında olan 26 iyul 2020-ci il tarixli Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə götürdüyü ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı dolabın içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli maddələri, 01 ədəd bükümdə qara rəngli maddəni, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddəni, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşığı təqdim etmişdir. Baxış zamanı 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq qablaşdırılaraq götürülmüşdür. Bir ədəd elektron tərəzidə və qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli 2828 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X6 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Belə ki, məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də, apellyasiya şikayətinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair dəlili əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəza təyin etmənin ümumi prinsiplərinə dair AR CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə ona törətmiş olduğu cinayət əməlinin maddəsinin sanksiyası daxilində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Bundan əlavə, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin hökmdən xaric edilməsi və məhkum edilmiş şəxsin həmin cinayəti törətməməsini qeyd etmişdir. Lakin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində aparılmış istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsin ona narkotik vasitələr göndərəcəyi, o isə həmin narkotik vasitələri Rza dediyi ünvana aparmaq və hər hansı şəxslərin gəlib həmin narkotik vasitələri götürməkləri barədə razılaşmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsi özünün etirafı ilə, həmçinin şahidlərin ifadələri, cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(101)-404/2021 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov Ramin Qaraqurbanlı Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar