Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-699/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X6, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 17, mənzil 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 02 mart 2021-ci il tarixli, 1(101)-771/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.S.Hüseynovun sədrliyi ilə, A.Ә.A.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) 02 mart 2021-ci il tarixli, 1(101)- 771/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilib cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2020-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən onun ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə maddi sübutlar və ekspertiza məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşımaqla saxlamış və qanunsuz olaraq satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 3,385 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,363 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 6 noyabr 2020-ci il tarixdə saat 18:00 radələrində əldə edərək özündə saxladığı narkotik vasitə heroinin 1 ədəd kağıza bükülmüş təmiz çəkisi 0,302 qram təşkil edən hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində tanışı Şahid4 qanunsuz olaraq 10 manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:50 radələrində Xəzər RPİ-nin NMB-nin və 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 yaxalandıqdan sonra üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,302 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs aldığını bildirdiyi məlumat əsasında 6 noyabr 2020-ci il tarixdə saat 22:10 radələrində Xəzər RPİ-nin NMB-nin və 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, A.İldırım küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞnə dəvət olunmuş və həmin gün saat 23:15 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ cibindən öz aralarında və Şahid4 üzərindən aşkar edilərək götürülmüş heroin kütləsi ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 16 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,255 qram, 0,062 qram, 0,048 qram, 0,048 qram, 0,061 qram, 0,068 qram, 0,042 qram, 0,042 qram, 0,043 qram, 0,052 qram, 0,068 qram, 0,062 qram, 0,050 qram, 0,051 qram, 0,070 qram və 0,061 qram olmaqla ümumi təmiz çəkisi 3,083 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kütlələri olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümdə öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkisi 0,363 qram ağ rəngli kristalşəkilli kütlələri olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə 02 mart 2021-ci il tarixli, 1(101)- 771/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə düzgün baxılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, 06.11.2020-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PB tərəfindən həbs olunmuşdur. Üzərində heç bir narkotik vasitə olmamışdır. X8 bu barədə bildirsə də, sonuncunun heç bir məhəl qoymamışdır. Polis şöbəsində ona təzyiq olunmuş, polis əməkdaşları Fikrət, Hikmət, Həsən, Dosməmməd onu döyərək narkotik vasitəni boynuna almağa məcbur etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənlə Hikmətin verdiyi ifadələr üst-üstə düşməsə də, heç bir görüntü olmasa da, iki məhkəmə baxışına özü və vəkili dinlənilmədən əsassız olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid4 çağırılıb dindirilməsini tələb etsə də, təmin edilməmişdir. Polis əməkdaşları ifadələrində biri evdə, digəri Almaz İldırım küçəsində tutduqlarını bildirmişlər. Polis əməkdaşları onu tutduqları yerdə görüntü tələb etdikdə, məhkəmədə təqdim edəcəklərini bildirmiş, lakin etməmişlər. Tutulduğu evdə adam olsa da, şahidlik etməyə məhkəməyə qoymamışlar. Apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilərək, həmin şikayətdə göstərilən əsaslarla birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilib, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısı X9 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 02 mart 2021-ci il tarixli, 1(101)-771/2021 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilərək ona bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini, həmçinin apellyasiya baxışı zamanı onun və müdafiəçisinin çıxışlarının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 6 noyabr 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı evə gəlib onu evdən döyərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu polis şöbəsinə gətirən polis əməkdaşları yenə də onu döyərək narkotik vasitə heroin və metamfetamini onun üzərinə qoymuşlar. O da qorxduğundan heroin və metamfetaminin ona məxsus olduğunu demişdir. Həmçinin ona demişlər ki, həmin narkotik vasitənin 1 bükümünü Elvin adlı şəxsə verdiyini bildirsin. O da polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Polis şöbəsində olarkən polis əməkdaşları hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirib ona bildirmişlər ki, əgər üzərində narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O da baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ cibindəki polis əməkdaşlarının əvvəlcədən ona verdikləri 16 büküm heroini və 2 büküm metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddələr heroin və metamfetamindir. Polis əməkdaşı üzərində şəxsi axtarış aprarmış, lakin təqdim etdiyi narkotik və psixotrop vasitələrdən başqa üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Göstərilən narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmçinin üzərindən 10 manat pul və ona məxsus mobil telefon da götürülmüşdür. Bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələrin qablaşdırıldığı zərfə o və digər iştirakçılar imza etmişlər. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Elvin adlı şəxs Xəzər rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə polis tərəfindən hazırda axtarışdadır. Həmin narkotik və psixotrop vasitələr ona məxsus olmamışdır. Baxış zamanı üzərindən aşkar olunmuş narkotik və psixotrop vasitələri polis əməkdaşları ona vermişlər. Polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, 6 noyabr 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Şahid4 narkotik vasitələrin qəbulu ilə məşğul olur. Bundan sonra Şahid4 ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Bundan sonra onlar Şahid4 narkotik vasitələrin qəbul ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid4 ifşa etmək məqsədi ilə 6 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə gedib orada müşahidələr aparmağa başlamışlar. Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində Şahid4 hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin NMBnin əməkdaşları olduqlarını bildirib onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şöbənin təhqiqatçısı Faiq Muradov tərəfindən Şahid4 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X2 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, sonra isə videoçəkiliş vasitəsi ilə Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid4 də əynindəki göy rəngli cins gödəkcəsinin sağ cibində olan 1 büküm narkotik vasitə heroinə bənzər kütləni onlara təqdim etmişdir. Şahid4 həmin maddənin narkotik vasitə olduğunu bildirərək onu bir neçə saat əvvəl Mərdəkan qəsəbəsində yaşayan “Zaur” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Bundan sonra o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Şüvəlan qəsəbəsinə getmişlər. 6 noyabr 2020-ci il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİnin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şöbənin təhqiqatçısı Faiq Muradov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X2 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülü olan narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd sellofan paketin içərisində 17 ədəd xırda bükümlərdə heroinə və metamfetaminə bənzər kütlələri onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrdən həm özü istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu bildirərək 6 noyabr 2020-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin 1 bükümünü Mərdəkan qəsəbəsində Elvin adlı şəxsə 10 manata satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 218-220). Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. 6 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsindən tanışı Zaur adlı şəxsdən 10 manat verərək narkotik vasitə heroin almış və həmin heroini cibinə qoyaraq üzərində saxlayıb gəzdirmişdir. Həmin gün saat 19:50 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində hərəkət edərkən ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin inzibati binasına getmişlər. Orada polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirərək bildirmişlər ki, əgər üzərində narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O da başa düşmüşdür ki, polislər üzərinə baxış keçirsələr narkotik vasitəni aşkar edəcəklər, ona görə də əynində olan göy rəngli cins gödəkcəsinin sağ cibində olan 1 büküm narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddənin narkotik vasitə olan heroin olduğunu və bir neçə saat əvvəl Mərdəkan qəsəbəsində Zaur adlı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmiş, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya olmadığını, polis əməkdaşı üzərində şəxsi axtarış apardığını, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa üzərindən qanunla qadağan olunmuş heç bir maddə və ya əşya aşkar edilmədiyini demişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərfi o və digər iştirakçılar imzalamışlar (cild 1, iş vərəqə 103-105). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 6 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 şəxsi axtarış zamanı əynindəki göy rəngli cins gödəkcəsinin sağ yan cibində olan siqaretin göy rəngli kağızına bükülmüş spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və həmin maddə təhqiqatçı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 27-28). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 6 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ cibində olan 1 büküm şəffaf sellofana bükülmüş spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə, şəffaf sellofan paketin içərisində 17 ədəd siqaretin ağ kağızına bükülmüş spesifik iyə malik narkotik maddə heroinə bənzər maddə və ağ rəngli kristal şəkilli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 62-63). İşdə olan 6 noyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş 14 noyabr 2020- ci il tarixli baxış protokolundan görünür ki, Şahid4, Xəzər RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Şahid4 hüquqlarını müdafiə edən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Xəzər RPİ-nin 1- ci PŞ-nin təhqiqatçısı Faiq Muradov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid4 əynindəki göy rəngli cins gödəkcəsinin sağ yan cibindən siqaretin göy rəngli kağızına bükülmüş 1 ədəd narkotik vasitəni təqdim edərək həmin maddənin narkotik maddə olduğunu və şəxsi istifadəsi üçün Mərdəkan qəsəbəsi ərazisində “Zaur” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Şahid4 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Faiq Muradov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 207). İşdə olan 6 noyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş 18 noyabr 2020- ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Faiq Muradov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 büküm şəffaf sellofana bükülmüş və şəffaf sellofan paketin içərisində 17 büküm siqaretin ağ rəngli kağızına bükülmüş narkotik vasitəni təqdim edərək həmin maddələrin heroin və metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələrdən həm özü istifadə etdiyini, həm də satdığını bildirərək Mərdəkan qəsəbəsi ərazisində Şahid4 1 büküm narkotik vasitə heroin satdığını dedi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Faiq Muradov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 208). İşdə olan 8 noyabr 2020-ci il və 20 yanvar 2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid4, Şahid2, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 94-95; 253-258). İşdə olan Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 noyabr 2020-ci il tarixli 6/2416 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin “zərflər üçün №157” möhür əksi...Şahid4..” və s. yazılar və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 0,302 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,252 qram, cild 33-34). İşdə olan Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 noyabr 2020-ci il tarixli 6/2415 saylı rəyi ilə müəyyən edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki (1 №-li zərf) 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,255 qram; 0,062 qram; 0,048 qram; 0,048 qram; 0,061 qram; 0,068 qram; 0,042 qram; 0,042 qram; 0,043 qram; 0,052 qram; 0,068 qram; 0,062 qram; 0,050 qram; 0,051 qram; 0,070 qram; 0,061 qram; ümumi təmiz çəkisi 3,083 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 16 bükümdəki heroin kütlələri öz aralarında və üzərində “...Şahid4..” və s. yazıları olan zərfdəki heroin kütləsi ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edir (maddə barədə 7.11.2020-ci il tarixli 6/2416 saylı ekspert rəyində məlumat verilmişdir). 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram; 0,023 qram, ümumi təmiz çəkisi 0,363 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 3,083 qram, tədqiqata sərf edildi 0,128 qram, qalıq 2,955 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,363 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,303 qram, cild 1, iş vərəqə 72-73). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X3 26 noyabr 2020-ci il tarixli 3321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Әrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 236-237). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10X3 26 noyabr 2020-ci il tarixli 3321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Әrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 236-237). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Әməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2 noyabr 2011-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür (cild 1, iş vərəqə 227, 266-273). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməli kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona mübahisələndirilən hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyi cəzasının yüngülləşdirilməsi üçün də əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almış, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, barəsində mübahisələndirilən hökmdə göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması düzgün nəzərə alınmaqla, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyası hüdudlarında, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 02 mart 2021-ci il tarixli, 1(101)-771/2021 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 02 mart 2021-ci il tarixli, 1(101)-771/2021 saylı hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-699/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver