Məhkəmə qərarları › İş №1(103)-706/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-706/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-706/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(101)-481/2024 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Eldar İsmayılovun sədrliyi ilə, hakimlər Cavid Hüseynov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 17 yanvar 2024-cü il tarixli, 1(101)-481/2024 saylı hökmü ilə xx xxxxxxxx 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-da yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 fevral 2023-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı “Fərşid” adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Fərşid” adlı şəxs və qeyrilərinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in l siyahısına daxil edilən külli miqdarda, yəni 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul və narkotik vasitə vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra 13 fevral 2023cü il tarixə keçən gecə Bakı-Salyan avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyinə getmiş, orada İran İslam Respublikası vətəndaşı “Fərşid” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda - 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroini bir ədəd selofan torbada satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2023-cü il tarixdə saat 04:30-da Bakı-Salyan avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 1726,6 qram, 1721,5 qram və 2566,9 qram olmaqla sağ əlində saxladığı ağ rəngli selofan torbadan üç ədəd bağlamada, külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroin qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda apellyasiya şikayətləri verib təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işində olan faktiki halları tam araşdırmadan qərar qəbul edərək ona ağır cəza təyin etmişdir. O, heç vaxt narkotik istifadəçisi, əldə edəni və satışı ilə məşğul olmamışdır. Məhkəmə onun şəxsiyyətini, ictimai mövqeyini, vətənpərvərliyini, eynilə hərbi fəaliyyətini, müharibəsi iştirakçısı olmasını, aldığı xəsarətləri nəzərə almamışdır. Ailəlidir, himayəsində 3 övladı var və onlardan 2-i azyaşlıdır. Ondan başqa qardaşı da müharibə əlilidir, sağlamlığında ciddi problemlər var, bu səbəbdən də atası və anasının himayəsində özü və üç uşaqlı ailəsi var. Qeyd olunanların nəzərə alınaraq əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə verilən ittiham üzrə həmin cinayətlərin subyektiv cəhətinin əlaməti olan təqsir satma hissəsində sübuta yetirilməmişdir. Narkotik vasitənin alıcıları və s. sübutlar olmadığı halda göstərilən maddə ilə ittiham elan edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin narkotik vasitə satışı ilə məşğul olması, əlaqələrinin müəyyən edilməsi barəsindəki istintaqın, müstəntiqin xüsusi tapşırığına, təqsirləndirilən şəxsin ətrafında aparılmış əməliyyat axtarış tədbirləri ilə onun narkotik vasitə satışında iştirakı sübut edilməmişdir. Fakitiki olaraq CM-in 234.4.1 və 234.4.3 maddələrində göstərilən əməllər təqsirləndirilən şəxsin əməlində olmamışdır. Narkotik vasitə alan şəxsləri müəyyən etdikdən, yaxaladıqdan sonra narkotik vasitə satan şəxsi yaxalamalı olduqları halda, birbaşa şübhəli şəxs qismində yaxalamaqla, nəticədə ittiham edilən maddələrdə göstərilən əməllər hazırda məhkum olan şəxsin əməlində sübut edilmədən tədbir keçirilmiş, səthi sənədləşmə aparılmışdır ki, bu da onun törətmədiyi ağır cinayət əməllərinə görə ittiham edilməsinə və məhkəməyə verilməsinə, məhkum olunmasına əsas olmuşdur. İttiham mülahizələrə yox, konkret faktlara əsaslanmalıdır. Təqsirləndirilən şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitə alverçisi olmasını təstiq edən telefon danışıqları, satışı təstiq edən danışıqlar, şahidlər, narkotik vasitə alıcıları və ya şərti alıcı, nömrələnmiş pullar və s. bu kimi mötəbər sübutların olmaması şəxsin narkotik istifadəçisi olmasından başqa ona verilən ittihamı sübut etmir. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, o şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Kostitusiyaya və cinayət-prosessual qanunvericiliyə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə ləğv edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə özünün etdiyi əməllərini xronologiya ilə tam etiraf etmiş, istintaqla da əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqda özü tərəfindən göstərilənlər ifadəsində dəqiqliklə göstərilən şəkildə qeyd edilməmiş, beləliklə də hökmdə də onun ifadələri nisbətən təhrif olunmaqla ittihamyönümlü və zərərinə qeyd edilmişdir. Hadisə barədə özünün ifadələri az da olsa təhrif olunaraq, həm də narkotik vasitələrin özü satmadığı və cinayətdə iştirakının, ağrılarını sakitləşdirmək məqsədilə özü üçün narkotik əldə etməsini, heç vaxt narkotik vasitə satmadığını, bu barəsində dedikləri isə hökmdə qeyd edilməmişdir. Tutularkən təzyiqə məruz qaldığını, əynindəki şalvarın cırıldığını, ona psixoloyi təzyiq edildiyini, ailəsini polisə gətirməklə hədələndiyini desə də, bunlar nəzərə alınmamışdır. Hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ağırdır, onun cəzası, əməli tövsif edilməklə cəzası da yüngülləşdirilməlidir. Hesab edir ki, ittiham qanunsuz və əsassız olmaqla yanaşı, həm cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna ziddir. CM-in 58.3-ci maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi onun ailəsinin dolanışığını da həddindən artıq pis vəziyyətə salmış olur. Cəza təyin edilərkən CM-in 62-ci maddəsinin tədbiq edilməsinin mümkünlüyü yoxlanılmamışdır. Yaşayış yerində müsbət xarakterizə edilməsi, ilk dəfə cinayət törətməsi və s. kifayət qədər nəzərə alınmayaraq belə ağır cəza təyin edilmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndiriln şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə müvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X5 apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(101)-481/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1ci maddəsinə tövsif edilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibət bildirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrə də əsaslanmışdır. Müdafiə tərəfi apellyasiya şikayətinin dəlili qismində ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini bildirsə də, bu əsaslı görünməmişdir. Çünki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadələrində belə ona qarşı hər hansı zor tətbiq edilmədiyini, onunla mədəni danışdıqlarını demişdir. O, ibtidai istintaq zamanı etirafedici ifadələr verməsini ifadələrini oxumadan imza etməsi ilə əlaqələndirmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçasına baxış keçirilmiş, o, həbs zamanı xəsarət almadığını bildirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışlar. Təqsirləndirilən şəxs istintaq zamanı izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişdir. Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ilkin ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından birinci instansiya məhkəməsi həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bundan əlavə, o, narkotik vasitəni polis əməkdaşlarının təklifi ilə başqa yerə qoymalı olduğunu göstərmişdir. Əvvala, bu hal, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri uzlaşmır. Çünki, o, həmin ifadələrində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməməsi dəlilləri də iş materialları ilə təkzib edilir. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması CM-in 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959 №-li Qanunun 1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitələri İran vətəndaşı olan “Fərşid”in göstərişi ilə deyəcəyi ünvana çatdırmalı olduğunu, bunun müqabilində 200 manat pul və heroin verəcəyini göstərmişdir. Mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung" markalı mobil telefona baxış keçirilən zaman telefonun “Qalereya” bölməsində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş fotogörüntülərin içərisində 4 ədəd fotogörüntüdə çeşidi və növü məlum olmayan, lakin zahiri görünüşünə və müvafiq bükümlərdə qablaşdırılması üsuluna görə narkotik vasitəyə oxşar kütlələrin kiçik ölçülü elektron tərəzilərin üzərinə qoyulmaqla müvafiq qaydada çəkilərinin müəyyən edilməsi aşkar edilmişdir. Daxil olmuş əməliyyat məlumatı da, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixatrop maddələri satış məqəsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Bundan əlavə, onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdar təşkil etməklə bükümlərdə olmuş, istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Bunlardan əlavə, təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan ona məxsus mobil nömrəyə daxil olan və çıxan sms yazışmalarından onun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitəyə sahiblik etməsinin, digərilərinə verməsinin müəyyən edilməsi ilə təkzib olunur. Ona yazılmış və onun yazdığl sms-lərdə - “Mənim əlimdə 45 m pul var, 1 q lazımdır, var hə ya yox”. “Vacib işim var, Azər tema dəyişməy lazımdı, cavab ver”, «Salam, m40 var mende, bater elemey olar kolaynan?» və s məzmunda sms-lər vardır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs ittihamının verilməsi ilə də razılaşır. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə birbirini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən aldığını göstərmişdir. O, məhkəmə istintaqı zamanı da Fərşid adlı şəxslə əlaqəsinin olduğunu, ondan narkotik vasitə aldığını, onda Fərşidin üç nömrəsinin olduğunu göstərmişdir. Mobil telefonun “Kontaktlar” bölməsinə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus olan adı “Akbep. Əkbər” qeyd edilmiş +98 911 829 1968, “Mılad Qardaşoğlu. Milad” adı ilə qeyd edilmiş +98 902 986 0519, “Meysəm” adı ilə qeyd edilmiş +98 *** *** ** **, “Xudayarın bacısı oğlu” adı ilə qeyd edilmiş +98 937 *** **** mobil nömrələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ifadələri, ona məxsus mobil nömrəyə daxil olan və çıxan sms-lərin tədqiqi həm də ona da əsas verir ki, Təqsirləndirilən şəxs digər şəxslə əlbir olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Təqsirləndirilən şəxs digər şəxs arasında qabaqcadan əlbirlik olmasını, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsini müəyyən edir və qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsində hər hansı pozuntu müyyən etmir. Odur ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sonuncuya cəza təyin edərkən onun himayəsində iki övladının olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Apellyasiya şikayətində sadalanan və məhkəmə tərəfindən nəzərə alınmadığı iddia edilən hallar CM-nin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalı olan hallarda göstərilməməklə nəzərə alınması imperativ olmamışdır. Təqsirləndirilən şəxs müharibəsi iştirakçısı olmasını iddia etsə də, bu barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmin hallar CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən başqa hallar qismində nəzərə alına bilərdi ki, nəzərə alınsa belə qeyd edildiyi kimi ona daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı onun törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. Bundan əlavə, müdafiə tərəfinin apellyasiya şikayətinin digər dəlili isə təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən CM-in 62-ci maddəsinin tətbiqi üçün əsasların araşdırılmaması ilə bağlı olmuşdur. CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə görə istənilən kateqoriya cinayətə görə şəxs barəsində müstəsna hallar müəyyən edildiyi halda CM-nin 62-ci maddəsinin tətbiqi istisna edilmir. CM-nin 62.1-ci maddəsinin məzmunundan belə aydın olur ki, konkret olaraq törədilmiş cinayətlə bağlı təqsirləndirilən şəxs barəsində müstəsna hallar müəyyən edilərkən cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirkarın davranışı, habelə törədilmiş cinayətin üstünün açılmasına fəal kömək etməklə əlaqədar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğu, iştirkçılıqla törədilmiş cinayətlərin açılmasında təqsirləndirilən şəxsin rolu nəzərə alınmalıdır. Məhkəmə iş üzrə müstəsna halları müəyyən edərkən həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. CM-nin 62.1-ci maddəsinin məzmununda qeyd edilmiş “habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar” dedikdə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi və s. başa düşülməlidir. Cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, digər iştirakçıların ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə və s. kimi hərəkətlər də nəzərə alına bilər. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, fərdiləşdirilməli və müstəsna hal kimi nəzərə alınıb qiymətləndirilməsinin səbəbləri hökmdə mütləq əsaslandırılmalıdır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün də əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3, 65.2-ci maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 17 yanvar 2024-cü il tarixli, 1(101)-481/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 17 yanvar 2024-cü il tarixli, 1(101)-481/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar