Məhkəmə qərarları › İş №1(103)-718/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-718/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-718/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi– Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/11, mənzil 30-da qeydiyyatdaö olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, 5 saylı yataqxanada yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il sınaq müddəti ləğv edilməsi və ona həmin hökmlə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirməklə qəti olaraq ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 06 iyun 2021-ci il tarixdə saat 18:05-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2740 saylı avtodəstə küçəsində Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət edilmiş və PB-də onun üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan yaşıl rəngli jiletin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmünü ləğv edərək, barəsində yüngülləşdirici əsaslarla yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsiz çıxarılmışdır. Belə ki, ona cəza təyin edilərkən məhkəmə ədalət və humanizm prinsipini nəzərə almamışdır. Ailəsinin tək gəlir gətirəni olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını qeyd etsə də, uşaqlarına görə ona məhkəmədə daha az cəza təyin edilə bilərdi. Amma məhkəmə bunu da diqqətdən kənarda saxlamışdır. Ona verilən cəzanın övladlarının həyat şəraitinə təsirinin olmasını, ən əsası Azərbaycan Respublikasının Prezidentinin ədalət və humanizm prinsipini nəzərə almaqla ona təyin edillən cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, yüngülləşdirici halların nəzərə alınaraq ona həmin maddənin sanksiyası daxilində daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPMnin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun, tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması qənaətinə gəlmiş və məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun tutulmasında iştirak etmiş Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı Şahid1, Şahid2 və digərlərinin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi sonuncunun istinad etdiyi dəlillər elə birinci instansiya məhkəməsində onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, 0,02 qram metadon şəxsi istehlak miqdarından artıq, qeyd olunan qanuna əlavə edilmiş İİ siyahının 67ci bəndinə əsasən isə 2 qramdan artıq metafetamin külli miqdar hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Eyni zamanda iş materillarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 32.5, 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti hesab olunmuş, lakin hazırkı iş üzrə törətdiyi cinayəti sınaq müddətində törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi yaranır. Məhkuma təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzan təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran hal kimi isə cinayətlərin təhlükəli residivi olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə gənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 07 yanvar 2022-ci il tarixli, 1(101)-434/2022 saylı hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar