Məhkəmə qərarları › İş №1(103)-731/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-731/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-731/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X10, məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olmaqla Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair 04 mart 2021-ci il tarixli, 1(011)-40/2021 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və həmin apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə (hakim F.M.Yaqubov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 noyabr 2020-ci il tarixdən hesablanmış barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 26 iyul 2020-ci il tarixdə, saat 08 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Renault Megane» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətindən “Həzi Aslanov” metrostansiyası istiqamətində saatda 40-50 km sürətlə hərəkət edərkən, Məhəmməd Hadi küçəsi 70 saylı ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və yolu keçən piyada X2 avtomobilin qabaq sol hissəsi ilə vuraraq, ehtiyyatsızdıqdan Səyyarə İsmayılovaya baş-beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, başın təpə nahiyəsinin hematoması və sıyrıqları, sağ qaşqövsü nahiyəsinin əzilmiş yarası, sol budun iç kondilusunun yerdəyişən qapalı sınığı, sağ budun yumşaq toxumasının hematoması və sol budun, sol baldırın qançırları ilə nəticələnən və ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmaqla, 26 iyul 2020-ci ildə, saat 10 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı şəhər Kliniki Xəstəxanasında ölməsinə səbəb olan xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın minimum həddində cəza təyin edilməsi və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan görünür ki, o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq edib, yolu keçən piyadanı vurmuşdur. Lakin hadisənin videogörüntülərinə nəzər saldıqda açıq-aydın görünür ki, mərhum X1 əynində xidmət sahəsinə aid paltar olmuş və o, əlində süpürgə olmaqla həmin küçənin süpürülməsi ilə məşğul olmuşdur. İstintaq orqanı iş üçün vacib əhəmiyyət kəsb edən bu xüsusata müvafiq hüquqi qiymət verməmiş, məhkəmə istintaqı zamanı birinci instansiya da həmin xüsusatla bağlı heç bir araşdırma aparmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə Bakı İstintaq Təcridxanasında görüşdüyü vaxt bildirmişdir ki, o, yolda işləyən qadının sağdan sola doğru getdiyini müşahidə etsə də, geri qayıtdığını vaxtında görməmişdir. Bununla belə hadisədən dərhal sonra həmin qadını xəstəxanaya aparmış, qadın yolda və xəstəxanada onunla danışmışdır. Bu şəxsdən adını soruşduqda tanımadığı qadın adının Xuraman, soyadının Salahova, ata adının isə səhv etmirsə, Saleh olduğunu demişdir. Lakin qadın saat 10 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında öldükdən sonra onun 1948-ci il təvəllüdlü X4 olduğunu bilmişdir. Bildiyinə görə mərhum Səyyarə İsmayılovanın yaşı 72 olduğu üçün o, tanımadığı Xuraman Salahovanın adına işləmişdir. Məhkəmə istintaqı zamanı mərhum Səyyarə İsmayılovanın xidmət sahəsində rəsmi olaraq işləyib- işləmədiyi, işləmirsə, konkret olaraq kimin əvəzində və hansı əsaslarla işlədiyi müəyyən edilməmişdir. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni onun ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini etiraf etdiyini, əməlindən peşimançılıq çəkməsini, cinayətin törədilməsindən biləvasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini və himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını göstərsə də, onu 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs hansı səbəbdən 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməsini əsaslandıra bilməmiş, yalnız bununla izah etmişdir ki, «törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin edərkən həmin maddəyə istinad etməmiş, CMnin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək cəza nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış, Təqsirləndirilən şəxs göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin etməsini əsaslandırmamışdır. Halbuki, bunu CM-nin 58-ci maddəsi məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl hər hansı cinayət əməli törətməmiş və məhkum olunmamışdır. O, cinayəti ehtiyatsızlıqdan törətmiş və törətdiyi əməli ibtidai istintaq və məhkəmə dövründə səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərər çəkmiş şəxsə ilk tibbi yardım göstərmiş, hadisə yerindən qaçmamış, hadisəni törədərkən sərxoş halda olmamış, mərhum X2 idarə etdiyi avtomobillə əvvəlcə tibb məntəqəsinə, sonra isə 3 saylı Şəhər Kliniki xəstəxanaya çatdırmışdır. Təqsirləndirilən şəxs danışdıqlarına görə xəstəxanada təxminən 3 saat ərzində zərər çəkmiş şəxsin bütün müayinə və müalicə xərclərini tam halda ödəmiş, həkimlərinə bütün səylərinə baxmayaraq S.İsmayılova hadisə vaxtı aldığı ağır xəsarətlər nəticəsində vəfat etmişdir. Bundan başqa hadisədən sonra o, mərhumun dəfn olunması üçün qəbirstanlıqda 900 manata torpaq sahəsi almış, yas məclisi üçün mərhumun ailə üzvlərinə maddi imkanı çatdığı qədər pul təklif etsə də, onlar bundan qəti şəkildə imtina etmişlər. Həmçinin rəsmi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs rəsmi evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. X5 və X11 ağır xəstə olmaqla onunla birlikdə yaşayırlar və heç biri, eləcə də həyat yoldaşı X7 heç yerdə işləmirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmış, ailədə tək qazanc gətirən şəxs olmuşdur. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında göstərilmiş cəzanın yuxarı həddində cəza təyin etmiş, bu cəzanın onun ailəsinin həyat şəraitinə ciddi şəkildə pis təsir edəcəyini nəzərə almamış, nəticədə CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normasını düzgün tətbiq etməyib, bu hüquq normasını kobud surətdə pozmuşdur. Lakin məhkəmə X8 yuxarı həddə cəza təyin etməklə cinayət qanunvericiliyinin humanizim prinsipini, beləlikdə CM-nin 4-cü maddəsində qeyd olunmuş maddi hüquq normasını pozmuşdur. Məhkəmə göstərilən maddi hüquq normasını da kobud surətdə pozaraq Təqsirləndirilən şəxs barəsində ədalətli cəza, eləcə də ədalətli cəzaçəkmə rejimi təyin etməmiş, bu zaman onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları və şəxsiyyəti nəzərə alınmamışdır. İşin apellyasiya baxışı zamanı Müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək hökmün dəyişdirilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın minimum həddində cəza təyin edilməsi və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir ki, istintaq materiallarından və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinə dair DVD diskindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisəni törətdikdən dərhal sonra avtomobili saxlayaraq yerə düşüb, zərər çəkmiş şəxs X3 yardım göstərməklə onu əvvəlcə təcili tibbi yardım stansiyasına, sonra isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, özünün də deməsinə görə şəxsi vəsaiti hesabına ilkin tibbi yardım xərclərini təxminən 300 (üç yüz) manat olmaqla ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X4 xəstəxanada vəfat etdikdən sonra könüllü olaraq Xətai RPİ-nə gedib, təqsirini boynuna almış, həmin tarixdə də ifadəsi hadisə yerində yoxlanılarkən ehtiyatsızlıqdan törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Bu, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair müstəntiq tərəfindən tərtib olunmuş 26 iyul 2020-ci il tarixli protokolla da təsdiq olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsindən bilavasitə sonrakı hərəkətləri Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.11-ci maddələrini əhatə edir. Həmçinin istintaq orqanı, o cümlədən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olduğunu müəyyən etməmişdir. Belə olduğu halda ona cəza təyin edilərkən həmin Məcəllənin 60.1-ci maddəsində göstərilən maddi hüquq norması tətbiq olunmalı idi. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə cəza təyin edərkən bu Məcəllənin 60.1ci maddəsində göstərilən imperativ hüquq normasını əsassız olaraq tətbiq etməmiş, bununla da həmin maddədə qeyd edilmiş maddi hüquq normasını kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin etmişdir. Lakin CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 4 il 6 aydan artıq müddətə cəza təyin edə bilməzdi. Verilmiş apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsi mübahisələndirilmir. Hökmdən məhkum özü, zərəçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apelyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, apellyasiya şikayətinin həmin şikayətdə və əlavədə göstərilən əsaslarla təmin edilərək, hökmün dəyişdirilib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.10, 59.5.11 və 60-cı maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın minimum həddində cəza təyin edilməsi və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Dövlət ittihamçısı X13 verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair 04 mart 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd olunan həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu hal verilmiş apellyasiya şikayətində və hazırda işin apellyasiya baxışı zamanı da mübahisələndirilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək aşağıdakılara əsasən ona mübahisələndirilən hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmlər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BӘSİİ-dən verilmiş 11 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2014-cü il təvəllüdlü iki uşağı vardır. Apelyasiya baxışı zamanı verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparmaqla ona tibbi yardım göstərilməsinə nail olmuşdur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilk dərəcəsini, onun şəxsiyyətini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmiş və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərilənlər, yəni ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməlini etiraf edərək səmimi peşiman olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsi və himayəsində azyaşlı uşaqların olması mübahisələndirilən hökmlə ona cəza təyin edilərkən kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmayıb ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, həmin hal apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilib məhkumun cəzasının yüngülləşdirilməsinə mane olur. Başqa sözlə, bu halda cəzanın yüngülləşdirilməsi ədalət prinsipinin pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün tövsif olunmaqla, ona təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.1, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olması düzgün nəzərə alınmaqla, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir, cəzasının yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə məhkum olunmasına dair 04 mart 2021-ci il tarixli, 1(011)-40/2021 saylı hökmü qanuni və əsaslı olduğundan məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair 04 mart 2021-ci il tarixli, 1(011)-40/2021 nömrəli hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar