Məhkəmə qərarları › İş №1(103)-737/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-737/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-737/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri, “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmələrinə dair Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 1(005)-61/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim X4) 24 yanvar 2025-ci il tarixli, 1(005)-61/2025 nömrəli hökmü ilə xx xxxxxxxx 1950-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkumluğu olan, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı” X2, ev 7, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək tutulduğu cəmi 02 gün müddətin təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 07 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Ceyhun Ağayevi Azərbaycan Respublikası FHN-nə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 26 may 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “Xal-Xal” restoranında 15000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Emin Həsənovu Azərbaycan Respublikası Prezident Administrasiyasında işə qəbul etdirilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, ünvan 3 ünvanda yerləşən “Xal-Xal” restoranında 20 avqust 2023-cü il tarixdə saat 09 radələrində 15000 manat və 10 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində 1500 manat olmaqla, cəmi 16500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 16500 (on altı min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 1(005)-61/2025 nömrəli hökmünün cəza hissəsində dəyişdirilməklə, Təqsirləndirilən şəxs2 qanunvericilikdə nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif etməsi düzgün olsa da, sonuncu barəsində onun zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi, digər zərərçəkmiş şəxsə vurduğu maddi zərərin bir hissəsini ödəməyə cəhd etməsi, 75 yaşlı, yəni ahıl yaşında olması və bəzi xəstəliklərdən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların mövcud olduğu halda, cəzasını yüngülləşdirən halın müəyyən edilmədiyini əsassız olaraq göstərib, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsi humanizm prinsipini pozmaqla ədalətsiz olmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya məhkəmə iclasında Müdafiəçi3 iş üzrə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurduğu maddi zərərin 1000 manat hissəsini hazırda ödəyə biləcəyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini, bununla bağlı dəqiqləşmə edərək, Təqsirləndirilən şəxs2 barəsində əməlində cinayətlərin residivinin olmasına görə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 178.2ci maddəsinin sanksiyasında nəzərdə tutulumuş azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddə təyin edilməsini xahiş etmiş, sonuncu da müdafiəçisinin bildirdikləri ilə tam razı olduğunu qeyd edib, apellyasiya şikayətinin müdafiəçisinin apellyasiya məhkəmə iclasında göstərdiyi məzmunda təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ilə barışmadığını, sonuncunun iş üzrə ona vurulmuş maddi zərəri ödəmədiyini, hazırki məhkəmə iclasında müdafiə tərəfinin ona həmin zərərin 1000 manat hissəsini ödəmək istədikləri barədə etdiyi təklifi həmin məbləğin az olmasına görə qəbul etmədiyini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini yalnız Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanın ədalətsiz olması və humanizm prinsipinə zidd olması təşkil edir, apellyasiya şikayətində sübutların tam, hərtərəfli araşdırılması və düzgün qiymətləndirilməsi, sonuncunun təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməllərin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin hüdudlarına uyğun olaraq, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 aid olan hissədə müəyyən edilmiş faktiki hallarla bağlı birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, ibtidai istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdıqdan sonra qəbul etdiyi hökmdə istinad etdiyi sübutların məcmusunu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, sonuncunun Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini qeyd etməklə kifayətlənir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işi materialları əsasında Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması müəyyən edildiyinə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz” nəzərdə tutulduğuna və sonuncuya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas olmadığına görə onun barəsində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş 5 ilin yarısını təşkil edən 2 il 6 aydan az müddətə təyin edilə bilməzdi. Bu hüquqi mövqe ilə apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 qanunvericilikdə nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsinin mümkün olması ilə bağlı dəlili təkzib edilir. Azərbaycan Respublikası CM-in 64.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Apellyasiya şikayətinin iş üzrə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməyə nail olması barədə dəlili isə cinayət işi materialları əsasında sonuncuya vurulmuş maddi zərərin birinci instansiya məhkəməsindəki icraat zamanı Təqsirləndirilən şəxs2 deyil, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən tam həcmdə ödənilməsinə görə Zərərçəkmiş şəxs2 yalnız Təqsirləndirilən şəxs1la barışmasının, Təqsirləndirilən şəxs2la barışmamasının müəyyən edilməsi və birinci instansiya məhkəməsinin göstərilən halları Azərbaycan Respublikası CM-in 64.2-ci maddəsinin tələbinə uyğun şəkildə Təqsirləndirilən şəxs2 deyil, yalnız digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 münasibətdə nəzərə alması ilə təkzib edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının həddini təyin edərkən törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, əməlində cinayətlərin residivinin olmasından ibarət cəzanı ağırlaşdıran halı, zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəməməsi, təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, cəzasını yüngülləşdirən halın müəyyən edilməməsinə də əsaslanmışdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan, müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası göstərilən hüquqi mövqeyə əsaslanaraq, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1950-ci il təvəllüdlü olmaqla 74 yaşında, yəni ahıl yaşlı olmasını, "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli arayışa əsasən “ÜİX, stabil gərginlik stenokardiyası, FS-2. Ürəyin ritm pozuntusu - tez-tez yükdən sonra politop mədəcik ekstrasistoliyası. Arterial hipertenziya İİ dərəcə, risk 4 (çox yüksək). Aortanın nəzərə çarpan aterosklerozu” xəstəliyindən əziyyət çəkməsini, apellyasiya məhkəməsi iclasında iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin 1000 manat hissəsini ödəmək istədiyini şəxsən və müdafiəçisi vasitəsilə bildirməklə həmin zərəri qismən ödəməyə cəhd etməsini (apellyasiya məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin həmin məbləği Zərərçəkmiş şəxs1 verməsinin sonuncunun az olmasına görə qəbul etməməsi səbəbindən mümkün olmamasına baxmayaraq) şəxsiyyətinə aid olan, özünün və törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan hallar olduğuna və birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmadığına görə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hallar nəzərə alınmadan təyin olunmuş cəza ədalət və humanizm prinsiplərinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq hesab edir ki, yuxarıda Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirildiyi göstərilənlər ona cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığına görə hazırda həm cəzasını yüngülləşdirən, həm də islah olunması və ailəsinin həyat şəraitinə təsir edən əsaslar qismində nəzərə alınmalıdır. Həmin halların iş üzrə yuxarıda birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyini zamanı nəzərə alındığı göstərilmiş digər hallarla birlikdə tətbiq edilməsi Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi məqsədilə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 3 ilədək azaldılması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası CPM-in: - 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. - 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddi öz sərtliyinə görə ədalətsiz olması səbəbindən sonuncunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 1(005)-61/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə dəyişdirilməli və həmin cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 397-399, 404, 405.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 1(005)- 61/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il müddətə endirilməklə azaldılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin məhkəmə hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar