Məhkəmə qərarları › İş №1(103)-741/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-741/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-741/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(101)-517/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X10 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 27 yanvar 2025-ci il tarixli, 1(101)-517/2025 nömrəli hökmü ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamdan həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə bağlı bənd xaric edilmiş, o, həmin Məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəli iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, 22 aprel 2024-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5524,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra 5500 qram hissəsini yaşadığı ünvan 3 ünvanında, 24,24 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 01:20-də ünvan 4 ünvanının qarşısında piyada hərəkət edərkən saxlanılaraq həmin İdarənin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçiriləndə əynində olmuş şalvarın cibindən satış məqsədilə əldə edib saxladığı 24,24 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq, həmin gün saat 04:50-də yaşadığı ünvan 5 ünvanında keçirilmiş baxış zamanı evin həyətindəki zirzəmidən 06 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1020 qram, 995 qram, 1020 qram, 1100 qram və 330 qram olmaqla, ümumi təmiz çəkisi 5500 qram təşkil edən, tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(101)-517/2025 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində həmin hökmlə təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübut edilməməsinə görə bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı hesab etməmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, iş materiallarında müvafiq sübutlar olmadığı halda, təqsirləndirilən şəxsi ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanında yerləşən, təqsirləndirilən şəxsin yaşadığı evin fotoşəkilləri, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və X4 verdikləri ifadələri əsasında evin zirzəmisinin olmaması müəyyən edildiyi halda, iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və məhkəmə hökmündə ümumi təmiz çəkisi 5500 qram olmuş qurudulmuş marixuananın həmin evin zirzəmisindən aşkar edildiyi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X3 ifadəsində 22 aprel 2024-cü il tarixdə gecə saatlarında ikinci dəfə evə gəlmiş polis əməkdaşlarının özləri ilə gətirdikləri bir ədəd selofan torbanı onların qonşuluğunda yerləşən evə aid olan yerə qoyub, videoçəkiliş zamanı oradan götürdüklərini göstərsə də, məhkəmə həmin ifadəni əsassız olaraq sübut növü kimi qəbul etməmişdir. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi iş materialları ilə sübut edilsəydi belə, məhkəmə təqsirləndirilən şəxsi külli miqdarda narkotik vasitəni polis əməkdaşlarına könüllü şəkildə təhvil verməsini nəzərə alaraq, cinayət məsuliyyətindən azad etməli idi. Apellyasiya məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Apellyasiya məhkəmə iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMin 394.1.2 və 394.3.2-ci maddələrinə uyğun olaraq verdiyi izahatında iş üzrə üzərindən aşkar edilmiş, təmiz çəkisi 24,24 qram təşkil edən qurudulmuş marixuananın ona məxsus olduğunu, ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş, ümumi təmiz çəkisi 5500 qram təşkil edən qurudulmuş marixuananın ona məxsus olmadığını, həmin kütlənin aşkar edildiyi yerə polis əməkdaşları tərəfindən qabaqcadan qoyulduğunu, polis əməkdaşlarının həmin kütləni aşkar etdikləri yerin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanındakı, onun kirayədə yaşadığı evin həyətində yerləşsə də, onun yaşadığı evə deyil, həmin evlə üzbəüz yerləşən evə aid olduğunu, buna görə də o və ailə üzvləri tərəfindən deyil, qonşusu tərəfindən anbar məqsədilə istifadə etdiyini göstərmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil etdiyinə görə məhkəmə kollegiyası həmin dəlillərə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşıma beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, onun külli miqdarının (qramla) aşağı həddi 500,0 qramdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsindəki icraat dövrlərində verdiyi ifadələrində, eləcə də, apellyasiya məhkəmə iclasında verdiyi izahatında üzərindən aşkar edilmiş, təmiz çəkisi 24,24 qram təşkil edən qurudulmuş marixuananın ona məxsus olmasını etiraf etdiyi, beləliklə də, faktiki olaraq özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyi halda, apellyasiya şikayətində təqsirləndirilən şəxsə tam olaraq bəraət verilməsinin xahiş edilməsi, həmçinin apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində yaşadığı evin həyətindən aşkar edilmiş, ümumi təmiz çəkisi 5500 qram təşkil edən qurudulmuş marixuanaya münasibətdə bəraət hökmünün həmin kütləyə dair təqsirliliyinin gah sübuta yetirilməməsi, gah da sübuta yetirilərsə, həmin kütləni polis əməkdaşlarına könüllü olaraq təqdim etməsi, beləliklə də, bir-birinə zidd olan əsaslar üzrə qəbul edilməsinin xahiş edilməsi apellyasiya şikayətinin dəlillərinin əsassız olmasının ilkin göstəricisidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPMin 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 23 aprel 2024-cü il tarixdə hər hansı qanunsuz təsir olmadan verdiyi tam etirafedici ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, polis əməkdaşları Şahid4 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri, təqsirləndirilən şəxsin atası Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi, “Şəxsi axtarış və götürmə barədə” və “Yaşayış evinə baxış və götürmə barədə” 22 aprel 2024-cü il tarixli protokollar, onların hər birinə bir ədəd diskdə əlavə edilmiş videogörüntülər, materialların məhkəmə ekspertizasının 22 aprel 2024-cü il tarixli, 3-16- 16/2-7/616 nömrəli rəyi, təqsirləndirilən şəxsin adına "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartının hesabına dair 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək olan dövrü əhatə edən məlumatlar, məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3229 nömrəli rəyi (məhkəmə kollegiyası hesab edir ki, həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), maddi sübut qismində tanınmış narkotik vasitələrin qalığı və bank kartları ilə tam sübut edilmişdir. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanında yerləşən, yaşadığı evin zirzəmisinin olmadığı halda, iş üzrə ibtidai istintaq orqanının ona qarşı irəli sürdüyü ittihamda və məhkəmənin qəbul etdiyi hökmdə ümumi təmiz çəkisi 5500 qram təşkil edən qurudulmuş marixuananın həmin evin zirzəmisindən aşkar edilməsinin əsassız olaraq göstərilməsinin həmin kütlələrin təqsirləndirilən şəxsə aid olmamasına dəlalət etdiyi barədə olan dəlili iş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” və “Yaşayış evinə baxış və götürmə barədə” 22 aprel 2024-cü il tarixli protokollar, onların hər birinə bir ədəd diskdə əlavə edilmiş videogörüntülər əsasında təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşadığı evdə narkotik vasitənin olmasını bildirməsi, atası Şahid1 da iştirakı ilə həmin evin həyətinə baxış keçirilərkən ümumi təmiz çəkisi 5500 qram təşkil edən qurudulmuş marixuananın təqsirləndirilən şəxsin gizlətdiyi yeri könüllü olaraq polis əməkdaşlarına göstərməsindən sonra yaşadığı evin həyətində, yaşadığı evin tam yaxınlığında yerləşən qeyri-yaşayış sahəsindən aşkar edilməsi, baxış zamanı təqsirləndirilən şəxs və onun atasının hər hansı hala etiraz etməmələrinin müəyyən edilməsi, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamda və məhkəmənin qəbul etdiyi hökmdə həmin narkotik vasitələrin təqsirləndirilən şəxsin yaşadığı evin zirzəmisindən deyil, həmin evin həyətində yerləşən zirzəmidən aşkar edilməsinin göstərilməsi, beləliklə də, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən göstərilən narkotik vasitələrin aşkar edildiyi yerin qeyri-yaşayış sahəsi olduğuna görə zirzəmi kimi ifadə edilməsi, təqsirləndirilən şəxsin apellyasiya məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsinin onun yaşadığı evə deyil, həmin evlə üzbəüz yerləşən evə aid olması barədə verdiyi izahatı isə onun göstərilən narkotik vasitələri istənilən yerdə gizlətmək imkanının olmasına görə müvafiq cinayət məsuliyyətini istisna edən hal kimi qəbul edilməsinin mümkün olmaması ilə tam təkzib edilir. Apellyasiya şikayətinin iş üzrə təqsirləndirilən şəxsin anası X1 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində göstərdiyi hallarla bağlı olan dəlili birinci instansiya məhkəməsi tərəfindən həmin ifadəyə iş materiallarında olan digər sübutların məcmusu ilə qarşılıqlı şəkildə əlaqələndirilməklə düzgün hüquqi qiymətin verilməsi ilə yanaşı (məhkəmə kollegiyası hesab edir ki, bu halın da birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), təqsirləndirilən şəxs və onun atasının yaşadıqları evin həyətinə keçirilmiş baxışda iştirak edərkən hər hansı hala etiraz etməmələri ilə tam təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 25-ci bəndinin 2 və 3-cü abzaslarında müvafiq olaraq göstərilmişdir ki,: - şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkən, bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi, - narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üzərində və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi təqsirkar barəsində Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Buna görə də apellyasiya şikayətinin təqsirləndirilən şəxsin külli miqdarda olan narkotik vasitəni polis əməkdaşlarına könüllü şəkildə təhvil verməsinin iş üzrə cinayət məsuliyyətindən azad edilməsinə əsas olması ilə bağlı dəlili Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun olaraq, təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilinməsinə görə tutulduqdan sonra üzərində və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanında yerləşən, kirayədə yaşadığı evin həyətində saxladığı narkotik vasitələri üzərinə şəxsi axtarışın keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə istintaq hərəkətlərini aparmış şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar aşkar ediləcəyini, beləliklə də, həmin kütlələrə dair sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində üzərinə şəxsi axtarış keçirilərkən üzərində olmuş narkotik vasitəni öz təşəbbüsü ilə polis əməkdaşlarına təqdim etməsi və verilmiş müvafiq suala cavab olaraq, yaşadığı evdə də narkotik vasitə saxlamasını bildirməsi, bundan sonra yaşadığı evin həyətinə baxış keçirilərkən narkotik vasitələri yaşadığı evin tam yaxınlığında yerləşən qeyri-yaşayış sahəsində gizlətdiyi yeri öz təşəbbüsü ilə polis əməkdaşlarına göstərməsindən ibarət olan işin faktiki halları ilə tam təkzib edilir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı hər hansı pozuntuya yol verilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi hökmlə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 5 (beş) il müddətə, yəni sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə təyin etdiyinə, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(101)- 517/2025 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(101)-517/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar