Məhkəmə qərarları › İş №1(103)-748/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-748/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-748/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X6 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclası katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 Müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)- 32/2024 nömrəli hökmü ilə (hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi ilə) xx.xx.1983-cü il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Saatlı rayonunun Şirinbəyli kəndində qeydiyyatda olan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəzası ilə qismən toplanılması və onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəzası ilə qismən toplanılması və onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, hazırkı iş üzrə müxtəlif vaxtlarda tutulduğu ümumi 05 (beş) gün, ümumilikdə 07 (yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılmsı və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1979-cu il tarixdə, Kuba Respublikası, Havana şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, NMR Naxçıvan şəhəri, hərbi şəhərcik-1 küçəsi, ev 39, mənzil 29-da qeydiyyatda olan barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 01 il 03 ay həddində müəyyən edilməsi və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) günün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 08 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək 30 yanvar 2023-cü il tarixdə, saat 02:46-da ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra içəri qanunsuz daxil olub oradan 100 manat dəyərində 01 ədəd kondisionerin mis borularını, bir ədədinin qiyməti 100 manat təşkil edən, ümumilikdə 400 manat dəyərində 04 ədəd “Wi-Fi” aparatını, bir ədədinin qiyməti 20 manat təşkil edən, ümumilikdə 560 manat dəyərində 28 ədəd lazer işığını götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.060 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısından içəri qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 500 manat təşkil edən, ümumilikdə 1.500 manat dəyərində 03 ədəd soyuducu mühərrikini götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,895 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə, saat 15:00-da polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 08, 08 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda: • 0,753 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə, saat 11:00-da polis əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə; • 0,832 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə, saat 16:00-da ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda: • 1,281 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 13:00-da polis əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə; • 0,381 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 fevral 2023cü il tarixdə, saat 11:45-də polis əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri və etirazlar: Həmin hökmdən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs3 münasibətdə cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir: iş materiallarından görünür ki. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il larixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 çəkilməmiş cəzası 1 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təşkil etmişdir. Məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını deyil, çəkilməmiş qalan 01 il 11 ay 20 gün hissəsini tamamilə və ya qismən birləşdirməli idi. Məhkəmə cəza ləyini zamanı səhvə yol verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın az və yüngül (alternativ) cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmə mənim işimdə olan faktiki halları tam araşdırmadan qərar qəbul etdi. İbtidai isintaqın qərəzli, saxtakarlıqla aparılmasına məhəl qoymadı, haqsız olaraq mənə çox cəza təyin etdi. Hətta özümü bu cinayət əməli ilə təqsirli bilmirəm. Kobud şəkildə prosessual pozuntulara yol verilib. Mənim 2-ci qrup əlil olmağım, himayəmdə 2 azyaşlı övladlarımın olması nəzərə alınmadı. Həyat yoldaşım işləmir. Məndən başqa ailəmin qazanc gətirənləri yoxdur. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından verilmiş apellyasiya protestinin təmin edilməsini və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)-32/2024 nömrəli hökmünü apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin ailə vəziyyətini, xəstə anasının olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçinin dedikləri ilə tam razı olduğunu, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddəsində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin əsas dəlili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)-32/2024 nömrəli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsindən ibarət olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ona təyin edilmiş cəzanın yüngülləşdirilməsindən ibarət olmuşdur. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestindən və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs3 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə, həmçinin Təqsirləndirilən şəxs3 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində daha yüngül (alternativ) cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digət sübutları nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi üzrə ən aşağı həddə, 234.1-ci maddəsinin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 da Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül (alternativ) cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsi barədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq səhvə yol vermiş, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını qismən birləşdirməklə cəza təyini zamanı səhvə yol verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına və hökmə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 03 ay 05 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)-32/2024 nömrəli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.4, 403, 407-409-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)- 32/2024 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 20 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin olunan 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və ona 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar