Məhkəmə qərarları › İş №1(103)-749/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-749/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-749/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir az yaşlı uşağı olan, “Laçın” Ticarət Mərkəzində kiçik sahibkar işləyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonunun Muğanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 194.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə edib onlara sahiblik və istifadə etməklə həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2019-cu ildə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanında yerləşən «Qarabağ» kafesində, Şahid2 23 iyul 2019-cu il tarixdə Şahid1 məxsus Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən yaşayış evindən oğurladığı Şahid1 qardaşı Zərərçəkmiş şəxs Məhəmmədqulu oğluna məxsus 13.300 (on üç min üç yüz) manat dəyərində qızıl-zinət əşyalardan Azərbaycan manatına ekvivalenti 8.500 (səkkiz min beş yüz) manat olan 5.000 (beş min) ABŞ dolları dəyərində, 750 əyyarında, üzərində 8 karat birliyant qaşı olan ağ qızıl dəsti (üzərində klonu olan boyunbağı, qolbağı, bir cüt sırğa, üzük), 1.500 (min beş yüz) manat dəyərində briliyant qaşı olan 1 ədəd ağ qızıldan 750 əyyarlı qadın nişan üzüyü, 200 ( iki yüz) manat dəyərində 1 ədəd sarı qızıldan üzərində klonu olan uşaq üçün boyunbağı, 1.000 (min ) manat dəyərində 2 ədəd sarı qızıldan qırmızı qaşlı, üzəri toxuma olan qadın üzükləri olmaqla cəmi 11.200 (on bir min iki yüz) manat dəyərində qızılların Oğurluq cinayəti törətmiş Şahid2 əvvəlcədən deməsi əsasında cinayət yolu ilə əldə edildiyini bilib tamah niyyəti ilə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə 1.950 ( min doqquz yüz əlli) manat verib həmin əmlakı əldə edərək onlara sahiblik və istifadə etməklə həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verib naməlum şəxsə satmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmü ilə (hakim İ.A.İbrahimli) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2020-ci il tarixində həbsdə olduğu 01 (bir) gün müddət, yəni 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlakın olmadığı qeyd edilmişdir. Məhkəmənin hökmündən zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmünü cəza baxımından ədalətsiz hökm hesab edilməklə, ona qarşı törədilən cinayətin iştirakçısı olan Təqsirləndirilən şəxs barəsində çıxarılmış 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasının yüngül olması əsasları ilə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nın 194.1-ci maddəsi ilə nəzərdə tutulan ən yüksək cəza təyin olunmasını və ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza olduqca yüngüldür. Belə ki, Təqsirləndirilən şəxs əslində Şahid2 ona qarşı törətdiyi cinayətlərə rəvac vermiş, demək olar ki, onunla birlikdə bu cinayətləri törətmişdir. Şahid2 oğurladığı əmlakları belə asan yolla sata biləcəyinə əmin olduğundan daha da azğın hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs isə onun oğurladığı əmlakları oğurluq olduğunu bilə-bilə alıb, satmış və qazanc əldə etmişlər. Əslində o, oğurluq cinayətinin iştirakçısıdır. Şahid2 heç də birinci dəfə deyil ki, oğurluq mallarını ona satdırır. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış 1 il azadlığın məhdudlaşdırılması cəzası olduqca yüngül cəzadır. Ona Azərbaycan Respublikası CM-nın 194.1-ci maddəsi ilə nəzərdə tutulan ən yüksək cəza təyin olunmalıdır. Məhkəmənin hökmündən Müdafiəçi apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmünün ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyinə görə, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müdafiəçisi olduğu Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilmək üçün hökmdə göstərmişdir ki, guya Təqsirləndirilən şəxs təqsirli olduğu zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işin digər halları ilə tam sübuta yetirilir. Məhkəmənin Zərərçəkmiş şəxs və onun qardaşı olan Şahid1 ifadəsinə istinad etməklə Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli olduğu qənaətinə gəlməsi tamamilə absurd, qanunsuz və əsassız olmuşdur. Çünki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxsla Şahid2 arasında qızılların alqı-satqısı ilə bağlı hər hansı danışıqda, alqı-satqı zamanı və ya həmin iki şəxs arasında baş tutmuş hər hansı söhbətləşmə və sövdələşmədə nə Zərərçəkmiş şəxs, nə də onun qardaşı Şahid1 iştirak etməmişlər və onlarda bu barədə hər hansı məlumat yoxdur. Zərərçəkmiş şəxs və Şahid1 ifadəsindən də göründüyü kimi, onlar məhkəməyə yalnız öz şəxsi fərziyyələrinə və ibtidai istintaqdan aldıqları natamam məlumatlara əsaslanırlar. Bu kimi ifadələrlə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi isə, qanunvericiliklə qadağan edilmişdir. İş üzrə məhkəmə iclasında sərbəst ifadə vermiş və Təqsirləndirilən şəxsla Şahid2 arasında qızılların alqısatqısı ilə bağlı aparılmış söhbətlərdə, görüşdə və alqı-satqının baş tutduğu vaxt iştirak etmiş şahidlər, eləcə də Alqı-satqının tərəfi (satıcısı) olmuş Şahid2 verdiyi izahatında bildirmişlər ki, qızıl- zinət əşyalarının oğurluq olması ilə bağlı Təqsirləndirilən şəxs heç bir halda məlumat verilməmişdir və o, həmin qızılların oğurluq olduğundan məlumatsız olmuşdur. Şahidlərlə Təqsirləndirilən şəxs ifadələri arasında hər hansı bir ziddiyyətin müəyyən olunmadığı halda, məhkəmənin həm şahid ifadələrinə, həm də müfadiəçisi olduğum şəxsin ifadəsinə tənqidi yanaşması başadüşülən deyil və heç bir əsaslı arqumentə söykənməmişdir. Cinayət işinin materiallarından, eləcə də alqı-satqıda iştirak etmiş şahidlərin və müdafiəçisi olduğum təqsirləndirilən şəxsin həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində verdikləri ifadələrdə bildirmişlər ki, alqı-satqı prosesində X3 adlı şəxs də iştirak etmiş və iş üzrə dəqiq məlumatlara malikdir. Həmin şahid ibtidai istintaqa məlum olsa da, müstəntiq tərəfindən məqsədyönlü şəkildə dindirilməmiş, onun dindirilməsi barədə birinci instansiya məhkəməşsinə verdiyim vəsatət isə məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, X4 Bayramovun təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində araşdırılan 1(001 )-250/2020 saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qızılzinət əşyalarını alarkən həmin qızılların oğurluq olduğundan məlumatsız idi. Göründüyü kimi, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, eləcə də, düzgün nəticəyə gəlinməşsi məqsədi ilə Ramin Kazımovun hazırki iş üzrə şahid qismində məhkəmə iclasına çağırılaraq dindirilməsi zəruri olmuşdur. Həmkəmə hökmün 9-cu səhifəsinin yuxarıdan 1-ci abzasında qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 1(001)- 250/2020 saylı hökmündə həmin iş üzrə təqsirləndirilən şəxs Şahid2 öz ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Ruslan adlı şəxsə satan zaman onların oğurluq olması barədə məlumat verdiyini bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əvvəla, Şahid2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində araşdırılan 1(001)-250/2020 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirak etmişdir və onun həmin iş üzrə verdiyi məlumatlar məhkəmələr tərəfindən təkzibedilməz məlumat kimi qiymətləndirilə bilməz. İkincisi isə, Şahid2 hazırki iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında öz ifadəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinda araşdırılan 1(001)-250/2020 saylı cinayət işi üzrə ifadəsində qeyd edilən ifadəni verməmişdir. Həmin ifadəni ibtidai istintaq zamanı təzyiq altında verdiyi üçün təkzib edir və işin həqiqi halı bundan ibarətdir ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının oğurluq olduğundan məlumatı olmamışdır. Qeyd edilən maddələrin ümumi təhlilindən də aydın olur ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi yalnız və yalnız təkzibolunmaz sübutlarla təsdiq edildikdən sonra, o, həmin maddələrlə ittiham oluna və cəzalandırıla bilər. İndiki halda isə, iş materialları ilə, Təqsirləndirilən şəxs AR CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi heç bir mötəbər sübutla təsdiq edilmir. Bütün bunlar, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən qeyri-obyektiv və qərəzli münasibət göstərildiyini bir daha təsdiq edir. Göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, müdafiəçisi olduğum şəxsin AR CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan əməli törədib- törətmədiyinin müəyyənləşdirilməsi məqsədi ilə, apellyasiya instansiyası məhkəməsində qismən məhkəmə istintaqının aparılması və işə cəlb edilərək ifadəsinin alınması zəruri olan, təqsirləndirilən şəxslə satıcı arasında qızıl-zinət əşyalarının alqı-satqısı prosesində birbaşa iştirak etmiş şəxs X2 məhkəmə iclasında çağırılaraq ifadəsinin alınması zəruridir. Bununla da, belə nəticəyə gəlmək olar ki, həm ibtidai istintaq, həm də məhkəmə araşdırması qeyri-obyektiv aparılmış, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbacyan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarının çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hökm dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmünün ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmünü cəza baxımından ədalətsiz hökm hesab edilməklə, ona qarşı törədilən cinayətin iştirakçısı olan Təqsirləndirilən şəxs barəsində çıxarılmış 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasının yüngül olması əsasları ilə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nın 194.1-ci maddəsi ilə nəzərdə tutulan ən yüksək cəza təyin olunmasını və ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinin təmin edilməsini xahiş etsə də kollegiyanın qənaətinə əsasən onların apelyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)-71/2021 nömrəli hökmünün ləğv edilməsi və Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyinə görə, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə Müdafiəçi apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar bildirir ki, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onların mövqeyinə tənqidi yanaşaraq, işdə olan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab etmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə edib onlara sahiblik və istifadə etməklə həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməsi cinayətini törətməsini etiraf etməsə də, birinci instansiya məhkəməsi iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmiş, onun törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə düzgün tövsif olunması nəzərə alınmış və onun qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalı olması barədə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bunlara əsasən, məhkəmə kollegiyası Müdafiəçi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(011)- 71/2021 nömrəli hökmünü cəza baxımından ədalətsiz hökm hesab edilməklə, ona qarşı törədilən cinayətin iştirakçısı olan Təqsirləndirilən şəxs barəsində çıxarılmış 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasının yüngül olması əsasları ilə dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-nın 194.1-ci maddəsi ilə nəzərdə tutulan ən yüksək cəza təyin olunması və ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinin təmin edilməsinə dair dəlillərini Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 (ədalət prinsipi və sosial ədalətin bərpa edilməsi, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və s.) və 73-cü maddələri baxımından məqsədəuyğun saymır. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə də cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifə kimi göstərilmişdir. Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası göstərməyi zəruri bilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməməsi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmadığından, CM-nin 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən CM-nin 61.1.1- 61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilinmədiyindən, həmin xüsusatlar və ittiham üzrə əməllərin tövsifi ilə bağlı məhkəmənin dəyərləndirilməsi nəzərə alınıb Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması mümkün sayılmamalıdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı ibtidai istintaq zamanı və ya məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verə bilərdi ki, o, həmin hüququndan istifadə etməmiş, lakin hal hazırda da vurulmuş ziyanın ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki qaydada iddia vermək hüququ itirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, məhkəmənin hökmü isə əsaslı və qanuni olduğundan apelyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə zərərçəkmiş Zərərçəkmiş şəxs və Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elmar Rəhimov Hakimlər: Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar