Məhkəmə qərarları › İş №1(103)-750/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-750/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-750/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X4, onun nümayəndəsi və vəkili Nümayəndə, Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, 15 avqust 1995-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)-45/2023 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)- 45/2023 nömrəli hökmünə əsasən (hakim M.Kərimova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X4 əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq günü müəyyən edilməsi mümkün olmayan 2021-ci ilin yanvar ayının sonu - fevral ayının əvvəllərində sonuncunun qızı X5 yaşadığı Bakı şəhəri, Bİnəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Aygün Abbasova ilə qohum olduğu üçün etibarından sui-istifadə edərək, oğlu Şahid2 Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ali məktəblərə qəbul imtahanına düşəcək sualları cavabları ilə birlikdə Təhsil Nazirliyində olan tanışı vasitəsi ilə 3000 manat müqabilində əldə edəcəyi barədə yalan vəd verib aldadaraq almış, həmin puldan 100 manatını yanacaq və yemək xərcləri kimi, digər 2900 manat pulu isə sual və cavabları əldə etmək adı ilə ələ keçirib talamaqla dələduzluq etmişdir. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)-45/2023 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə müəyyən etmək olar ki, məhkəmə istintaqı, eynən ibtidai istitaqda müəyyən edilən hallara istinad edərək zərərçəkmiş X4, Şahid3 və Şahid1 qızının ifadələrinə əsaslanaraq şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün yetərli oduğu qərarına gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən X8 zərərçəkmiş şəxsin qızıdır və anası ilə eyni maraqlardan çıxış etməsi anlaşılnadır. X1 zərərçəkmiş şəxsin evində işləyən xadimədir, onunda iş üzrə əlavə şahid kimi dindirilməsi, qarışıq ifadə verməsi, ifadə verərkən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumatlı olduğunu bildirdikdə, zərərçəkmiş şəxsin onun yanına yaxınlaşaraq səs-küy salıb ifadənin dayandırlmasım, hətta özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı nümayəndənin iştirakı olmadan dindirilməsi faktı belə məhkəmənin diqqətini cəlb etmədi və şahidin açıq aşkar qeyrisəmimiliyinə əhəmiyyət vermədən ittiham hökmünü qəbul edilməsinə mane olmadı. İbtidai istintaq zamanı ifadəsi alınmış, cinayət işinin materiallarında göründüyü kimi ilkin olaraq şikayətçi olan, cinayət işi üzrə Təqsirləndirilən şəxs barədə Ağcəbədi RPŞ-nə müraciət edən, borca verdiyi pulu tələb edən zərərçəkmiş şəxsin oğlu Şahid2 isə Türkiyyə Respublikasında təhsil almasını nəzərə alaraq, onun iştirakı olmadan baxılması qərara alınmışdır. Belə ki, heç bir yanakı sübutu olmayan, eyni maraqlardan çıxış edən bir ailənin vermiş olduqları ifadələr şəxsin cinayət məsuliyyətinə cəlb olunaraq barəsində ittiham hökmünün çıxarılması üçün əsas olmuşdur. Hökmdən zərərçəkmiş apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X14 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) X9, onun nümayəndəsi və vəkili Nümayəndə verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)-45/2023 nömrəli hökmünü dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında işirak etmir və məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin müdafiəçisinin, zərərçəkmiş şəxsin (mülki iddiaçının), onun nümayəndəsi və vəkilinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)-45/2023 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs (mülki iddiaçı) X9, şahidlər Şahid3, Şahid1 qızı, X10, X11 və X2 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrini hazırki qərarda təkrarən təsvir edilməsinə lüzum görmədən onları müqayisəli şəkildə mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç kəsdən pul almaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Aygünün dediyinə görə qızılın Raul azyaşlı olduğundan guya onun satması, bu səbəbdən 2900 manatın o, 2900 manatın İsmət, 2900 manatın Raul, 1000 manatın Samir ödəməli olması ilə bağlı verdiyi ifadələrə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin hallar iş üzrə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, iş materialları ilə tam təkzib olunmuş və həmin hal öz təsdiqini tapmamışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, cinayət işinn materiallarından görünür ki, cinayət əməli 2021-ci ilin yanvar ayının sonu - fevral ayının əvvəllərində törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(001)-45/2023 nömrəli hökmü dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(007)-181/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Fərid Əyyubov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar