Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-750/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlunun və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, X10 küçəsi, bina 114, mənzil 41 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(101)-303/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rahib Salmanov (sədrlik edən), Siyavuş Hacıyev, Mahmud Ağalarov) 04 aprel 2022-ci il tarixli, 1(101)-303/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 29,178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 29,178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312,2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 04 aprel 2022ci il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək "həbs” qətimkan tədbirinin seçilməsi müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə bilə-bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini sövdələşmə yolu ilə təhrik etmişdir. Belə ki, o, 2021-ci ilin fevral ayının sonlarında tanışlıq münasibətində olduğu X4 dostu Şahid1 qardaşı X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 03 fevral 2021-ci il tarixdə başlanmış cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsini öyrənib, Səbuhi Həsənovun cinayət məsuliyyətindən azad edilməsi, yaxud barəsində həbslə bağlı olmayan cəzanın tətbiq edilməsinə köməklik göstərilməsi vədi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda əmlakını, yəni pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə Tural Abbasova yalandan həmin məsələni müsbət həll etmək səlahiyyətlərinə malik qohumunun prokurorluq orqanlarında yüksək vəzifədə işlədiyini, həmin vəzifəli şəxsin xidməti vəzifələrini (səlahiyyətlərini) icra edərək Səbuhi Həsənovun xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətin, yəni sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda müəyyən miqdarda pul vəsaitinin şəxsən özünün vasitəsilə birbaşa yolla həmin vəzifəli şəxsə rüşvət qismində verilməsi qarşılığında həll edəcəyini bildirib aldadaraq bir neçə gün sonra, yəni 2021-ci ilin fevral ayının sonlarında istintaqla dəqiq müəyyən olunmayan gündə axşam saatlarında Tural Abbasov və Şahid1la birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X6 küçəsində yerləşən «Dostlar» adlanan kafedə görüş zamanı Şahid1 da 25000 (iyirmi beş min) manat pulun vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qardaşı Səbuhi Həsənovun xeyrinə bilə-bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsi ilə Səbuhi Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, gələcəkdə sonuncunun barəsində cinayət təqibinə xitam verilməsi, yaxud həbslə bağlı olmayan cəza təyin olunacağına dair yalan vədlər verməklə Şahid1 aldadaraq təxminən 2021-ci ilin fevral ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhərində, Nərimanov rayonunun ərazisində «Şəki» restoranının yaxınlığında sonuncu ilə təkrar görüşü zamanı Şahid1 yalnız 20000 (iyirmi min) manat pul verməyə maddi imkanının çatdığını bildirmiş, o, isə vədinin daha inandırıcı olması görüntüsü yaratmaq üçün qohumu olan vəzifəli şəxslə görüşüb danışdıqdan sonra fikir söyləyə biləcəyini deyib, növbəti gün istifadəsində olan 055- ***-**-** saylı mobil nömrə ilə Şahid1 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 20000 (iyirmi min) manat pulun rüşvət kimi verilməsi müqabilində Səbuhi Həsənovun məhkəmə baxışında həbsdən buraxılmasına köməklik göstərilməsi barədə qohumu olan vəzifəli şəxsin razılığını aldığını və ilkin olaraq 3000 manatın təcili verilməli, qalan 17000 (on yeddi min) manat pulun isə Səbuhi Həsənov həbsdən azad olunduqdan sonra verilməli olduğunu bildirərək Şahid1la sövdələşmiş, cinayətkar planını icra edərək 02 mart 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid1 ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X6 küçəsində yerləşən «Dostlar» adlanan kafedə günorta saatlarında Şahid1 və onunla birlikdə görüşə gəlmiş əmisi Şahid3 ilə birlikdə görüşüb Şahid1 30 ədəd 100 manatlıq əskinaslardan ibarət olan cəmi 3000 (üç min) manat pulu almış, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni yalan vədlərlə 2021-ci ilin mart ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Abşeron ravonu Masazır qəsəbəsi ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj club» adlanan kafenin qarşısında Şahid1 50 və 100 manatlıq əskinaslardan ibarət cəmi 1500 (min beş yüz) manat pulu da nağd qaydada alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Şahid1 4500 (dörd min beş yüz) manat pulunu-əmlakını dələduzluq yolu ilə ələ keçirməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Səbuhi Həsənovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat pul vəsaitini rüşvət qismində verməyə Şahid1 sövdələşmə yolu ilə təhrik etmiş, Şahid1 ona vəd verilmiş işin düzəlmədiyini, uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 15.500 manat məbləği verməkdən imtinadən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla 20.000 manat məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hökmdən təqsirləndiirlən şəxs apellyasiya şikayəti verib barəsində əməlində CM-in 32.4 və 312.2-ci maddəsinin olmadığını nəzərə alaraq hökmün ləğv edilməsini, onu cinayət məsuliyyətinən və cəzadan azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini, cəzadan, eləcə də həbsdən azad edilməsini, dövlət ittihamçısı hökmün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin olunmadan saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(101)-303/2022 nömrəli hökmü dəyişdirilməli, hökmdən Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəza təyin edilməsinə dair müddəalar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub-olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviri əsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36 cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”- “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023 cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hazırkı halda, Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalı olduğu halda, CM-in 32.4, 312.2-ci maddəsi ilə də tövsif edilmişdir. İttihamın məzmunu və sübutların müqayisəli təhlili onu göstərir ki, təqsirləndirilən şəxslərin rüşvət verməyə təhrik kimi görünən hərəkətləri əslində dələduzluğun üsulu olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs hökmün icrası qaydasında müraciəti əsasında onun ərizəsi təmin olunmuş, barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(101)-303/2022 nömrəli hökmünə əsasən onun CM-nin 29,178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş, o, həmin maddə ilə cəzadan azad olunmuş, həmin hökmdən CM-nin 66.3-cü maddəsi xaric edilmiş, CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət prosessual qanunvericiliyin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir (CPM-nin 318.1-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir (CPM-nin 399.1.2-ci maddəsi). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 29,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsinə dair 04 aprel 2022-ci il tarixli, 1(101)-303/2022 nömrəli hökmü dəyişdirilməli, hökmdən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar çıxarılmalı (xaric edilməlidir), barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı nəzərə alınmaqla qalan hissədə qeyd edilən hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-in 397.1, 397.2, 399.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(101)- 303/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəza təyin edilməsinə dair müddəalar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 7(003)-370/2023 nömrəli qərarı nəzərə alınmaqla hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-750/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-750/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver