Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-758/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmündən Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) xx xxxxxx 1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1062,188 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, özündə saxlamaqla Ağdaş rayonundan Bakı şəhərinə daşımış, 18 sentyabr 2020-ci ildə saat 07:20-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olan “Zabrat” dairəsinin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin və Daxili İşlər Nazirliyinin X1 Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən birgə həyata keçirdikləri əməliyyat axtarış tədbiri zamanı saxlanılaraq 15-ci Polis bölməsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “West” siqaret qutusunun içərisində gizlətdiyi 14 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,721 qram, 0,591 qram, 0,701 qram, 0,461 qram, 0,548 qram, 0,621 qram, 0,352 qram, 0,503 qram, 0,472 qram, 0,469 qram, 0,532 qram, 0,433 qram, 0,423 qram, 0,549 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli idman çantasından bir ədəd “West” siqaret qutusunun içərisində gizlətdiyi 16 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,581 qram, 0,761 qram, 0,501 qram, 0,493 qram, 0,412 qram, 0,391 qram, 0,541qram, 0,531 qram, 0,612 qram, 0,670 qram, 0,741 qram, 0,563 qram, 0,331 qram, 0,401 qram, 0,451 qram, 0,472 qram narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 197,88 qram, 198,36 qram, 200,16 qram, 208,510 qram, 241,450 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1062,188 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs səmimi peşimançılıq çəkməsi və özünü tam təqsirli bilərək törətdiyi cinayəti etiraf etməsi; yaşayış yeri üzrə müsbət xarakterizə olunması və atasının İİ qrup əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır, həmin cəzanı yüngülləşdirən ayrı-ayrı halların məcmusu isə müstəsna haldır. Məhkəmə tərəfindən isə göstərilən hallar nəzərə alınmamışdır. Buna görə də işin bu halında Təqsirləndirilən şəxs təyin edilmiş cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində olsa da, aşkar şəkildə ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq apellyasiya şikayətini də nəzərə almaqla hökmün qanuniliyini yoxlayıb aşağıdakı xüsusatları qeyd edir: Müdafiəçi apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifini mübahisələndirmir, ona yüngül cəza təyin edilməsini iddia edir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, verilmiş ittihamla, Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə qənaətə əsaslı olaraq gəlmişdir. Onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə əhatə olunduğuna görə bu maddə ilə düzgün tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə və cəzanın təyin edilməsinə münasibətdə cinayət işinin materiallarına tam uyğundur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsi barədə müdafiəçinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Hökmdən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinin tələbinə əsasən iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müdafiəçinin apellyasiya şikayətində istinad olunan və müdafiə tərəfinin fikrincə Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə əsas verən hallar sadalansa da həmin hallar barəsində iş materiallarında hər hansı bir məlumat mövcud deyil və bunları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə əsaslanmaqla işin hallarını təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi üçün əsaslar iş materiallarında mövcud deyil, sonuncuya yüngül cəzanın təyin edilməsi haqqında apellyasiya şikayətinin dəlilləri də hökmün dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddələrdə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Müdafiəçi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-758/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-758/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver