Məhkəmə qərarları › İş №1(103)-760/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-760/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-760/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən iş üzrə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən İlham Mahmudov) xx xxxx 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Fizuli küçəsi, ev 1/6 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metafetamin, narkotik vasitə heroin və həşiş qətram əldə edib üzərində saxlayaraq daşımış, 30 mart 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metro stansiyasının yaxınlığında Şahid4 60 (altmış) manat müqabilində təmiz çəkiləri ayrı-ayrılıqda 0,296 qram, 0,427 qram olmaqla tərkib komponentlərinə görə eyni olan, ümumi xalis çəkisi 0,723 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir büküm təmiz çəkisi 0,876 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin satmış, 2 aprel 2020-ci il tarixdə saat 15:10 radələrində ünvan 2 ünvanın qarşısında olarkən Xətai RPİ-nin 36-cı PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir büküm 0,235 qram psixotrop maddə metafetamin, bir ədəd kibrit qutusundan 4 ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 2,551 qram psixotrop maddə metafetamin və 7 ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 4,012 qram narkotik vasitə heroin, həmçinin onun idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq saxlanc yerindən 1 ədəd qırmızı rəngli sellofan torbada saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 28,668 qram və 1 ədəd kub formalı plastik qabda təmiz çəkisi 8,665 qram, külli miqdarda ümumi təmiz çəkisi 37,333 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd silindrik formalı plastik qabda küllimiqdarda təmiz çəkisi 51,256 qram psixotrop maddə metafetamin, 1 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,02 qram olan narkotik vasitə həşiş qətram və 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində həmin Məcəllənin 234.1-ci maddəsinə töfsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ləğv olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs özünü ona elan olunan ittihamla təqsirli bilmir, üzərində təxminən 2 qram narkotikm vasitə olmuşdur, digər narktoik vasitələrin ona aid olmadığını iddia edir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə obyektiv araşdırma aparmamış, iş üzrə qərəzli mövqe tutmuşdur. Avtomobildən tapılan narkotik vasitələrin ona məxsus olmasını təsdiq edən hər hansı bir dəlil yoxdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların (məhkumluğu ödənilməməsi, əməlində cinayətin residivinin olması) olmasını əsas götürərək məhkum Təqsirləndirilən şəxsoğlunun ittiham olunduğu maddənin sanksiyası həddində, məhkumun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar