Məhkəmə qərarları › İş №1(103)-769/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-769/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-769/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X7, Zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi – X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi –Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası İstanbul Beykent Universitetinin tibb fakültəsinin 3-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1(101)-419/2022 saylı hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X6, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadə) 16 fevral 2022-ci il tarixli, 1(101)-419/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində idarə etdiyi «AUDİ Q7» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə maşın bazarı istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və yaşayış məntəqəsi daxilində avtomobili icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanının qarşısında avtomobili 110 km/saat sürətlə idarə etməklə həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan «VAZ- 21015» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən daxili orqanların zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş, bundan başqa, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuş, eləcə də “VAZ-21150” markalı ** BU *** dövlət qeydiyyat nişanlı maşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 6000 manat miqdarında maddi ziyan vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümum davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını və şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddəyə görə hazırkı ağır cinayətin törədilməsi deyil, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsi yüngülləşdirici hal kimi qiymətləndirilir. Hazırkı cinayət işi üzrə isə Təqsirləndirilən şəxs törətdiyi əməlin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, öz əməlinin ictimai xarakterini dərk etmiş, onların insan sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənmə nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətkarcasına özünəgüvənmə nəticəsində törətdiyi əməl CM-nin 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməlini törətməsini qanunsuz olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsinin hansı sübutlarla təsdiq edilməsini, bu halı hansı toplanmış sübutlar əsasında cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə hökmdə subyektiv mülahizlərlə təqsirləndirilən şəxsin nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsini, tibb fakültəsi tələbəsi kimi cəmiyyət üçün gələcəkdə lazımlı şəxs olması qənaətə gələrkən nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs “AUDİ Q 7” markalı avtomobili yaşayış məntəqəsi daxilində 110 km/saat (max. 60 km/saat sürət nəzərdə tutulub) sürətlə idarə edərkən avtomobili yüksək sürətlə idarə etməklə həzz almaq hissini qanunun tələblərinə riayət etmək, insan həyat və sağlamlığına biganə qalmamaq hissindən daha üstün tutmuşdur. Qeyd edilən hallar məhkəmənin cəza təyin edərkən subyektiv mülahizələrlə müsbət səciyyələndirməyə cəhd etmək istədiyi təqsirləndirilən şəxsi daha obyektiv səciyyələndirməyə imkan verir, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə ən aşağı həddə cəza təyin edərkən istinad etdiyi cəzanı yüngülləşdirici halları tamamilə təkzib edir. Bütövlükdə götürdükdə, məhkəmə hökmündə Təqsirləndirilən şəxs münasibətdə yuxarıda qeyd edilən halları yüngülləşdirici hallar qismində nəzərə almaqla cəza təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədlərini təmin etməyən səhv nəticəyə gəlmiş və onun barəsində aşağı həddə cəza təyin etməklə bunun motivlərini belə hökmündə göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 346.1.11-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, güzəşt edilməsi, həmin cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında andlı iclasçıların verdikti, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Bundan başqa işin halları ilə müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs, ehtiyatsızlıqdan az ağır cinayət kateqoriyasına aid cinayət hadisəsi törətməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin səmimi peşman olması onun könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Beləliklə Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi kimi hallar olmamış və belə olan halda məhkəmə onun əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2020-ci il tarixli hökmü cinayət qanunun norması düzgün tətbiq edilərək ona təqsirləndirildiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməlidir. Hökmdən Zərərçəkmiş şəxs2 hüquqi varisi X6 tərəfindən apellyasiya şikayəti verilib Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində göstərilən sanksiyadan daha yüngül və az cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar hazırkı işdə zərərçəkmiş kimi tanınmışlar. Belə ki, baş vermiş qəza nəticəsində qardaşı vəfat etmişdir. Lakin hazırki situasiya artıq onların təqsirləndirilən şəxslə heç bir mövcud problemləri qalmayıb. Qeyd etməli olduğumuz əsas xüsusatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxsin yaxınları və ailəsi bu bədbəxt hadisə baş verdikdən heç bir zaman onları tək buraxmamışlar. Hər nə qədər baş vermiş hadisə zamanı yaxınlarını itirmiş olsalar da, heç kimin bu hadisəni qəsdən törətmək istəmədiyini başa düşürlər. Bildirir ki, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin yaxınları davamlı olaraq evlərinə gəlir, onlara baş çəkir və bütün problemlərində yanlarında olmağa çalışırdılar. Bu vaxt o, həqiqətən də Təqsirləndirilən şəxs və ailəsinin vicdan əzabı çəkdiklərini hiss etdi. Sözsüz ki, onların maddi və mənəvi köməkləri ailələrinin bu çətinliklərdən çıxmağında böyük rol oynadı. Lakin vaxtı ilə onların çəkdiyi vicdan əzabını hazırda o özü də çəkir. Belə ki, məhkəmə prosesi zamanı da, notariat kontorunda ərizə verən zamanı da təqsirləndirilən şəxsdən heç bir tələbi, şikayətinin olmamasını bildirmiş və onunla barışdığını qeyd etmişdilər. Buna baxmayaraq Təqsirləndirilən şəxs 5 il kimi uzun bir müddət azadlıqdan məhrum edilmişdir. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə qeyd etdiyi heç bir fakta düzgün hüquqi qiymət verməmişdir. Belə ki, zərərçəkmiş şəxs olaraq o, Təqsirləndirilən şəxsla barışmış və ona ən yüngül, təqsirləndirildiyi maddənin də sanksiyasından daha yüngül cəzanın verilməsini istəyir. Qeyd edir ki, hazırda onların ailəsi 12 nəfərdən ibarətdir və məhdud gəlir ilə həmin külfətin maddi təminatını həyata keçirmək olduqca çətindir. Lakin təqsirləndirilən şəxsin ailəsi daimi olaraq hər çətin anlarında onların yanındadır. Təqsirləndirilən şəxs bu qədər uzun müddət həbsdə saxlanılması hər iki ailənin vəziyyətini pisləşdirəcəkdir. Məhz bu səbəbdən də hesab edir ki, çıxarılmış hökmün cəza hissəsinə yenidən baxılmalıdır. Əks halda çıxarılmış hökm bir çox şəxsin hüquqlarının pozulması müşahidə olunacaqdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi işin hallarını yenidən qiymətləndirəcək, hüquqi təhlil aparacaq, zərərçəkmiş şəxslərin ifadələrini dinləyəcək və yekunda Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edəcəkdir. Bir daha qeyd edir ki, əgər bütün bu yüngülləşdirici hallar və ağırlaşdırıcı halların mövcud olmaması nəzərə alınsaydı, Təqsirləndirilən şəxs bu qədər ağır cəza təyin edilməzdi. Qeyd olunmalı bir digər fakt isə Təqsirləndirilən şəxs cəmiyyətə yararlı fərd olması, gələcəyin tibb işçisi olacağı ilə bağlıdır. Belə bir şəxsin həbsdə saxlanılması yaxşı nəticələrə səbəb olmayacaqdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən apellyasiya şikayəti verilib Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 263.3-cü maddəsində göstərilən sanksiyadan daha yüngül və az cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bildirir ki, hazırkı işdə onlar zərərçəkmiş şəxs kimi tanınmışlar. Belə ki, o, baş vermiş cinayət hadisəsində vəfat edən qardaşı Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu qəza nəticəsində qardaşı vəfat etmiş, o və ailəsi dərin mənəvi sarsıntı yaşamışlar. Lakin bu bədbəxt hadisədən sonra Təqsirləndirilən şəxs onlarla barışmaq, yəni onu bağışlamaları üçün əlindən gələni etmiş, onlara maddi və mənəvi cəhətdən çox dəstək olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qardaşının ölümünə səbəb olan qəzanın baş verməsindəki təqsirini qəbul edərək, onlardan dəfələrlə üzr istəmiş, həm qardaşının dəfin mərasimi ilə əlaqədar yaranmış xərclərimi könüllü surətdə qarşılamış, həm də qardaşının ölümündən sonra onun ailəsinin digər bütün xərclərini qarşılamağı öz öhdəsinə götürmüşdür. Əlavə olaraq onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qardaşının ölümündən sonra daim onlarla əlaqədə olmuş, qardaşı Zərərçəkmiş şəxs3 dəfnində özü şəxsən iştirak etmiş, hər zaman onlara mənəvi dəstəyini hiss etdirmişdir. Məhz bu səbəblərə görə birinci instansiya məhkəməsi tərəfindən verilən qərarın həddindən artıq ağır olduğunu düşünür. Belə ki, Təqsirləndirilən şəxs oglu qardaşının ölümünə səbəb olan qəzanı istəmədən törətmiş və bu qəzadan sonra dərin mənəvi sarsıntı keçirmiş, dəfələrlə onlarla əlaqə yaratmış, onlardan üzr istəmiş, onu bağışlamaları üçün hər şeyi etmişdir. Onun Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak edib, Təqsirləndirilən şəxs ilə barışmış olduğunu, onlara vurulmuş maddi və mənəvi zərərin tam olaraq ödənilmiş olduğunu, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirməyimə baxmayaraq, məhkəmə bu qeyd etdiklərimi lazımınca qiymətləndirməmiş vo bunun nəticəsi olaraq da. həyatı boyunca heç bir cinayət əməli törətməmiş, baş vermiş hadisədən bəlkə də ən çox mənəvi sarsıntını keçirmiş. Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum etmə kimi ağır bir cəza vermişdir. Göründüyü kimi hakim X4 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini gözardı etmişdir. Belə ki, hakim X4 təqsirləndirilən şəxs barəsində qərar verərkən Təqsirləndirilən şəxs çox gənc olmasını, daha öncə heç bir cinayət əməli törətmədiyini, Türkiyə Respublikası İstanbul Beykent Universitetinin tibb fakültəsində təhsil aldığını, gələcəkdə ölkə üçün çox yararlı mütəxəssis ola biləcəyi faktını nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda sadalanan əhəmiyyətli faktlar düzgün qiymətləndirilməmiş, bəzi faktlara isə ümumiyyətlə diqqət yetirilməmiş və nəticədə qanunsuz hökm çıxarılmışdır. Hökmdən həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilərək həmin cəza şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman heç bir xəsarət almamış, idarə etdiyi avtomaşında tək olmuş və avtomaşın yüksüz olmuşdur. Hadisədən sonra idarə etdiyi avtomaşını saxlamış və dərhal sonra avtomaşından enmiş, toqquşduğu “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşmışdır. Həmin avtomaşında iki nəfər şəxsin, yəni avtomaşının sürücüsü və avtomaşında qabaq sağ oturacaqda əyləşən sərnişinin xəsarət aldığını görüb dərhal TTYS-na zəng edərək həkim çağırmış, təxminən 15 dəqiqə sonra hadisə yerinə TTYS-nın həkim briqadası gəlmiş və “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünü və yanında olan sərnişini xəstəxanaya aparmışlar. Bundan sonra o, hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim etmiş və həm özünə, həm də idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid sənədləri polis əməkdaşlarına vermişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 və həmin avtomaşının sərnişini Zərərçəkmiş şəxs3 hadisə nəticəsində aldıqları xəsarətlərdən xəstəxanada ölmüşlər. Təqsirləndirilən şəxs törətdiyi əməldən olduqca peşmandır, baş vermiş hadisə nəticəsində ciddi psixoloji sarsıntı keçirmişdir. Hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışmış, ona qarşı hər hansı şikayət, tələb yoxdur. Məhkəmə baxışı zamanı da qeyd etdiyi üzrə, Təqsirləndirilən şəxs baş vermiş qəzada özünü təqsirli bilir, lakin onu da bildirmək istəyir ki, hadisənin baş verməsində tək “günahkar” o deyildir. Belə ki, hadisə zamanı “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən və hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs2 özü də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini pozmuş, idarə etdiyi avtomaşını yolun avtobuslar üçün nəzərdə tutulmuş hissəsi ilə, yəni sağ hissəsi ilə idarə etmiş və bunun nəticəsində də qəza üçün şərait yaratmışdır. Həmçinin onu da qeyd etməlidir ki, Təqsirləndirilən şəxs baş vermiş qəzadan sonra hadisə yerini tərk etməmiş, idarə etdiyi avtomaşını yolun sağ kənarına tərəf sürmüş və “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşından təxminən 100-130 metr aralıda saxlamış, TTYS-na zəng edərək həkim çağırmışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünü təqdim etmiş və törətmiş olduğu əməli könüllü surətdə etiraf etmişdir. Bildirir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs öz təqsirini könüllü surətdə etiraf etmiş, istintaqdan yayınmağa cəhd etməmiş, hadisə yerindən qaçmamış, əksinə baş vermiş qəzadan sonra TTYS-na zəng edərək həkim çağırmış, Zərərçəkmiş şəxs2 və İsmayılov Həm iti Kamal oğlunun öldüyünü biləndə törətdiyi əməldən çox peşman olmuş, baş vermiş hadisə nəticəsində ciddi psixoloji sarsıntı keçirmişdir. Hadisədən sonra zərərçəkmişlərin ailələri ilə əlaqə saxlamış, onların hər bir maddi ehtiyacını qarşılamış və mənəvi cəhətdən də onlara dəstək olmuşdur. Xüsusi olaraq qeyd etməlidir ki, hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışmış, ona qarşı hər hansı şikayət, tələb yoxdur. Həmçinin Təqsirləndirilən şəxs müxtəlif diplomlar və təşəkkürnamələrlə təltif edilmişdir. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs oglu baş vermiş qəzada təqsirli bilinərək həbs edildiyi üçün, hazırda İstanbul Beykent Universitetindəki təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır ki, bu da bəlkə də ölkəmizin gələcəkdə çox savadlı bir mütəxəssisdən məhrum olması ilə nəticələnəcəkdir. Yuxarıda qeyd etdiyi faktlar hər biri ayrıayrılıqda cəzanı yüngülləşdirən hallar sırasına aiddir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsində qərar çıxarılarkən bu xüsusatlar gözardı edilmiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə kimi absurd bir cəza təyin edilmişdir. Bildirmək istədiyi bir digər xüsusat isə məhkəmə tərəfindən nəzərə alınmayan digər yüngülləşdirici hallarla bağlıdır. Bildirir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq cinayət törətmiş və bu onun ilk məhkumluğudur. Daha əvvəl heç bir vaxt hər hansı bir cinayət əməli törətməmiş, baş vermiş hadisə isə birbaşa olaraq ehtiyatsızlıqdan əmələ gəlmiş bədbəxt bir hadisədir. Belə bir hadisəyə görə bu cür savadlı, uğurlu, gələcəkdə vətəninə, millətinə çox faydalı bir mütəxəssis olacaq gənci həyatının baharında azadlıqdan məhrum etmə cəzasına məhkum etmək birbaşa onun xəyallarını, gələcəyə dair ümidlərini söndürmək deməkdir və bu heç də ədalətli deyildir. Haİbuki cinayət işində mövcud olan bütün yüngülləşdirici hallar məhkəmə tərəfindən tam araşdırılmalı və onlara düzgün hüquqi qiymət verilməli idi. Həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs yaşayış yerində və təhsil aldığı Türkiyə Respublikası, İstanbul Beykent Universitetində müsbət xarakterizə olunduğu onun oxuduğu universitetdən və Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən almış olduğu xasiyyətnamə ilə təsdiq edilmişdir. Baş vermiş bədbəxt hadisədən isə o, olduqca peşmandır. Lakin bir daha nəzərə çatdırır ki, hadisə tamamilə ehtiyatsızlıq səbəbindən baş vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il azadlıqdan məhrumetmə kimi ağır bir cəza tədbiri təyin edilmişdir. Əgər bütün bu yüngülləşdirici hallar və ağırlaşdırıcı halların mövcud olmaması nəzərə alınsaydı Təqsirləndirilən şəxs bu qədər ağır cəza təyin edilməzdi. Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən barəmdə hökm çıxarılarkən Təqsirləndirilən şəxs səmimi peşman olması, əvvəllər məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, çox gənc olmağı və istər təhsil, istərsə də idman sahəsində qazandığı uğurları 05 il məhrum etmə növündə cəza təyin edilərkən real olaraq nəzərə alınmamışdır. Çünki həqiqətən də sadalanan yüngülləşdirici halların mövcudluğu və ağırlaşdırıcı halların mövcud olmaması nəzərə alınsaydı, ona bu qədər yüksək həddə cəza təyin edilməzdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin təmin edilməsini, hökmün cinayət qanunun müvafiq maddəsinin sanksiyası həddində təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə daha artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, eləcə də məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi tərəflərindən və zərərçəkmiş şəxsin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varislərinin nümayəndəsi tərəflərindən və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlilərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestindən, həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi, onlar məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətlərin hüquqi tövsifini mübahisələndirməmişlər. Cinayət işinin materiallarına əsasən, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkum edilmiş şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varisləri X6, X5 və Zərərçəkmiş şəxs1 ilə barışmasını, onlara vurulmuş maddi və mənəvi zərəri ödəməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələblərinin, iddialarının olmamasını, hadisə baş verdikdən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onlara yaxınlaşaraq X13 zəng edib, onların həyatda qalmaları üçün cəhd göstərməsini, nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsini, tibb fakültəsi tələbəsi kimi cəmiyyət üçün gələcəkdə lazımlı şəxs olmasını, gənc olmasını, yol-nəqliyyat hadisəsinin baş verməsində Vaz-21015” markalı, **-BU-*** nömrəli avtomobilin sürücüsü sürücülük hüququ olmadan avtomobili idarə edən Zərərçəkmiş şəxs2 da təqsirinin müəyyən olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Eyni zamanda məhkəmə hökmündə məhkum edilmiş şəxsə münasibətdə cəzanı ağırlaşdıran halların olmaması göstərilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində hökmün cinayət qanunun müvafiq maddəsinin sanksiyası həddində təqsirləndirilən şəxsə daha artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, cəzanı ağırlaşdıran hallar olmadan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının ən yuxarı həddində və ya bu həddə yaxın həddə ağır cəza təyin edilməsi, cəza təyini diferensasiyası baxımından da qəbul edilən deyildir. Belə ki, cəzanın məqsədi təqsirli bilindiyi cinayət əməlinə münasibətdə şəxsə daha ağır cəza təyin etmək deyil, əksinə Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onlara yaxınlaşaraq X13 zəng etmiş, hər iki zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edib onlara maddi və mənəvi dəstək olmuşdur. Bundan başqa hətta ittiham tərəfini təmsil edən zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmə iclaslarındakı çıxışlarından, habelə verdikləri apellyasiya şikayətlərindən görünür ki, onlar özləri belə məhkum edilmiş şəxsə daha az həddə cəzanın təyin edilməsini xahiş edirlər. Sadalanan yüngülləşdirici hallar (59.1.11 və 59.1.12) cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələblərinin nəzərə alınması üçün əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin məhkum edilmiş şəxsə tətbiq edildiyi təqdirdə sonuncuya təyin olunan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 07 il 06 aydan artıq ola bilməz. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası dövlət ittihamçısınin apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən sonuncunun ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət hadisəsi törətməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, göstərilən halın isə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin dispozisiyasında cinayət tərkibinin əlaməti olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulması ilə bağlı göstərmiş olduğu dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hakim qeyd olunan halı nəzərə alarkən məhkəmə Cinayət Məcəlləsinin xüsusi hissəsinin normasının, hazırkı halda isə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin tərkib əlaməti kimi deyil, şəxsin qəsdin formasından asılı olmayaraq əvvəllər heç vaxt cinayət törətməməsini nəzərdə tutmuşdur ki, bu hal isə öz-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcələsinin 59.2-ci maddəsinin tələbləri baxımından istisna olunmur. Bundan əlavə olaraq dövlət ittihamçısı apellyasiya protestində məhkəmənin Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edildiyinə, məhkəmənin Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətləndiyinə, lakin bunun nədə ifadə olunmasını və şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərmədiyinə istinad etmişdir. Dövlət ittihamçısının həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarından görünür ki (cild 1, səh: 157-171) Təqsirləndirilən şəxs 318 saylı orta məktəbdə oxuduğu illərdə həmin məktəbin direktoru tərəfindən bir neçə dəfə təşəkkürnamə ilə təltif olunmuş, 5-ci sinfi “Fəxri Fərman” ilə bitirmiş və 11-ci sinfi isə xüsusi təşəkkürnamə ilə bitirmişdir. Həmçinin 2019-cu ildə "xxxx" Təhsil Şirkətinin təşkil etmiş olduğu mini futbol turnirində 2-ci yer tutduğuna görə Diplomla təltif edilmiş, 2016-cı İldə “Kimya-biologiya həftəsi” layihəsi üzrə aparılan təcrübədə fərqləndiyinə görə Kaspi Liseyi tərəfindən xüsusi Sertifikatla təltif olunmuş, yenə 2016-cı ildə “2016 Kaspi- Qax yay məktəbi” proqramında təşkil olunan “ən yaxşı layihə” müsabiqəsinin qalibi olmuş, 21 fevral 2016-cı ildə “X14 Günü”nə həsr olunmuş tədbirdə fəal iştirakına görə Sertifkatla təltif olunmuş, 2017-ci ildə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən Sabunçu rayon məktəbləri arasında keçirilən “28 May Respublika gününə” həsr olunmuş dama yarışında 1ci yeri tutduğuna görə Diplomla təltif edilmiş, 2018-2019-cu tədris ilinin 1-ci yarımilində əldə etdiyi tədris naliyyətlərinə görə Kaspi Liseyi tərəfindən Bürünc Sertifkatla təltif olunmuş, daha sonra isə Türkiyə Respublikasının İstanbul Beykent Universitetinin tibb fakültəsində təhsil alma hüququ qazanmışdır. Universitetdə təhsil aldığı dövrdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Təhsil Müşaviri tərəfindən 30.01.2020-ci il tarixində Xalqımızın yaşadığı faciəni - 20 Yanvar həqiqətlərinin Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdırılması yönümündə fəal iştirakına görə Təşəkkürmamə ilə təltif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhz yuxarıda sadalanan halları nəzərə almaqla Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını haqlı olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Protestdə həmçinin Təqsirləndirilən şəxs nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsinin hansı sübutlarla təsdiq edilməsinin, bu halın hansı toplanmış sübutlar əsasında cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin hökmdə əsaslandırılmadığına istinad olunsa da, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Təhsil Müşaviri tərəfindən 30.01.2020-ci il tarixdə verilən təşəkkürnamədən görünür ki, Məmmədov X3 yaşadığı faciəni - 20 Yanvar həqiqətlərinin Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdırılması yönümündə fəal iştirak etmişdir ki, bu da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla, ölkə xaricində ölkəni layiqincə təmsil etməsinə dəlalət edən haldır. Dövlət ittihamçısı apellyasiya protestində həmçinin Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi kimi halların olmadığına və belə olan halda məhkəmənin onun əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmadığına istinad etsə də, hökmdən görünür ki, qeyd edilən hal məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal qismində ümumiyyətlə nəzərə alınmamışdır ki, bu da verilmiş apellyasiya protestinin formal mülahizələrlə tərtib olunmasına dəlalət edir. Xüsusilə qeyd edilməlidir ki, cinayət işi materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1978 saylı 19 avqust 2021-ci il tarixli rəyindən görünür ki, «VAZ-21015» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində «Yol hərəkəti» haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-cü bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib- ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işi materiallarından və müvafiq ekspertiza rəyindən göründüyü kimi digər avtomobilin sürücüsü, Zərərçəkmiş şəxs2 hərəkətlərində də «Yol hərəkəti» haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmaqla onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq haqlı olaraq yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin qarşılıqlı təqsirinin olmasının məhkum edilmiş şəxsə münasibətdə təyin ediləcək cəzanın yüngülləşdirilməsinə təsir edəcək əsaslı arqument kimi qəbul etmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri isə məhkum edilmiş şəxsin onlarla barışıq əldə edib onlara maddi və mənəvi dəstək göstərdiyini, habelə onun şəxsiyyətinin müsbət xarakterizə olunaraq xaricdə təhsil almasını qeyd edib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfinin istinad etdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirici hallar qismində artıq nəzərə alınmışdır, eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün isə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Məhkum edilmiş şəxsin müdafiəçisi isə hökmün dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilərək həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə əsas cəza olaraq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını minimum həddə tətbiq etmişdir ki, belə olan halda müdafiəçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində təyin edilməsi xahişi anlaşılmazdır. Bundan əlavə məhkum edilmiş şəxsin müdafiəçisi də apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal olaraq nəzərə alınmış əsasları qeyd edib Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasını xahiş etmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs qanuna itaətsizlik ruhunda hərəkət edib surət həddi 60 km/saat olan yerdə 110 km/saat surətlə avtomobil idarə edib ağır yol-nəqliyyat qəzası törətməsi və bunun iki nəfərin ölümünə səbəb olması nəzərə alındıqda ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunması cəzanın islahedici funksiyasını heçə endirmiş olar. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının ağırlaşdırılması və yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə təyin edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün yetərli cəza kimi qiymətləndirib bu halı, həmçinin hökmdə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, verilmiş apellyasiya protestində sadalanmış dəlilərin şəxsə daha ağır cəza təyin edilməsi üçün habelə verilmiş apellyasiya şikayətlərində sadalanmış dəlilərin isə şəxsə daha yüngül cəzanın təyin edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün yetərli olmadığını qeyd edərək belə qənaətə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1(101)-419/2022 saylı hökmü qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxslərin hüquqi varisləri və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1(101)-419/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X6, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar