Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-789/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmündən məhkum olunmuş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmü ilə (sədrlik edən hakim X5) xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəlinin 14 aprel 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan bir ədəd ucu əyilməklə xüsusi hazırlanmış qırmızı rəngli plastmas dəstəyi olan vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, eyni zamanda hadisə yerinə keçirilmiş baxış zamanı dükanın videomüşahidə kameralarının yaddaşından götürülmüş 04 ədəd video görüntülərin əks olunduğu 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 04 qutu “İmperial Classic silver”, 01 qutu “İmperial Classic blue”, 01 qutu “Bakı blue”, 04 qutu “Prima deluxe”, 04 qutu “Argo king size” markalı siqaretlər zərərçəkmiş şəxsə təhvil verilməsi, cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlakın müəyyən edilməməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, gecə saatlarında ünvan 2 ünvanının qarşısına gələrək orada bir qədər müşahidə aparıb ətrafdan heç kimin onun hərəkətlərini görmədiyinə tam əmin olduqdan sonra saat 03:21-də həmin ünvandakı hündürmərtəbəli yeni tikilmiş yaşayış binasının alt hissəsində yerləşən «Mir market» dükanının aliminium pəncərəsinə yaxınlaşıb özü ilə əvvəlcədən götürdüyü, ucu əyilməklə xüsusi hazırlanmış vintaçanla pəncərənin qıfılını açaraq dükanın içərisinə qanunsuz daxil olmaqla dükanın saxlanc yeri hesab edilən kassa aparatının içərisindən 100 manat məbləğində nağd pulu və alt hissəsindəki rəflərdən ümumi dəyəri 700 manat 06 qəpik olmaqla hər birinin dəyəri 01 manat 53 qəpik olan 20 ədəd «Classic qalın göy» markalı, hər birinin dəyəri 02 manat olan 16 ədəd “Classic kompackt boz” markalı, hər birinin dəyəri 03 manat 05 qəpik olan 05 ədəd “Camel sarı” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 15 ədəd “Bakı qalın ağ” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 20 ədəd “Argo qalın qırmızı” markalı, dəyəri 01 manat 63 qəpik olan 01 ədəd “Argo qalın göy” markalı, hər birinin dəyəri 01 manat 81 qəpik olan 22 ədəd “Argo nazik qırmızı” markalı, hər birinin dəyəri 01 manat 81 qəpik olan 04 ədəd “Argo nazik ağ” markalı, hər birinin dəyəri 01 manat 99 qəpik olan 18 ədəd “Classic uzun göy” markalı, hər birinin dəyəri 02 manat 53 qəpik olan 18 ədəd “Davudoff boz kompakt” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 10 ədəd “Davudoff nazik ağ” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 16 ədəd “Davudoff sarı nazik” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 21 ədəd “Davudoff uzun ağ” markalı, hər birinin dəyəri 01 manat 53 qəpik olan 18 ədəd “Fine qalın göy” markalı, hər birinin dəyəri 03 manat 06 qəpik olan 10 ədəd “Kent 4 kompact” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 14 ədəd “Kent kompakt ağ göy xet” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 10 ədəd “Kingston qalın boz” markalı, hər birinin dəyəri 01 manat 90 qəpik olan 11 ədəd “Kingston nazik qırmızı” markalı, hər birinin dəyəri 01 manat 90 qəpik olan 22 ədəd “Kingston nazik göy” markalı, hər birinin dəyəri 02 manat 34 qəpik olan 12 ədəd “LD compact göy nyu” markalı, hər birinin dəyəri 02 manat 52 qəpik olan 13 ədəd “LD komp boz” markalı, hər birinin dəyəri 02 manat 16 qəpik olan 18 ədəd “LD nazik mentol” markalı siqaretləri gizli talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 800(səkkiz yüz) manat 06(altı) qəpik məbləğində maddi zərər vurub oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmünün ləğv edilməsi və ona bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmaq olmaz. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməli sübuta yetirilməmişdir. O bildirmişdir ki, həmin ünvanda olmayıbdır. İbtidai araşdırmanın sonunda və məhkəmədə düzgün ifadə vermişdir. Məhkəmədə işə baxılarkən işin bu faktiki halları nəzərə alınmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmünün ləğv edilməsini, barəsində bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş edərək, bildirmişdir ki, bu cinayəti törətməyibdir. İlkin istintaqda qarşısına heç bir sübut göstərə bilmədilər. Ona aid heçnə yoxdur. Cinayət Binəqədidə olub. O isə Yasamalda yaşayır. Binəqədidə cinayət olan günü olmayıbdır. Məhəmə istəsə yoxlaya bilər. Kameralara baxa bilər. Əl izi də yoxdur. Sadəcə əvvəl oğurluqla məhkum olunduğu üçün onun boynuna qoyublar. İfadəyə imza etməyinin və digər istintaq hərəkətlərində iştirak etməyinin səbəbi 2 gün polisin onu döyməsi və təzyiqi olub. Təcridxanada döyülməyini deyibdir. Onu nənəsi saxlayıb. İnternat uşağı olub. Zərərçəkmiş şəxs istintaqın sonunda şikayətçi olmadığını bildirdi. Lakin məhkəmədə şikayətçi olduğunu bildirdi. Halbuki, zərərçəkmiş şəxs onu görməyib. Diskdə olan adamın ona aidiyyəti yoxdur. Şahid əməliyyatçı olub. Polisdə ona zorakılıq olub. Polis onu evə gətirəndə siqareti evinə qoyubdur. Daha ağır ittihamla hədələnirdi və döyülürdü. Ona görə məcbur ifadəyə imza edib. Müdafiə hüququ da pozulub. Yasamalda nənəsinin evində yaşayır. Binəqədidə yaşamayıb. Doğulandan yasamalda qalır. ***-***-**-** onun işlətdiyi nömrə idi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci istansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxlanılmasını xahiş etmiş, əlavə olaraq ifadəsində bildirmişdir ki, səhər marekti açanda, görüb ki, pəncərə aralıdı, siqaret yoxdu. Sahə müvəkkilinə xəbər verib. 100 manat və siqaret götürülmüşdü. 700 manatlıq siqaret götürülmüşdü. Kassanın altında bakı, prima və sair siqaretlər götürülmüşdü. Kassanın üstündəki bahalı və bağlı siqaretlərə əl dəyilməmişdi. İşdə maddi sübut kimi olan siqaretlər mağazadan oğurlanan siqaretlərlə eynidir. Markalar uyğun gəlirdi. Məhkumu mağazaya polislər gətirdi. Məhkum özü mağazada siqareti hardan götürdüyünü göstərdi. Əməliyyatçı viskini götürməyini dedikdə bildirdi ki, götürməyib. Polislər tərəfindən ona yerində yoxlama zamanı təzyiq və istiqamət olmayıb. Məhkumun göstərdiyi kamerada olan görüntülərə uyğun gəlirdi. O, məhkuma deyib ki, niyə oğurluq etmisən. Ona cavabında deyib ki, eləmişəm eləmişəm də, nolasıdır ki. Aşağı polkada Davudov nazik ağ olub. Aşağı polkada Kent kompakt göy olub. Məhkumun evində olmayıb. Polis idarəsində ona siqaretləri göstərdilər. Hamısı yox idi. Çoxu yox idi. Polis idarəsində ona göstərilən torbada onun mağazasında olmayan siqaretlər yox idi, hamısı onun mağazasında olan siqaretlər idi. Sadəcə çoxu yox idi. Ziyanını ödəsinlər, o şikayətçi olmaz. İstintaq zamanı şikayətçi olmasa da deyib ki, oğurlamamışam. Yardım pulunu dedi ki, götürməmişəm. Kameraya baxıb. Maskada idi. Kamerada vidi fasonu oxşayur. Müstəntiq çağıranda orda olan siqaretlər onunku ilə eynidir. Qaimələr var. İstintaqa təqdim edilib. Prima delux olmayıb onda. Müstəntiqə siyahını verib. Qalanını bilmir. Bakı qalın ağ olub. Torbada 14 paçka olardı. 1.90, 2.80 manat qiymətdə olan siqaretlər idi. Kameraya baxıb. Pəncərədən çıxartmaq mümkündür. Kamerada var. Ziyandan heçnə ödənməyib. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X6 verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin əsas dəlili Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir: bu cinayəti törətməmişəm. İlkin istintaqda qarşıma heç bir sübut göstərə bilmədilər. Mənə aid heçnə yoxdur. Cinayət Binəqədidə olub. Mən isə Yasamalda yaşayıram. Binəqədidə cinayət olan günü olmamışam. İstəsəz yoxlaya bilərsiz. Kameralara baxa bilərsiz. Əl izim də yoxdur. Sadəcə əvvəl oğurluqla məhkum olunduğum üçün mənim boynuma qoydular. Məhkəmə tərkibinin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs bildirmişdir: Yasamalda nənəmin evində yaşayıram. Binəqədidə yaşamamışam. Doğulandan yasamalda qalıram. ***-***-**-** mənim işlətdiyim nömrəm idi. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: İfadəyə imza etməyimin və digər istintaq hərəkətlərində iştirak etməyimin səbəbi 2 gün polisin məni döyməsi və təzyiqi olub. Təcridxanada döyülməyimi demişdim. Məni nənəm saxlıyıb. İnternat uşağı olmuşam. Zərərçəkmiş şəxs istintaqın sonunda şikayətçi olmadığını bildirdi. Lakin məhkəmədə şikayətçi olduğunu bildirdi. Halbuki o məni görməyib. Diskdə olan adamın mənə aidiyyəti yoxdur. Polislər arxamızca qaçmağa başladılar. Mən də qaçdım. Mehrabov Talehi tutmağa gəldilər. Amma məni də apardılar. Məndən heçnə soruşmadılar. Evdə siqaret yox idi. Özləri ilə kulok gətirdilər. Şəkillər evimdə çəkilib. Talehin cinayətindən xəbərim olmayıb. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: Şahid əməliyyatçı olub. Polisdə mənə zorakılıq olub. Polis məni evə gətirəndə siqareti evimə qoydular. Daha ağır ittihamla hədələnirdim və döyülürdüm. Ona görə məcbur ifadəyə imza etdim. Müdafiə hüququm da pozulub. Apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: Səhər marketi açırdım. Gördüm ki, pəncərə aralıdı. Gördüm ki, siqaret yoxdu. Sahə müvəkkilinə xəbər verdim. 100 manat və siqaret götürülmüşdü. 700 manatlıq siqaret götürülmüşdü. Kassanın altında bakı, prima və sair siqaretlər götürülmüşdü. Kassanın üstündəki bahalı və bağlı siqaretlərə əl dəyilməmişdi. Məhkəmə tərkibinin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: Maskada idi. Kamerada vidi fasonu oxşuyur. Müstəntiq çağıranda orda olan siqaretlər mənimki ilə eynidir. Qaimələr var. İstintaqa təqdim edilib. Prima delux olmayıb bizdə. Müstəntiqə siyahını vermişik. Qalanını bilmirəm. Bakı qalın ağ olub. Torbada 14 paçka olardı. 1.90, 2.80 manat qiymətdə olan siqaretlər idi. Kameraya baxmışam. Pəncərədən çıxartmaq mümkündür. Kamerada var. Ziyandan heçnə ödənməyib. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: Bəli işdə maddi sübut kimi olan siqaretlər maqazindən oğurlanan siqaretlərlə eynidir. Markalar uyğun gəlirdi. Məhkumu mağazaya polislər gətirdi. Məhkum özü mağazada siqareti hardan götürdüyünü göstərdi. Əməliyyatçı viskini götürməyini dedikdə bildirdi ki, götürməyib. Polislər tərəfindən ona yerində yoxlama zamanı təzyiq və istiqamət olmayıb. Məhkumun göstərdiyi kamerada olan görüntülərə uyğun gəlirdi. Mən məhkuma dedim ki, niyə oğurluq etmisən. Mənə cavabında dedi ki, eləmişəm eləmişəm də, nolasıdır ki. Məhkumun “Mən siqaretin yerini yuxarı göstərəndə, siz dediniz ki, neynirsiz siqaretlər aşağı polkadan götürülüb. Bu yadınızdadır? Elə şey olub?” sualına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: Sən özün dedin ki eləmişəm eləmişəm də, indi niyə deyirsən ki. Bəli, istintaq zamanı şikayətçi olmuşam və ya olmasam da dediniz ki, oğurlamamısız. Mənə bunu dediniz. Yardım pulunu dedi ki götürməmişəm. Kameraya baxmışdım. Müdafiəçinin sualına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: Aşağı polkada Davudov nazik ağ olub. Aşağı polkada Kent kompakt göy olub. Məhkumun evində olmamışam. Polis idarəsində mənə siqaretləri göstərdilər. Hamısı yox idi. Çoxu yox idi. Polis idarəsində mənə göstərilən torbada mənim mağazamda olmayan siqaretlər yox idi, hamısı mənim mağazamda olan siqaretlər idi. Sadəcə çoxu yox idi. Ziyanımı ödəsinlər, mən şikayətçi olmaram. Apellyasiya baxışı zamanı dindirilmiş şahid Binəqədi rayonu, 7-ci polis bölməsində əməliyyatçı vəzifəsində işləmiş Şahid ifadəsində göstərmişdir: Hadisədən sonra məhkumu yaxşı tanıdım. Hadisə olan ərəfədə Binəqədi rayonu, 7-ci polis bölməsində işləyəndə həmin ərazidə silsiləli şəkildə pul və siqaretləri mağazalardan oğurlanırdı. Ona görə bu cinayətləri nəzarətə götürdük. Kamera görüntülərinə baxa-baxa məhkumun Təqsirləndirilən şəxs gecə saat 4-də əlində siqaret yaşadığı evə girdiyini müəyyən etdik. O tək deyildi, iki nəfər idilər. Təqdim etdiyim video diskdə görüntülər var. Barəsində ərazidə yaşayan insanlardan soruşduq. Dedilər ki, evə narkamanlar gəlir. Biz də evə girib onları tutduq. Ev məhkumundu. Dostları evə gəlib-gedirdi. Şəxslər tutulandan sonra oğurluqlar bitdi. 3 nəfər tutduq. Kassa çıxdı. Lakin rəsmiləşdirilmədi. Müstəntiqə demişdim. Məhkum Yasamalda telefon qovşağına yaxın ərazidə yaşayır. Məhkəmə tərkibinin suallarına cavab olaraq, Şahid bildirmişdir: Özü səmimi dedi ki, filan yerə girmişəm. Evdə nə var onu götürmüşük. Mən ancaq siqaretlərin götürülməsi zamanı evdə olmuşam. Evdə alət çox idi. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid bildirmişdir: Evdə çox adam qalırdı. Biz gələndə 3 nəfər var idi. Məhkum evdə idi. Evdə çox şey var idi. Digər 2 nəfər başqa epizodlarla bağlı idi. Market yiyəsi təsdiq etdi. Siqaretləri ümumi yığırdılar bir yerə. Anası ayrı yaşıyır. Zonda yatdığı tanışları ilə yaşayırdı. Həmin vaxtı ev pis gündə idi. Bir-birin telefonun işlədirdilər. Oğurluğa gedəndə üstlərində telefon gəzdirmirdilər. Bunu özləri etiraf edirdilər. Konkret bir nömrə işlətmirdilər. Müdafiəçinin sualına cavab olaraq Şahid bildirmişdir: Oğurlayan kimi sabah satırlar. Özü dedi ki, filan siqaretləri götürmüşəm. Məhkumun sualına cavab olaraq Şahid bildirmişdir: Kamera görüntüləri var təqdim etmişəm. İndiki prosesdə də təqdim etdim. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində telefon danışıqları, sms mətnləri, daxil olan və çıxan zənglərin siyahısının və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) götürülməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə baxdıqda işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsi işi tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş və əhəmiyyət kəsb edən sənədlərin surətləri cinayət işi materiallarına əlavə edilmişdir. Şəxsi işdən surəti çıxarılaraq iş materiallarına əlavə edilmiş aktın surətində göstərilmişdir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən vətəndaş Təqsirləndirilən şəxs MSY-yə gətirilən vaxt onun üstün baxış keçirilmiş, sağ ayağında topuq hissəsində göyərti aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs soruşduqda həmin göyərtinin tutulmazdan əvvəl olduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tutularkən döyülməsi və təzyiqlərə məruz qalması cinayət işi materialları ilə təkzib olunur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahid ifadəsi, baxış və götürmə haqqında protokollar və digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamadır. Eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarına əsasən, məhkəmələr oğurluğa, soyğunçuluq və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdır ki, talama - özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkar və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçi və əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt və ya olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxslərin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarda eyni zamanda göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27ci bənd). Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran hallın (cinayətlərin residivi) olması göstərilərək, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilən cəza müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimal həddinə yaxındır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, apellyasiya şikayətinin təmin edilmədən məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(001)-24/202 saylı hökmü məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən Bakı şəhəri, “Mərkəz” Vəkil bürosunun hesabına ödənilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-789/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-789/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver