Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-796/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi ev 17, mənzil 1-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndiirlən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs, 02 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrində ünvan 1 ünvanında yerləşən ‘'Altun” şadlıq sarayının dəhlizində Zərərçəkmiş şəxs onun qardaşı övladı, həmin şadlıq sarayında ofisiant işləyən Şahid1 guya yaxşı xidmət göstərməməsini bildirib Şahid1 təhqir etməsi və əli ilə vurub sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə əvvəlcə yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çənə bucağının hematoması xəsarətini yetirmiş, daha sonra şadlıq sarayının barından götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmotaraskla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən 01 ədəd, qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin 01 ədəd, sağ sağrının yuxarı iç kvadrantının 01 ədəd yarası, döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarətlərini yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə (sədrlik edən: A.Paşayev), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər öz həllini tapmışdır.
Apellyasiya şikayəti/protesti və dəlilləri:
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Aslan oğlu apellyasiya şikayəti verərək, hökmün dəyişdiirlməsini və təqsirləndiirlən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndiirlən şəxsə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etmiş, baş vermiş cinayət hadisəsini öz ifadəsində dəqiqliklə göstərmiş və zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndiirlən şəxsin məhkumluğu yoxdur və subaydır, cinayəti zərərçəkmişin qeyri-hüquqi hərəkətləri nəticəsində törətmişdir. Hadisə əvvəlcədən planlaşdıılmayıb və hadisələrin təsadüfi axarı zəminində baş vermişdir.
7. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndiirlən şəxs əvvəllər də şəxsiyət əleyhinə xüsusilə ağır və ictimai təhlükəsizlik əleyhinə az ağır cinayət törətməsinə baxmayaraq yenidən şəxsiyyət əleyhinə olan ağır cinayət əməlini törətmişdir. Göstərilən hallar təqsirləndiirlən şəxsin şəxsiyyətini mənfi səciyyələndirir.
Proses iştirakçılarının çıxışları:
8. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi A.Abdurahmanov apellyasiya şikayətini müdafiə edərək, təqsirləndiirlən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya protestini müdafiə edərək, protestin təmin edilməsini və təqsirləndirilən şəxsə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi.
İşin hüquqi məsələləri:
10. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi artırılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
12. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
13. Apellyasiya şikayətində və apellyasiya protestində, həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilən izahatlarda Təqsirləndirilən şəxs və dövlət ittihamçısı əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində hökmün dəyişdirilməsini xahiş etdilər.
14. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.
15. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir.
16. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
17. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.
18. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Verilmiş apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə aldığını qeyd etməklə, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddini müəyyən edərkən onun zərərçəkmiş şəxslə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını, əməlindən səmimi peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəzanın sanksiyada nəzərdə tutulmuş ən aşağı həddində cəza təyin etmişdir.
20. Kollegiya onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmamışdır.
21. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır.
22. Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun barəsində cəzasını yüngülləşdirən halların nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir.
23. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə, yuxarıda göstərilənlərə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
24. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
25. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir.
26. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
27. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər də şəxsiyyət əleyhinə xüsusilə ağır , ictimai təhlükəsizlik əleyhinə az ağır cinayət törətməsinə baxmayaraq, yenidən şəxsiyyət əleyhinə ağır cinayət törətmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinə səbəb olmasa da, onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi dəyərləndirir.
28. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Təqsirləndirilən şəxs münaqişə zəmnində zərərçəkmişə, bir neçə bıçaq zərbəsi vuraraq onun sağlamlığına ağır zərər yetirmişdir. Baş vermiş hadisə zamanı ətrafda insanların da olduğu və zərərçəkmişin də silah qismində hər hansı əşyadan istifadə etməməsi nəzərə alınaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bir neçə bıçaq zərbəsi yetirməsini sonuncunun hücumundan qorunması kimi qəbul etmək olmaz. Qeyd edilən xüsusatlar təqsirləndirilən şəxsin münaqişə zamanı zərərçəkmişin hücümündan qorunmaq, münaqişə zəmnində əsəb gərginliyi keçirməsi nəticəsində və ya apellyasiya şikayətində qeyd edildiyi kimi “hadisələrin təsadüfi axarı zəmnində” əməli törətməsini istisna edir.
29. Məhkəmə kollegiyası qeyd olunanları, eləcə də, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə sonuncunun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi artırılmaqla ağırlaşdırılmalıdır.
30. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.
31. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir.
32. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.
33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməməli, dövlət iddihamçısının apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi artırılmalıdır.
35. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 399.1.5, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısının apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 04 (dörd) il həddində müəyyən olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 saat üçün cəmi 60 (doxsan) manat dövlət büdcəsindən tutularaq, “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev
Hakimlər: İlqar Murquzov
Qədim Babayev