Məhkəmə qərarları › İş №1(103)-797/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-797/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-797/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə və məhkəmə iclasının katibi – X1, qızının iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İş materiallarında olan sənədlərə əsasən, X3 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Məhkəmənin qərarından narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş X3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv olunmasını və hakim Günel Əkbərlinin barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin hakimi onun şikayəti üzrə hazırlıq iclası keçirmədiyi halda, özünü qarşı tərəfin vəkili kimi apararaq 15 aydan sonra xx xxxx 2020-ci ildə elektron qaydada göndərdiyi xx xxxxx 2019-cu il tarixli saxta qərarla şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətinin icraata qəbul edilməsin imtina etmişdir. Həmin qərar Azərbaycan Respubhkasının Konstitusiyasına, Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olduğundan ləğv edilməli və hakimin barəsində xüsusi qərardadla Məhkəmə Hüquq Şurasına müraciət edilməlidir. CPM-in 299.1-ci maddəsinə görə, məhkəmənin hazırlıq iclası, xüsusi ittiham qaydasında şikayətdə irəli sürülən ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə bu maddəyə əsaslansa da, qarşı tərəfinin və vəkilinin iştirakını təmin etməmiş və özü təqsirləndirilən şəxsin vəkili rolunda çıxış etmişdir. Eyni zamanda, məhkəmə şikayətin CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyini əsas tutsa da, qərarının özü bu əsasın saxtalığını sübut edir. Belə ki, xx xxxxxxx 1956cı ildə doğulması, 1-ci dərəcəli Qarabağ əlili olması və təbii ki, adının, soyadının və ata adının şikayətdə göstərilməsi həmin qərarda əks edilmişdir. X5 rayonu Mətbuat prospekti 529-cu məhəllə "Azərbaycan" nəşriyyatında fəaliyyət göstərən "Qazilər" saytında onu təhqir etməsi barədə saytdan çıxarış sübut kimi məhkəməyə təqdim edilmişdir. Məhkəmə əsassız ondan saytın hansı hüquqi şəxsə aid olduğu haqqında sənəd və izləyicilərin sayı barədə arayış tələb edir. Halbuki, bunun şikayətin icraata qəbul edilməsindən imtinaya heç bir aidiyyəti yoxdur. Çünki böhtan və təhqir adi bir kağız parçasında da edilə bilər. İzləyıcilərin sayının və KİV-in hansı hüquqi şəxsə aidliyinin bildirıməməsi təhqir və böhtana görə cinayət təqibindən imtinaya əsas deyil. Vəsatət əsasında məhkəmə sorğu göndərib bunu müəyyən edə bilər. CPM-in 299.9 və 299.10-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin və vəkilinin iştirakı məcbur olsa da məhkəmə bu tələbə də əməl etməmiş və faktiki olaraq özünü tərəf kimi aparmış, bu isə ciddi qanun pozuntusudur və hakimin barəsində tədbir görülməsi üçün əsasdır. Məhkəmə tərəfindən qəbul edilən qərar üç gün ərzində tərəflərə göndərilməli olduğu halda, xx xxxxx 2019-cu il tarixli qərar 15 aydan sonra çoxsaylı şikayətləri nəticəsində elektron qaydada göndərilmiş və bu da göründüyü kimi çıxarılmış qərarın köhnə tarixə saxtalaşdırıldığını sübut edir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş X3 və eyni zamanda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, məhkəmə baxış iclasının onların iştirakları olmadan keçirilməsini mümkün və məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxış iclasının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Qeyd olunan Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs barədə məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret kimlərin ifadələri (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri) ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə xahiş; şikayətin verildiyi tarix (il, ay, gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət vermiş şəxs qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, şikayət vermiş X3 şikayətdə özü barədə məlumatları (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) ümumiyyətlə əks etdirməmişdir. Bundan əlavə verilmiş şikayətdə Üzeyir Cəfərovun xüsusi ittiham qaydasında şikayətin Yasamal rayon Məhkəməsinə baxılmalı olmasına dair məlumatları ("Qazilər" internet portalının hansı hüquqi şəxsə aid olması və onun hüquqi ünvanı) və həmçinin qeyd olunan məqaləni internet saytında izləmiş şəxslərin sayını təsdiq edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, şikayət vermiş X3 xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 ona böhtan atdığını qeyd etsə də, məlumatın hansı hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndinin tərkibinin yaratmasını konkret olaraq verdiyi öz şikayətində konkretləşdirməməklə yanaşı, həmçinin əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması şikayət vermiş şəxsin vəzifəsidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə, həmin Məcəllənin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələri ilə nəzərdə tutulan hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə yanaşı xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Qəsdən və yaxud ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulan əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə qeyd olunan Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin hər birinin sanksiyasına görə, həmin cinayətlər böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid birinci instansiya məhkəməsinə verilir. Şikayətdə göstərilməli: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı və doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü və vəzifəsi); törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kimin tərəfindən törədilməsi (şəxsin soyadı və adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri və konkret hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə və digər sübutlarla təsdiq edildiyi, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə xahiş, şikayətin verildiyi tarix (il, ay, gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətə kütləvi informasiya vasitələrin (internet informasiya ehtiyatların) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatların) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı məlum olmadıqda və yaxud onlar xaricdə qeydiyyata alındıqda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatında) yaymış şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə baxır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin qərarla məhkəmələrə tövsiyyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılarkən, şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələbinə uyğun olub-olmaması yoxlanılmalı və bu tələblərə cavab vermədikdə və həmin Məcəllənin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulan hallar müəyyən edildikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul olunmasından imtina barədə əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlillərini iş materialı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və fikirləri dinləməklə, məhkəmə baxışının keçirilməsindən imtina barədə birinci instansiya məhkəməsinin çıxardığı xx xxxxx 2019-cu il tarixli qərarının nəticə etibarı ilə düzgün olduğunu nəzərə alaraq, həmin qərarla razılaşır və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas olmadığından hesab edir ki, X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəmənin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası qərara alır: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin X2 barəsində olan xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına xüsusi ittiham qaydasında kassasiya şikayəti verilə bilər. Hakimlər:

1. (sədrlik edən) İlqar Murquzov

2. Habil Məmmədov

3. Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar