Məhkəmə qərarları › İş №1(103)-828/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-828/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-828/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1992-ci il tarixdə Lerik rayonu, Sors kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Lerik rayonu, Sors kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CN-nin 68.1.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətə islah işləri cəzası 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza bu hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 26 may 2020-ci il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, 24.05.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində X1 məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,944 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,502 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, qeyd edilən narkotik vasitənin 3,944 qramının 0,514 qramını 26.05.2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şahid6 20 manata, 0,276 qramını isə 26.05.2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Mehriban Qonşular küçəsində Şahid7 10 manata satmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün 26 may 2020-ci il tarixdə saat 21:30-da Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd üzərində “Camera-bag” sözləri həkk olunmuş qara rəngli kiçik əl çantasının içərisində 15 ədəd bükümdə ümumi təmiz çəkisi 3,154 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə heroin, 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,502 qram kristallardan ibarət, kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmdən Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs faktiki olaraq 26 may 2020-ci il tarixində saat 12-13 radələrində polis əməkdaşları tərəfindən qanunsuz olaraq tutularaq polis bölməsinə gətirilmiş, orada fiziki və psixoloji təsirə məruz qaldıqdan sonra, həmin tarixdə formal olaraq şübhəli şəxs qismində yenidən tutulmuş və polis bölməsində axtarış və götürmə aparılarkən müvəkkilinin üzərində olmayan, lakin, video çəkiliş zamanı müvəkkilinin iradəsindən kənar “camera bag” yazısı olan çantanı onun cibinə sonradan yerləşdirərək, guya satış və şəxsi istifadəsi üçün nəzərdə tutduğu narkotik və psixotrop maddələr kimi “aşkar edilərək götürülmüşdür”. Halbuki, müvəkkilinin barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri qanunsuz keçirilmiş və nəticədə guya narkotik vasitələrin satışı ilə məşğul olması təsəvvürü yaradılmasını təmin etmək məqsədilə polis əməkdaşları həmin gün tutularaq Xəzər Rayon Polis İdarəsinə gətirilmiş və hazırda şahid kimi müvəkkilinin əleyhinə ifadə verən Şahid7 və Ağayev Kəmalədin adlı şəxslərin yalançı şahidliyindən istifadə etmişlər. Belə ki, müvəkkili hər iki şahidlə də heç vaxt cinayətkar əlbirlikdə olmamış, həmin şəxsləri ilk dəfə gördüklərini bildirmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elməddin Paşayev tərəfindən 27.05.2020-ci il tarixdə saat 18;05-dən 18:45-dək şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, onun üzərində külli miqdarda heroin və metamfetamin olmamışdır, polis bölməsində ona polis əməkdaşları tərəfindən təzyiq edildiyindən o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demiş, lakin hazırda bildirir ki, o, heç bir narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs “bəli, polis əməkdaşları məni döyüblər, xəsarət yetiriblər və mən məhkəmə-tibbi ekspert müayinəsindən keçmək istəyirəm” bildirsə də, müstəntiq qanunsuz və əsassız olaraq dərhal məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərar qəbul etməmiş və beləliklə də, müvəkkilimin üzrəində olan xəsarət izlərinin dəyişməsi və ya itirilməsinə nail olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan Məhkəmə-tibb ekspertizasının 08 iyul 2020-ci il tarixli, 592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-burnun səthi sıyrılmış yarası, burnun və bel nahiyyəsinin qançırları küt əşya təsirindən törədilmiş və ....sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Xəzər RPİ-nin 3-cü polis bölməsinin əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş 26.05.2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qanunsuz qəbul edilmiş və həmin qərarın qanuniliyi qanunvericiliyin tələblərinə müvafiq qaydada yoxlanılmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyə təqdim etdiyi 28.01.2021-ci il tarixli, 115 saylı məktubdan görünür ki, tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 2018-2020-ci illər ərzində Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması məqsədilə hər hansı material Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz aparılmışdır. Ona görə də əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edilmədiyindən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edilərək yoxlanılmadığından, cinayət təqibi üzrə sübut kimi qəbul edilə və ittihamın əsasını təşkil edə bilməz. Həmçinin Təqsirləndirilən şəxs 26.05.2020-ci il tarixdə saat 21:40 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin gün saat 21:50-dən saat 22:10-dək şübhəli şəxsin tutulması haqqında Protokol tərtib edilmişdir (C/i: İ cild, 98 vərəq). Lakin, şübhəli şəxsin şəxsi axtarışı və götürmə istintaq hərəkəti isə dərhal deyil, məhz həmin gün saat 22:55-dən saat 23:20-dək aparılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş və imzası ilə protokolu təsdiq etmiş, məhkəmə baxışında şahid qismində dinlənilmiş Şahid1, Şahid2 və Şahid3 ziddiyyətli ifadələr verərək müvəkkilinin 26.05.2020-ci il tarixdə günorta saatlarında tutulmasını, onun idarə etdiyi nəqliyyat vasitəsinin olmasını, lakin ona baxış keçirilməməsini, müvəkkilinin üzərindən aşkar olunan narkotik və psixotrop maddələri guya alt paltarının altlnda gizlətdiyi və s. barədə fikirlər bildirmişlər. Həmçinin, istintaq orqanı Təqsirləndirilən şəxsun yaşadığı ünvana, həmçinin istifadəsində olan nəqliyyat vasitəsinə baxış keçirilməsini zəruri hesab etməmişdir və beləliklə də, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hər hansı qanunsuz predmet, mikro tərəzi aşkar edilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Müdafiəçi2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını iddia etmiş və bununla bağlı bir sıra dəlillərə istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Müdafiəçi2 apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası vurgulayır ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, onlar məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Müdafiəçinin şikayətində Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışının təsdiq edilmədiyi iddia olunsa da, elə bir dəlilə istinad edilməmişdir ki, müdafiə tərəfinin həmin iddiasını əsaslandırmış olsun. Sübutları şikayətin həmin iddiası baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, bu sübutlara əsaslanaraq müəyyən olunmuş hallar narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə olunması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixi 2 №-li qərarının 9-cü bəndindəki izahları da nəzərə alır. Həmin bənddə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs bir neçə növ olmaqla narkotik vasitə heroini və psixotrop maddə metamfetamini (külli hesab olunan miqdardan dəfələrlə çox miqdarda 15 ədəd bükümdə narkotik vasitə heroin və kustar üsulla hazırlanmış 6 bükümdə psixotrop maddə metamfetamin) əldə edib xırda bağlamalarda qablaşdırması, istehlakçılar-Şahid6 və Şahid7 satması halları onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasına və daşımasına dəlalət edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı əvvəlki ifadələrini inkar etsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində, ona məxsus qara rəngli kiçik əl çantasında aşkar edilərək götürülmüş 15 ədəd bükümdə narkotik vasitə heroini, 6 ədəd bükümdə psixotrop maddə metamfetamini şəxsi istifadəsi və satmaq məqsədi ilə “Nazim” adlı şəxsdən 300 manata əldə etdiyini göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinin təsdiq olunmadığına dair şikayətin dəlili əsaslı hesab oluna bilməz. Müdafiəçi2 apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “...Təqsirləndirilən şəxs faktiki olaraq 26 may 2020-ci il tarixində saat 12-13 radələrində polis əməkdaşları tərəfindən qanunsuz olaraq tutularaq polis bölməsinə gətirilmiş, orada fiziki və psixoloji təsirə məruz qaldıqdan sonra, həmin tarixdə formal olaraq şübhəli şəxs qismində yenidən tutulmuş və polis bölməsində axtarış və götürmə aparılarkən müvəkkilinin üzərində olmayan, lakin, video çəkiliş zamanı müvəkkilinin iradəsindən kənar “camera bag” yazısı olan çantanı onun cibinə sonradan yerləşdirərək, guya satış və şəxsi istifadəsi üçün nəzərdə tutduğu narkotik və psixotrop maddələr kimi “aşkar edilərək götürülmüşdür...”. Məhkəmə kollegiyası müdafiəçinin şikayətinin bu dəlilləri ilə əlaqədar iş üzrə sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən iddiaları təsdiq olunmur, bunlarla əlaqədar dəlillər hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı təqsirini etiraf etməyərək belə bir ifadə versə də, ibtidai istintaq zamanı verdiyi ifadələrində əməlini etiraf etmiş və ona hər hansı bir təsir və ya təziqin göstərilməsini bildirməmiş, müdafiəçinin iştirakı ilə istintaq zamanı verdiyi ifadələrinin də təsir altında verməsi barədə fikir söylənilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı əməlini etiraf etməməsi və istintaq dövründə ona təsir və təzyiq göstərilməsi, döyülməsi barədə bildirdiklərinə dair aşağıdakılar göstərilmişdir: “...Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, istintaq dövründə ona təsir və təzyiq göstərilib, onu döymüşlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəltməyə çalışmışdır. Belə ki, cinayət işinin 3-cü cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Həsən Əliyevin 08 iyul 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən və eləcə də Təqsirləndirilən şəxs pulunun Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən götürməsi barədə qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış C-249/20 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında bildirmişdir ki, sonuncu dəfə 24.05.2020-ci il tarixində, səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində Nazim adlı şəxsdən 300 manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi və satmaq məqsədilə 15 büküm heroin, 6 büküm isə metamfetamin almış, həmin heroinin bir bükümünü 24.05.2020-ci ildə 20 manata Kəmaləddin adlı şəxsə, 26.05.20-ci ildə isə bir büküm heroini 10 manata Məmməd adlı şəxsə satmış, qalanını isə sonra istifadə etmək və satmaq üçün qara rəngli kiçik əl çantasının içinə qoymuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin digər tərkibinin icraatında olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin sorğusuna əsasən təqdim olunan Nazim Vəliyevin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin məlumatları götürülmüş və həmin mobil məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Nazim Vəliyevin istifadəsində olan ***- ***-**-** mobil nömrəsi arasında mütəmadi olaraq telefon danışıqları və sms yazışmaları aparılmış, həmçinin, sonuncu dəfə 20 may 2020-ci il tarixdə saat 22:48:59-da Təqsirləndirilən şəxs istifadəsində olmuş **********03 nömrəsindən N.Vəliyevin **********01 saylı nömrəsinə “Ay əmi düz qoşda patını” (jarqon dilində narkotik) məzmunlu sms göndərmişdir. İbtidai istintaq dövründə dindirilmiş Şahid6 da eyni ilə bildirmişdir ki, onda olan narkotik vasitə heroini 20 manat müqabilində Südçülük sovxozunda Rafiq adlı şəxsdən almışdır. Həmçinin, Şahid7 da istintaq dövründə heroini 10 manata Rakı adlı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin 3-cü cild 90-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 1(003)- 366/2020 saylı hökmünə əsasən Şahid7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid7 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyi üçün məhkum olunmuşdur. Cinayət işinin 3-cü cild 96- 100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 1(003)-312/2020 saylı hökmünə əsasən Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid6 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyi üçün məhkum olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş 11 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(003)-366/20 saylı hökmü və Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 1(003)- 366/20 saylı hökmləri qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmə xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum Təqsirləndirilən şəxsa münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmənin ittiham hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, cinayət qanunvericiliyində təsbit olunmuş tələblərə riayət edilmiş, Cinayət Məcəlləsinin 59, 61 və 67-ci maddələrinin tələbləri nəzərə alınmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar