Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-828/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bəhram oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1998-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(101)-261/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədova) 25 yanvar 2023-cü il tarixli, 1(101)-261/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın çəkilməsinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesab edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə təyin olunması və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aparılmış vəzifə bölgüsünə əsasən o, başqa şəxsə məxsus külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, başqa şəxs tərəfindən qrupun digər üzvünün vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində naməlum ünvanda 1239,167 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin və 1005,860 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminin əvvəlcədən qoyulması təşkil edildikdən sonra başqa şəxsin tapşırığı ilə 25 aprel 2022-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonunda külli miqdarda, təmiz çəkisi 1239,167 qram miqdarında narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 1005,860 qram olan psixotrop maddə metamfetamini götürüb, yəni qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanına daşımaqla həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, 25 aprel 2022-ci il tarixdə, saat 21:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,804 qram və 6,363 qram, ümumi təmiz çəkisi 9,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 5,860 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 23 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə 1230,0 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 1000,0 qram miqdarında kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Bəhram oğlu apellyasiya şikayəti verərək məhkəmənin hökmü ilə ona təyin edilən cəzanın həddinin çox olduğunu qeyd edib cəzasının yügülləşdirilərək ona daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti ağır həyat şəraitində, evin aylıq kirayə haqqını ödəmək üçün törətdiyini, əməlindən səmimi peşiman olduğunu, nişanlı olmasını, əvvəllər məhkum olmamasını nəzərə alaraq məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlıqan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etsə də, ona sərt və ağır cəza təyin etmişdir. Bunu məhkəmə cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsiaşkar edilmiş narkotik vasitənin vasitənin növü və çəkisinin çoxluğu ilə izah etmişdir. Halbuki, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti təkcə onda aşkar edilmiş narkotik vasitənin növü və çəkisi ilə deyil, həm də və daha çox təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirak dərəcəsi, residiviiyi ilə ölçülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində iştirakı sadəcə “poçtalyonluq etmək”dən ibarət olmuşdur. Məhkəmənin Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin ¾ hissəsi qədər azadlıqdan məhrum etmə növündə cəza verməsi cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaqdan daha çox ədalətsizlikdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 Bəhram oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs ədalətsiz və ağır cəza təyin edildiyini, bu səbəbdən onun cəzasını yüngülləşdirilərək daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(101)-261/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib törətmiş olduğu cinayətin halları haqqında hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla, Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi o, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilərək ona daha az müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşiman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr verməsini, əvvəllər məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların olmadığını qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması , insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanmış cinayət-hüquqi normalarından, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs ona ağır və ədalətsiz cəzanın təyin edilməsi ilə bağlı apellyasiya şikayətində istinad etmiş olduğu dəliləri əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşiman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr verməsini, əvvəllər məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların isə olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin mübahisəsiz hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,804 qram və 6,363 qram, ümumi təmiz çəkisi 9,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 5,860 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadığı ünvan 1 ünvanından isə onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə 1230,0 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 1000,0 qram miqdarında kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan sms mətnlərindən, habelə “Votsap” proqramına baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncuya müxtəlif şəxslər narkotik vasitə və psixotrop maddələrin alqısatqısı barədə ona mesajlar göndərmişlər, həmin mesajlar əsasında mesaj yazan şəxslər “jarqon” dildə Təqsirləndirilən şəxs müraciət edərək müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr almaq istəmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan sms mətnlərindən, habelə “Votsap” proqramında aşkar edilmiş smslər onun narkotik vasitələrin əhali arasında qanunsuz olaraq yayılmasında xüsusi aktivliyinin və fəallığının göstəricisi olmaqla, sonuncudan aşkar edilmiş 1 kq artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin isə milli genefondun pisləşməsinə, insanların sağlamlığının, rifahının və mənəviəxlaqi dəyərlərinin pozulmasına, xüsusi ilə cavan nəslin deqradasıyaya uğramasına və onların intellektual potensialının aşağı düşməsi üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən halların məcmusu, yəni təqsirləndrilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha da yüngülləşdirilməsi, cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı, təklif olunan cəza təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edər. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 25 yanvar 2023-cü il tarixli, 1(101)-261/2023 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsinə dair 25 yanvar 2023-cü il tarixli, 1(101)-261/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-828/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-828/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver