Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-838/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X4 iştirakları ilə, xx xxx 1988-ci tarixdə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum X6 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsi alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,665 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə, saat 22:40 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 39 ünvanında yerləşən “Golden Falcon” otelinin üçüncü İdarəsinin inzibati binasına gətirilmiş, 21 may 2020-ci il tarixdə, saat 01:01 radələrində, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol ön cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,640 və 2,025 qram olmaqla ümumi təmiz çəkisi 3,665 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmü ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdə məhkəmənin məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslandığı qeyd edilsə də, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Cəmalə Zeynalova və Mətanət Şəfiyevanın ifadələrini dost və yaxın münasibətdə olduqları Təqsirləndirilən şəxs müdafiə etmək və onun məsuliyyətdən boyun qaçırmasına şərait yaratmaq məqsədi daşıdığı qeyd edilmişdir. Bundan başqa, hökmdə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Elnur Məmmədov və E.Cəfərovun verdikləri ifadələri də Təqsirləndirilən şəxs və özlərini müdafiə etmək niyyəti ilə verildiyini qeyd edilsə də AR DİN MCMBİ-nin əməkdaşlarının kifayət qədər ziddiyyətli ifadələri və qanuniliyi və əsaslığı kifayət qədər şübhə doğuran, məhz əməliyyat tədbirləri keçirilən gün tərtib edilmiş qərar əsasında əldə edilmiş əməliyyat məlumatının əsaslılığı nədənsə məhkəmədə şübhə doğurmayaraq əsas götürülmüşdür. Məhkəmə heç bir əsas olmadan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin üzərində aşkar olunmaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə qiymət verərkən onun məhkəmədə verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığını qənaətinə gələrək iş üzrə dindirilmiş şahidlərin ibtidai istintaq dövrü verdikləri ifadələri sübut kimi qəbul etmişdir. Cinayət təqibinin hərtərəfli, tam və obyektiv araşdırılması, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillərin mötəbərliyinin yoxlanılması üçün müdafiə tərəfinin verdiyi vəsatətlərin böyük əksəriyyətinin təmin edilməsindən əsassız olaraq imtina etməklə təqsirsizlik prezumpsiyası prinsipini, yəni müvafiq hüququ prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi barədə tələblərini pozmuşdur. Məhkəmə hökmündə əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla kifayət qədər təsdiq edilməmiş, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamaqla, öz hökmündə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmasına baxmayaraq, təqsirləndirilən şəxsin barəsində əsassız və qanunsuz ittiham hökmü çıxarmışdır. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X7 məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmü ləğv edilərək barəsində hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)- 299/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.12.2013-cü il tarixli hökmü ilə 2.800 manat cərimə cəzasına məhkum edilmiş, 10.10.2014-cü il tarixdə Təqsirləndirilən şəxs həmin cəriməni tam şəkildə ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)- 299/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)-299/2021 saylı hökmü Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X9
Məhkəmə qərarları › İş №1(103)-838/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-838/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver