Məhkəmə qərarları › İş №1(103)-839/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-839/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-839/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru- X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmü ilə (hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X3 və X4 ibarət tərkibdə) xx xxxx 1985-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan və barəsində barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni, 15 fevral 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sonuncunun ona bildirdiyi Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat” marketlə üzbəüz parkın içərisində ağacın dibində 6,948 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,827 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 23:00-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanda yerləşən “Şahənşah” restoranının yaxınlığında saxlanılıb oradan ünvan 4 ünvanda yerləşən 5-ci Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli gödəkcənin sağ yan cibindən yarımçıq siqaret qutusunun içərisindən 02 göy rəngli sellofana bükülmüş halda olan təmiz çəkisi 4.827 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 6.948 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və CM-in 79-cu maddəsinin barəsində tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.1985-ci il təvəllüdlü, ailəli, ali təhsilli, əvvəllər məhkumluğu olmayan, himayəsində 3 azyaşlı övladı olan anadır. Övladları hazırda xəstə və yaşlı anasının himayəsindədirlər. Anası ürəyindən əməliyyat keçirib, belindəki yırtıqdan əziyyət çəkir. Anasının maddi və mənəvi sıxıntıları var. Övladlarının ehtiyaclarını qarşılamaqda əziyyət çəkir. Həqiqətən narkotik vasitələrin satışı ilə məşğul olmadığını nəzərə alaraq hökmün ləğv edilməsini və barəsində 79-cu maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Həmin hökmdən Müdafiəçi apellyasiya şikayəti verərək, CPM-nin 405.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla himayəsində yaşlı anasının və 3 (üç) azyaşlı övladının olması CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-488/2024 nömrəli hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından hökm ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilməz. Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən CM-nin 234.1- 1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, hökmün 2-ci səhifəsinin 2-ci abzasında məhkəmədə verdiyi ifadəsi ilə bağlı qeyd olunur ki, “Narkotik vasitələrin satışı ilə bağlı sms mətnləri ona aid olmamış, həmin telefonu onun əri istifadə etmişdir. Hazırda əri həbsdədir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 6 aydan çoxdur ki, narkotik vasitələrdən istifadə etmir”. Hökmdən isə görünür ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini yoxlamamış, gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən həmin faktiki halı araşdırılmamış, müdafiəçinin bu barədə verdiyi şifahi vəsatətinə baxmamışdır. Halbuki, məhkumun təqsirləndirilən şəxs qismində istintaqda və məhkəmədə verdiyi eyni ifadəsi yoxlanılmamışdır. Məlumat üçün bildirmək lazımdır ki, ittihama və “Şəxsi axtarış və götürmə” video-çəkilişinə əsasən təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularkən üzərində iki (“Redmi Note 8” və “Redmi”) mobil telefon olduğu görünür, araşdırma isə yalnız ***-***-**-** nömrə üzrə aparılır. Özü də, həmin nömrənin danışıq və ya sms yazışmaları üzrə müvafiq telefon şirkətindən, adətən olduğu kimi, heç bir sübut toplanılmır, sübutları yalnız həmin nömrənin votsap yazışmaları təşkil edir. Bu halda votsap yazışmalarının onun tutulduğu xx.xx.2023-cü il tarixdə artıq ibtidai araşdırma orqanının nəzarəti altında olduğunu nəzərə alsaq, əməlin yalnız CM-nin 234.1-1-ci maddəsi üzrə açılmasını və bir aydan sonra 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmasını həmin orqan izah etməmişdir. Digər tərəfdən, təqsirləndirilən istintaqda və məhkəmədə verdiyi ifadələrində həmin votsap yazışmalarının ona deyil, əri, hazırda Sumqayıt Ağır Cinayətlər məhkəməsində ittihamına baxılan Mahir Abdullayevə məxsus olduğunu göstərmişdir. ***-***-**-** nömrənin votsap yazışmalarından da məlum ola bilər ki, həmin yazışmalar qadın ilə kişi arasında gedən yazışmalar yox, xüsusilə kişilər arasında yazışmalardır (bu da həmin yazışmaların həqiqətən də onun ərinə məxsusluğunu təsdiq edə bilər). Bundan əlavə, ibtidai araşdırmadan məlum olur ki, həmin yazışmalar iki istiqamətdə yoxlanılıbdır. Birinci istiqamət budur ki, təqsirləndirilən xx.xx.2023cü il tarixdə İran İslam Respublikası vətəndaşına məxsus +**********31 nömrəsilə yazışıb ondan ittihamda göstərildiyi kimi, 6,948 qram heroin və 4,827 qram metafetamin əldə edib daşımış, əməliyyatçılar əməliyyat məlumatı alaraq onu tutmuşlar. İkincisi, ***-***-**-** nömrənin votsapında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək narkotiklərin satışı ilə bağlı yazışmaların aşkar olunmasıdır. Burada isə diqqət edilməlidir ki, həmin tarixlər xx.xx.2023-cü il tarixdə təqsirləndirilənin İran vətəndaşından görüşündən əvvəl olduğunu göstərir. Odur ki, əgər həmin yazışmaların təqsirləndirilənə deyil, onun ərinə məxsus olması təsdiq olunduğu halda, təqsirləndirilənin həmin külli miqdarda narkotiki iranlıdan aldığı halda belə, onun əməli yalnız CM-nin 234.1-1-ci maddəsi üzrə tövsif oluna bilərdi. Digər tərəfdən, ona istinad olunan cinayət əməlinin CM-nin 234.1-1-ci maddəsindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi üçün məhkəmə praktikasına əsasən narkotiklərin xırda bağlamalara bükülməsi üçün avadanlığın və ya tərəzinin olması da iş materiallarında yoxdur. Bundan əlavə, votsap yazışmalarında ***-***-**-** nömrə ilə 051-375¬89-70, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, 055¬611-37-92, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrə sahibləri ilə yazışmalardan da məlum ola bilər ki, həmin şəxslər qadınla deyil, kişi ilə yazışmışlar. Bu baxımdan həmin nömrə sahiblərindən də hər hansı izahat alınmamış, onlar işdə şahid kimi dindirilməmiş, təqsirləndirilənin onlara narkotik satışını göstərməmişlər. Digər tərəfdən, təqsirləndirilənin özünə 2023-cü ilin mart ayında cinayət işi başlanılmışdırsa, əri avqust ayında tutulmuş, hazırda isə cinayət işi Sumqayıt Ağır Cinayətlər məhkəməsində baxılır. Bununla əlaqədar müdafiəçi tərəfindən verilmiş şifahi vəsatət məhkəmədə təmin olunmamış, hökmdə buna münasibət bildirilməmiş, təqsirləndirilənin ***-***-**-** nömrəsi üzrə votsap yazışmalarının kimə məxsus olması araşdırılmamışdır.. Təqsirləndirilən şəxs himayəsində yaşlı anasının və üç sayda azyaşlı övladının olması nəzərə alınmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1 -59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Buna görə də xahiş olunur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində yaşlı anasının və üç sayda övladının olması da Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınsın. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətlərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, Təqsirləndirilən şəxs özünü narkotik vasitənin istifadəsində təqsirli bilməsini nəzərə alaraq, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməklə barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi və CM-in 79-cu maddəsinin tətbiq edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, şikayətlərin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərinin dəlilləri onun törətdiyi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsindən, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsindən və CM-in 79-cu maddəsinin tətbiq edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələr ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, 07 mart 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “şahənşah” restoranının yaxınlığında olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmış və orada üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8” markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun gödəkcə və cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər bükülüdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Narkotik vasitələrin satışı ilə bağlı sms mətnləri ona aid olmamış, həmin telefonu onun əri istifadə etmişdir. Hazırda əri həbsdədir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 6 aydan çoxdur ki, narkotik vasitələrdən istifadə etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən “Şahənşah” restoranının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8” markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun gödəkcə və cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər bükülüdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü İl tarixdə təxminən saat 22 radələrində tanımadığı İran İslam Respublikası vətəndaşından “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 230 manata aldığını və qeyd olunan bükümləri Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat” marketlə üzbəüz parkın içərisində ağacın dibindən götürdüyünü bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. (İş vərəqə 32-34) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 8" markalı mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, iş masası üzərində yerləşən “Whatsapp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus 051-364- 10-05 saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “WhatsApp“ proqramında yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirən zaman “+**********31” saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus 051- ***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda “salam, javab ver, Nermanov parkinda boyuk girisden gir 3cu skamekadan sora isiq direyinin dibinde 5p+5k” bu kimi digər tipli yazışmaların və narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkillərinin göndərilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, qeyd olunmuş mobil nömrənin sahibinin özünü ona İran İslam Respublikasında yaşayan şəxs kimi təqdim etməsini, lakin adını ona bildirməməsini və narkotik maddələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Həmçinin də qeyd olunan mobil telefonun “Foto-Galery” hissəsinə daxil olduqda həmin bölümdə çoxsaylı narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkilləri öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs “5p+5k” dedikdə “p-patı”, “k-yəni kola” nəzərdə tutulduğunu bildirmişdir. (iş vərəqə 105-107) İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan 051-364-1005 saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı barədə "xxxx"MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Təqsirləndirilən şəxs qızfna məxsus olması qeyd olunmuşdur. İkinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif tipli yəni “Kola varındı ate gəlim 10 nuq”, “Kubik lazimdi”, “Men ondermani allmaawdan otru cibimnen pul qoymuwam hunabAllah sahitdi mrn got gunundeyem 10m deyirem mrne deyjrsen mahir udub ne yaxwi ama kaxino oynama w isteden rahatciligla goture bilirsen mahirin puiunan mene alazim deile ama Allah vare gorur sen cetin vezuyetfe olanda men patij olnayanda geceynen byo İ axtarirdime sene pati gojderim.hemin sene 30m yadin pul atim birdefe olsun adini bele cekmemwieem İndi menen 10”, “Axirinci gunumdu ate sabadan stop dyanirame”, “Qaqaw menem ulvi 10luq daw yene lazimdi gelim”, “Bu neçənci dəfədir bela edirsan day axmncı olar hele kolanı sene20 den verdim bu qoyduğun hörmət men senden pul gozduyurem sen telisondurursan olanda çox elamisam day yoxdu kecan defede 10 m qaldi”, “Qaqas salam varindisa yarim götrüm indi alınırsa mene cavab yaz ati" tipli mesajların olması qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. (iş vərəqə 112-113) Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, külli miqdarda törədildikdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, apellyasiya şikayətlərinin əməlin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətlərinin müvafiq dəlillərinə münasibətdə Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan 3 nəfər uşağının olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə, yəni 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın ailə şəraitinə təsirini təhlil etməklə, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan dəlillər onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi və təkrarən uşaqlarının yüngülləşdirən hal kimi nəzərə alınması üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(101)-488/2024 nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar