Məhkəmə qərarları › İş №1(103)-84/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-84/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-84/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Mursaqulov Vaqif Ənvər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3, Məhkum – Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan MR, Babək rayonunun Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli. «BakuNews.Az» adlanan sosial internet saytının təsisçisi və baş direktoru, Naxçıvan MR, Babək rayonunun Cəhri kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində məhkəmənin hökmü ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, «İnfoPlyusTV.Az» adlanan sosial internet saytının təsisçisi və baş redaktoru, ünvan 1 ünvanda qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, barəsində məhkəmənin hökmü ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Təqsirləndirilən şəxs2 onun iş üzrə ibtidai istintaq zamanı müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə, CM-nin 76.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş 3 (üç) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 3 (üç) ay müddətə, Təqsirləndirilən şəxs1 isə onun müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə tələb edib hədə-qorxu gəlmələrinə dair öz aralarında razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2015-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 50 saylı ünvanda yerləşən «Antalya» ailəvi istirahət mərkəzinə gedərək, həmin ailəvi istirahət mərkəzini icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs jurnalist olduqlarını deyib «Antalya» ailəvi istirahət mərkəzinin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi haqqında müxtəlif xəbər portallarında yerləşdirəcəkləri, öz adamlarını göndərib orada gizli çəkilişlər aparacağı, müştərilər arasında söz-söhbətlər salacaqlarını bildirib haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək, bu kimi məlumatları yaymamaq üçün xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2015-ci ilin iyun ayından 2016-cı ilin may ayının sonuna kimi hər ay 400 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş və 2015-ci ilin iyun, iyul və avqust aylarının ortalarında hər dəfəsində 400 (dörd yüz) manat olmaqla üç dəfəyə 3 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 50 saylı ünvanda yerləşən «Antalya» ailəvi istirahət mərkəzində Zərərçəkmiş şəxs ümumilikdə 1200 (bir min iki yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, bundan sonra onlar öz əməllərini davam etdirərək 2015-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs qalan dövrə aylıq 1000 manat pul verəcəyini hədə-qorxu ilə tələb etdikdə, sonuncu həmin tələbi yerinə yetirməkdən imtina etmiş və bu səbəbdən ələ keçirmiş olduqları qeyd edilən məbləğ də daxil olmaqla, ümumilikdə vahid niyyətlə əhatə edilən qəsdlə cəmi 10200 (on min iki yüz) manat xeyli miqdarda pulunu əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayaraq hədə-qorxu ilə tələb etmişlər. Məhkəmənin mübahisələndirilən hökmündən məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və məhkumlar barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilərək onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündən əsas cəzanın müddəti 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinədək azaldılmış və CM-nin 76.3cü maddəsinin tələblərinə uyğun olaraq CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş həmin növdə qəti cəzanın müddəti isə 2 (iki) il 3 (üç) ayadək azaldılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində təqsirliliyi sübuta yetirilmədiyindən CM-nin 182.2.1 və 182.2.4-cü maddələri üzrə onun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi, məhkum Təqsirləndirilən şəxs1 isə kassasiya şikayəti verərək onun əməlində CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini xahiş etmişlər. Qərardan, eləcə də, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə da hər biri ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 dəfələrlə məhkəmə istintaqı zamanı onu bağışlamasını xahiş edərək əməlindən peşman olduğunu bildirdiyi üçün ona inanaraq Bakı Apellyasiya Məhkəməsində yazılı şəkildə Təqsirləndirilən şəxs2 bağışladığını, ondan şikayətçi olmadığını qeyd etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs2 Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətində yalan olan və həqiqətə uyğun olmayan müraciətini oxuduqdan sonra o, fikrini dəyişmiş və hesab edir ki, məhkumun kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsi və onun barəsində yazılanlar böhtan xarakteri daşıyır və buna görə də apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ona təyin edilmiş cəzaları yüngülləşdirmişdir. Eyni mövqedən çıxış edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün heç bir əsas olmadığı halda apellyasiya instansiyası məhkəməsi tam qanunsuz olaraq adı çəkilən məhkum edilmiş şəxs haqqında həmin maddəni tətbiq edərək ona təyin edilmiş cəzanı yüngülləşdirmişdir, baxmayaraq ki, o, törətdiyi əməli etiraf etməyərək səmimi peşmançılıq çəkməsini bildirməmiş və zərərçəkmişə vurulmuş zərəri ödəməmişdir. Şərh olunanlara əsaslanaraq zərərçəkmiş və onun nümayəndəsi ayrıayrılıqda apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Müdafiəçi3 kassasiya şikayətləri təmin edilməmiş və həmin şikayətlərə münasibətdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarla, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətləri təmin edilmiş və həmin şikayətlərə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə həm təqsirli bilindiyi CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, həm də CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli qərarında göstərilən qənaətə gəlinərkən, iş materiallarından və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmə tərəfindən aşağı instansiya məhkəmələrinə edilmiş yalnız qanunun tələblərinə əsaslanan tövsiyələrə uyğun heç bir müstəsna hallar müəyyən edilmədiyi, əksinə iş materialları ilə Təqsirləndirilən şəxs2 cinayət təqibi dövründə heç vaxt ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsini etiraf etmədiyinin, iştirakçılıqla törətdiyi cinayətin açılmasına və həmin cinayətin digər iştirakçısının ifşa edilməsinə kömək göstərmədiyinin, istər cinayətin törədilməsi zamanı, istərsə də bundan sonra onun əməlinin ictimai təhlükələliyini əhəmiyyətli dərəcədə azaldan, o cümlədən zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılmasına yönələn heç bir hərəkət etmədiyinin müəyyən edildiyi və qanunun tələb etdiyi qaydada Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin və nəticədə ona təyin olunmuş cəzaların yüngülləşdirilməsinin apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmadığı göstərilmişdir. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi T.S.Qasımov məhkum edilmiş şəxs və birinci instansiya məhkəməsinin hökmündən şikayət vermiş Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olmasının artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da əksini tapdığını qeyd edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə cinayət işinin materiallarını araşdırıb, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini bir daha müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərində şəxsin barəsində bəraət hökmünün çıxarılması xahiş edilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetməklə, həmin əməllərə görə təqsirli bilinməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini aldığından hazırki apellyasiya araşdırmasının predmeti kimi yalnız məhkuma təyin edilmiş əsas və əlavə cəzanın qanuniliyi və ədalətliliyi hissəsi çıxış edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2104-cü il tarixli hökmü ilə CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş qəsdən cinayətləri törətməkdə təqsirli bilinərək CM-nin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 1 (bir) ayadək artırılmış, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, bu müddət ərzində isə yenidən qəsdən hazırki iş üzrə cinayət əməlini (CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş) törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfındən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaratmışdır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmış cinayətə görə bu Məcəllənın Xüsusı hissəsinin müvafiq maddəsındə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə aldığını qeyd etməklə Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları və cinayətlərin residivi növündə cəzanı ağırlaşdıran halın olmasını əsas tutaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasının minimum həddində 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin MSY-də saxlandığı müddət, yəni cəmi 02 gün yekun cəza müddətinə daxil etməklə ona təyin olunan cəzadan çıxmış və Azərbaycan Respublikası CM-nin 76.3-cü maddəsinə əsasən əvvəlki məhkəmə hökmü üzrə Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan 03 (üç) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad etməni ləğv etmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə çəkilməmiş qalan 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi onun himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran hal kimi isə cinayətin residivinin olmasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş əlavə cəzaya münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən CM-in 46.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da hazırki cinayət işi üzrə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirkar şəxsin şəxsiyyətinə uyğun olmaqla qanuni əsaslarla təyin edilmişdir və həmin cəza ədalətli hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən fərqli olaraq hazırki halda məhkum edilmiş şəxsin anasının xəstə olması və ailədə yeganə qazanc gətirən şəxs olması sonuncunun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə əsas versə də, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən digər halların məcmusu, yəni Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş ağır cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmiş cinayət əməlinin ictimai təhlükəliyinin azaldılması baxımından zərərçəkmiş şəxslə barışığın əldə edilməməsi nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab olunmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Vaqif Mursaqulov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar