Məhkəmə qərarları › İş №1(103)-855/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-855/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-855/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, həbs olunanadək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2ci maddələri ilə məhkum olunmasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.İ.Məmmədovun sədrliyi ilə, T.Q.Hüseynov və F.A.Qəribovdan ibarət tərkibdə) 08 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2və 313cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 05 il müddətinə, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza Cinayət Məcəllənin 306.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılmaqla Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş qəti cəzadan çıxılmaqla, ona 05 (beş) il 03 (üç) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş 05 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq dərhal məhkəmə iclas zalından həbsdən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, onun dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi andan hesablanmış, sınaq müddətində üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumatlar vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon probasiya şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və vəzifəli şəxs olmaqla qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 yanvar 2010-cu ildən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 46 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktoru vəzifəsində işləyərkən, həmin MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 46 məhəllə 558 ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasından vətəndaşlara “Araz-T.İ Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil Tikintisi Haqqında” müqavilələrə görə satılmış mənzilləri yenidən başqa şəxslərə sataraq öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı ələ keçirmək məqsədilə həmin yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsində olan və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili 19 iyun 2010-cu il tarixli müqavilə ilə Şahid5 117.000 manata satıldığını bildiyi halda, binadan mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 qeyd olunan mənzili təqdim etməklə, həmin mənzilin satılmadığını bildirib aldatmaqla qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edib 28 iyul 2012-ci ildə həmin mənzili yenidən 156.000 manata Zərərçəkmiş şəxs1 qanunsuz sataraq və pulu MMC-nin göstərilən ünvanındakı ofisində ondan aldıqdan sonra mənzilin ilkin olaraq cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2012-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil tikintisi haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq etdikdən sonra, Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Sonuncu 2017-ci ilin əvvəllərində özünə məxsus olduğunu hesab etdiyi həmin mənzildə təmir işlərini aparmaq istəyərkən, mənzilin Şahid5 aid olduğunu bildikdən sonra, Təqsirləndirilən şəxs ona binanın mərtəbələrinin dəyişik salınmasını bəhanə gətirərək həmin mənzili səhv nəticəsində satdığını deyib Zərərçəkmiş şəxs1 inandırmaq üçün qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki 09 may 2011-ci il tarixli «Araz-T.İ” Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil tikintisi haqqında» müqavilə ilə Şahid2 89.820 manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ilk olaraq Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə cəmiyyətin göstərilən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-28 iyul 2012-ci il tarixli müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib etməklə, cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edib Zərərçəkmiş şəxs1 təqdim etmiş və onun 156.000 manat külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş və həmçinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 11 fevral 2005-ci il tarixdən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 46 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010-cu ildən direktoru vəzifəsində işləyərkən 7.011.450 manat məbləğində borcun Zərərçəkmiş şəxs2, 261.450 manat məbləğində borcun Zərərçəkmiş şəxs3, 743.900 manat borcun Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli 2(004)-176/2014 saylı qətnaməsinin, 45.000 ABŞ dolları (manatla məzənnəsi 41.301 manat) məbləğində borcun Zərərçəkmiş şəxs9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2016cı il tarixli 2(004)- 1066/2016 saylı qətnaməsinin, 36.000 ABŞ dolları (manatla məzənnəsi 33.040,8 manat) məbləğində borcun Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli 2(004)-1062/2016 saylı qətnaməsinin, 39.600 ABŞ dolları (manatla məzənnəsi 36.344,88 manat) məbləğində borcun Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2(004)-1078/2016 nömrəli qətnaməsinin, 72.600 ABŞ dolları (manatla məzənnəsi 66.632,28 manat) borcun Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli 2(004)-1079/2016 saylı qətnaməsinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3088/2016 saylı 14 noyabr 2016-cı il tarixli qətnaməsinin icra üsulu dəyişdirilib "xxxx" MMCnin üzərinə Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 150.000 manat və Zərərçəkmiş şəxs6 tərəfindən ödənilmiş 175.000 manatın qaytarılması vəzifəsinin qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2018 saylı 20 aprel 2018-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmurun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı 24 oktyabr 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, qətnamələr üzrə borcdan heç bir məbləğdə pul vəsaitini qeyd edilən zərərçəkmiş şəxslərə ödəməməklə, sonunculara maddi ziyan vurmaqla vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərardadını qərəzli olaraq icra etməmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmasını, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə istinad edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəza növünün təyin olunmaqla hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs təyin olunmuş cəza hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cinayət qanunu norması düzgün tətbiq etməmiş, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə görə şərti məhkum etmə tətbiq edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunun mənasına görə şərti məhkum etmə tətbiq edərkən, məhkəmə ilk olaraq cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsin şəxsiyyətini nəzərə almalıdır. Bu norma eyni ilə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da nəzərə alınmalı olmasını təsbit edir. Lakin, məhkəmə bunları əməl etməməklə eyni ilə Cinayət Məcəlləsinin 8.1, 58.1 və 58.3-ci maddələrinin tələblərinə əməl etməmişdir. Təqsirkara təyin edilmiş cəza və ya tətbiq edilən digər cinayət-hüquqi xarakterli tədbirin ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda və bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb edilir, o cümlədən cəzanı yüngülləşdirən hallar elə nəzərə alınmalıdır ki, ona təyin olunmuş cəza və ya tətbiq edilən digər cinayət-hüquqi xarakterli tədbirlə törədilmiş cinayət, onun təhlükəlilik dərəcəsi, əməli törədən şəxsin şəxsiyyəti arasında uyğunsuzluq yaranmasın, yəni Cinayət Məcəlləsinin 58 və 70-ci maddələrinin nəzərdə tutduğu müəyyən (cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilməsi, digər (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın və ya barəsində tətbiq edilmiş imtiyazlı normanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Məhkumun törətdiyi dələduzluq cinayəti ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Lakin, onun zərərçəkmişə qarşı dələduzluq əməlinin ictimai təhlükəliliyinə və xaraterinə görə ağır cinayətlər kateqoriyasına aid olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, həmin əməl nəticəsində Zərərçəkmiş şəxs1 156.000 manat ziyan vurulması və cinayətin 2012-ci ildə baş verməklə 10 il müddət ərzində zərərçəkmişin mülkiyyət hüquqlarının pozulması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs barədə olan cinayət işi üzrə digər 9 zərərçəkmiş olmaqla, onlara dəymiş ziyan ödənilməmiş, heç bir razılaşma əldə olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə hökmünə əsasən, həm də Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinmişdir ki, ”MMC-nin direktoru kimi Zərərçəkmiş şəxs2 7.011.450 manat; Zərərçəkmiş şəxs3 261.450 manat; Zərərçəkmiş şəxs4 743.900 manat; Ehtibar Hüseynova 41.301 manat; Zərərçəkmiş şəxs8 33.040 manat; Zərərçəkmiş şəxs10 36.344 manat; Zərərçəkmiş şəxs7 66.632 manat; Zərərçəkmiş şəxs5 150.000 manat; Zərərçəkmiş şəxs6 175.000 manat borcların ödənilməsinə dair qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməkdən qərəzli olaraq yayınmışdır. Həmin ittiham üzrə zərərçəkmiş şəxslərə ödəniş edilməmiş, razılıq əldə edilməmiş və hətta buna cəhd belə göstərilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilmişdir. Cinayət Məcəlləsinin 306.2-ci maddəsi az ağır cinayətlər sırasına aid olsa da, məhkəmə cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə Təqsirləndirilən şəxs törətdiyi bu cinayətə qarşı münasibətini nəzərə almamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 2014-2016-cı illər aralığında qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələrini uzun müddət və hazırda icra etməkdən qərəzli yayınması, 09 nəfər zərərçəkmişin hüquqlarının pozulması, dövlət adından çıxarılmış aktların kağız üzərində qalması, vətəndaşların hüquqlarının bərpasına dair inamsızlığı ilə nəticələnmiş olur. Eyni ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamların heç birini qəbul etməmiş, özünü təqsirli bilməmiş və peşimançılığını ifadə etməmişdir. Bundan başqa məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi arvadının onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd etmişdir. Məhkəmə işə əlavə edilmiş tibbi sənədlərə əsasən bu nəticəyə gəlmişdir. Həmin sənədlər məhkəmədə tədqiq olunarkən, sənədlərin 2017-ci ilin mart ayına aid olması müəyyən edilmişdir. Məhkəmə onun arvadının faktiki olaraq hər-hansı bir ağır xəstəlikdən əziyyət çəkib-çəkməməsi, müalicəsinin davam etdirilib-etdirilməməsi və hər-hansı şəxsin himayəsinə ehtiyacı olub-olmamasını aydınlaşdırmamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs özünün də müxtəlif xəstəliklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin hansısa ağır xəstəlikdən əziyyət çəkməsi heç bir mötəbər hesab ediləcək sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə evli olması faktını cəzasını yüngülləşdirən hal kimi qeyd etmişdir. Lakin, şəxsin evli və ya subay olması, ailə tərəfindən ona olan münasibət, ailənin həyatındakı rolu kimi hallar şəxsiyyəti xarakterizə edən hallar kimi nəzərə alına bilər, ancaq cəzanı yüngülləşdirən hal kimi hesab edilməsi cəzanı yüngülləşdirən halların süni artırmaq cəhdindən başqa bir şey deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi əsassızdır. Bundan əlavə cəza təklifi zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nisbətdə bu Məcəllənin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini təklif edildikdə, təklif nəzərə alınmamış və bununla da, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, həmin cinayət əməlini "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə, yəni malik olduğu vəzifənin ona verdiyi imtiyazlardan istifadə etməklə törətmişdir. Göstərilənləri və qeyd edilənləri nəzərə alaraq, həmin maddə ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını, hökmün ləğv olunmasını və müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə çıxarılmış, məhkəmənin müəyyən etdiyi və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair əsassız ittiham hökmü çıxarılmışdır. İstintaqda toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, müdafiə etdiyi şəxsə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməmiş və heç kimə qarşı dələduzluq etməməsini, aldatmamasını və pulunu ələ keçirməməsini bildirmişdir. Cinayət işinin materiallarında ifadəsində göstərdiyi xüsusatları təkzib edəcək heç bir mötəbər sübut mövcud deyildir. Toplanılmış sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı heç bir dələduzluq cinayəti törədilməmişdir. Zərərçəkmiş şəxs1 mənzil satılarkən və pul ödənilərkən Təqsirləndirilən şəxs pulu öz mülkiyyətinə keçirməsi və ya əvvəlcədən belə bir niyyətinin olması ilə bağlı heç bir sübut mövcud deyil və işin halları da bu faktın əksini təsdiq edir. Bu fakt açıq-aşkar iş materialları və sübutlarla təsdiq edilməsinə baxmayaraq əsassız olaraq ona Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddəsi ilə İttiham irəli sürülmüşdür. Bundan əlavə, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə irəli sürülmüş ittiham üzrə iş materiallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkkəmə qətnamələrinə əsasən müəyyən öhdəliklərin icra edilməsi "xxxx" MMC-yə həvalə edilmiş və yaxud pul məbləğinin MMC-dən alınması qət edilmişdir. Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini üzrsüz səbəbdən müəyyən edilən müddətdə icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Lakin qətnamələrdən və bu qətnamələrin icrası üçün verilmiş icra vərəqində, eləcə də icraya başlamaq barədə icra məmurunun qərarında borclu kimi "xxxx" MMC göstərilmişdir. İş üzrə irəli sürülmüş ittihamda məhz hansı normativ akta əsasən MMC-nin cavabdeh olduğu qətnamənin icra edilməməsinə görə həmin hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs mülki və cinayət məsuliyyəti daşımalı olması, hansı hərəkətləri ilə qətnamənin icrasına mane olması göstərilməmiş və əsaslandırılmamışdır. Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmü, qərardadı, qərarını və ya əmrini qərəzli icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə, eyni əməlləri vəzifəli şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Qeyd edilən maddə ilə ittiham irəli sürülməsi üçün ən azından onun hansı hərəkətləri ilə qanuni qüvvəli məhkəmə qətnaməsinin icrasına maneçilik törətməsi konkret göstərilməli, ən azından istintaq hərəkətləri həyata keçirməklə MMC-nin balansında və istifadəsində hansı əmlakların və bank hesablarının olması, hesablarda pul vəsaiti, aktivlərinin mövcud olub-olmaması müəyyən edilməli, məhkəmə qətnamələri ilə qeyd edilən öhdəliklərin direktor Təqsirləndirilən şəxs dövründə və ya ondan əvvəlki direktorun vaxtında əmələ gəlməsi kimi mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmalı olduğu halda araşdırılmamışdır. İttihamda sadalanan Yasamal Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən edilir ki, qeyd edilən öhdəliklər Təqsirləndirilən şəxs əvvəl direktor X1 dövründə əmələ gəlmişdir. Yasamal Rayon Məhkəməsində baxılan mülki işlərin bəziləri üzrə əvvəl direktor işləmiş Qərib Balakişiyev məhkəmədə şahid qismində dindirilmiş və qeyd edilən öhdəliklərin onun direktor olduğu dövrdə yaranması ilə bağlı izahat vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs məlumatı və heç şahidi olmadığı bir öhdəliklər üzrə məsuliyyət daşıması və onun üzərinə belə bir ağır məsuliyyətin qoyulması tam əsassız və qanunsuzdur. Ümumiyyətlə qanunvericiliyin tələbinə əsasən, aylıq 400-500 manat əmək haqqı müqabilində işləmiş direktor MMC-nin milyonlarla müəyyən edilmiş öhdəlikləri üçün məsuliyyət daşımır və bu adi məntiqə də uyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2ci maddəsi ilə əməli törətməsini yalnız onunla əsaslandırmışdır ki, cinayət işi üzrə çıxış edən digər zərərçəkmişlər mülki mühakimə icraatı qaydasında onlarla "xxxx" MMC arasında daşınmaz əmlak alınması ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı səlahiyyətli məhkəmələrə müraciət etmişlər və onların xeyrinə məhkəmə qətnamələri çıxarılmış, həmin qətnamələr qanuni qüvvəsini alaraq icraya yönəldilmişlər. Bununla, məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətləri var. Bundan əlavə, preyudisial əhəmiyyətə malik olan və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qətnamələrinə əsasən, digər bütün zərərçəkmiş şəxslər pozulan hüquqlarının bərpası məqsədi ilə Təqsirləndirilən şəxs qarşı deyil, məhz "xxxx" MMC-yə qarşı iddia tələbi irəli sürmüşlər və məhkəmə qətnamələri ilə zərərçəkmişlərin mənafeləri məhz MMC hesabına təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında iki müstəqil subyekt çıxış etmiş, iddiaçı kimi zərərçəkmişlər, cavabdeh kimi hüquqi şəxs "xxxx" MMC. İcraya yönəlmiş qətnamələr əsasında icraatı başlanmış icra işlərində də iki subyekt çıxış etmiş, tələbkar kimi zərərçəkmiş şəxslər, borclu kimi isə "xxxx" MMC. Məhkəmə qətnamələrinin icrası qaydasında zərərçəkmiş şəxslər qarşısında borclu kimi hazırki iş üzrə Qazaxlı deyil, məhz "xxxx" MMC çıxış etmişdir. Belə olan halda, məhkəmə qətnamələrinin şəxsən Təqsirləndirilən şəxs tərəfindən icrası, o cümlədən məcburi icrası mümkün deyil. Bu kimi əhəmiyyət kəsb edən halı məhkəmə nəzərə almamışdır. Bundan əlavə, qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən açıq-aşkar görünür ki, iddiaçı kimi çıxış edən və hazırki iş üzrə məcburən zərərçəkmişlərə çevrilmiş şəxslər müstəqil subyekt kimi çıxış edən “Araz-T.F’ MMC ilə mülki hüquq münasibətlərinə hələ Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru təyin edilməmişdən əvvəl daxil olaraq almaq istədikləri daşınmaz əmlakların dəyərini hüquqi şəxsin rəhbəri Ələsgər Ömərova ödəmişlər, yəni qeyd edilən zərərçəkmişlərlə Təqsirləndirilən şəxs arasında mülki hüquq münasibətləri yaranmamış, onlar Təqsirləndirilən şəxs pul verməmiş və sonuncu zərərçəkmiş şəxslər qarşısında hər hansı öhdəlik götürməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz halları olsa da, məhkəmə həmin hallara düzgün hüquqi qiymət verilməmişdir. Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəliklərinə görə cavabdeh deyil. Məhkəmə isə bunları nəzərə almamış və əsassız olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət əməlini törətməsi barədə hökm çıxarılmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs heç bir təqsiri olmadan və faktiki törətmədiyi əməllərə görə təqsirli bilinməklə məhkum edilməsi ilə onun azadlıq və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İlqar Murquzov, hakimlər Həsən Əhmədov və Habil Məmmədovdan ibarət tərkibdə) 16 sentyabr 2021-ci il tarixli, 1(103)-587/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CMin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 1(102)-254/2022 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Hazırki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya protestini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmasını, habelə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə istinad edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəza növünün təyin olunmaqla hökmün dəyişdirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hazırki apellyasiya icraatı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iş üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum olunmasına aid hissədə ləğv edilməsini və ona həmin maddə ilə bəraət verilməsini, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyinə və göstərişlərinə uyğun olaraq iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, cəlb edilmiş şahid ifadələrinə, icra işinin materiallarını icra qurumundan tələb edib öyrənərək, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı tədqiq olunan həmin sübutlar toplusuna məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün həmin maddə ilə ona bəraət verilməli, Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əsas və əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli, 1(102)-254/2022 nömrəli qərarında kassasiya məhkəməsi belə yekun nəticəyə gəlmişdir ki, məhkum Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi işdə olan sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyinə uyğun olaraq bu hissədə araşdırma aparmır. Bununla belə, kassasiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasını əsaslandırılmamış hesab etmiş və aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməl qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsindən ibarətdir. Göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır və qərəzlilik həmin cinayət tərkibinin zəruri əlamətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda göstərilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Hazırki apellyasiya icraatı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC-nin təsisçisi Ələsgər Ömərov olmuşdur. O isə "xxxx" MMC-də formal olaraq direktor işləmişdir. MMC-də mənzillərin alqı-satqısı və maliyyə məsələləri ilə Ələsgər Ömərov, onun qayını Araz məşğul olmuşdur. Bütün problemlər Ələsgər Ömərov öldükdən sonra aşkar olunmuş və Ələsgər Ömərov öldükdən sonra Ələsgərin çoxlu borcu qalmışdır. Belə olan halda, zərərçəkmiş şəxslər pullarını direktor kimi ondan tələb etməyə başlamışlar. Hazırda qətnamələrin icrasından yayınmır və belə bir niyyəti yoxdur. Sadəcə olaraq nə özünün şəxsi imkanı və ya əmlakı yoxdur, nə də ki direktoru olduğu "xxxx" MMC-nin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və ya bank hesabında pul vəsaiti yoxdur. Hazırda özünün ürək xəstəliyindən əziyyət çəkməsini, arvadının isə xərçəng xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ona irəli sürülmüş mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, Ömərov Ələsgəri 2004-cü ildən tanımış, həmin vaxt Ələsgər Ömərov tikinti şirkətlərinin birini işlətmiş, Ələsgərin yanında olmuş və tapşırıqlarını yerinə yetirmişdir. 2010-cu ildə Ələsgər Ömərov "xxxx" MMC-nin təsisçisi olmuş, MMC tikinti ilə məşğul olmuş, Ələsgər "xxxx" MMC-nin təsisçisi olduqdan sonra onu yanına çağırmış və MMC-də direktor təyin etmişdir. Lakin, direktor olsa da, bütün işləri Ələsgər Ömərov özü həll etmiş, hətta MMC-in möhürü həmişə Ələsgər Ömərovun özündə olmuş, MMC-lə bağlı sənədləri Ələsgər Ömərovun tapşırığı ilə imzalamış və sənədlərə möhürü şəxsən Ələsgər Ömərov vurmuş, X18 adlı qaynını MMC-də mənzillərin alqı-satqısı ilə məşğul olmaq üçün təyin etmişdir. Mənzil almaq istəyən şəxslərlə Ələsgərin qaynı Araz görüşmüş, mənzilləri müştərilərə Araz göstərmiş və mənzillərlə bağlı bütün danışıqları şəxsən Araz aparmış, Arazla müştərilər arasında razılıq əldə edildikdə müqavilələr hazırlanmış və direktor kimi həmin müqavilələri imzalamışdır. "xxxx" MMC-də formal direktor kimi işləmiş, direktor olduğu dövrdə heç kimlə danışıq aparmamış və heç bir müqaviləni imzalamamış, hər hansı bir müştəridən pul almışdır. Zərərçəkmiş şəxs1 2012-ci ildə tanımış, sonuncu 2010-cu ildə Ələsgər Ömərova 8 faizlə borca pul vermişdir. X7 hansı məbləğdə borca pul verdiyini bilməmişdir. Xuramanın Həbib adlı əri olmuş, Həbibin iki arvadı olmuş, Həbib və onun iki arvadı faiz işi ilə məşğul olmuşlar. Həbibin bir arvadının adı Mehriban, digərinin adı Xuraman olmuş, Ələsgər Həbibgildən və digər şəxslərdən aldığı borc hesabına bina tikdirmiş və sonra binadakı satışdan öz borclarını qaytarmışdır. 2012-ci ilin əvvəlində Xuraman Ələsgərin yanına gələrək borca verdiyi pulu tələb etmiş, sonra Ələsgər onu özünə məxsus “Aysel” adlı kafeyə çağıraraq bildirmişdir ki, Xuraman onu bezdirmiş, borca verdiyi pullar yığılmış və qaytara bilmir. Ələsgərdən Xuraman barədə soruşduqda, Ələsgər ona demişdir ki, “mənə borc verib, mən də indi qaytara bilmirəm. Ona görə Xuraman məni tutdurmaq istəyir”. X10 bir daha danışıb 2012-ci ilin aprel ayınadək yaranmış borcu ödəyəcəyini bildirmişdir. Sonra Ələsgər rəhmətə getmişdir. Ələsgər öldükdən sonra Ələsgərin qardaşı İsmayıl Ömərov onları Ələsgərin evinə çağırmış və borclu olduqları şəxslərin siyahısını çıxarıb onlara göstərmiş, həmin siyahıda Zərərçəkmiş şəxs1 adı olmuşdur. X8 borcunun ödənilməsinin lazım olduğunu bildirmişdir. Həmin vaxt "xxxx" MMC-nin Yasamal rayonu H.Cavid prospektində tikdirdiyi binada Rəhim adlı şəxsin iki evi olmuşdur. İsmayıl Ələsgərin bacanağından Rəhimin nömrəsini alaraq zəng edib görüşmək istədiyini demiş, sonra X11 adına olan iki mənzildən birini Xuramanın borcu müqabilində sonuncuya verilməsinin lazım olduğunu bildirmişdir. İsmayılın qohumu Alim Rəhimlə danışmış və razılığa əsasən Rəhimə məxsus bir ev Xuramanın borcu müqabilində ona verilmişdir. Bunun əsasında Xuramanın adına müqavilə bağlanmış və Xuramanın yaşadığı evdə həmin müqavilə Xuramana verilmişdir. X19 aid müqavilədə mənzilin nömrəsini səhv yazmışdır. Onun yadında qaldığına görə Araz mənzilin nömrəsini 82 əvəzinə səhv olaraq 86 nömrəli mənzil kimi yazmışdır. Sonradan məlum olmuşdur ki, Ələsgərin Xuramana 156.000 manat borcu qalmışdır. 156.000 manat əvəzində X12 Hacıyevaya Rəhimə məxsus mənzilin birini vermişdir. İsmayıl Ömərov onun başına oyun açmış, Xuramanı şəxsən tanımamış, ondan heç vaxt pul almamış və heç bir mənzili verməyi öhdəsinə götürməmişdir. Onu bu “oyuna” İsmayıl Ömərov salmışdır. X9 danışaraq demişdir ki, “get pulu Ramizdən al”. Ona görə Xuraman ondan pulu tələb etməyə başlamışdır. Xuraman məhz İsmayılın dediyinə görə həmin pulu ondan tələb etmişdir. Xuramanın 156.000 manatına onun aiddiyatı olmamışdır. Onun Xuramanla heç bir münasibəti olmamışdır. Xuramana mənzil verilməsi ilə bağlı müqaviləni məhz İsmayıl Ömərovun göstərişi əsasında imzalamış, formal direktor olduğu və Xuramandan pul almadığı halda bununla bağlı müqaviləni imzalamaqda özünü təqsirli hesab etmiş, heç kimlə müqavilə bağlamamış və heç bir müştəri ilə görüşməmişdir. Məhkəmə qətnamələri ilə "xxxx" MMC-dən zərərçəkmişlərin xeyrinə pulun tutulması qət edilmiş, həmin qətnamələr üzrə borclu kimi çıxış etməmişdir. İbtidai istintaq orqanı əsassız olaraq onu məsuliyyətə cəlb edib Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri üzrə ittiham irəli sürmüşdür. Həmin maddələr üzrə özünü təqsirli bilmir. Bütün məsələlər Ələsgər Ömərov öldükdən sonra yaranmış, Ələsgər Ömərov öldükdən sonra Ələsgərin çoxlu borcu qalmışdır. Ona görə Ələsgərin qardaşı İsmayıl Ömərov onu çağıraraq borcların qaytarılmasını tələb etmiş, İsmayıl Ömərov qardaşı Ələsgərin borclarını onun üstünə yıxmışdır. Onun heç bir zərərçəkmişlə münasibəti olmamış, zərərçəkmiş şəxslərdən heç bir məbləğdə pul almamışdır. X14 öldükdən sonra pullarını Ələsgərin qardaşı İsmayıldan ala bilməmişlər. Bundan sonra həmin şəxslər ondan öz pullarını tələb etməyə başlamışlar. Məhkəmədə bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyan onun ailə üzvü tərəfindən tam şəkildə ödənilmiş, nəticədə zərərçəkmiş onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İfadəsində göstərilənlərin nəzərə alınması və Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə ona bəraət verilməsini xahiş edir. Apellyasiya icraatı zamanı dindirilmiş icra məmuru X5 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olmuş, borclu "xxxx" MMC-nin icra işi ilə bağlı onun mülkiyyətində hər hansı əmlakın, bank hesabında pul vəsaitinin və ya digər gəlir mənbəyinin müəyyən olunması üçün zəruri bütün dövlət qurumlarına, o cümlədən Əmlak Komitəsinə, Milli Depozit Mərkəzinə və digər banklara, X20 müvafiq sorğular verilmiş, lakin "xxxx" MMC-nin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və bank hesabında pul vəsaiti aşkar olunmamışdır. Ona görə də "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs məhkəmə qərarlarını icra edə bilməmişdir. Bununla belə, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə, habelə bununla bağlı tələbkarların davamlı müraciətlərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində ilk öncə inzibati xəta haqqında icraat başlanılmış, daha sonra isə cinayət təqibinin başlanılması üçün istintaq idarəsinə təqdimat verilmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 17/72-40989/18 nömrəli məktubdan və Bakı şəhəri Probasiya İdarəsindən götürülmüş icra işindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində həqiqətən tələbin yönəldilə biləcəyi əmlak və bank hesabında pul vəsaiti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin icrası qaydasında zərərçəkmiş şəxslərin qarşısında borclu kimi Təqsirləndirilən şəxs deyil, məhz "xxxx" MMC çıxış etmişdir. Belə olan halda məhkəmə qətnamələrinin icrasını şəxsən Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi, o cümlədən məcburi icrası mümkün deyildir. Eyni zamanda, cinayət işinin materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən açıq-aşkar görünür ki, mənafeləri qorunmuş digər zərərçəkmiş şəxslər (Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə) müstəqil subyekti kimi çıxış edən "xxxx" MMC ilə mülki hüquq münasibətlərinə hələ Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru təyin edilməmişdən əvvəl daxil olmuşlar və almaq istədikləri daşınmaz əmlakların dəyərini həmin hüquqi şəxsə ödəmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsi ilə bağlı cinayət işlərinə baxarkən məhkəmələr qarşısında qoyulan vəzifələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yanaşmaları həmçinin eynilik təşkil edir. Belə ki, “Kərimov və Qeyriləri Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs 11 fevral 2005-ci il tarixdən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 46 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010-cu ildən direktoru vəzifəsində işləmişdir. O, həmin ərəfədə işləyərkən borcun ödənilməsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Cinayət məsuliyyətinə isə "xxxx" MMC deyil, onun direktoru Təqsirləndirilən şəxs cəlb edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmə qətnamələrini icra etmək imkanına malik olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, belə olan halda borclu olan "xxxx" MMC-nin direktoru olan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə nəticəyə gəlmək üçün ilk-öncə onun rəhbərlik etdiyi cəmiyyətin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsi üçün müvafiq imkana malik olub-olmaması, yəni cəmiyyətdə pulun, əmlakın və ya digər aktivlərin mövcud olması müəyyən edilməlidir. Lakin həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı borculu hesab edilən "xxxx" MMC-nin direktorunun qərəzliliyinin nədə olması heç araşdırılmamışdır. Belə olan halda, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirməyə dair işlərdə “qərəzli” əlamətinin işin konkret hallarına uyğun olaraq müəyyən edilməsi haqda göstərişinə və Avropa Məhkəməsinin məhkəmə baxışının ədalətliliyinin təmin edilməsinə dair tövsiyələrinə, istərsə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə riayət edilməməsi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ədalətli məhkəmə araşdırmasına hüququnun lazımi səviyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası həm hazırki apellyasiya icraatının nəticələrinə uyğun olaraq, həm Ali Məhkəmənin mövqeyinə əsaslanıb məhkəmə aktlarının icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin direktoru qismində Təqsirləndirilən şəxs əməllərində və davranışlarında hər hansı “qərəzliyinin” müəyyən olunmamasını, borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşdüyünü, icra etməmənin "xxxx" MMC-nin maddi imkansızlığı ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru qismində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə olan ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə həmin ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.2ci maddəsi ilə bəraət verilməlidir. Kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun əməlində cinayət tərkibinin olmadığını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməlidir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirliliyi öz təsdiqini tapdığından, ona həmin maddələrlə təyin ediləcək cəza məsələsi də müzakirə olunub həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq edilmiş, lakin sonradan apellyasiya baxışı zamanı apellyasiya protesti təmin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi hökmdən xaric edilmişdir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi hökmdən xaric edərkən apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə Zərərçəkmiş şəxs1 mülkiyyət hüququnun uzun müddət pozulmasını, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.2-ci maddəsi üzrə zərərçəkmiş şəxslərə ziyanın tam ödəməməsini nəzərə alıb, habelə birinci instansiya məhkəməsi tərəfindən məhkumun ailə vəziyyətinin tam araşdırmadan yüngülləşdirici hal qismində nəzərə alınması səbəbindən birinci instansiya məhkəməsinin məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi əsaslı hesab etməmişdir. Belə ki, apelyasiya məhkəməsi məhkumun həyat yoldaşının xəstəliyi barədə sənədlərin tarixlərinin cinayət işi üzrə icraatdan əvvəlki dövrə aid olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin sənədlərlə təsdiq olunan halların cinayət işi üzrə ibtidai istintaq və məhkəmə icraatı zamanı mövcud olmasını yoxlamadan onları yüngülləşdirən hal qismində nəzərə almasını əsassız hesab etmişdir. Bununla bağlı Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin belə yanaşmasını əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsi barədə tibbi sənədlər təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sənədə əsasən məhkumun ailə vəziyyətini cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Xəstəlik haqqında çıxarışa əsasən, onun həyat yoldaşı X6 onkoloji xəstəlikdən uzun müddət əziyyət çəkir. Bakı İstintaq Təcridxanasının 17 sentyabr 2020-ci il tarixli 17/387288 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində müayinələrə cəlb edilmiş və müayinələrin nəticəsi olaraq ona “Aorta-şuntlama cərrahiyyə əməliyyatından sonrakı qalıq əlaməti” və “Şəkərli diabet İİ tip insulin tələbsiz” diaqnozları qoyulmuşdur (c-3, i.v. 207-208; c-4, i.v. 183). Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu qanunun mənasına görə şərti məhkum etmə tətbiq edərkən və məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarkən məhkəmə ilk növbədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almalıdır. Cinayət Məcəlləsinin 70-ci maddəsi təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədədir və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərdə tutur. Bu norma həmçinin şərti məhkum etmə tətbiq edilərkən göstərilən hallarla bərabər cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da nəzərə alınmalı olmasını təsbitləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Yəni, məhkumun əməlini etiraf etməsi onun islah olunmağa meylli olmaqla artıq onda formalaşmış qanuna itaətin göstəricisidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar:1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbin olmamasını, təqsirləndirilən Təqsirləndirilən şəxs həyat yoldaşının uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkməsini, özünün 60 yaşı olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, o cümlədən “Aorta-şuntlama cərrahiyyə əməliyyatından sonrakı qalıq əlaməti” və “Şəkərli diabet İİ-ci tip insulin tələbsiz” diaqnozları ilə Bakı İstintaq Təcridxanasında müalicə olunmasını, ali təhsilli olmaqla, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların toplusunu nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilib həmin cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətib edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək və 16 sentyabr 2021-ci il tarixdən 07 iyun 2022-ci il tarixədək cəmi 01 il 11 ay 07 gün müddətinə həbsdə olmuş və cəza çəkmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə Plenumun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 25-ci bəndinə əlavə edilmiş 5-ci abzasa əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələri və Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair" 14 noyabr 2011- ci il tarixli qərarına əsaslnaraq, həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, məhkəmə şəxsin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab etdikdə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə istinad olunmaqla əlavə cəzanın təyin edilməsi barədə apellyasiya protestinin dəlilləri əsaslı olmaqla həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət əməlinin törədildiyi gündən iki il müddət keçdikdə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan ittihamla bağlı qeyd edilməlidir ki, onun tərəfindən həmin cinayət əməli 2017-ci ildə törədildiyindən, cinayətin böyük ictimai təhlükə törətməyən cinayət sırasına aid edildiyindən və cinayətin törədildiyi gündən cinayət məsuliyyətinə cəlb olunması üçün iki il müddət artıq keçmişdir. İş üzrə ekspertiza xərci olan 341,52 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2ci maddələri ilə məhkum olunmasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, cinayət məcsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cəza təyin edilməsin, Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti tətbiq edilsin və 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Sınaq və əlavə cəzanın müddətinin əvvəli hazırki hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarətin hayata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 341,52 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar