Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-869/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Әkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X6, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lider Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 1984-cü il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılmaqla, əsas cəzası 8 il müddətə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmiş; xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-520/2020 saylı hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ә.Məcidovun sədrliyi ilə, Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli, 1(101)-520/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış. barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübut və ekspertiza xərci məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda 348,509 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 37,655 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı Şabran şəhəri, Ә.Vahid küçəsi, 25 saylı ünvanda yerləşən şəxsi yaşayış evinə qanunsuz daşıyıb, həmin narkotik vasitə heroin və psixotrop maddənin bir hissəsini, yəni, külli miqdarda 334,327 qram heroini 17 bükümdə, 32,994 qram psixotrop maddə metamfetamini 3 ədəd bükümdə bir ədəd plasmas qabda gizlədərək satış məqsədilə saxlamış, həmin narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4, 656 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qram olan narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qram psixotrop maddə metamfetamini üzərində gəzdirməklə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısına üzərində həmin narkotik vasitə və psixotrop maddələri qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib üzərində gəzdirməklə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4,656 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan külli miqdarda cəmi – 14,182 qram narkotik vasitə heroin və 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda 4,661 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 saylı ünvanda həyatyanı sahəsinə baxış keçirilərkən onun satış məqsədilə əldə edib həyatyanı sahəsində çınqıl torpağın altında gizlədilərək saxlanılmış, bir ədəd plasmas qabda xarici görünüşünə və kimyəvi tərkibinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən külli miqdarda 334,327 qram çəkidə 17 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və külli miqdarda 32,994 qram çəkidə 03 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli, 1(101)-520/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək hökmün dəyişdirib məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilməklə minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisidir. Narkotik vasitəni "Odnoklasnik" saytından tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 5000 manata almış və aparıb evində həyətyanı sahədə torpağın altında gizlətmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və "Veleton" ticarət mərkəzinin yanında DİN-nin Baş X1 İdarəsinin Әməkdaşları tərəfindən saxlanılmış və üzərində ona narkotik maddəni təqdim edərək özü istifadə etdiyini bildirmiş və evdə həyətdə basdırdığı narkotik maddə barədə məlumat vermişdir. O, İran İslam Respublikasının vətəndaşı Davud adlı şəxsi tanımır və istintaqda yalan ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilən DİN BMCMİ-nin əməkdaşları Şahid3, Şahid2 və Şahid1 da bildirmişlər ki, onlarda İran vətəndaşı Davud adlı şəxs haqqında onlarda heç bir məlumat olmamışdır. Onların Təqsirləndirilən şəxs haqqında psixiotron və narkotik maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olması da əsassızdır. Belə ki, əgər Təqsirləndirilən şəxs göstərilən maddələri satması barədə məlumat doğurdanda olmuş olsaydı peşəkar əməliyyatçılar onu narkotik maddəni satarkən yaxalaya bilərdilər. Təqsirləndirilən şəxs tutularkən üzərindən götürülən ümumi çəkisi 13,994 qram olan narkotikindən onun şəxsi istifadəsi üçün olduğuna əsas verir. Məhkəmənin istintaq orqanının Təqsirləndirilən şəxs həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs haqqında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməsi, daşıması, saxlaması tam sübuta yetirilmişdir fikri tamamilə əsassızdır. Nə istintaq zamanı nə də məhkəmədə Təqsirləndirilən şəxs narkotok maddələrin hansı şəraitdə, nə vaxt kimdən əldə etməsi, satışı və ya istifadə etməsi ilə məşğul olmasını biləcək şahidlərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin hökmündə də bu öz əksini tapmışdır. Məhkəmə hökmündə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törədilməsinin müəyyən edilmədiyini göstərsə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsilə təqsirli bilmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin kiməsə satması barədə heç bir sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə verilən ittihamda öz təsdiqini tapmamışdır. Müdafiə tərəfi hesab edir ki, onun əməli CM-nin 234.1-ci maddəsinə tövsüf olunmalı və işdə göstərilən yüngülləşdirici hallar nəzərə alınmasına minimum həddə cəza təyin edilməlidir. Verilmiş apelyasiya şikayətində məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi mübahisələndirilmir. Apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin həmin şikayətdə göstərilən əsaslarla təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-165/2020 saylı hökmünü dəyişdirilərək, məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilməklə ona minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı dövlət ittihamçısı X14 apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-520/2020 saylı hökmü qanuni və əsaslı olduğundan məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilib Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsüf edilməsi barədə verilmiş apelyasiya şikayətinin, eləcə də işin apelyasiya baxışı zamanı onun və müdafiəçisinin çıxışlarının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisidir. Narkotik vasitəni «Odnaklasnik» saytından tanımadığı şəxsdən özu istifadə etmək məqsədi ilə 5000 manat verib almış və yaşadığı ünvan 5 saylı ünvanda yerləşən evinə aparıb evində ayrı- ayrı bükümlərə büküb plasmas su qabına yerləşdirib, sonra həyatyanı sahədə torpağın altında gizlətmişdir. Bundan sonra qardaşı X7 məxsus “Çanqan” markalı, “Az **-AK-***” dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və həmin gün saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “20 yanvar” Metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, həqiqətən də üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını etiraf etmiş və bundan sonra onu İdarəyə dəvət etdikdə, o, idarə etdiyi avtomobillə birlikdə İdarəyə gətirilmişdir. İdarədə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində olan özünün istifadə etmək məqsədi ilə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlər açılaraq içərisinə baxılıb, zərfə qoyularaq möhürlənib, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ondan əlavə narkotik vasitə və ya psixotrop maddə olub olmamasını soruşduqda o, yaşadığı ünvan 6 saylı ünvanda həyatyanı sahəsində torpağın altında gizlətdiyini etiraf etmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç bir predmet və əşya aşkar edilməmişdir. Növbəti gün, yəni, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı ünvan 6 saylı ünvana getmişlər. Həmin vaxt atası da evdə olmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla həyatyanı sahəyə baxış keçirilmiş və həyətyanı sahədə giriş qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqıl qum tərəfə gedərək çınqılın içərisində basdırılmış iki ədəd ağ rəngli plastik qaba narkotik maddə olduğunu bildirmiş, çınqılı təmizləyib basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qablardan birinin içərisi boş digərinin içərisində isə 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, üç ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olmuşdur. Həmin bükümləri polis əməkdaşlarına təqdim etmiş və bundan sonra həmin bükümlərə baxış keçirilərək, qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitəni satmamış və satmaq məqsədi ilə əldə etməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. Narkotik vasitəni o, damara vurmamış, onu çəkmişdir. Gün ərzində təxminən 5 qramdan istifadə etmişdir. O, İİR vətəndaşı Davud adlı şəxsi tanımır. İstintaq zamanı yalandan Davud adlı İİR vətəndaşından narkotik vasitə aldığını demişdir. O, maşın sataraq, narkotik vasitəni həmin pula almışdır. O, hər dəfə az-az alanda tutula biləcəyindən qorxduğu üçün bir dəfəlik çox miqdarda almışdır ki, uzun müddət istifadə etsin. Hərəkətindən peşmandır. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 84-87-ci və 234-237-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 20 gün bundan qabaq mən yenədə həmin nömrəyə zəng etdim və gördüm ki, həmin nömrədən mənə cavab verən şəxs kişi cinsindən olan İİR vətəndaşıdır və mən onunla bir qədər danışıb,özümü ona təqdim etdikdən sonra həmin şəxs mənə adının Davud olduğunu bildirdi. Mən ona bildirdim ki, mənə heroin lazımdır. O mənə nə qədər pulum olduğunu soruşdu. Mən isə 5000 manat pulum olduğunu dedim. O, mənə bildirdi ki, mənə 400 qram göndərəcək, onun qiyməti 10.000 manatdır, 5000 manatını indi, qalanını isə 15 gün ərzində verərəm ». Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadənin sonunda olan imza və əlyazma ona məxsusdur. Lakin, ifadəsində o, narkotik vasitəni İİR vətəndaşından almağını düz yazmamışdır. İstintaq zamanı yalandan Davud adlı İİR vətəndaşından narkotik vasitə aldığını demişdir. Әməliyyat videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Әlibala oğlu ifadələrində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Baş X1 İdarəsinə Şabran şəhəri, Ә.Vahid küçəsi ev 25-də faktiki yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Baş İdarənin əməkdaşlarından Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və yaradılmış əməliyyat qrupunun rəhbərlik edilməsi ona tapşırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin “Changan” markalı, “**-AK-***” dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə sorğu edərkən həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Baş X1 İdarəsinə gətirilmişdir. Onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması, varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və əynində olan göy rəngli qısaqol gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümlərdə və bir ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda, iki ədəd şəffaf sellofan bükümün və bir ədəd gümüşü rəngli kağız bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər bir ədəd şəffaf sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən 5.000 manatını nağd şəkildə ödəyib, 5.000 manatını isə sonradan ödəyəcəyi şərti ilə, razılaşıb aldığını, həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı ünvan 7 saylı ünvana aparıb orada gizlədib saxladığını, xx xxxxxx 2019-cu il tarixdə həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini üzərində daşıyaraq satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirmişdir. Yaşadığı ünvana aparıldığı təqdirdə gizlədib saxladığı narkotik vasitə və psixotrop maddəni də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılıb möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar aşkar edilməmişdir. xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsindən ötrü ünvan 7 saylı ünvana getmişlər və xx xxxxxx 2019-cu il tarixdə saat 13:55-də təqsirləndirildən şəxsin yaşadığı ünvan 7 saylı ünvana yollanmışlar. Həmin ünvanda özünü təqsirləndirilən şəxsin atası kimi təqdim edən X10 evdə olmuşdur. Həmin şəxsə evə baxış keçirlməsi barədə bildirmişlər. Nazim Bayramov baxış keçirilməsinə etiraz etməyib, bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ev 2 mərtəbəli yaşayış sahəsindən və həyətyanı sahədən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşya və maddələr varsa, həmin maddə və əşyaları özü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs baxış keçirilən ünvanın həyətyanı sahənin girişi qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqılın içinə basdırılmış halda iki ədəd ağ rəngli plastik qab olduğunu bildirib, çınqılı təmizləyib, çınqılın altına basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb təqdim etmişdir. Baxış zamanı plastik qabların birinin içi boş olmuş, digərinin içində isə şəffaf sellofan bükümlərdə maddələrin olduğu məlum olmuş və həmin plastik qaba baxış zamanı qabın içindən 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə və 3 ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən 5.000 manatını nağd şəkildə ödəyib, 5.000 manatını isə sonradan ödəyəcəyi şərti ilə aldığını bildirmişdir. Aşkar edilmiş cəmi 20 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunduğu plastik qabın içinə qoyularaq, hər iki plastik qab birlikdə sellofan torbaya qoyularaq iştirakçıların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxslə qabaqcadan əlbir olması barədə İdarəyə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Ümumiyyətlə “Davud” adlı şəxsin faktiki mövcud olub-olmaması onlar tərəfindən müəyyən edilməmiş, İdarəyə yalnız Şabran şəhəri, Ә.Vahid küçəsi ev 25-də faktiki yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. “Davud” adlı şəxsin adını təqsirləndirilən şəxs özü işlətmişdir. İran İslam Respublikasında yaşayan xarici vətəndaşlarla Təqsirləndirilən şəxs hansısa bir əlaqəsi olması müəyyən edilməmişdir. Səhv etmirsə narkotik vasitələrin əldə etmə mənbəyini müəyyən etmək üçün ibtidai istintaq orqanı cinayət işi ayırmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid3Әlibala oğlunun dediklərini bir daha təsdiq etmişlər. İşdə olan DİN-in Baş X1 İdarəsininin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx xxxxxx 2019- cu il tarixli raportundan görünür ki, xx.xx.1984-cü ildə Dəvəçi rayonu, Pirəmsən kəndində anadan olmuş, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla, ünvan 7-də faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlaması barədə məlumat daxil olmuşdur (i/v 5). İşdə olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş X1 İdarəsininin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısaqol gödəkcəsinin sol yan cibindən çıxardığı üç ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və həmin sellofon bükümlərin və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metmfetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlərə və gümüşü rəngli kağız bükümə baxış keçirilərkən, onların içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər 1 ədəd şəffaf sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İİR vətəndaşı “Davud” adlı şəxsdən 5,000 manatını nağd şəkildə ödəyib, 5,000 manatını isə sonradan ödəyəcəyi şərti ilə, qiymətini ümumilikdə 10,000 manata razılaşıb aldığını, həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini üzərində daşıyaraq satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsində külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd gümüşü kağız büküm zərfə qoyularaq, möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır (i/v 26-27). İşdə olan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X1 İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi “Changan” markalı, “**-AK-***” nömrəli avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir (i/v 28). İşdə olan xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Changan” markalı, “**-AK-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin qardaşı Vaqif Bayramova məxsus olduğunu və qardaşının icazəsi ilə avtomobili idarə etdiyini bildirmişdir.Baxış zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır (i/v 29-30). İşdə olan Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31065 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkisi 13.994qr (ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qr və 4,656qr) və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qr qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 14,182qr-dır və həmin heroinlər tərkibindəki komponentlərinə görə eynidirlər (i/v 40-43). İşdə olan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X1 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsinə etiraz etməmişdir (i/v 58). İşdə olan X5 xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X1 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsinə etiraz etməmişdir (i/v 59). İşdə olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahənin giriş qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqıl qumun içərisinə basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin plastik qablardan birinin boş olduğu, digər plastik qabın içərisində isə 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə və 3 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İİR vətəndaşı “Davud” adlı şəxsdən 5,000 manatını nağd şəkildə ödəyib, 5,000 manatını isə sonradan ödəyəcəyi şərti ilə aldığını, həmin narkotik vasitə və psixotrop maddənin üzərində daşıyaraq yaşadığı ünvan 7 saylı ünvana aparıb orada gizlədib saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər və 2 ədəd plastik qab qablaşdıralaraq, möhürlənmişdir. Baxış zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 70-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 31209 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 25 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilmiş...” yazılar olan bağlamada 02 ədəd plastik qablardan birindəki 17 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 334,327 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (maddələrin ayrı-ayrılıqda təmiz çəkisi 1 saylı cədvəldə qeyd olunmuşdur); 03 ədəd bükümdə ümumi təmiz çəkisi 32,994 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (maddələrin ayrı-ayrılıqda təmiz çəkiləri 2 saylı cədvəldə qeyd olunmuşdur); üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar olan zərfdəki obyektlər barədə xx.xx.20xx xxxxxxx 31065 saylı ekspert rəyində məlumat verilmişdir; Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 17 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə aralarında və həmçinin 03 bükümdəki metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə onun yaşadığı ünvan 10 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş müvafiq maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş boş vəziyyətdə olan plastik qabın içərisində narkotik vasitə - heroin izləri müəyyən edildi. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i/v 60-62). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 5(005)-672/2019 №-li əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Әbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir (i/v 164-165). İşdə olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi – ekspertiza tədqiqatından sonra qalıq qalmış 348,129 qram heroin və 37,495 qram metamfetamin maddi sübut qismində tanınıb və Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i/v 202-215). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin, üzləşdirmə və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün iş materialları ilə, eləcə də hazırda apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında əsaslar müəyyən edilmədiyindən, onun həmin əməlinin tövsifi dəyişdirilə bilməz və bu barədə müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini, verilmiş apelyasiya şikayətində göstərilən, yəni ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində minimum həddə cəza verilməsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir və təyin edilmiş cəzanın ümumilikdə yüngülləşdirilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Әməliyyat və X2 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən, 167-175-ci vərəqələrində olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmünün təsdiq edilmiş kserosurətindən, 156-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2009-cu il tarixli, 1(102)-455/2009 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılmaqla, əsas cəzası 8 il müddətə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmiş; xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1- ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (i/v 151-152) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X9 xx xxxxxx 2020-ci il tarixli, 196 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Әrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 195-196). İşdə olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər X16 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 997 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir (i/v 241). İşdə olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər X16 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 996 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə - həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X8, qızı – xx.xx.2012-ci il təvəllüdlü X11 və oğlu – xx.xx.2015-ci il təvəllüdlü X15 daxildir (i/v 242). Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, barəsində hökmdə göstərilən cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmaması düzgün nəzərə alınmaqla, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarında, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə narkotik vasitənin çəkisini də (14,182 qram – heroin) nəzərə alır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-520/2020 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-165/2020 saylı hökmü verilmiş həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-869/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-869/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver