Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-88/2021 19.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Әhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin X13, zərərçəkmiş şəxs (mülki iddiaçı) “xxxx” QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1989-cu ildə Salyan rayonunun Varlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonunun Kürsəngi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-832/2020 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə birgə verdikləri dəqiqləşdirməyə (bundan sonra apellyasiya şikayətləri) Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ә.N.Hacıyevin sədrliyi ilə, F.A.Qəribov və T.Q.Hüseyovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 832/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 03 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxs X11 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı «xxxx» QSC-nin mülki iddiası tam təmin olunaraq 6176,12 AZN (altı min yüz yetmiş altı manat on iki) qəpik pul Təqsirləndirilən şəxs tutularaq «xxxx» QSC-nin hesabına keçirilməsi hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfləri və maddi sübutlar məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğlu nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmuş və hadisə yerindən qaçmışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:35 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Әlət qəsəbəsi ərazisindən keçən 69-cu kilometrliyində idarə etdiyi «Ford Transit» minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində sol hərəkət zolağı ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyib yolun sağında yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olmaq məqsədilə avtomobili sol hərəkət zolağından sağ hərəkət zolağına doğru manevr etdirərkən arxadan eyni istiqamətdə sağ zolaqla düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Carens” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan hissəsi onun avtomobilinin qabaq sağ qanad hissəsi ilə toqquşmuş, zərbədən “Kia Carens” markalı avtomobil idarəolunmaz vəziyyətdə hərəkət edərək yanacaqdoldurma məntəqəsinin reklam lövhəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölməsinə, “Kia Carens” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 baş beyinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınığı, sifətin sol yarısının əzilmiş-sıyrılmış yarası, sol saidin orta 1/3-nin açıq, sağ budun aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 baş beyinə qansızma, alt çənənin sağ yarısının yerinidəyişmiş sınığı, ağız bucağının sağ yarısının və alt dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, alt çənədə dişlərin çoxsaylı travmatik sınığı, sifətin çoxsaylı əzilmiş-sıyrılmış yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə, habelə “Kia Carens” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilərək sahibi X11 8400 manat, «Socar» yanacaqdoldurma məntəqəsinin qiymət tablosunun zədələnərək «Socar Petroelum» Qapalı Səhmdar Cəmiyyətinə 6176,12 manat məbləğində maddi ziyan yetiriliməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilib, hüquqlarını müdafiə etdiyi məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən Ford Transit markalı avtomobilin sürücüsünün ailə üzvləri yas mərasimində iştirak etmişlər, hazırda ona qarşı şikayət, tələb və iddiası yoxdur." Zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirmişdir ki, hadisədən sonra Ford Tranzit markalı avtomobilin sürücüsünün ailə üzvləri yas mərasimində iştirak etmişlər, maddi ziyanı ödəmişlər.” Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əsas sübut növü kimi kompleks məhkəmə trasoloji-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5090-6/142 nömrəli rəyinə istinad etmişdir. Hesab edirəm ki, kompleks məhkəmə trasoloji-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5090-6/142 nömrəli rəyi nəzərə alınmamalıdır. Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində də bildirmişdir ki, hadisə onun hərəkət zolağın içərisində baş vermiş, həmin vaxt o, “KİA Carens” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmamış, onun hərəkətinə heç bir maneə törətməmişdir. Belə olduğu halda hesab edirəm ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamış, məhkəmə isə obyektiv araşdırma aparmayaraq Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özünü CM-nin 263.3-cü və 264- cü maddələri ilə bilməmiş, hətta o, təqsirli olsa belə hesab edirik ki, məhkəmənin ona təyin etdiyi cəza həddən artıq ağır olmaqla, onun əməlinə adekvat olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, anası, arvadı, 2015 və 2017-ci il təvəllüdlü uşaqları ilə birlikdə Salyan rayonu, Kürsəngi kəndində yaşayır və verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 2 nəfər azyaşlı uşağın olması, 4 nəfər zərərçəkmiş şəxsdən 2 nəfər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmaqla onun CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal mövcud olmamışdır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olduğunu, cəzanın ağırlaşdıran halların olmadığını qənaətinə gəlsə də, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsi hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilənlərlə tam sübuta yetirməsinə baxmayaraq o, özünü yenə də təqsirli bilməməsini, peşmançılıq hissi keçirməməsini qanunsuz olaraq ağırlaşdırım hal kimi qiymətləndirmiş və nəticədə ədalətsiz hökm çıxarmışdır. Bundan başqa, məhkəmə cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tətbiqinin mümkün olmadığını qeyd etmiş və bunu onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etsə də, iş üzrə iki nəfər zərərçəkmiş şəxslə barışmamış və zərərçəkmiş şəxslərin ona qarşı maddi tələbləri vardır ki, bir zərərçəkmiş şəxs nümayəndəsi vasitəsi ilə mülki iddia da qaldırmışdır. Bununla bağlı bildirirəm ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 işin hallan ilə bağlı ona heç nə məlum olmadığını bildirməsi, eyni zamanda ibtidai istintaq zamanı X7 avtomobilin ona məxsus olmasını bildirməsi ziddiyyətli məqam kimi qiymətləndirilməklə, hər iki şəxsin yalan ifadə vermələrini sübut etmiş olur. Belə ki, Təqsirləndirilən şəxs yaxınları yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs1 qohumları ilə görüşən zaman, onlar avtomobilin dəyəri mərhum Zərərçəkmiş şəxs1 tərəfindən tam olaraq ödənildiyi bildirilmiş və bunun qarşılığında, həmin avtomobilə dəymiş ziyan Təqsirləndirilən şəxs yaxınları tərəfindən tam olaraq ödənilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs oğlu özü də apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün sərt və ağır olduğunu, təyin edilmiş cəzanın onun əməlinə adekvat olmadığını, birinci instansiya məhkəməsində dövlət ittihamçısı məhkəmə çıxışında ona cinayətlərin məcmusu üzrə cəzaları qismın toplamaqla qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif etsə də, məhkəmənin ona daha ağır cəza təyin etdiyini, ilk dəfə məhkum olunduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxsi olduğunu, maddi ziyanı ödədiyini göstərərək hökmün ləğv edilib barəsində daha aşağı həddə və daha yüngül bir cəza müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 birgə imzalamaqla apellyasiya şikayətlərinə dəqiqləşdirmə verərək məhkuma təyin edilmiş cəzanın həddən artıq ağır olduğunu, məhkumun zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmaqla onlara vurulmuş ziyanı tam ödədiyini, hüquqi varislərin məhkuma qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərərək hökmün dəyişdirilməsini, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza, 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin maddələr üzrə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmsini və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Hökmdən zərəçəkmiş şəxs, zərərçəkmiş şəxs (mülki iddiaçı), zərərçəkmiş şəxslərin hüquqi varisləri apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 məhkəmə çıxışlarında apellyasiya şikayətlərini müdafiə edərək, həmin apellyasiya şikayətlərində göstərilən əsaslarla şikayətin təmin edilib sözügedən hökmün ləğv edilərək, məhkum Təqsirləndirilən şəxs bəraət verilməsini, məhkuma bəraət verilməyəcəyi halda isə onun ilk məhkumluğunu, mərhum zərərçəkmiş şəxslərin hüquqi varisləri X8 və X6, eləcə də işin apellyasiya baxışı ərəfəsində iş üzrə zərəçəkmiş şəxslər X14 və “xxxx” QSC ilə barışdığını və iş üzrə zərərçəkmiş şəxslərin hamısına vurulmuş ziyanı tam ödədiyini, həmin zərəçəkmiş şəxslərin hüquqi varislərinin və zərəçəkmiş şəxslərin məhkumla barışmaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərəçəkmiş şəxslərin bu barədə müvafiq ərizələr verdiklərini, habelə məhkumun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 264-cü maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğunu, 263.3-cü maddə ilə nəzərdə tutulan cinayət əməlini isə ehtiyatsızlıqdan törətdiyini nəzərə alaraq, hökmün dəyişdirilib, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini və 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin maddələr üzrə qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmsini və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmədə iştirak edən zərərçəkmiş şəxs (mülki iddiaçı) “xxxx” QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə təqdim edərək təmsil etdiyi Cəmiyyətə vurulmuş 6176,12 manat məbləğində ziyanın işin apellyasiya baxışı ərəfəsində məhkumun qohumları tərəfindən tam ödənildiyini, hal-hazırda məhkuma qarşı heç bir şikayət və tələblərinin olmadığını və məhkumla barışdıqlarını, cinayət işi üzrə verdikləri mülki iddialarından imtina etdiklərini göstərərək, onların mülki iddiasına xitam verilməsini, verilmiş apellyasiya şikayətlərinin təmin olunmasını və məhkuma daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X20 məhkəmə çıxışında məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi barədə onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsini, lakin məhkum tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) “xxxx” QSC-yə və zərəçəkmiş X11 vurulmuş ziyanın işin apellyasiya baxışı gedişatında tam ödənilməsini, həmin zərəçəkmiş şəxslərin də məhkuma qarşı heç bir şikayət və tələblərinin olmamasını, məhkumla barışmalarını, eləcə də məhkumun zərəçəkmiş şəxslərin hüquqi varisləri ilə hökm çıxarılanadək barışıq əldə etməsini nəzərə alaraq cəza hissəsində, eləcə də mülki iddia üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərəçəkmiş şəxs X14 məhkəmə kollegiyasının iclasında iştirak etmirlər, zərəçəkmiş şəxs X14 məhkəmə kollegiyasına teleqramlar göndərərək həmin teleqramlarında məhkum Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, məhkumla barışdığını bildirmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs oğlunun barəsindəki 03 sentyabr 2020-ci il tarixli hökmü məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməklə, eləcə də mülki iddiaya aid hissədə dəyişdirilməli, hökm qalan hissələrdə qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası mübahisələndirilən hökmün ləğv edilib məhkum Təqsirləndirilən şəxs oğluna bəraət verilməsi barədə müdafiə tərəfinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs oğlunun, zərəçəkmiş şəxslərin hüquqi varisləri X1 və X2, zərəçəkmiş şəxs X9, zərəçəkmiş şəxs (mülki iddiaçı) “xxxx” QSC-nin nümayəndəsinin cinayət işi üzrə verdikləri izahat və ifadələrini, məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 13 nömrəli və xx xxxx 2020-ci il tarixli 14 nömrəli, məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 698/K nömrəli, kompleks məhkəmə trasoloji-yolnəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5090- 6/142 nömrəli rəylərini, eləcə də cinayət işi üzrə toplanmış digər sübutları müqayisəli şəkildə təhlil edib mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmiş hallar apellyasiya baxışı zamanı müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri və müdafiə tərəfinin məhkəmə çıxışlarında göstərdikləri işin faktiki hallarına uyğun olmamaqla, iş materialları ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərəçəkmiş tərəfin, şahidlərin ifadələri, üzləşmə protokolu, ekspert rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs oğlunun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəza məsələsini də müzakirə edərək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün hər hansı müstəsna hal və əsas görmür, lakin mübahisələndirilən hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının təqsirli bilindiyi maddələrin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti azadlıqdan məhrumetmənin müddətinin qismən yüngülləşdirilməsini qanuni, əsaslı, həm də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Әməliyyat və X5 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 137-138). İşdə olan Salyan rayonu İcra Başçısının Kürsəngi kənd inzibati dairəsin üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs –anası X4, arvadı Bayramova Arzu Hakim qızı, 2015-ci il təvəllüdlü qızı X12 və 2017-ci il təvəllüdlü oğlu X15 ilə birlikdə Salyan rayonunun Kürsəngi kəndində yaşayırlar (i.v 105). İşdə olan Salyan rayonu İcra Başçısının Kürsəngi kənd inzibati dairəsin üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v 107). İşdə olan notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v 125). İşdə olan notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v 136). Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, 4 nəfər zərərçəkmiş şəxsdən 2 nəfər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tətbiqi mümkün deyildir. Belə ki, qanunverici orqan CMnin 60-cı maddəsinin tətbiqini bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş müvafiq yüngülləşdirici bütün hallarının mövcudluğunu şərtləndirir. Hazırkı cinayət işindən isə görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etsə də, iş üzrə iki nəfər zərərçəkmiş şəxslə barışmamış və zərərçəkmiş şəxslərin ona qarşı maddi tələbləri vardır ki, bir zərərçəkmiş şəxs nümayəndəsi vasitəsi ilə mülki iddia da qaldırmışdır. Məhkəmə, hesab edir ki, Cmnin 60-cı maddəsinin tətbiqi üçün CM-nin 59.1.12-ci maddəsi iş üzrə olan zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə edilməsini özündə ehtiva edir. Hazırki halda isə iş üzrə yalnız iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan bütün halları əhatə etmədiyindən bu hal təqsirləndirilən şəxsə münasibətdə CM-nin 60-cı maddəsinin tətbiqini istisna edir. Lakin, hazırda işin apellyasiya baxışı zamanı iş üzrə zərərçəkmiş X14 məhkəmə kollegiyasına teleqramlar göndərərək həmin teleqramlarında məhkum Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, məhkumla barışdığını bildirmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs (mülki iddiaçı) “xxxx” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək təmsil etdiyi Cəmiyyətə vurulmuş ziyanın məhkumun qohumları tərəfindən işin apellyasiya baxışı ərəfəsində tam ödənildiyini, məhkuma qarşı heç bir şikayət və tələblərinin olmadığını, məhkumla barışdıqlarını göstərərək, verilmiş apellyasiya şikayətlərinin təmin edilib, məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı madddəsinin tətbiqinin mümkünsüzlüyü barədə əsaslandırması hazırki vəziyyətdə, yəni işin apellyasiya baxışı ərəfəsində aradan qalxmışdır və məhkum Təqsirləndirilən şəxs oğlunun barəsində Cinayət Məcəlləsinin 60-cı madddəsinin tətbiq edilməsi üçün hazırki mərhələdə qanuni əsaslar yaranmışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, hökmlə cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəza da ağır olmaqla işin hallarına və cəzanın məqsədlərinə uyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti həmin maddələrin sanksiyalarının son həddinin dörddə üçündən artıq olmasa da, lakin həm işin halları baxımından, həm də adekvat cəza baxımından və bütövlükdə cəza təyin edilməsinin ədalətliliyi baxımından ağır cəza olmaqla, Cinayət Məcəlləsinin 60-cı madddəsinin tətbiqi üçün əsasların mövcüdluğu qeyd edilməlidir. Belə ki, həm də nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddətini həmin maddənin sanksiyasının son həddinin dörddə üçü həddində təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən deyil, təqsirləndirilən şəxsin barəsində mövcüd olan çoxsaylı yüngəlləşdirici halların mövcüdluğuna əsasən həmin nəticəyə gəlmişdir. Hazırda isə qeyd edilən cəzanı yüngülləşdirən hallarla yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsas yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkum Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı madddəsinin tətbiqini şərtləndirən əsas onun barəsində Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsində müəyyən olunmuş halların mövcüdluğudur. Yəni başqa sözlə, məhkum iş üzrə zərərçəkmiş tərəfin hamısı ilə barışıq əldə etdiyi, onlara vurulmuş ziyanı tam ödədiyi, eləcə də cəzasını ağırlaşdıran hallar olmadığı üçün barəsində Cinayət Məcəlləsinin 60-ci maddəsi tətbiq edilməlidir. Məhz yalnız bu hallara görə (yəni təkcə bu hallar yetərlidir), məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti həmin maddənin sanksiyasının son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, eyni zamanda məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində əlavə digər cəzanı yüngülləşdirici halların, yəni ilk məhkumluğunun, himayəsində azyaşlı uşaqlarının olmasının, müsbət xarakterizə olunmasının, habelə işin digər hallarını, yəni onun 32 yaşında olmaqla ailəli olmasını, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan əməlin böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğunu nəzərə alaraq, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddətini həmin maddənin sanksiyasının son həddinin dörddə üçündən də aşağı həddə təyin edilməsini, eləcə də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin yüngülləşdirilməsini və təyin olunan əsas cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq hökmlə təyin ediləndən daha yüngül müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs oğlunun cəzasının yüngülləşdirilməli olması nəticəsinə gələrkən həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş yekun məhkəmə iclasında Dövlət ittihamçısı məhkəmə çıxışında “Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini” təklif etmiş, məhkəmə isə cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti əsas cəza olaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs X11 və zərərçəkmiş şəxs (mülki iddiaçı) «xxxx» QSC-yə vurulmuş maddi ziyan və onların maddi ziyanla bağlı tələbləri ödənildiyindən, zərərçəkmiş şəxs X11 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsinə və zərərçəkmiş şəxs (mülki iddiaçı) «xxxx» QSC-nin mülki iddiası tam təmin olunaraq 6176,12 AZN (altı min yüz yetmiş altı manat on iki) qəpik pul Təqsirləndirilən şəxs tutularaq «xxxx» QSC-nin hesabına keçirilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilməli, «xxxx» QSC-nin mülki iddiadan imtinası nəzərə alınaraq onun mülki iddiası üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, verilmiş apellyasiya şikayətlərində və apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza məsələsi mübahisələndirilməmişdir və məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hökmlə ona qanuni və əsaslı olaraq əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 399.1.5-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair 03 sentyabr 2020-ci il tarixli, 1(101)-832/2020 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) aya, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) ilə endirilsin. Bununla əlaqədar olaraq, hazırki qərarla təyin olunan azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. «xxxx» QSC mülki iddiasından imtina etdiyindən həmin mülki iddia üzrə icraata xitam verilsin. “Zərərçəkmiş şəxs X11 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsinə və zərərçəkmiş şəxs (mülki iddiaçı) «xxxx» QSC-nin mülki iddiasının tam təmin olunaraq 6176,12 AZN (altı min yüz yetmiş altı manat on iki) qəpik pulun Təqsirləndirilən şəxs tutularaq «xxxx» QSC-nin hesabına keçirilməsinə” dair göstəriş və müddəalar hökmdən xaric edilsin. Verilmiş apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissələrdə, o cümlədən əlavə cəzaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-88/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-88/2021
19.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver