Məhkəmə qərarları › İş №1(103)-88/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-88/2022

12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-88/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 131, mənzil 138-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 258/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim A.F.İbrahimov) 16 sentyabr 2021-ci il tarixli, 1(010)-258/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 13 may 2021-ci il tarixdə Bakı şəhərinin Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİnin 31-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində 13 may 2021-ci il tarixdə, saat 21:20 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılıb, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 56 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-cü Polis Bölməsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş, 1 (bir) bükümdə təmiz çəkisi 0,268 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilərək hökmündən Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması müddəalarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Z.Ramazanov apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən hökmün qanuni və əsaslı olmasını, bununla yanaşı, işə apellyasiya icraatı qaydasında baxılarkən məhkum edilmiş şəxsə təyin edilmiş əsas cəzaya münasibətdə 8.11.2021-ci il tarixli amnistiya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirərək cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilməklə Təqsirləndirilən şəxs münasibətdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmalı, o cümlədən Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirməmişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilərkən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək, birinci instansiya məhkəməsindəki ifadəsi ilə eyni məzmunda ifadə vermiş, ona təyin edilmiş cəzadan narazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, hökmlə ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ilə razı olmamışdır. Belə ki, X3 hər gün metadonu su məhlulu ilə qəbul edir, əvvəl 60 ml ilə başlamış, hər həftə 1 ml aşağı salmış və hazırda 34 ml metadon məhlulunu qəbul edir. Əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 296/21 saylı “Əvəzedici terapiya proqramı iştirakçısına verilən Sertifikatı” məhkəməyə təqdim edib terapiya proqramına qoşulduğunu, narkotik vasitələrdə asılılığının olmadığını qeyd etmiş, bununla əlaqədar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarından göründüyü kimi cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü (hazırda qüvvədə olan CM-nin 93.1.2-ci) maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən, məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəzi” PHŞ-nin 296/21 nömrəli sertifikatdan görünür ki, Ə.X1 Proqramı İştirakçısıdır. Məhkəmə istintaqı zamanı apellyasiya şikayətinin dəlillərinin araşdırılması və Təqsirləndirilən şəxs münasibətdə hazırda məcburi müalicənin təyin olunmasına zərurətin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iş üzrə təkrarən məhkəmə-narkoloji ekspertizası təyin edilməklə, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4143 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 1.2-ci bəndindən görünür ki, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin qərarın 1.4-cü bəndindən görünür ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. Sözügedən qərarın 3.4-cü bəndindən göründüyü kimi könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə düçar olması müəyyən edilməklə, sonuncunun könüllü olaraq müalicə olunmasına dair gətirdiyi dəlillər həm iş materiallarındakı sənədlər, həm də apellyasiya baxışı zamanı əldə olunmuş müvafiq məhkəmə-narkoloji ekspert rəyi ilə təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs münasibətdə narkomaniyadan məcburi müalicə olunması formasında tibbi xarakterli məcburi tədbirlərin tətbiqi istisna olunduğundan, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü tibbi xarakterli məcburetmə tədbirinin tətbiqi hissəsində dəyişdirilməklə, “Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə dair” müddəalar hökmdən xaric edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə həm ibtidai istintaq, həm də hazırki apellyasiya baxışı zamanı keçirilmiş müvafiq məhkəmə-narkoloji ekspertizası üzrə rəylərdən göründüyü kimi, hər iki ekspert rəyində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasına dair müddəaların xaric edilməsi üçün əsaslar mövcud olmadığından, apellyasiya şikayəti həmin hissədə əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə ilk növbədə qeyd olunmalıdır ki, məhkum edilmiş şəxs tərəfindən qeyd edilən hissədə birinci instansiya məhkəməsinin hökmü mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu hissədə iş materiallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və cəzasını ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayət işi üzrə məhkəmənin yekun aktı qəbul edildiyi tarixdə, yəni xx.xx.2021-ci il tarixdə müvafiq əsaslar olmasa da, hazırkı apellyasiya baxışı müddətində Təqsirləndirilən şəxs münasibətdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5, 9.2 və 9.3-cü bəndləri tətbiq olunması əsasları mövcuddur. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndində əsasən Bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılmalıdır. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 10-cu bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə, çəkilməmiş cəzanın müddəti 01 ildən çox olduğundan, yuxarıda qeyd edilən Amnistiya aktının 5-ci bəndi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(010)-258/2021 nömrəli hökmündən “Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə dair” müddəalar xaric edilməli, hökmdən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasına dair müddəaların xaric edilməsi hissəsində apellyasiya şikayəti təmin edilməməli, o cümlədən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(010)-258/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təyin edilmiş cəzanın həddinə münasibətdə dəyişdirilməklə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5, 9.2 və 9.3-cü bəndləri tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azaldılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 16 sentyabr 2022-ci il tarixli, 1(010)-258/2022 nömrəli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il qərarının 5, 9.2 və 9.3-cü bəndləri tətbiq olunsun və ona Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(010)-258/2021 nömrəli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azaldılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(010)- 258/2021 nömrəli hökmündən “Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CMnin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə dair” müddəalar xaric edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar