Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-887/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaların qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2022-ci il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşin halları: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in İ siyahısına daxil edilən 8,905 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmirolu Vağzalının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silah əynindəki cins şalvarının sağ kəmər hissəsindən, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,905 qram çəkidə narkotik vasitə heroin ayrı- ayrılıqda 3,930 qram və 4,975 qram olmaqla qara rəngli gödəkçəsinin sol tərəfdən iç cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, təqsirləndirilən şəxs BMCMi-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması nəticəsində ona istinad edilən əməlləri etiraf etmək məcburiyyətində qalmışdır. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Yaşlı anası var və özü vərəm xəstəliyindən əziyyət çəkir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona CM-in 234.1-1-ci maddəsi ilə deyil, 228.4-cü maddəsinə əsasən ədalətli cəza təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Baş İdarədən ona saxlanılan şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın məzmunu satış faktı, həmçinin saxlanılan şəxsin Bakı şəhərində olacağı ilə bağlı olsa da narkotik vasitənin dəqiq miqdarını əks etdirməmişdir. Məlumat daxil olduğu zaman, ilk növbədə barəsində məlumat daxil olan şəxsin şəxsiyyəti müəyyən edilir. Şəxsin həyat tərzi və yaxınlıq etdiyi adamlar haqqında məlumat yox idi. Təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrinin qanunuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat olmamış, bu ilk məlumat olmuşdur. Saxlanılan şəxsin sırf olduğu yeri özləri tərəfindən müəyyənləşdirilmişdir. Əməliyyat məlumatı tək narkotik vasitələrlə bağlı olsa da təqsirləndirilən şəxsin üzərindən bıçaq da aşkar olunmuşdur. Şəxsin şəxsiyyəti dəqiq müəyyən olunub ki, Təqsirləndirilən şəxsdur. Xarici görünüşü və şəxsiyyəti portal sistem vasitəsilə müəyyən edildi. Baş idarədən rəhbərliyə məruzə edərək, müvafiq icraat açdıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid2 və Şahid3 daxil edilmişdir. Sentyabr ayının 27-si günorta vaxtlarında saat 13:00- 14:00 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş, şəxs 28 may metrosu yaxınlığında müəyyən edilmişdir. Özlərini və əməliyyat-axtarış haqqında qərarı saxlanılan şəxsə təqdim etdikdən sonra saxlanılan şəxsi baş idarəyə aparmışdırlar. Baş idarədə təhqiqatçı tərəfindən videoçəkiliş olduqdan sonra şəxsin üzərində baxış keçirilmiş, ona üzərində qanunsuz bir şey olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Saxlanılan şəxs iki büküm heroini və bıçaqı təqdim etmişdir. Həmin heroini Gəncə şəhərində yerdən tapdığını, özü üçün lazım olanda istifadə etsin deyə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin üzrərindən aşkar edilərək götürülmüş bıçaq və narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bıçağı nə üçün daşıdığı dəqiq yadında deyil, şəxsi istifadə üçü ola biləcəyini xatırlayır. Təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edərkən onun məhkumluğunun olmasını müəyyən etmiş, məhkumluğu oğurluq cinayəti ilə bağlı olmuşdur. Məlumat dərhal icra olunduğu üçün şəxsin cinayətə meyilli olub-olamadığını ətraflı müəyyənləşdirə bilməmişdirlər. Narkotik vasitəsini təqsirləndirilən şəxs Gəncə şəhərində tapmış, Bakıya şəxsi işləri ilə bağlı gəldiyini demişdir. Şəxs saxlanıldıqdan sonra üzərində baxış keçirilməyərək təhlükəsizlik qaydalarını təmin etməklə müşayiət altında baş idarəyə gətirilmiş, dəvət olunan vəkil gələnə qədər üzərində baxış keçirilməsi üçün təhlükəsiz şəraitdə saxlanılmışdır. Protokol tərtibi, adamların çoxluğu və kənar müdaxilələr səbəbindən şəxsi saxladıqları yerdə üzərində baxış, axtarış keçirilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis polkovnik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixində şöbənin baş əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi və soyuq silah saxlaması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı Şahid1 məlumatı olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitələrinin qanunsuz dövriyyəsi və soyuq silah saxlanılması təşkil etmişdir. Şəxsin yeri barədə məlumat olmamış, tədbirin 28 may metrostansiyası yaxınlığında olacağını bilərək ora getmişdirlər. Əməliyyat qrupu yaradılmış və 3 nəfərdən ibarət əməliyyat qrupu ilə birlikdə dəmiryolu vağzalının qarşısına yollanaraq həmin şəxsi müşayiət altına aldıqdan sonra yaxınlaşıb xidməti vəsiqələri göstərərək polis baş idarəsinə dəvət etmişdirlər. Əməliyyat məlumatı Şahid1 olduğundan şəxsi görən kimi o tanımışdır. İdarədə müdafiəçinin və təhqiqatçının iştirakları ilə birlikdə şəxsi axtarış ilə bağlı videoçəkiliş aparılarkən həmin şəxsin üzərindən 1 ədəd bıçaq və 2 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra protokol tərtib edilərək, protokolun düzgünlüyü imza ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu narkotikin əldə edilib saxlanılması və satışı haqqında olmuş, bıçaqla bağlı məlumat olmamışdır. Rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmış, Nəsimi rayonunda yaşayan, dəmiryolu vağzalının yaxınlığında Sərxan adlı şəxsi görüb, yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxs isə anket məlumatlarını onlara təqdim etmişdir. Əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı təqdim edərək, yaxınlışdıqda onu nə üçün tutduqlarını bildirmiş, saxlanılan şəxs isə bununla bağlı heç nə deməmişdir. Baş idarəyə getdikdən sonra orada könüllü üzərində olan əşyaları təqdim etməsini bilirdikdən sonra təqsirləndirilən şəxs yaxınlaşaraq masanın üzərində əşyaları təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə sənədləşdirilmişdir. Narkotikin satışı faktı isə öz təsdiqini tapmamışdır. Daha sonra araşdırma aparılıb-aparılmadığını bilmir. 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, müəyyənləşdirmək məqsədilə “X6 haqqında” Qanununa uyğun olaraq Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, soyuq silahların vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5-6). Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və 1 ədəd bıçaq olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynidə olan qara rəngli cins şalvarın sağ kəmərin hissəsində olan 01 ədəd qara rəngli bıçağa oxşar predmeti , həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 25 manat məbləğində pulu və həmin şalvarın sağ arxa cibindən 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. (Cild 1, iş vərəqə 27-29) 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5544 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,930 qram, 4,975 qram, ümumi təmiz çəkisi 8,905 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8,805 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 47-48). 30 sentyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəməiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, iş vərəqə 47-48). 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. 13 oktyabr 2022-ci il tarixli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir (Cild 1, iş vərəqə 172-174). 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5592 nömrəli rəyindən göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 178-179). 03 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1337 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və düzəliş edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır (175-177). 23 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bıçaq maddi sübut növü kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Eyni tarixli sübutarın qiymətləndirilməsi haqqında qərarla təqsirləndirilən şəxsin barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Qərarda həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8,905 qram narkotik vasitə heroinin maddi sübut növü kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsinin, təqsirləndirilən şəxsdən götürülmüş “Samsung” markalı mobil telefonun müdafiəçi X7 təhvil verilməsinin nəzərə alınması göstərilmişdir. (cild 1, iş vərəqə 184-199) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir (Cild 1, iş vərəqə 172-174). 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5592 nömrəli rəyindən göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 178-179). Göründüyü kimi, təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitlərdən istifadə etməsi ekspert rəyi ilə öz təsdiqini tapır. Lakin, onun hal-hazırda narkotik vasitələrdən mütəmadi istifadə etməməsi onun narkotik vasitələrin qanunsuz saxlanması cinayətinə görə məsuliyyətini istisna edə bilməz. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarına görə, “Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir.Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır.” Qeyd edilən plenum qərarından da aydın olur ki, şəxsin narkotik vasitəni qanunsuz olaraq saxlaması heç də hər zaman onun şəxsi istehlak məqsədi daşıdığını birmənalı olaraq deməyə əsas vermir. Hətta başqa şəxsdən əmanət kimi saxlamaq üçün narkotik vasitəni götürən şəxsin də narkotik vasitə istifadəçisi olmadığı nəzərə alındıqda, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi istisna edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş bıçaq və narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrdə bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən bıçaq onun özünə məxsusdur, tanımadığı şəxsdən əldə edərək üzərində saxlamaqla daşımışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təkrar dindirilərkən, həmçinin məhkəmə iclasında verdiyi ifadələrində narkotik vasitənin ona məxsus olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən, habelə ilkin ifadələr verən zaman ona psixi təzyiq edildiyini, yəni şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verildiyini, həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə daha ağır maddə ilə ona ittiham elan ediləcəyini bildirildiyini, narkotik vasitə “istifadəçisi” olmadığını göstərmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs apellyasiya şikayətində və izahalarında ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığından etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Kollegiya qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 124.2.1-ci maddəsinə əsasən, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs isə, ifadəsinin təzyiq altında verməyə məcbur qaldığını bildirməklə, həmin sübutun (ifadəsinin) mötəbərliyini mübahisələndirmiş olur. Cinayət Prosessual Məcəllənin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Göründüyü kimi, təqsirləndirilən şəxs verdiyi ifadənin mötəbərliyini mübahisələndirdiyindən, həmin ifadəsinin həqiqətən də təzyiq altında verməyə məcbur qaldığını və bu səbəbdən də mötəbər olmamasını özü sübuta yetirməlidir. Lakin, iş materillarında və birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilən araşdırmalarda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hədə-qorxu və təzyiqə məruz qalması öz təsdiqini tapmamış və təqsirləndirilən şəxs tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs barəsində fiziki zor tətbiq edilib-edilməməsi barədə suallara ağciyər xəstəliyindən əziyyət çəkdiyindən döyülməsi üçün şərait yaratmadığını qeyd etmişdir. İş materiallarından görünür ki, məhkəməyəqədər icraat dövründə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub olmasının müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, 28 sentyabr 2022-ci il tarixli məhkəmə tibb ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət olmaması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 169-170). Həmçinin iş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarından ikisi ilə, yəni Şahid1 və Şahid2 ilə üzləşdirilmiş, ona psixi təzyiq göstərən şəxsin həmin şəxslərin olmadığnı bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında isə təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş hər üç şahidi dindirmək imkanına malik olmaqla, həmin şahidlərin onun tutulmasında iştirak etməsini etiraf etsə də ona psixi təzyiq göstərən şəxsin bu şəxslərdən heç birinin olmadığını, qeyd etdiyi şəxsin adının “Xəlil” olmasını bildirməklə, barəsində məhkəməyə heç bir məlumat təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da, ona təzyiq göstərdiyini iddia edən polis əməkdaşının kim olması barədə məhkəməyə məlumat verə bilməmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq kollegiya təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olmaması, narkotik vasitədən heç vaxt istifadə etməməsi və ibtidai istintaq zamanı təzyiqə məruz qalması nəticəsində etirafedici ifadələr verməyə məcbur olması barədə məhkəmədə verdiyi ifadəsini və apellyasiya şikayətinin dəlillərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən həm narkotik vasitə, həm də bıçağın Təqsirləndirilən şəxs özünə məxsus olması işin mübahisəsiz halları olmaqla müvafiq sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməllərinə görə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş bıçaq və narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrində bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən bıçaq onun özünə məxsusdur, tanımadığı şəxsdən əldə edərək üzərində saxlamaqla daşımışdır. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Həm təqsirləndirilən şəxsin izahatı, həm də iş materiallarında olan digər sübutlar və istintaq hərəkəti protokolları ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə tövsif etməkdə haqlı olmuşdur. Odur ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə görə ona bəraət verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası cəza təyin edilməsi ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətə, 228.4-cü maddəsinə görə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzaları Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin gənc olmasını, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, qismən etirafedici ifadələr verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, lakin cəza təyini zamanı həmin hallar təqsirləndirilən şəxsin cəzasının həddində öz əksini tapmamışdır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(101)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməli, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) aya endirilməli və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) aya endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “Femida” Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İlqar Murquzov Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-887/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-887/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver