Məhkəmə qərarları › İş №1(103)-888/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-888/2022

08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-888/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxx 1969-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olmayan, Beyləqan şəhəri, A.Əkbərov küçəsi, ev 13-də qeydiyyatında olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,648 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 02 iyul 2021-ci ildə saat 05:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Araz” marketin qarşısında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq saxladığı bir ədəd bükümdə təmiz çəkisi 2,648 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Azər Paşayev) 01 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmün qanunsuz və əsassız olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2021-ci il tarixli, 6/2677 saylı və məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 4490 saylı rəyləri, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs apellyasiya baxışı zamanı iş materiallarında olan sübutlarla onun narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitələrin satışı barədə olmadığını, həmçinin onun, narkotik maddələrin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda və həmçinin ayrı-ayrı bükümlərdə olmuşdur. Belə ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında «diskə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon danışıqları məlumatlarına baxış keçirilərkən narkotik vasitələri alqı-satqısına dair mesajlar aşkar olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıya görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza ağır cəzadır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilməsi mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının maddənin sanksiyası həddində minimum həddə müəyyən etməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R: Apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə 01 mart 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 05 (beş) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 30 saat üçün cəmi 180 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 dövlət büdcə vəsaiti hesabına 180 manat işlədiyi Bakı şəhəri “Femida” hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar