Məhkəmə qərarları › İş №1(103)-890/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-890/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-890/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X7 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)-84/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)-84/2023 nömrəli hökmü ilə (hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi ilə) xx.xx.1982-ci ildə Zəngilan rayonu Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu Ağalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(002)-112/2022 nömrəli qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 21 iyun 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrinin əmlakını və əmlaka olan hüququnu ələ keçirməklə zərəçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Zərərçəkmiş şəxs1 övladını Abşeron rayonunun Masazır qəsəbəsində olan 4 saylı orta məktəbin ibtidai sinfinin rus bölməsinə qəbul etdirəcəyinə dair yalan vədlər verib aldadaraq verdiyi 5*****9106 nömrəli bank kart hesabına Rübail Nəbiyevin xx.xx.2021-ci il tarixdə göndərdiyi ümumilikdə 600 manat pulu, sonra isə Rübail Nəbiyevə məxsus avtobusu "SOCAR" şirkətinin balansına keçirəcəyinə dair yalan vədlər verib aldadaraq sonuncunun xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan 5*****9106 nömrəli bank kart hesabına göndərdiyi ümumilikdə 5000 manat pulu,16 sentyabr 2021-ci il tarixdə göndərdiyi 1000 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 2000 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 100 manat pulu, xx.xx.2021-ci il tarixdə göndərdiyi 300 manat pulu və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Azfen" şirkətinin həyətində verdiyi 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 11000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Ağdaş rayon şöbəsində sürücü işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Ağdaş şəhərində yaşayan dostu Vüqarın evində videoçəkiliş aparılmaqla ondan 1000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı şəhərində olarkən taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 ilə tanış olub qiymətinin çox hissəsini özü qoyacağını, 6000 manatını isə onun verməsini təklif edərək «Mersedes Sprinter» markalı sərnişin daşıyan maşın alaraq «Socar» şirkəti ilə işçilərin daşınması barədə müqavilə bağlayıb gəlir əldə edəcəkləri barədə Zərərçəkmiş şəxs3 yalan vəd verib ona məxsus 17000 manat dəyərində «Ravon Nexia R3» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını girov qoyub payına düşən 6000 manat pulu götürmək üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan idarəsinə gəlib, guya avtomaşını girov qoyub pul götürəcəyini deyərək, əslində isə avtomaşının texniki pasportunda mülkiyyətçi kimi onun adını dəyişdirib pul verən X2 anası X5 adını yazdıraraq Ə.Ə.Əsgərovdan 6000 manat pul alıb ələ keçrərək pulu dollarlara çevirib gətirmək adı ilə aldadaraq oradan qaçıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus avtomobilə olan mülkiyyət hüququnu başqa şəxsə verməklə ona 17000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 geyim paltarları alıb etibarını qazanaraq xx.xx.2021-ci il tarixdə borc adı ilə 300 manat pulunu və sonra ödəyəcəyi adı ilə aldadıb 30 manat dəyərində kişi köynəyini alıb ələ keçirmiş, bibisi oğlunu "SOCAR" şirktənə işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbsində yerləşən "Binə Ticarət Mərkəzi"ndə Zərərçəkmiş şəxs4 1000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 1330 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 "Socar" şirkətinə qaynaqçı kimi işə düzəldəciyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi S.Orucov küçəsində "SOCAR" şirkətinə məxsus idarənin qarşında Zərərçəkmiş şəxs5 verdiyi 5000 manat pulu, sonra isə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 80 manat pulu, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan həmin bank kartına göndərdiyi 500 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 cəmi 5580 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 «Socar»da sürücü işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə xüsusi geyim forması alınması adı ilə Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində 60 manat, həmin tarixdə Yasamal rayonu Şərifzadə küçəsində olan «Rabitə bank» vasitəsilə 280 manat, xx.xx.2022-ci il tarixdə yenə həmin ünvandan 300 manat pulunu alıb ələ keçirərək ona ümumilikdə 640 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Həmdulla oğlunu, sonuncunun qızını və bacısını "SOCAR" şirkətində aşbaz kimi işə düzəldəciyinə dair yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yerləşən "All Sizn" otelində Zərərçəkmiş şəxs7 verdiyi 60 manat pulu, sonra 04 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "All Market"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 50 manat pulu, xx.xx.2022-ci il tarixdə həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank kartına göndərdiyi 500 manat pulu, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində yerləşən "OBA" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 297 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 Həmdulla oğluna cəmi 907 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 "SOCAR" şirkətinə işə düzəldəciyinə dair yalan vədlər verib aldadaraq 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, ”Şuşa” restoranının yaxınlığında poçt vasitəsilə onun istifadəsinə olan bank kartına göndərdiyi 200 manat pulu, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin qarşısında içərisində 1800 manat pul olan plastik kartı, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Lake” oteldə 2000 manat pulu, Bakı şəhəri, Nizami rayonu, metropolitenin “Xalqlar Dostluğu” stansiyasının qarşısında 900 manat dəyərində 01 ədəd mobil telefonu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 cəmi 4900 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Bəhmən oğlunun qohumu X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evə çıxarış alınması üçün "SOCAR" şirkətindən razılıq məktubu alacağına dair yalan vədlər verib aldadaraq 2022-ci ilin aprel ayının 19-20-sində ünvan 3 ünvanında yerləşən X8 7 nömrəli X3 Əsgərovun verdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, sonra xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 3000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "Bazar Store"-də olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 500 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 100 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Araz" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Socarın” 4 saylı yanacaq doldurma məntəqəsində yerləşən ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 300 manat pulu, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 9 ünvanında olan zaman onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 200 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs9 Bəhmən oğluna cəmi 8100 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10, sonuncuya bankdan güzəştli kredit götürəcəyinə dair yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti 3007 ünvanında yerləşən "Bravo" marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən Şərab evində olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 300 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 11 ünvanında yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4*****7582 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu vahid niyyətlə törədilən qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 cəmi 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən barəsində təyin edilmiş cəzadan narazı olduğunu, məhkəmə iclasında zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmadığını bildirsə də, məhkəmə tərəfindən nəzərə alınmadığını, özünü bu əməldə qismən təqsirli bilməsini, himayəsində qoca xəstə ata və anasının olmasını, onun günlük köməyinə ehtiyacları olmasını, məcburi köçkün olmasını nəzərə alaraq, barəsində daha az və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)-84/2023 nömrəli hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində daha az və yüngül cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)-84/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində daha az və yüngül cəza təyin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkumun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində daha az və yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində ədalətli cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və Zərərçəkmiş şəxs7 Həmdulla oğluna vurulmuş ziyanı tam olaraq ödəməsini və ağırlaşdıran hal kimi isə əməlində cinayətlərin təhlükəli residivi olmasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi məhkumun apellyasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cəzası N ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 08 il N ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 180.1-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci ildə vaxtında əvvəl şərti azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bununla da, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmiş və bununla da əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddələrinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, apellyasiya şikayətinin dəliləri qismində “məhkəmə iclasında zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmadığını bildirsə də, məhkəmə tərəfindən nəzərə alınmadı” qeyd edilsə də, kollegiya qeyd edir ki, on epizod üzrə təqsirli bilinərək məhkum edilmiş şəxsin hərəkətlərindən iş üzrə sadəcə bir zərərçəkmiş şəxs şikayətçi olmamış, bu hal da özlüyündə birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddələrinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)- 84/2023 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)-84/2023 nömrəli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə,15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əyyubov Hakimlər Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar