Məhkəmə qərarları › İş №1(103)-893/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-893/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-893/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olununmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək və 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması və cəzaçəkmənin əvvəlinin 04 sentyabr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,328 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 27 avqust 2022ci il tarixdə saat 13:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan mavi rəngli şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,301 qram, 0,245 qram, 0,223 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 1,328 qram qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 40,420 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 sentyabr 2022ci il tarixdə saat 10:25 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,270 qram, 10,055 qram, 10,065 qram və 10,030 qram olmaqla, ümumi təmiz çəkisi 40,420 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçı protestdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli hökmünü cinayət qanunu norması düzgün tətbiq edilməklə və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə cəzanın təyin olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən və maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edərkən, yalnız Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyini qeyd etməklə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini sadalamaqla kifayətlənmiş və hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə cəza təyin olunmaqla dəyişdirilməlidir. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin edilməsi, protestin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək, belə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili birinci instansiya məhkəməsinin cəzanı ən aşağı həddə müəyyən edərkən haqsız olmasından, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə yuxarı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanunu normasını düzgün tətbiq etməklə hökmün dəyişdirilməli olmasından ibarət olmuşdur. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya potestinin dəlillərindən görünür ki, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşin hallarından isə görünür ki, birinci instansiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının tələblərinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi birinci epizod üzrə satış məqsədi ilə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,301 qram, 0,245 qram, 0,223 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 1,328 qram qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ikinci epizod üzrə təkrarən satış məqsədi ilə 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 10,270 qram, 10,055 qram, 10,065 qram və 10,030 qram olmaqla, ümumi təmiz çəkisi 40,420 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlama cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Təqsirləndirilən şəxs əsassız olaraq təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, ədalətsiz cəza cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Təqsirləndirilən şəxs islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə konkret müəyyən insan, fərdin sağlamlığıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşımada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. Şərh olunan cinayət formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vuraraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı hədlərdə təyin edilməsini şərtləndirən amillərdir. Lakin məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram olaraq müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin miqdarı dövriyyəsi qadasğaın edilmiş həmin maddə üçün müəyyən edilən külli miqdardan dəfələrlə artıq (təxminən 20 dəfə) və 09 bükümdə olmaqla, müvafiq olaraq 41,748 qram təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin həmin maddə üçün nəzərdə tutulmuş külli miqdar həddindən dəfələrlə artıq olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz yuxarı hədlərdə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında olan ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Lakin, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməli üzrə ən aşağı həddə cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə törədilən ağır cinayətin təkrar törədilməsini cəzanın həddini müəyyən edəndə nəzərə almamışdır. Odur ki, təyin edilən cəza qanuni və ədalətli ola bilməz. Lakin işin halları və məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq kollegiya hesab edir ki, təyin edilən cəza 1 il müddətinə artırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tətbiq edilməməsi ilə bağlı dəlili ilə razılaşmayaraq hesab edir ki, məhkəmə həmin maddənin tələblərini nəzərə alaraq 4 gün həbsdə olma müddətini əsas cəzadan çıxmışdır. Belə halda məhkəmənin yalnız maddənin özünü hökmdə qeyd etməməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və ya ümumiyyətlə tətbiq edilməməsi kimi şərh oluna bilməz. Odur ki, cinayət qanunu normasının düzgün tətbiq edilməsi hissəsində protest təmin edilə bilməz. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1, və 398.1.4-cü maddələrinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə görə hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmü cəzanın təyini hissəsində dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-921/2024 saylı, 19 fevral 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) il müddətinə artırılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək və 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar