Məhkəmə qərarları › İş №1(103)-896/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-896/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-896/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı4, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1976-cı ildə Kəlbəcər rayonunun Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Rəfibəyli küçəsi, ev 40A-da qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Türklər qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi üzrə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 28 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bələ ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin yanvar ayının əvvəllərində X1 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən evdə cəlb etmiş, Qənirə Cabbarova razılıq verdiyindən 14 mart 2015-ci il tarixdə, saat 20:11-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs 16 mart 2015-ci il tarixdə onu orada qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 21 mart 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin aprel ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən evdə yaşayan X2 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 16 mart 2015-ci il tarixdən 21 mart 2015-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə onu cəlb etmiş, Qənirə Cabbarova razılıq verdiyindən 21 aprel 2015-ci il tarixdə, saat 19:08-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs 23 aprel 2015-ci il tarixdə onu orada qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 19 may 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 mart 2016-cı il tarixdə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən tanışı X3 Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadığı mənzildə olan tanışı Zərərçəkmiş şəxs4 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən 19 mart 2016-cı il tarixdə, saat 22:36-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs 21 mart 2016-cı il tarixdə onu orada qarşılayıb “Bələdiyyə” adlı hoteldə yerləşdirdikdən sonra 03 aprel 2016-cı il tarixdə insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 14 aprel 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan bölgənin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin aprel ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs4 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 03 aprel 2016-cı il tarixdən 14 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olmağını Gəncə şəhərində yaymaqla onu rüsvay edəcəyini bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən 19 aprel 2016-cı il tarixdə, saat 07:33-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs 21 aprel 2016-cı il tarixdə onu orada qarşılayıb “Bələdiyyə” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən 08 may 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan bölgənin Çaldır kəndində yerləşən “Əkinçi” adlı hoteldə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin may ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 67-də yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 22 may 2016-cı il tarixdə, saat 18:52-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs 24 may 2016-cı il tarixdə onu orada qarşılayıb “Gürel” adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək 25 may 2016-cı il tarixdən 05 iyun 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin iyun ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 67-də yaşayan, tanışı Zərərçəkmiş şəxs3 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 25 may 2016-cı il tarixdən 05 iyun 2016-cı il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olmağı barədə anasına deyəcəyini bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 29 iyun 2016-cı il tarixdə, saat 21:25-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs 01 iyul 2016-cı il tarixdə onu orada qarşılayıb “Gürel” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən 11 avqust 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin sentyabr ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdiyindən Təqsirləndirilən şəxs 29 sentyabr 2016-cı il tarixdə, saat 15:53-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçirməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə aparıb 01 oktyabr 2016-cı il tarixdə kirayəyə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 22 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin oktyabr ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da yaşayan, tanışı Zərərçəkmiş şəxs1 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin oktyabr ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 11, mənzil 40-da yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 06 oktyabr 2016-cı il tarixdə, saat 16:51-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmişlər, Təqsirləndirilən şəxs 08 oktyabr 2016-cı il tarixdə onları orada qarşılayıb istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən 29 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə altı şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs6 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Cavadxan küçəsi, bina 8, mənzil 44-də cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılıq verdiyindən Təqsirləndirilən şəxs 13 noyabr 2016-cı il tarixdə, saat 16:38-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçirməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə aparıb 15 noyabr 2016-cı il tarixdə istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 12 dekabr 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da yaşayan tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, Zərərçəkmiş şəxs2 01 oktyabr 2016-cı il tarixdən 22 oktyabr 2016-cı il tarixədək, Zərərçəkmiş şəxs1isə 08 oktyabr 2016-cı il tarixdən 29 oktyabr 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduqları zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 11, mənzil 40-da yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 08 oktyabr 2016-cı il tarixdən 29 oktyabr 2016cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 18 noyabr 2016-cı il tarixdə, saat 18:50də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmişlər, Təqsirləndirilən şəxs 20 noyabr 2016-cı il tarixdə onları orada qarşılayıb “Gülər” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən 15 dekabr 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin dekabr ayının sonlarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Cavadxan küçəsi, bina 8, mənzil 44-də yaşayan tanışı Zərərçəkmiş şəxs6 Vaqif qızı ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 15 noyabr 2016-cı il tarixdən 12 dekabr 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılıq verdiyindən 28 dekabr 2016-cı il tarixdə, saat 19:45-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs 30 dekabr 2016-cı il tarixdə onu orada qarşılayıb istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra həmin tarixdən 19 fevral 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməklə, təqsirli bilindiyi maddələrin sanksiyaları həddində CM-in 66.3-cü maddəsinə əsasən cəza təyin edilməklə və cinayət qanununun normaları düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmiş və protesti belə əsaslandırmışdır: məhkəmə tərəfindən Təqsirləndirilən şəxs qızma cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti nəzərə alınmamış, həmin halların nəzərə alındığı formal sadalanmaqla əsassız olaraq CM-nin 62-ci maddəsi tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli öz xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, əməlin törədilməsi hallarına və məhkumun şəxsiyyətinə münasibətdə onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi barədə məhkəmənin gəldiyi nəticəyə açıq-aşkar uyğunsuzluq təşkil edir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin iştirakçılıqla törədilməsi hallarını nəzərdən qaçırmışdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insan alveri iki və ya daha çox şəxsin bu cinayətin törədilməsi üçün qabaqcadan razılığa gəlməklə birgə iştirak etməsini nəzərdə tutur. Cinayətin törədilmə hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilləri ilə insan alveri cinayətini törətmişdir. Cinayətin şərh olunan törədilmə halları məhkəmələrin gəldiyi nəticədən fərqli olaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini nəinki azaltmır, əksinə yüksək olmasına dəlalət edir. CM-in 34.8-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsinin Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olması ilə bağlı tələb birbaşa qeyd edilmişdir. Göstərilən halda təqsirləndirilən şəxsə münasibətdə bu imtiyazlı normanın tətbiqi yalnız iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə mümkündür. Təqsirləndirilən şəxs isə həmin cinayətin açılmasına nəinki fəal ümumiyyətlə kömək etməmiş, əksinə törətmiş olduqları cinayətə görə qanuni məsuliyyət və layiqli cəzadan yayınmaq üçün işin obyektiv hallarına uyğun olmayan məlumatlar vermişlər. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsini tətbiq edən məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadıqları kimi, cinayətin törədilməsi zamanı onların davranışını da diqqətdən kənarda qoymuş və bu vacib amilə münasibət belə bildirməmişlər. Cinayət qanunvericiliyi təqsirkarın cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin mühüm amili kimi təsbit etmişdir. Təqsirləndirilən şəxsin cinayət törədərkən insan alveri qurbanlarını maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etməsi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini müəyyən edən hal kimi xüsusi əhəmiyyət kəsb etməklə cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınmalı olan hallardan biri kimi xarakterizə edilsə də, məhkəmə tərəfindən həmin hallara səthi yanaşılmış,bu isə öz növbəsində təqsirləndirilən şəxsin barəsində maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəzanın təyin edilməsi ilə nəticələnmişdir. Cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslərlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə, o cümlədən təqsirləndirilən şəxsin İİ qrup əlil olmasın cəzanı yüngülləşdirən hal kimi baxıla bilər. Mübahisəsizdir ki, bu hal cinayətin ictimai təhlükəlilik dərəcəsi (onun törədilmə halları) ilə bağlı olmayıb cinayətin törədilməsindən sonra təqsirli şəxsin davranışı kimi nəzərdən keçirilməlidir. Lakin bu halda belə, məhkəmə sadəcə olaraq həmin halın mövcudluğundan deyil, onun müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halın müstəsnalığını lazımınca əsaslandırmalıdır. Hökmdə isə həmin cəzanı yüngülləşdirən halın CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi qəbul edilməsinin motivləri izah edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını isə onların cəzasını yüngülləşdirən hal kimi deyil, şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməsi daha məqsədəmüvafiq olardı. Protestin digər dəlilləri birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən CM-nin cəza təyin etmənin ümumi əsaslarım müəyyən edən 8-ci, 41-ci və 58-ci maddələrinin müddəalarına, xüsusən də 62-ci maddəsinin tələblərinə riayət edilməməsini təsdiqləyir. Hökmdən Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünün ləğv edilərək, bəraət hökmünün çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Hökmü mülahizələrə əsaslanır və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmur. Məhkəmə qərəzli mövqe tutmuş, bütün şübhələri təqsirlənldirilən şəxsin əleyhinə qiymətləndirmişdir. Yalnız zərəçəkmiş şəxslərin ifadələrindən başqa heç bir sübut yoxdur. Onların ifadələrinin həqiqətə uyğun olub-olmaması isə həm ibtidai istintaq, həm də məhkəmə tərəfindən nədənsə mötəbər sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 400.2.1 və 401.2.2-ci maddələrinə əsasən işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda eyni Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmünün ləğvi üçün qanuni əsaslardan biridir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünün dəyişdirilərək, ona təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs apellyasiya tələblərini dəqiqləşdirərək, müdafiəçinin şikayətini müdafiə etdiyini, heç bir cinayət törətmədiyini və bu səbəbdən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestini və apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri təmin eidlməməli, apellyasiya protesti isə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü protestə münasibətdə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq açağıdakıları qeyd edir: Apellyasiya şikayətində Təqsirləndirilən şəxs bəraət verilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs təqsirinin, verilmiş ittihamın təsdiq edilməsi qənaətə əsaslı olaraq gəlmişdir. K,Məmmədovanın əməli Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə həmin maddələrlə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdə yuxarıda göstərilən məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişir: “...məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər ayrı-ayrılıqda ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Təqsirləndirilən şəxs və sonuncunun əlbir olduğu şəxslər tərəfindən maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edilərək aldatma və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etmə nəticəsində cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiklərini, Türkiyə Respublikasının ərazisində insan alveri məqsədi ilə pasportlarının götürülüb saxlanmaqla və gizlətməklə insan alveri cinayətinin qurbanları olmasını təsdiq etmişlər. Zərərçəkmiş şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin tövsifi məsələsində zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini yeganə əsas sübut kimi qəbul edir və həmin sübutlar əsasında belə hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməklə müxtəlif hallara istinad etmişdir. Lakin o, istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilmiş 6 (altı) zərərçəkmiş şəxs və 1 (bir) zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrində göstərmiş olduqları halları təkzib etsə də, özünün istinad etdiyi hallara dair heç bir güclü və əsaslı arqumenti irəli sürə bilməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrində göstərilmiş halları təkzib və istisna edə biləcək digər sübutlar və hallar müəyyən edilmədi. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tovsıfı məsələsində zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə istintaqında vermiş olduqları ifadələri təqzibedilməz, əsaslı və həlledici sübutlar kimi qəbul edir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda sadalanan hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Yəni cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Bu cinayət əməllərinin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeydinin” 1-ci bəndinə görə - bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Həmin Məcəllənin “Qeydinin” 2-ci bəndinə görə - insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə tövsif edir...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli olması və əməlinin tövsifi məsələsi üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş, məhkəmə hökmü Təqsirləndirilən şəxs təqsirli bilinməsi və törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almaq üşün əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar təqsirləndirilən şəxsin təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası yuxarıdakıları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsas yoxdur. Bəraət verilməsi məsələsini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İşdə olan sübutların təhlili isə göstərir ki, həmin normada göstərilən halların (bərəat verilməsinə əsas verən) mövcudluğu barədə fikir söyləmək üçün əsas yoxdur. Apellyasiya protestində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin düzgün tətbiq edilmədiyi iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad olunur. Məhkəmə kollegiyası iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəanın hökmdən xaric edilməsi ilə, ona təqsirli bilindiyi maddələrin sanksiyaları həddində CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməli olduğu haqqında protestin dəlilləri ilə razılaşır. Belə ki, ittiham hökmünə əsasən, Təqsirləndirilən şəxs transmilli cinayətlər kateqoriyasına aid edilən cinayət əməlləri törətməsi onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyəsində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 2-ci madəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu əməl cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid edilir (CM-nin 15.4-cü maddəsi). «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hökmə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə ayrı-ayrılıqda barışdığı, sonuncuların ona qarşı şikayət və tələbinin olmadığı, 2-ci qrup əlil olması, cavan olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmış və bu halların məcmusu müstəsna hal kimi qiymətləndirilmişdir. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələbinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hökmdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verən hallar kimi göstərilən cəzanı yüngülləşdirən halları yuxarıda qeyd olunan normalara əsaslanmaqla və protestin dəlillərini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (iş üzrə 7 zərərçəkmiş şəxs mövcuddur) nəzərə almaqla təhlil edərək, vurğulayır ki, bu hallar ayrı-ayrılıqda və məcmu qaydasında cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bunları, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin məqsədini və motivini, cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların müəyyən edilmədiyini nəzərə alaraq, qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi düzgün tətbiq edilməmiş, bu səbəbdən də həmin maddənin tətbiqinə dair müddəa hökmdən çıxarılmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cəzanı ağırlaşdıran halın olmaması onun barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiq edilməsinə əsas verir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cinayəti bir qrup şəkilində törətməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Həmin normada göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsi tətbiq edilməli və ona cəza həmin maddədə göstərilən qaydada təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunun mənasına görə, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin olunmasın. Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilsin. Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəza hökmlə Təqsirləndirilən şəxs CM-nin 144-3.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar