Məhkəmə qərarları › İş №1(103)-900/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-900/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-900/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaiqf oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 15 sentyabr 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-375/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov sədrliyi, hakimlər Cavid Hüseynov və İlham Mahmudov) 24 fevral 2022-ci il tarixli, 1(101)-375/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 31 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib satmaq məqsədi ilə məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Məhəmməd” adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, 30 iyul 2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istifadəsində olan “Samsung” markalı mobil telefonun “votsap” proqramından istifadə edib «Məhəmməd» adlı şəxslə əlaqə yaradaraq, sonuncunun kart hesabına “MilliÖn” aparatı vasitəsi ilə 120 manat pul ödədikdən sonra saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 319 üvanında yerləşən “İnqilab” kinoteatrının yaxınlığına gedərək, orada yolun kənarında əkilmiş ağacın dibindəki otluq sahədə “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş külli miqdarda - təmiz çəkisi 5,088 qram təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 31 iyul 2021-ci il tarixdə saat 03:20 radələrində Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 2 ünvanında yerləşən “Mələk” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Binəqədi RPİ 4-cü Polis şöbəsinə gətirilmiş və saat 05:00-da şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda - təmiz çəkisi 5,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti və əlavə verib birinci instansiya məhkəməsi tərəfindən qanuniliyi və əsaslılığı məhkəmə tərəfindən yoxlanılmayan “əməliyyat-axtarış tədbirinin aparılması” barədə qərara əsasən əldə edilmiş materiallara sübut kimi istinad olunduğunu, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Mələk” şadlıq sarayının yaxınlığında saxlanıaraq oradan aralıda yerləşən Binəqədi RPİ 4-cü polis şöbəsinə gətirildikdən xeyli müddət sonra şöbənin inzibati otaqlarından birində üzərinə baxış keçirildiyini, belə olan halda şəxsi axtarış keçirilməsinə dair protokolun sübut kimi qəbul edilməsinin mümkün olmadığını, bununla yanaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman müdafiəçi ilə təmin olunmadığını, nə məhkəmə istintaqı, nə də ibtidai istintaq zamanı Sadıq Əliyevin kiminləsə satış məqsədi ilə narkotik vasitəni ələd etməsini təsdiq edən hər hansı sübutun əldə edilmədiyini, onun narkotik vasitəni satması ilə bağlı heç bir sübut əldə edilmədiyi halda məhkəmənin qanunsuz olaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəldiyini, onu mobil nömrə ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıq və sms yazışmaların aparılmasının müəyyən edilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə təqsirli olmasını sübuta yetmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək apellyasiya şikayətinin və əlavənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin və ona əlavənin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü dəyişdirilməli, X4 əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində və əlavədə məhkum edilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri mübahisələndirməklə sonuncuya həmin maddələrlə bəraətin verilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Təqsirləndirilən şəxsun təqsirli bilindiyi əməllərə münasibətdə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində və əlavədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verilməsi bağlı dəlilinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bədənində ağrılar olduğu üçün təxminən il yarımdır narkotik vasitələrdən istifadə edir. 31 iyul 2021-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onu «Azadlıq» metrostansiyasının yaxınlığında saxlamışlar. Həmin yerə gəlməmişdən qabaq o, “İstanbul» klinikasının yanından Məhəmmədin ona dediyi yerdən narkotik vasitəni özü üçün götürmüş, narkotikin ödəməsini «milliön» aparatı vasitəsilə etmişdir. Əldə etdiyi narkotik bir bükümdə, çəkisi isə 5 qram olmuş, narkotikə görə 120 manat pul ödəmişdir. Məhəmmədin nömrəsini ona çoxdan tanımadığı bir şəxs vermişdir. Həmin gün o, rayona getməyi planlaşdırmış, ödəməni saat 11 radələrində etmiş, narkotiki isə saat 17 radələrində qoyulduğu yerdən götürmüşdür. Polis işçiləri tərəfindən saxlanılarkən onun mobil telefonu da götürülmüş və polis əməkdaşları telefonunda olan «sms»lərə də baxmışlar. Həmin gün əldə etdiyi 5 qram narkotik vasitə onun təxminən bir həftəlik norması olmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin qismən etirafedici ifadəsini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verdiyi qismən həmin ifadə, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və həmin ifadə əsas götürülməlidir. Lakin, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bu ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirərək onun həmin ifadəsinin çoxsaylı sübutlarla təkzib olunduğunu göstərsə də, hökmdə nəinki çoxsaylı sübutlara, satış niyyətinin olmasını və ya narkotik vasitənin satılmasını təsdiq edən bir dənə də olsun sübuta istinad etməmiş, hökmdə sadəcə ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin olmasının sübuta yetməməsi və əməlində AR CM-nin 234.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. İbtidai araşdırma zamanı toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə külli miqdarda - təmiz çəkisi 5,088 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində 31 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış təqdbirinin əsasını sonuncunun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması ilə bağlı qərəzsiz mənbədən əldə edilmiş məlumat olmuşdur. (31 iyul 2021-ci il tarixli Raport) Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin idarəyə aparılmış və idarədə video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə haqında 31 iyul 2021-ci il tarixdə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, “Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilərkən, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş və izolasiya lenti ilə bağlanmış üzərində “6 K» sözləri yazılmış bükülünü təqdim edərək, həmin bükümdəki maddənin narkotik maddə "kakos” olduğunu və İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd kimi tanıdığı şəxsin dediyi Binəqədi rayonu 7-ci mkr ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonunu təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən bir ədəd bükülüdəki qəhvəyi rəngli toz şəklində heroinə bənzər kütlə və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərə qablaşdırılmışdır.” Bundan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını göstərmişdir. Həmçinin, ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Onlar 2021-ci il iyul ayının 30-dan 31-nə keçən gecə Binəqədi rayonu, Azadlıq prospekti, “Mələk” şadlıq sarayının ətrafına getmişlər. Təxminən saat 03:20 radələrində “Mələk” şadlıq sarayının qarşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsi saxlamışlar. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin əldə edilərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı saxlanıldığını izah edərək onu Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onların iştirakı ilə videoçəkiliş apanlmaqla şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli selofanda olan bükülünü təqdim edərək, həmin bükümdə “kakos” adlanan narkotik maddə heroin olduğunu, narkotiki İran vətəndaşı kimi özünü təqdim etmiş Məhəmməd adlı şəxsin dediyi Binəqədi rayonu 7-ci mikrorayon ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən “Samsung” markalı mobil telefonunu da təqdim etmişdir. Sonra onun şəxsi axtarışı keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşyalar aşkar edilməmişdir. İş materiallarında olan (cild 1, səh 169) “Baxış keçirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülən mobil telefon işlək vəziyyətdə olmamış və üzərində heç bir mobil nömrə aşkar edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən bir ədəd sellofanda külli miqdarda narkotik vasitə olan heroinin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Həmçinin, iş materiallarından o da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin bükümlərdə olmamaqla bir ədəd şəffaf selofana bükülmüşdür. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda - təmiz çəkisi 5,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-narkolojı ekspertizasının 27 avqust 2021-ci il tarixli 3105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 125-126). Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ilk izahatından başlayaraq narkotik vasitə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Cinayət işinin materialları arasında olan Binqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəsi vəzifəsini müvəqqəti icra edən A.Qurbanovun 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, ibtidai istintaqı aparmış müstəntiqin Nahid Məmmədova narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən müsbət nəticə əldə etmək mümkün olmamışdır(cild 1, iş vərəqi 115). Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il hökmü Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində qeyd olunan ibtidai istintaq zamanı prosessual pozuntulara yol verilməsi ilə bağlı dəlillərə münasibətdə isə qeyd edir ki,həmin dəlillər əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, müdafiəçi vəsatətində əməliyyat-axtarış tədbirlərinin qanuna uyğun həyata keçirilmədiyini, həmin qərarın qanuniliyinin məhkəmə qərarı ilə təsdiq edilmədiyini göstərsə də, iş materiallarında olan (cild 01, səh 47) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılmasına dair AR DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin 31 iyul 2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Müdafiəçi şikayətdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulduğuna və müdafiəçinin həmin istintaq hərəkətində iştirak etmədiyinə istinad etsə də, iş materiallarında olan (cild 01, səh 28) “Müdafiəçinin şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməsi barədə” 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 11 saylı vəkil bürosunun vəkili X3 iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildikdən sonra heç bir etirazının olmadığını bildirməklə həmin protokolu imzalamışdır. AR CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Eyni zamanda CPM-nin 207.4-cü maddəsində müəyyən edilmişdir ki, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. CPM-nin 148.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. CPM-nin 153.2.2-ci maddəsinə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, bunu protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidilər. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır (CPM-nin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən, CPM-nin 244.2-ci maddəsinin tələblərindən görünür ki, müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin. Qanunun bu normasının tələbləri həmçinin belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. Məsəlyə bu cür hüquqi mövqedən həmçinin “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da yanaşmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saxlanılarkən onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin videoçəkiliş ilə baxışın keçirilməsində, müdafiəçinin polis idarəsində bu haqda tərtib olunmuş protokolu imzalanmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görmür. Göründüyü kimi, qanunverici axtarış və götürmənin həyata keçirilməsi zamanı müdafiəçinin iştirakını məcburi hal kimi nəzərdə tutmamış və hazırkı halda da şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasına etiraz etməmişdir ki, bu hal şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkumun əməlinin ağır cinayət əməli olan CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən az ağır cinayət əməli olan CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, eyni zamanda cəza təyini və toplanması zamanı nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə AR CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki yetkinlik yaşına çatmayan uşağının (2006-cı il təvəllüdlü Zəhra, 2008-ci il təvəllüdlü Mehdi) olmasını, ilk dəfə məhkum olunmasını, AR CM-nin 234.1-ci maddəsi ilə öz təqsirini etiraf edərək səmimi peşman olmasını, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə qismən təmin olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə məhkum edilməsinə dair 24 fevral 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunsun və ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar