Məhkəmə qərarları › İş №1(103)-902/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-902/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-902/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Әhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 62 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-545/2020 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.Ә.Məcidovun sədrliyi ilə, Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 1(101)- 545/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə, 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində xüsusi müsadirə tətbiq edilməmişdir. Hökmlə həmçinin iş üzrə ekspertiza xərci və maddi sübut məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib, üzərində saxlamaqla gəzdirmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı binanın arxasında şəxsi münasibətlər zəmnində aralarında narazılıq olan Zərərçəkmiş şəxs yanında olan istintaqla şəxsiyyətləri müəyyən edilməmiş və barələrində cinayət işi ayrılmış 3 nəfər şəxsin əllərində olan beysbol ağacı ilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmələri səbəbindən əlində olan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-545/2020 nömrəli sözügedən hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, həmin hökmün ləğv edilib Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə tövsif edilməsi, cəzasını yüngülləşdirən halları nəzərə almaqla həmin maddənin sanksiyası həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır, hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün həmin hökm ləğv olunmalıdır. İrəli sürülmüş ittihamın məzmunundan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs təşəbbüsü ilə, sonuncunun qanunsuz hərəkətləri nəticəsində baş vermiş və davam etmişdir. Sonradan isə qəsdən Zərərçəkmiş şəxs ağır xəsarət yetirilmişdir. Bu halın təsdiqi ilə əlaqəqar ittiham aktında sadalanan bütün sübutlar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PAETTB- nin Xətai rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 07/125 nömrəli rəyi, xəsarətlərin qəsdən deyil, ehtiyatsızlıqdan yetirildiyini təsdiq edir. İşin mühüm əhəmiyyət kəsb edən və törədilmiş əməlin hüquqi tövsifınə bilavasitə təsir edən halları ilə məhkəmə istintaqında da sübut olunmuşdur ki, zərəçəkmiş şəxsə yetirilmiş xəsarətlər ehtiyatsızlıqdan yetirilmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarında da hadisənin qəsdən törədilməsi əsaslandırılmamış, təqsirləndirilən şəxsə ağır ittiham verilmişdir. Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı 3 dəfə ifadə verib, heç bir ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsi ilə əlaqədar hər hansı fikri ifadə etməmişdir. Hökmdə sadalanan bütün sübutlar hadisənin ehtiyatsızlıqla törədilməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı araşdırılan sübutlar da hadisənin ehtiyatsızlıqdan baş verməsini bir daha təsdiq etmişdir. Ümumiyyətlə istintaq orqanı hadisənin qəsdən törədilməsi nəticəsinə gəlinməsini əsaslandırmamışdır. Lakin bundan fərqli olaraq məhkəmə guya hadisənin qəsdən törədilməsini “əsaslandırmaq” üçün hökmdə bir neçə cümlə yazmışdır. Belə ki, hökmdə bu barəd qeyd edilmişdir ki, “cinayətin motivi cinayətin subyektiv cəhətinin elementlərindən biridir və ibtidai istintaq orqanının əsas vəzifələrindən biri cinayətin motivim işin istintaqı zamanı təqsir kimi aydınlaşdırmaqdan ibarətdir. Motivin məzmununu açmaqla şəxsin konkret vəziyyətdə başqa cür deyil, məhz nə üçün belə hərəkət etməsi əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayətin törədilmə motivini, münaqişənin səbəbini gizlətmiş və özünü təqsirkar bilməyərək, münaqişə zamanı güya pilləkənlərdən düşərkən müvazinətini itirib üzü üstə yerə yıxıldığı vaxt əlində olan bıçğınq Çingizin qarın nahiyəsinə dəyməsini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. ” Məhkəmənin mövqeyi bundan ibarətdir ki, təqsirləndirilən Asiz Abdullazadə mütləq hadisənin qəsdən törədilməsi barədə ifadə verməliydi. Məhkəmənin bu nəticəyə gəlməsi qanunsuz və əsassızdır. İş üzrə alınmış ifadələr, keçirilmiş ekspertizalar məhkəmnin gəldiyi nəticənin absurd olması nəticəsinə gəlməyə əsas verir. Әməllərin törədilmə ardıcıllığı və mexanizmi yazmaqla əməlin sübut olunması nəticəsinə gəlmək olmaz. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19 radəiərində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı binanın arxasında şəxsi münasibətlər zəminində aralarında narazılıq olan Zərərçəkmiş şəxs ilə rastlaşdıqda aralarında münaqişə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs yanında olan 3 nəfər şəxs əllərində olan beysbol ağacları ilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmələri səbəbindən geri qaçan zaman piləkənlərdən yıxılmış, üzərində gəzdirdiyi bıçaq ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs qarın nahiyəsinə dəymiş, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, həmin apellyasiya şikayətində göstərilən əsaslarla şikayətin təmin edilib sözügedən hökmün ləğv edilərək, məhkumun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 131.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və ya 130.1-ci maddəsi ilə (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) tövsif edilib həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını, məhkumun həmin əməlinin hüquqi tövsifinin dəyişdirilməməsi nəticəsinə gəlinərsə onda onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, ilk məhkumluğunu, gənc olmasını nəzərə alaraq hökmlə təyin edilmiş cəzasının yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin mövqeyi ilə tam razı olduğunu, zərərçəkmiş şəxsi qəsdən vurmadığını, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilməyib əməlinin tövsifini dəyişdirilməsini xahiş etsə də, bununla belə baş vermiş hadisədən və əməlindən peşiman olduğunu, belə bir hadisənin baş verməsini heç vaxt arzulamadığını, baş vermiş hadisədən həm onun, həm də zərəçəkmiş şəxsin valideynlərinin böyük narahatçılıq keçirdiklərini, gənc olmaqla tezliklə azadlığa çıxaraq yeni normal və sakit həyat qurmaq istədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını göstərərək apellyasiya şikayətinin təmin edilib onun əməlinin tövsifinin dəyişdirilməsini, bu mümkün olmazsa cəzasının yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X3 verilmiş apellyasiya şikayətinin təmin edilməyib hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmir, məhkəmə kollegiyasına notarial qaydada təsdiq olunmuş ərizə göndərərək həmin ərizəsində verilmiş apellyasiya şikayətinin təmin olunmasına və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki xx xxxxxx 2020-ci il tarixli hökmü məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməklə dəyişdirilməli, hökm qalan hissələrdə qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası mübahisələndirilən hökmün ləğv edilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 131.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və ya 130.1-ci maddəsi ilə (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) tövsif edilməsi barədə müdafiə tərəfinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkum Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, iki ildir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 saylı binanın birinci mərtəbəsində yerləşən dərzi sexində icarəçi kimi fəaliyyət göstərir. Həmin sexdə atası və anası da onunla birgə işləmişlər. Hadisədən bir müddət əvvəl yaşadığı həyətdə Hüseyn adlı, tanıdığı bir şəxs və onunla olan tanımadığı bir neçə nəfər uca səslə danışdıqları və söyüş söydükləri üçün onlara irad tutub, məhəllədə uca səslə və söyüşlə danışmamalarını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində işlədiyi sexin qapısından küçəyə çıxmış və yaxınlıqda yerləşən «Sərhədçi» idman kompleksinə tərəf getməyə başlamışdır. Metal qəbulu məntəqəsinin yaxınlığından keçən zaman bir nəfərin qarşı tərəfdən ona tərəf gəldiyini görmüşdür. Həmin şəxsin sifətindən hiss etmişdir ki, onun arxasında da kimlərsə var. O, arxaya baxdıqda bir neçə nəfər görmüşdür. Həmin şəxslərdən Hüseyni tanımışdır. Digərlərinin adlarının isə sonradan Vüsal və Rüfət olduğunu bilmişdir. O, geri qayıdıb sexin digər qapısından çıxanda həmin şəxslərdən birinin əlində beysbol üçün bita olmuşdur. Həmin şəxs onun üstünə tərəf gələn zaman o, onlara üstünə gəlməmələrini deyib, üstündə olan bıçağı çıxarıb işlədiyi sexə tərəf qaçmağa başlamışdır. Lakin pilləkənlərdən düşən zaman müvazinətini itirib üzüüstə yerə yıxılmış və həmin vaxt üstündə olan bıçaq əlində olmuşdur. Yıxıldıqdan sonra yerdə fırlandıqda Zərərçəkmiş şəxs da onun üstünə yıxılmış və onun əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Həmin vaxt Çingizin yanında olan Hüseyn və digər şəxslər də ona yaxınlaşmışlar. Onlar onun bədəninin müxtəlif yerlərinə bita ilə vurmağa başlamışlar. Әtrafda olan tanımadığı şəxslərdən kimsə qışqırmışdır ki, polisə zəng ediblər, polis gəlir və yaxınlıqda olan şəxslər hadisə baş verən yerdən uzaqlaşmışlar. Bundan sonra o da həmin yerdən uzaqlaşmışdır. Onun həmin hadisə zamanı Çingizi bıçaqla vurmaq niyyəti olmamışdır. O, yerə yıxılan zaman Çingiz onun üstünə yıxıldıqda əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Hadisəyə qədər o, zərərçəkmiş şəxsi tanımamışdır. Hadisədən əvvəl onun Zərərçəkmiş şəxsla aralarında heç bir mübahisə olmayıb və o, Çingizə bıçaqla yüngül xəsarət yetirməmişdir. Hadisədən bir müddət əvvəl o, Hüseynə məhlədə söyüş söyməmələrini irad bildirdiyi üçün bu söz Hüseynin xoşuna gəlməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, işlədiyi dərzi sexində icarəçi kimi fəaliyyət göstərir. Həmin sex Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 76 saylı binanın birinci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs təxminən 2 ay olar ki, tanıyır, lakin yaxın münasibətləri olmamışdır. Çingiz bir müddət əvvəl işlədiyi sexə gələrək onunla mübahisə etmiş və həmin vaxtı onu bıçaqla yüngülvari vurmuşdur. Lakin Çingizin xəsarəti yüngül olduğu üçün o, polisə şikayət etməmiş, bu barədə heç bir araşdırma aparılmamışdır. Həmin vaxtdan ehtiyyat etmişdir ki, Çingiz ondan qisas ala bilər, ona görə üstündə qatlanan köhnə bir bıçaq saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində işlədiyi sexin qapısından küçəyə çıxmış və yaxınlıqda yerləşən «Sərhədçi» idman kompleksinə tərəf addımlamağa başlamışdır. Metal qəbulu məntəqəsinin yaxınlığından keçən zaman görmüşdür ki, bir nəfər qarşı tərəfdən ona tərəf gəlir. Həmin şəxsin sifətindən hiss etmişdir ki, arxasında da adam var və arxaya baxdıqda görmüşdür ki, bir nəfər də oradadır. Bundan sonra bir nəfər də ona tərəf yaxınlaşmış, həmin şəxsləri xəbərdar etmişdir ki, ona yaxınlaşmasınlar. Həmin şəxslərdən birinin əlində beysbol üçün bita olmuş, onun üstünə tərəf gələn zaman geriyə, işlədiyi sexə tərəf qayıtmaq istəmiş və buna görə geriyə tərəf qaçmağa başlamışdır. Lakin pilləkənlərdən düşən zaman müvazinətini itirib üzü üstə yerə yıxılmış, həmin vaxtı üstündə olan bıçaq əlində olmuşdur. Yıxıldıqdan sonra yerdə fırlandıqda Çingiz onun üstünə yıxılmış və əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Həmin vaxtı Çingizin yanında olan tanımadığı şəxslər də ona yaxınlaşmış, bir nəfər saqqallı, başında kepka olan şəxs onu bita ilə sol qoluna, ayağına və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Әtrafda olan tanımadığı şəxslərdən kimsə qışqırmışdır ki, polisə zəng ediblər, polis gəlir və yaxınlıqda olan şəxslər hadisə baş verən yerdən uzaqlaşmışlar. Bundan sonra həmin yerdən uzaqlaşmışdır. O, göstərmişdir ki, həmin hadisə zamanı Çingizi bıçaqla vurmaq niyyəti olmamışdır, yəni, ifadəsinin əvvəlində göstərdiyi kimi yerə yıxılan zaman Çingiz onun üstünə yıxıldıqda əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Hadisənin şahidlərinin kimlər olmasını bilmir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Hüseyn adlı şəxsi idman zalında idmanla məşğul olduğu vaxtlardan, yəni təxminən beş il olarki tanıyır. Hüseynlə yaxşı münasibəti var, belə ki, boş vaxtlarında görüşüb söhbət edib, Әhmədli qəsəbəsində yerləşən “Qarabağ” kafesinə gedib çay içirmişlər. xx xxxxxx 2019cu il tarixdə saat 19 radələrində “Qarabağ” kafesinin qarşısında yolu gedərkən birdən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildyi təqsirləndirilən şəxslə çiyinçiyinə toqquşmuşlar. Bu minvalla aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı əllə bir-birilərini itələmişlər. Yaranmış səs-küyə tanımadığı şəxslər toplaşmışlar və Asif bir qədər kənara çəkilib cibindən hansısa əşyanı çıxartmışdır. Bu zaman orada olan avtomobilin arxasında yerdə olan bitanı götürüb Asifin üstünə tərəf getdikdə Asif oradan qaçıb uzaqlaşmağa başlamış, yaxınlıqdakı pilləkənlərdən düşən zaman müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxtı o da Asifin arxasınca qaçarkən özünü saxlaya bilməyib Asifin üstünə yıxılmışdır. Bu zaman qarın nahiyəsində ağrı hiss etmiş və əli ilə baxdıqda qarın nahiyəsində qan olduğunu görüb, Asifin əlində olan bıçağın qarın nahiyəsinə dəyərək xəsarət yetirdiyini başa düşmüşdür. Ağrıdan huşunu itirmiş və özünə gələndə xəstəxanada olduğunu, qarın nahiyəsindən əməliyyat edildiyini bilmişdir. Səhəri gün ona məlum olmuşdur ki, Asifin əlində olan bıçaq qarın nahiyəsinə dəyərək xəsarət yetirdikdən sonra Hüseyn onu xəstəxanaya aparmışdır. Hadisə zamanı Asifi vurmamışdır. O, hadisə yerində tək olmuşdur. Hadisə zamanı yanında heç kim olmamış, heç kim Asifə xəsarət yetirməmişdir. Asifə kimlərinsə xəsarət yetirmələrini görməmişdir. Hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamışdır. Hadisədən bir müddət əvvəl onun təqsirləndirilən şəxslə aralarında heç bir mübahisə, münaqişə, dava olmayıb və Asif ona bıçaqla heç bir xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hüseyn adlı şəxsi idman zalında idmanla məşğul olduğu vaxtlardan, yəni təxminən beş il olar ki, tanıyır. Hüseynlə yaxşı münasibətim var, belə ki, boş vaxtlarında görüşüb söhbət edir, yaşadıqları Xətai rayonu, kənd Әhmədlidə yerləşən “Qarabağ” kafesinə gedib çay içirlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhərində yerləşən metronun “Xalqalr dostluğu” stansiyasından çıxıb yaşadığı ev istiqamətində gedərkən Hüseynin mobil telefonuna zəng edib onu çay içməyə dəvət etmiş, Hüseyn də razılığını bildirmiş və adətən çay içdikləri “Qarabağ” kafesinə gələcəyini bildirmişdir. Bundan sonra hərəkətini davam etdirib Xətai rayonu, Babək prospekti 76 ünvanın yaxınlığında sonradan adının Asif olduğunu bildiyi şəxslə qarşı-qarşıya gəlmiş və toqquşmuşlar. Ona görə də aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı əlləri ilə biri-birilərini itələmişlər. Yaranmış səs-küyə tanımadığı şəxslər toplaşmış və Asif bir qədər kənara çəkilib cibindən hansısa əşyanı çıxartmışdır.Bu zaman yerdə olan taxta parçasını götürüb Asifin üstünə tərəf getdikdə Asif oradan qaçıb uzaqlaşmağa başlamış, yaxınlıqdakı pilləkənlərdən düşən zaman müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxtı özünü saxlaya bilməyib Asifin üstünə yıxılmış, bu zaman qarın nahiyyəsində ağrı hiss etmiş və əli ilə baxdıqda qarın nahiyyəsində qan olduğunu görmüş və başa düşmüşdür ki, Asifin əlində olan bıçaq qarın nahiyyəsinə dəyərək xəsarət yetirmişdir. Ağrıdan huşunu itirmiş və özünə gələndə xəstəxanada olduğunu, qarın nahiyyəsindən əməliyyat edildiyini bilmişdir. Səhərisi günü məlum olmuşdur ki, Asifin əlində olan bıçaq qarın nahiyyəsinə dəyərək xəsarət yetirdikdən sonra Hüseyn onu xəstəxanaya aparmışdır. O, göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanın yaxınlığında baş vermiş həmin hadisə zamanı heç kimi, həmçinin Asifi vurmamışdır. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. Belə ki, Asif əvvəllər onu bıçaqla vurmamışdır, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində isə müvazinətimi itirib Asifin üstünə yıxıldığına görə Asifin əlində olan bıçaq qarın nahiyəsinə dəyib xəsarət yetirmişdir. Hadisə zamanı yanında heç kim olmamışdır, heç kim Asifə xəsarət yetirməmişdir. Asifə kimlərin xəsarət yetirmələrini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Arvadı Anjelika və oğlu Asiflə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən dərzi sexini icarə əsasında işlətmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində dərzi sexini bağlayıb evə getməyə hazırlaşan zaman küçədə səs-küy gəldiyini eşitdiyinə görə nə baş verməsini bilmək üçün küçəyə çıxıb, səs-küy gələn tərəfə getmişdir. Bu zaman tanımadığı iki nəfər cavan oğlanın oğlu Asifi beysbol ağacı ilə vuraraq döydüklərini görmüşdür. Ona görə də yaxınlıqda olan stulu götürüb oğlu Asifi həmin şəxslərin əlindən almaq məqsədi ilə həmin şəxslərin üstünə tərəf getmişdir. Bunu gördükdə tanımadığı iki nəfər şəxsdən nisbətən arıq bədən quruluşlu olanı, adının Hüseyn olduğunu bildiyi şəxs bir qədər arxaya çəkilmiş, digər əynində qara rəngli köynək olan oğlan isə dayanmadan əlində olan beysbol ağacı ilə Asifin bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmişdir. Әlində olan stulla həmin oğlanın üstünə tərəf getmiş və tanımadığı həmin oğlan əlində olan beysbol ağacı ilə onu vurmaq istəsə də, özünü müdafiə etmək üçün stulu qabağa verdiyinə görə zərbələr stula dəymişdir. Zərbədən stulun ayaqları sınmış və həmin şəxs yaxınlıqda olan pilləkənlərə tərəf qaçdıqda müvazinətini itirib yerə yıxılmış və əlində olan beysbol ağacını yerə ataraq ona yalvarıb Asiflə aralarında anlaşılmazlıq olduğuna görə Asifi döydüklərini bildirmişlər. Həmin vaxt Hüseyn kənarda dayanıb birdə belə hadisə olmayacağını, söhbətin qurtardığını demişdir. Kənarda dayanmış Hüseyn də əlində olan beysbol ağacını yerə atmış və yaxınlıqdakı marketə tərəf qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra sexə qayıdıb oğlu Asifdən nə baş verdiyini soruşmuşdur. Asif ona xəsarət yetirən həmin şəxsləri tanımadığını bildirmişdir. Asif xəsarət aldığına görə sınıqçıya getmiş, arvadı evə, o, isə sexə qayıtmışdır. Bu zaman bir tanımadığı bir nəfər kişi sexə daxil olub adının Kamil olduğunu, dava-dalaşda iştirak edən Hüseynin qardaşı olduğunu, oğlu Asifin bıçaqla Çingizə xəsarət yetirdiyini, Çingizin xəstəxanaya yerləşdirilməsi üçün pul lazım olduğunu deyərək ona pul verməyini bildirmişdir. O, Kamilə pulunun olmadığını demişdir. Kamil 20- 30 manat olmasa xəstəxananın Çingizi qəbul etmədiyini bildirmişdir. Ona görə də o, 20 manat, yanında olan Rövşən və Rahim adlı şəxslər hər biri 10 manat olmaqla cəmi 40 manat pulu vermişlər. Söhbət zamanı Kamil ona baş vermiş dava-dalaş hadisəsində qardaşı Hüseynində iştirak etdiyini, polisə məlumat vermək lazım olmadığını, öz aralarında həll edib, bu söhbəti bitirməyi bildirmişdir. Onun sözlərinə inanmamış və Kamil çıxıb getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında işlədiyi sexə getmişdir. Sonradan arvadı Anjelikadan həmin gün saat 15 radələrində polis əməkdaşlarının yaşadıqları evə gəlib oğlu Asifin bıçaqla Çingiz adlı şəxsi vurub xəsarət yetirdiyini bildirdiklərini demişdir. Bundan sonra polis əməkdaşları ona zəng edib Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getmiş və orada ona baş vermiş dava-dalaş hadisəsinin videogörüntülərini göstərib, baş vermiş hadisədə oğlu Asifin günahının olmadığını bildirmişlər. Lakin, sonradan həmin video görüntünü gizlətmişlər. Asif həmin hadisə zamanı özünü müdafiə etmişdir. Bundan sonra Asifə zəng edib evə gəlməsini demiş və Asif ona polis bölməsinə getsə, orada onu tutacaqlarını, sabah vəkillə birlikdə gedəcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində Eyvaz və Vilayət adlı polis əməkdaşları yaşadığı evə gəlib ona vəkilə artıq pul verməməsini, vəkilə ehtiyacın olmadığını bildirmişlər. Həmin polis əməkdaşları öz mobil telefon nömrələrini ona verərək, onlara qarşı hansısa qaydada zor tətbiq edilərsə bu barədə onlara məlumat verməyini bildirmişlər. Bundan sonra Asif yaşadıqları evə gələrək, hadisə baş verən zaman sexdən çıxıb mağazaya siqaret almaq üçün gedərkən bir nəfərin ona salam verdiyini, həmin şəxsin əlində beysbol ağacı olduğunu, ona görə kənara çəkildiyini, bir neçə nəfərində Asifə yaxınlaşdığını bildirmişdir. Ona görə də üstündə olan bıçağı çıxarıb həmin şəxslərdən kim olmalarını soruşmuş və yaxın gələrlərsə vuracağını bildirib sexə tərəf gəlmişdir. Bu zaman tanımadığı şəxslərdən biri əlində olan beysbol ağacı ilə Asifin ayağından vurduqda Asif yerə yıxılmış, digər şəxslər də Asifin bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Həmin şəxslərin niyyəti Asifi öldürmək olmuşdur. Hadisə nəticəsində gözü qaralaraq yerə yıxılmış, ona görə də əlində olan bıçaqla kimə xəsarət yetirməsini bilməmişdir. Hətta Asif elə hesab etmişdir ki, əlində olan bıçaqla özünə xəsarət yetirmişdir. Yəni, Asifin Çingiz adlı şəxsi bıçaqla vurub xəsarət yetirməsi təsadüfən baş vermişdir. Həmçinin, Asif ona yaxınlaşan şəxsin Çingiz olduğunu bilsəydi, bıçaq çıxartmazmış, onunla söhbət edə biləcəyini demişdir. Bundan sonra Asiflə birlikdə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmişlər. O, xahiş etsə də oğlu Asifin barəsində məhkəmə tibb ekspertizası təyin edilməmişdir. Sonradan bildiyinə görə oğlu Asifi döyüb xəsarət yetirən şəxslərdən birinin adı Hüseyndir, lakin digər şəxslərin adlarını bilmir. Sonradan Hüseynin qardaşı ona əgər qardaşı Hüseyndən şikayət etsələr evlərinə narkotik vasitə atacaqlarını bildirib, onu hədələməyə başlamışdır. İşdə olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni Təqsirləndirilən şəxs üzünə deyərək istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir (i.v 132-134). İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 125 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (i.v 87- 89). İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 07/125 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti xx xxxxxx 2019-cu il tarixinə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs qarın nahiyəsində müəyyən edilmiş bir ədəd deşilmiş-kəsilmiş yara müxtəlif şəraitlərdə törənə bilərdi, eləcə də təqsirləndirilən və zərərçəkmiş şəxslərin istintaqda vermiş olduqları ifadələrində göstərilən şəraitə də uyğun gəlir (i.v 121-124). İşdə olan xx xxxx 2020-ci il tarixli, 08/1275 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sağ said, sol mil-bilək oynağının arxa və ön, sol əlin arxa və ovuc səthləri nahiyələrində qançırlar, sağ baldır nahiyəsində əzilmiş səthi dəri yarası, sağ əlin 5 barmağı və sol diz oynağı nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcləri təyin edilmir (i.v 125-126). İşdə olan xx xxxx 2020-ci il tarixli 4464-4465 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (i.v 135-138). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları, eləcə də yuxarıda təsvir edilmiş ifadələri müqayisəli şəkildə təhlil edib mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan əməlinin tövsifinin dəyişdirilməsi barədə onun müdafiəçinin apellyasiya şikayətinin dəlilləri və müdafiə tərəfinin məhkəmə çıxışlarında göstərdikləri işin faktiki hallarına uyğun olmamaqla, iş materialları ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşmə protokolu, ekspert rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərərk, mübahisələndirilən hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanuni, əsaslı, həm də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən hallar kimi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Әməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsindən və hazırda işə baxan məhkəmə kollegiyasına göndərdiyi və işə əlavə edilən notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, məhku Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, apellyasiya şikayətinin təmin olunmasına və məhkum Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasına etiraz etmir (i.v 237, 273). Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il təvəllüdlü olmaqla 24 yaşı var. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halları kifayət qədər nəzərə almamış, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, lakin həmin maddə ilə ona şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, hökmlə nəzərə alınmış cəzasını yüngülləşdirən halları, yəni onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, əməlindən peşiman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını, gəncliyini, eləcə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının minimum həddində cəza təyin edilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyasının minimum həddində endirilməklə yüngülləşdirilməli və bununla əlaqədar olaraq ona hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə təyin edilmiş qəti cəzanın müddəti də yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 399.1.5-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-545/2020 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilsin. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) aya endirilsin. Hökm qalan hissələrdə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar